Azərbaycan Xalq Cümhuriyyəti hökuməti fəaliyyətinin ilk günlərindən başlayaraq, iqtisadiyyatın dirçəldilməsinə, tərəqqisinə xüsusi önəm verirdi. Mülkiyyətin çoxnövlüyünün reallaşdırılması prosesini isə xüsusilə diqqət mərkəzində saxlayırdı. Bu təsadüfi deyildi.
Çünki hökumətdə belə fikirləşilirdi ki, dövlətin müstəqilliyinin daimi olmasında, ölkənin dünya birliyində nüfuz qazanmasında, əhalinin sosial şəraitinin yaxşılaşmasında, ilk növbədə, mülkiyyət sərbəstliyi əsaslı rol oynayır. Ona görə də qısa bir vaxtda mülkiyyətin çoxnövlülüyü qanunla gerçəkləşdirildi, eyni zamanda, dövlət büdcəsinin dayanıqlılığını reallaşdırmaq məqsədilə birbaşa və dolayı vergilər, eləcə də gömrük rüsumları tətbiq edildi, maliyyə bazarının inkişafı məqsədilə Bakı bələdiyyə idarəsi tərəfindən istiqraz buraxılışına başlanıldı. Respublikada ilk dəfə olaraq hazırlanan dövlət büdcəsi gəlirlərin bölgüsünə müsbət təsir göstərdi.
Hökumət ölkənin iqtisadi inkişafını sürətləndirmək məqsədilə çevik vergi siyasətinin yeridilməsi, dövlət xərclərinin ixtisar edilməsi kimi məsələləri də diqqət mərkəzində saxladı, bu istiqamətlərdə ciddi tədbirlər həyata keçirdi. Xaricdən ölkəyə gömrüksüz gətirilən malların siyahısına 200-dən çox məhsulun adı daxil edildi, xarici investorlara güzəştli şərtlərlə milli valyuta (Bakı bonları) təklif olundu.
Cümhuriyyət neft sənayesinin milliləşdirilməsinə də diqqət yetirdi: 5 oktyabr 1918-ci il tarixli dekretlə neft modemləri, Xəzər ticarət donanması, gəmilər, zavodlar, emalatxanalar neft sahibkarlarına qaytarıldı, istehsal olunan neftin üçdə iki hissəsi onlara verildi, üçdə bir hissəsi isə özünün sərəncamında saxlanıldı, habelə neftin Rusiyaya daşınması qadağan edildi. Cümhuriyyət hökumətinin 1919-cu ildə elan etdiyi digər dekretlə isə neft sənayesi üzərində dövlət nəzarəti reallaşdırıldı, neftin və neft məhsullarının Batumiyə daşınmasına, habelə satılmasına, mal mübadiləsinə icazə verildi.
Hökumət xarici iqtisadi əməkdaşlığın genişləndirilməsinə prioritet istiqamət kimi yanaşdı. Burada əsas məqsədlərdən biri ixrac əməliyyatlarını stimullaşdırmaq yolu ilə milli valyutanın dəyərdən düşməsinin qarşısını almaq, inflyasiyanı nizamlamaq, eyni zamanda, büdcənin gəlirlərini artırmaq idi.
Bu zaman daxili bazarın qorunması prinsipi də unudulmadı. Məsələn, həmin məqsədlə spirtli içkilərin, balıq məhsullarının idxalına gömrük rüsumlarının artırılması haqqında Parlamentin maliyyə-büdcə komissiyasında müzakirə edilən qanun layihəsi bəyənildi.
Cümhuriyyət elan olunandan sonra qarşıda duran ən mühüm məsələlərdən biri ölkədə kənd təsərrüfatını inkişaf etdirmək, bununla əhalinin sosial şəraitini yaxşılaşdırmaq idi. Xatırladaq ki, o vaxta qədər aqrar sektorda təbəqələşmə getdikcə dərinləşmiş, hakimiyyətsizlik və anarxiya səbəbindən torpaqlar ayrı-ayrı şəxslərin əlinə keçmişdi. Torpaqsız və aztorpaqlı kəndlilər isə yeganə çıxış yolunu mülkədarlardan icarəyə torpaq götürməkdə, yaxud muzdur kimi işləməkdə görürdülər. Bütün bunlar, əlbəttə, sosial gərginliyə, narazılığa gətirib çıxarmışdı. Mövcud problemin həlli məqsədilə Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökuməti torpaq islahatının keçirilməsini mühüm vəzifə kimi qarşıya qoymuşdu. Elə buna görə də Fətəli xan Xoyskinin rəhbərlik etdiyi hökumət tərəfindən verilən 22 iyun 1918-ci il tarixli dekretlə Zaqafqaziya seyminin müvafiq aqrar qanunu Azərbaycanda qüvvədən düşmüş elan edildi.
Azərbaycan Cümhuriyyətinin üçüncü hökumət tərkibi 1918-ci ilin dekabr ayında formalaşandan sonra isə hökumət başçısı Fətəli xan Xoyski elə ilk çıxışında sosial-iqtisadi inkişafın aqrar məsələnin uğurlu həllindən asılı olduğunu diqqətə çatdırdı. Eyni zamanda, bu, hökumətin bəyanatında da xüsusi vurğulandı. Bildirildi ki, torpaq sahələri kəndliyə əvəzsiz ayrılmalıdır. Amma bu məsələnin gerçəkləşməsi üçün, ilk növbədə, müvafıq qanunun qəbul edilməsi tələb olunurdu. Parlament komissiyası və hökumət səviyyəsində qanun layihəsinin hazırlanması təşəbbüsünün irəli sürülməsi də məhz bu zərurətlə bağlı idi. Ona görə də 1919-cu il fevralın 4-də torpaq islahatı haqqında Parlamentin qanun layihəsinin hazırlanması məqsədilə Səmədağa Ağamalıoğlunun rəhbərliyi ilə komissiya fəaliyyətə başladı. Lakin müsbət nəticə-yeni layihənin hazırlanması reallaşmadı. Səbəbi isə sözügedən komissiyanın tərkibindəki aqrar məsələ ilə bağlı fərqli düşüncəyə malik ayrı-ayrı partiya təmsilçilərinin aydın, əhatəli, əsaslandırılan proqramlarının olmaması idi. Buna görə də Parlament komissiyası Zaqafqaziya seyminin 7 mart 1918-ci il tarixli aqrar qanununu qüvvədə saxlamaq qərarında qaldı. Yeri gəlmişkən, indi xatırlatdığımız qanunun müəlliflərindən biri elə məhz Səmədağa Ağamalıoğlu idi ki, onun hazırlanması və müzakirəsi kənd sakinlərinin ciddi narazılığı ilə qarşılanmışdı.
Qeyd edək ki, Parlament komissiyasının növbəti, 23 aprel 1919-cu il tarixli iclasında gündəliyə mülkədar, habelə sahibkar, həmçinin digər torpaqların müsadirəsi və ya ləğvi məsələsi qoyulmuşdu. Lakin iclasın gedişində komissiya üzvləri arasında ciddi fikir ayrılığı yarandığından bu məsələnin müzakirəsinin uzadılması qərara alındı. 1919-cu ilin sentyabr ayında komissiya layihə üzərində işini tamamladı. Layihənin əsas tezisləri sırasında bütün torpaqların əvəzsiz olaraq dövlətin mülkiyyətinə keçməsi məsələsi öz ifadəsini tapmışdı. Bununla bərabər, torpaq sahiblərinin mülklərinin müəyyən hissəsinin nəzərdə tutulan normalar üzrə onların öz istifadəsində qalması da bildirilirdi. Həmin qanun layihəsinin son variantı Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentində təsdiq olunmalı idi.
Torpaq haqqında məsələ ilk dəfə Parlamentin 1919-cu il avqustun 21-də keçirilən 67-ci iclasının gündəliyinə daxil edilməsinə, Səmədağa Ağamalıoğlunun məruzəçi təyin olunmasına baxmayaraq, müzakirə təxirə salındı.
Qanun layihəsinin növbəti müzakirəsi 1919-cu il oktyabrın 2-də keçirilən 81-ci iclasın gündəliyində olsa da, əkinçilik nazirinin müavini X.Sultanovun təklifi ilə ona baxılması bu dəfə də dayandırıldı. Çünki adıçəkilən nazirliyin nümayəndəsi torpaq komissiyasının layihəsi ilə yanaşı, bu qurumun alternativ layihəsinin də müzakirəyə buraxılmasını məqsədəuyğun saymış, eyni zamanda, Parlamentdən bu məsələyə baxılmasını nazirliyin qanun layihəsi təqdim olunanadək təxirə salınmasını xahiş etmişdi.
Yeri gəlmişkən, Əkinçilik Nazirliyi tərəfindən hazırlanan “Azərbaycan Cümhuriyyəti əhalisinin torpaq təminatı haqqında” qanun layihəsində xüsusi sahibkar torpaqlarının əhalinin hansı kateqoriyasından, nə qədər və hansı şərtlərlə alınıb dövlət torpaq fonduna keçirilməsi öz ifadəsini tapmışdı. Burada xüsusi sahibkar torpaqlarının əldə ediləcək gəlir hesabına əvəz ödənilməklə özgəninkiləşdirilməsi də nəzərdə tutulurdu.
Əkinçilik Nazirliyi mütəxəssislərinin fikrincə, sahibkar torpaqlarının əvəzi ödənilmədən müsadirə olunması xüsusi mülkiyyəti ləğv etməyə bərabər idi. Ona görə də “Azərbaycan Cümhuriyyəti əhalisinin torpaq təminatı haqqında” qanun layihəsində torpağın əkinçiyə yalnız istehlak norması üzrə xüsusi mülkiyyətə verilməsi ədalətli hesab olunurdu. Eyni zamanda, torpaq sahibinin özünə saxladığı sahənin ölçüsü malikanənin dəyəri və xarakterindən asılı olaraq müəyyənləşdirilirdi və kənd yerlərində suvarılan torpaq sahəsi 100 desyatindən, şəhər yerlərində isə 5-7 desyatindən artıq olmamalı, həyətyanı torpaq sahələri bu normalara daxil edilməməli idi.
O dövrdə Azərbaycanda baş verən hökumət böhranı üzündən nazirliyin adı çəkilən qanun layihəsini müzakirəyə çıxarmaq mümkün olmadı.
Sonradan Baş nazir Nəsib bəy Yusifbəylinin təşkil etdiyi yeni hökumət aqrar siyasət kursu işləyib hazırlamaq əzmində olduğunu bildirdi. Əkinçilik Nazirliyinin yeni rəhbəri Əhməd Cövdət bəy Pepinov isə təmsil etdiyi qurum tərəfindən hazırlanan əvvəlki iki qanun layihəsini təkmilləşdirmək məqsədilə Parlamentdən geri aldı.
1920-ci il martın əvvəllərində Əkinçilik Nazirliyi “Xüsusi sahibkar torpaqlarının dövlət torpaq fonduna keçirilməsi və Azərbaycan Xalq Cümhuriyyəti əhalisinin torpaqla təmin olunması haqqında qanun”un yeni layihəsi üzərində işi yekunlaşdırdı və baxılması üçün Nazirlər Şurasına təqdim etdi. Xatırladaq ki, həmin qanun layihəsi Gürcüstan sosial-demokrat hökumətinin Azərbaycan sosial-demokratları tərəfindən bəyənilən aqrar qanunu əsasında hazırlanmışdı. Lakin bu layihə kənd yerlərində olan sahibkarların bütün torpaqlarının, o cümlədən, monastır, vəqf, məscid və kilsə torpaqlarının, habelə şəhər ərazisinin şəhər mülkiyyətinə daxil olmayan sahələrinin sahiblərindən alınıb əvəzi ödənilmədən dövlət torpaq fonduna verilməsini nəzərdə tuturdu.
Cümhuriyyətin aqrar proqramı ilə bağlı islahat layihəsinin hazırlanmasında yuxarıda qeyd etdiyimiz kimi, Müsavat partiyası da fəal iştirak edirdi. Yeri gəlmişkən, təşkilatın ikinci qurultayında (1919, dekabr) partiyanın rəhbərliyi həmin məsələ ilə bağlı kəskin tənqid ediləndə Məhəmməd Əmin Rəsulzadə bildirmişdi ki, buna adi bir məsələ kimi yanaşmaq olmaz, layihənin hazırlanmasında tələsmək, eləcə də vaxtı həddən artıq uzatmaq mənfi nəticələrə gətirib çıxara bilər.
Beləliklə, partiya qurultayı aqrar məsələyə təkrar baxaraq, onun aqrar siyasət komissiyasında hazırlanan layihəsinin Parlamentdə müzakirəyə çıxarılması haqqında qətnamə qəbul etdi. Lakin bu proses də yubadıldı. Müsavat fraksiyası ancaq 1920-ci il fevralın 16-da partiyanın aqrar məsələ barədə qurultayda bəyənilən qanun layihəsini Parlamentin növbəti 123-cü iclasında müzakirəyə təqdim etdi.
Xatırladaq ki, həmin dövrdə Cümhuriyyətin aqrar proqramı ilə bağlı islahat layihəsinin uğurla başa çatdırılması, torpaq icarəsi münasibətlərinin tənzimlənməsi, əkinçiliklə məşğul olan əhalinin sosial şəraitinin yaxşılaşdırılması diqqət mərkəzində idi. Bu, Müsavat fraksiyasının Parlamentə təqdim etdiyi qərar layihəsində də öz ifadəsini tapmışdı. Burada hüquqi və fiziki şəxslər üçün müvafiq torpaq normasının saxlanılması, nəzərdə tutulandan artıq torpağın dövlət torpaq fonduna daxil edilməsi daha çox diqqət çəkirdi. Layihədə hüquqi və fiziki şəxslərə ayrılacaq torpaq mülkiyyətinin yüksək həddinin 75 desyatindən yuxarı olmaması, malikanə və bağlar üçün 25-75 desyatin, şəhərlərdə isə 5-7 desyatin həcmində müəyyən edilmişdi. Bundan başqa, normadan artıq müsadirə olunan və boş qalan xəzinə torpaqlarının aztorpaqlı və torpaqsız kəndlilərin istifadəsinə yönəldilməsi də əhəmiyyətli məsələ kimi diqqət mərkəzində saxlanılmışdı.
Layihədə torpaq sahəsi alan şəxslərdən xəzinə hesabına vergi toplanılması da nəzərdə tutulurdu. Bununla bərabər, yığılan vəsaitin müəyyən qədəri islahat xərclərinə, qismən də torpaqları müsadirə edilən sahibkarların kompensasiyasına yönəldiləcəyi qeyd olunurdu.
Parlament sonuncu qanun layihəsinə baxıb, müzakirəyə təqdim etmək üçün aqrar komissiyaya 10 gün vaxt verdi. Lakin komissiya bu zaman hökumət böhranı ilə əlaqədar öz fəaliyyətini, demək olar ki, dayandırmışdı. Buna görə də komissiya sədri Səmədağa Ağamalıoğlu rəhbərlik etdiyi qurumun işini canlandırmaq üçün tərkibin sosialistlərdən ibarət yeni üzvlərlə yeniləşdirilməsi təklifini verdi. Parlament bu təklifi qəbul etmədi. Ancaq aqrar komissiyanın Müsavat fraksiyasının hazırladığı qanun layihəsinin müzakirəsinin ilk iş günündə müsavatçı Rüstəmbəyov komissiyanın sədr müavini seçildi. Bu addım komissiyada müsavatçıların mövqeyini bir qədər də gücləndirdi. Səmədağa Ağamalıoğlu isə siyasi qüvvələrin komissiyadakı tarazlığını pozmağa və nazirliyin layihəsini təkrar müzakirəyə qaytarmağa cəhd göstərdi. Lakin təklifi uğur qazanmadı və Müsavatın layihəsi əsas kimi saxlanıldı. Bununla belə, aqrar komissiya Parlamentin verdiyi tapşırıqları yerinə yetirə bilmədi, layihələrdən heç biri qanun statusu almadı. Bu isə Azərbaycan Xalq Cümhuriyyətinin varlığı üçün ən vacib məsələlərdən birinin həll olunmaması-aqrar islahatın keçirilməsi barədə istəyin gerçəkləşməməsi demək idi. Bundan istifadə edən sosialistlər fraksiyası və AK(b)P əhali içərisində narazılığı artırmaq üçün öz pozuculuq fəaliyyətlərini daha da genişləndirdilər və Aprel isğalı ərəfəsində Azərbaycan Cümhuriyyətinin devrilməsi üçün əlverişli zəmin yaratdılar.
Paşa ƏMİRCANOV,
“Xalq qəzeti”
Məqalə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri arasında elan olunan “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir.
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.