Azərbaycan xalqı ümummilli lider Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 95-ci ildönümünü təntənə ilə qeyd etdi. Heydər Əliyev öz xalqını dərin məhəbbətlə sevirdi. Ulu öndər millətin firavan vaxtında da, məşəqqətli günündə də onun yanında olurdu. Mən 1969-cu ildə – 46 yaşlı hələ cavan siyasətçinin Azərbaycana rəhbərlik etməyə başlamasını xatırlayıram. Fəaliyyət göstərdiyi 14 il ərzində o, respublikanı keçmiş SSRİ-nin yeni iqtisadi zəmində yaradılmış, yüksək inkişaf etmiş sənaye sahələri, modernləşdirilmiş kənd təsərrüfatı olan qabaqcıl subyektləri sırasına çıxarmağa müvəffəq oldu.
Mən Azərbaycanın parçalanmaq və məhv olmaq təhlükəsi ilə üzləşdiyi tənəzzül illərini də, Heydər Əliyevin qayıdışından sonra ölkəmizin necə dirçəldiyini və yeni dövlətin təşəkkülünə necə başladığını da xatırlayıram. Bu gün artıq aydındır ki, bizim inkişafımız və bütün çətin vəziyyətlərdən çıxmağımız yeni müstəqil Azərbaycanın tarixini yazmış Heydər Əliyev şəxsiyyəti ilə sıx bağlıdır.
Dahi filosof Hegel şəxsi maraqları, ümumbəşəri prinsipləri özündə ehtiva edən çox az sayda insanı dünya miqyaslı tarixi şəxsiyyətlər adlandırırdı. Təsadüfü deyildir ki, Azərbaycan xalqının qan-qada içində olduğu 1993-cü ildə insanlar Heydər Əliyevə müraciət edərək, onu siyasi hakimiyyətə qayıtmağa çağırdılar.
Heydər Əliyev 2003-cü ildə xalqa müraciətində özünün həyat fəlsəfəsini belə izah etmişdi: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Ümummilli lider Heydər Əliyev Azərbaycana sabitlik, demokratiya, iqtisadi yüksəliş, sosial inkişaf gətirdi. Dövlətə ordu, vətəndaşlara hüquq və azadlıqlar verdi. Ulu öndər Azərbaycanın zəngin neft ehtiyatlarını bədbəxtlik mənbəyindən inkişafın əsas amilinə, ümummilli sərvətə çevirməyə müvəffəq oldu.
Heydər Əliyevin Cənubi Qafqaz regionunda sülhün və əmin-amanlığın möhkəmlənməsində də xidmətləri böyükdür. 1994-cü ilin mayında Azərbaycan ilə Ermənistan arasında saziş əldə olunması sayəsində qanlı döyüş əməliyyatları dayandırıldı və bu günə kimi qüvvədə olan atəşkəs rejimi tətbiq edildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc siyasi danışıqlar məcrasına keçirilməsi dövlət müstəqilliyini möhkəmləndirməyə, ölkəni dərin sosial-iqtisadi və siyasi böhrandan çıxarmağa və Azərbaycan xalqının haqq səsini dünyaya çatdırmağa imkan verdi.
Bu gün Azərbaycan dünyanın bir çox nüfuzlu təşkilatlarının üzvüdür, mühüm beynəlxalq konfrans və tədbirlərin keçirildiyi məkandır. Azərbaycanın multikulturalizm, tolerantlıq modeli dünya modeli kimi qəbul edilib. Müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə və inkişaf etdirilməsinə yönəldilmiş kursu fəal davam etdirməyə imkan verən güclü iqtisadi, elmi-texniki, hərbi və kadr potensialı yaradılıb.
Bir çox ölkələrlə qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə, deməli, beynəlxalq arenada ölkəmizin mövqelərinin möhkəmlənməsinə kömək edən çeviklik və çoxvektorluluq bu kursun xarakterik cəhətidir. Heydər Əliyev qonşu ölkələrlə münasibətləri elə qururdu ki, milli maraqlarımız onların prioritetləri ilə ziddiyyət təşkil etməsin. Bu kurs müstəqil Azərbaycan üçün yeganə düzgün kursdur. Çünki istər regionda, istərsə də dünyada ölkəmizə milli maraqlarımızın təmin edilməsi və qorunması prinsipi əsasında başqa dövlətlərlə münasibətlər qurmasına imkan verir. Heydər Əliyevin düşünüb həyata keçirdiyi layihələrin bir çoxu kimi, bu dahiyanə strategiya da Azərbaycana regionda lider olmaq, dünyada müstəqil siyasət yürüdən dövlətlərdən birinə çevrilmək imkanı verib.
Heydər Əliyevin artıq reallaşmış, strateji cəhətdən təsdiqlənmiş, 2006-cı ildə işə salınmış Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri ideyasının dəyəri bu gün daha aydın görünür. Heydər Əliyev bu kəmərin təməlini öz əlləri ilə qoyub. BTC Azərbaycanın müstəqilliyini və təhlükəsizliyini təmin edən güclü amilə çevrilib.
Bu uğurlu layihədən sonra Bakı-Tbilisi-Ərzurum qaz kəməri inşa edilib və Azərbaycan qaz idxal edən dövlətdən qaz ixrac edən ölkəyə çevrilib.
2018-ci ildə işə salınacaq Trans-Anadolu qaz boru kəmərinin (TANAP) inşası da başa çatmaq üzrədir. Bu layihə bütün Avrasiyanın energetika xəritəsində dəyişikliklər yaradacaq.
Ulu öndərin təşəbbüsü ilə 1998-ci ildə Bakıda Böyük İpək Yolunun bərpasına dair beynəlxalq konfrans keçirilib. Azərbaycanın təşəbbüsü və dəstəyi ilə 2017-ci ildə bu layihə çərçivəsində dəmir yolunun Şərq ilə Qərbi ən qısa yolla birləşdirən mühüm hissəsi işə salınıb.
Coğrafi mövqeyimizi təbii ehtiyatlarımızla uzlaşdırmaqla ondan düzgün istifadə edilməsinə yönələn Heydər Əliyevin iqtisadi strategiyası sayəsində Azərbaycan Avrasiya məkanında mühüm ölkəyə çevrilərək dünya iqtisadiyyatına inteqrasiya edib. Bu iqtisadi layihələrin işə salınması tarixi inkişafın gedişatını dəyişdirməyə imkan verib.
Böyük olmaq üçün böyük işlər görməyi bacarmaq lazımdır. Heydər Əliyev tarixə Sovet İttifaqının görkəmli rəhbərlərindən biri kimi daxil oldu, dünya əhəmiyyətli dörd layihənin əsasını qoymaqla regionun geosiyasətini dəyişdi. M.S. Qorbaçov SSRİ boyda nəhəng imperiyanı məhv etdi, Heydər Əliyev isə kiçik bir respublikadan bütün dünyada tanınan və hörmət edilən müstəqil Azərbaycan dövlətini yaratdı.
Azərbaycanın MDB-yə daxil olması və Belarusla diplomatik münasibətlərin qurulması hakimiyyətə qayıdışından sonra Heydər Əliyevin ilk qərarlarından oldu. Hazırda Azərbaycan Prezidenti İlham Əliyevlə Belarus Prezidenti Aleksandr Lukaşenkonun dostluq əlaqələri dövlətlərarası münasibətlərə örnəkdir. Prezidentlərimizin səyləri ilə həm siyasi, həm də iqtisadi münasibətlər inkişaf edir. Biz dünya miqyasında bütün istiqamətlərdə bir-birimizi dəstəkləyirik. Beynəlxalq məsələlərin bir çoxuna dair mövqeyimiz yaxındır, hətta identikdir. Bütün bunlar göstərir ki, Heydər Əliyevin vəsiyyəti düzgün istiqamətdə həyata keçirilir.
Lətif QƏNDİLOV,
Azərbaycan Respublikasının Belarusdakı fövqəladə və
səlahiyyətli səfiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.