Azərbaycanın ixrac potensialı artır

 

 

 

 

 

 

 

 

 

 


Növbəti illərdə qeyri-neft sektorunun inkişafı iqtisadi siyasət istiqamətində əsas prioritet olacaqdır və bu istiqamətdə qəbul edilmiş qərarlar öz gözəl nəticəsini verir. Mən onların arasında xüsusilə investisiya təşviqi mexanizmini qeyd etmək istərdim. Biz bu mexanizmin tətbiqinə bu yaxınlarda start vermişik və qısa müddət ərzində çox gözəl nəticələr əldə edilibdir. Təkcə bu ilin birinci rübündə 28 investisiya təşviqi sənədi və bu günə qədər cəmi 257 investisiya təşviqi sənədi verilmişdir, 229 sahibkar bu imkanlardan faydalanıb. Bu layihələrə qoyulacaq və artıq qoyulmaqda olan sərmayənin həcmi 2,3 milyard manatdır. Baxın, əgər biz investisiya təşviqi mexanizmini işə salmasaydıq, bu vəsait ölkə iqtisadiyyatına qoyulmayacaqdı. Bu vəsait qoyulur, bu, böyük vəsaitdir və ilkin hesablamalara görə, təkcə bu proqram çərçivəsində 17 min yeni daimi iş yeri yaradılacaqdır.

 İlham Əliyev
 Azərbaycan Respublikasının Prezidenti

 


Ötən il Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon ABŞ dolları təşkil edib. Nəticədə 2016-cı illə müqayisədə ötən il qeyri-neft sektoru üzrə ixrac 24 faiz, o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 28,6 faiz, sənaye məhsullarının ixracı 20,8 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin sayı 14,5 faiz artıb.

2017-ci il ərzində Azexport.az portalına dünyanın 74 ölkəsindən 475 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Həmin portala ötən ilin dekabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri isə 30,4 milyon ABŞ dolları təşkil edib.

Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı düşünülmüş və köklü islahatlar həyata keçirilir. 2015-ci ildə neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi və bu proses ətrafında baş verən siyasi oyunlar başlanan işlərin daha qətiyyətlə yerinə yetirilməsinin vacibliyini göstərdi.

 Ölkə rəhbərliyinin səyi ilə iqtisadi inkişafın davamlı olması üçün həyata keçirilən islahatların sürətləndirilməsi və sosial problemlərin həlli istiqamətində irimiqyaslı tədbirlər həyata keçirildi. Ən başlıcası, ölkədə müntəzəm olaraq idarəetmə sisteminin təkmilləşdirilməsi, iqtisadi strukturların fəaliyyəti üzərində nəzarət gücləndirildi.

Onu da qeyd etmək lazımdır ki, ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar respublika rəhbərliyi səviyyəsində müntəzəm olaraq keçirilən müşavirələr qarşıya qoyulan hədəflərə nail olunması baxımından çox vacibdir. Prezidentin sədrliyi ilə Yevlaxda, Lənkəranda, Sabirabadda və bu yaxınlarda Bərdədə keçirilən müşavirələr ölkənin gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir.

Ölkənin qeyri-neft ixrac potensialının inkişafı və bu istiqamətdə məhsul istehsalının artırılması ilə bağlı məsələlərin vaxtaşırı olaraq ətraflı müzakirə edilməsi heç də təsadüfi deyil. Çünki gənc Azərbaycan dövləti son illərdə irimiqyaslı layihələr həyata keçirir, qloballaşan dünyada isə günbəgün risklər artmaqdadır. Bu risklərin azaldılması, ölkə iqtisadiyyatının şaxələndirilməsi, gələcəkdə davamlı inkişafın yalnız qeyri-neft sektoru hesabına təmin edilməsi məsələsinin həlli üçün ölkənin ixrac strukturunun təkmilləşdirilməsi, qeyri-neft ixracının artırılması qarşıda duran əsas və çox ciddi vəzifələrdəndir.

Hər bir ölkənin iqtisadiyyatının inkişafı bilavasitə həmin ölkədə sahibkarlığın inkişafı ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətində bu vacib məsələ həmişə diqqət mərkəzində olub. Postneft dövrünün başlandığı elan olunandan az sonra Milli Məclisdə ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədilə bir sıra mühüm sənədlər müzakirə edilərək qəbul olundu və mövcud qanunlara dəyişikliklər edildi.

Bundan başqa, yoxlamaların sayının, lisenziyaların alınması üçün tələb olunan sənədlərin azaldılması istiqamətində konkret addımlar atıldı, bir sıra bürokratik əngəllər aradan qaldırıldı. Gömrük sisteminin fəaliyyəti yaxşılaşdırıldı, vergi sistemində islahatlar aparıldı. Bütün bunlar onu göstərirdi ki, Azərbaycan dövləti iqtisadi inkişafın sahibkarlıq amilinə çox böyük önəm verir və onun sürətli inkişafı üçün zəruri tədbirlər görür.

Artıq Azərbaycanda ixrac potensialının artırılmasını bilavasitə təmin edən sahələr üzrə bir neçə assosiasiya yaradılıb. Bu assosiasiyalar məhsul istehsalçılarını bir araya gətirir, onların səmərəli fəaliyyətinin təmin edilməsi üçün təkliflər hazırlayır. Eyni zamanda, həmin assosiasiyalar sahibkarlığın daha sürətli inkişafı, bu sahəyə dövlət dəstəyinin artırılması ilə əlaqədar təkliflər də verir.

Azərbaycan kifayət qədər zəngin, təbii resurslara malik ölkədir. Münbit torpağımız, əlverişli iqlim şəraitimiz var. Bu da Azərbaycanda keyfiyyətli məhsulların yetişdirilməsi və dünya bazarlarına çıxarılması üçün böyük imkanlar yaradır. Məsələn, götürək fındıq istehsalını. Azərbaycanda hazırda 19 rayonda fındıq əkilir. Ötən il fındıqdan əldə edilən gəlir əvvəlki illərə nisbətən xeyli artıb. Gələcəkdə bu istehsal sahəsinin daha da genişləndirilməsi nəzərdə tutulur. Yeni fındıq bağları salınır, tədarük olunan məhsulun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər görülür.

Son vaxtlar Azərbaycanda pambıqçılığın inkişafına xüsusi diqqət yetirilir. Ölkədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində iki il ərzində pambıq yığımı 6 dəfə artırılıb. Məlum olduğu kimi, pambıqçılıq çox gəlirli sahədir. Onun ixracı üçün bazar axtarmağa ehtiyac yoxdur, bu məhsul elə birjalarda asanlıqla satılır və ölkəyə valyuta gətirir. Pambıqçılıq həm də qeyri-neft sektorunun, qeyri-neft sənayesinin sürətli inkişafını təmin edir və yerli istehsalın hərtərəfli inkişafına əlverişli şərait yaradır.

Bərdədə keçirilən pambıqçılığın inkişafına dair respublika müşavirəsində vurğulandığı kimi, Azərbaycanda bu sahənin böyük gələcəyi var. Qarşıdakı illərdə ölkədə pambıq istehsalı artırılmaqla bərabər, həm də onun emalı sürətləndiriləcək. Hazırda Azərbaycanda 44 min ton iplik istehsal olunur. Məlumdur ki, iplik ixracyönümlü məhsuldur. İndi pambığı mahlıca, mahlıcı isə ipliyə çevirir və xarici bazara çıxarırıq. Eyni zamanda, ondan daxili bazarda da geniş istifadə edilir.

Ölkədə yaxın illərdə pambıq istehsalının daha da artırılacağı gözlənilir. Bu o deməkdir ki, yeni iplik fabriklərinin tikintisinə də ehtiyac yaranacaq. Bu yaxınlarda Mingəçevir Yüngül Sənaye Parkında işə salınan 2 və ölkədə əvvəllər mövcud olan 6 fabrik yetişdiriləcək pambığı tam emal edə bilməyəcək. Biz tədarük olunacaq bütün pambığı mahlıca, onu isə ipliyə çevirib yüksək qiymətə rəqabətqabiliyyətli məhsul kimi xaricə satmalıyıq. Həm də bununla paralel olaraq ölkə daxilində son məhsulun istehsalı barədə fikirləşməli və bu istiqamətdə konkret addımlar atmalıyıq.

Ötən il ölkəmizdə iqtisadi sabitləşmə ili olmuşdur, bu il isə sürətli inkişaf ili olacaqdır. Bunu son üç ayın nəticələri də aydın göstərir. Yanvar-mart ayları ərzində qeyri-neft sənayesi 10 faiz, kənd təsərrüfatı 4,2 faiz artmışdır. Bitkiçilik üzrə artım isə 50 faizdən çox olmuşdur.

Qloballaşan dünyada ən çətin və vacib problem yeni bazarlara daxil olmaq və orada möhkəmlənməkdir. Bu məqsədlə ən əvvəl yeni bazarlara hər hansı bir məhsulu çıxarmaq üçün tələb olunan şərtlər müəyyənləşdirilməlidir. Təsadüfi deyildir ki, Milli Məclisdə investisiyaların təşviqi ilə əlaqədar qanun operativ qaydada müzakirə olunaraq qəbul edildi. İnvestisiyanın təşviqi o deməkdir ki, dövlət məhsul istehsalçısı üçün əlverişli şərait yaradır, onun malik olduğu imkanlardan daha səmərəli istifadə edə bilməsinə, düzgün investisiya layihələri hazırlamasına kömək edir.

 Həmin layihələr istər qiymət, istər marketinq, istər dünya bazarına çıxmaq, istərsə də səmərəlilik baxımından əsaslandırılmalıdır. Artıq bir sıra firmalar investisiya təşviqi ilə əlaqədar prosedur qaydalara əməl edir. Onlara bu istiqamətdə, bir növ yaşıl işıq yandırılıb.

 Yeni ixrac bazarlarının artırılmasında ölkənin səfirlikləri və xarici nümayəndəlikləri üzərinə də mühüm vəzifələr düşür. Onlar bu istiqamətdə İqtisadiyyat Nazirliyi, digər müvafiq dövlət qurumları ilə əlaqəli işləməlidirlər. Səfirliklər və xarici nümayəndəliklər Azərbaycandan ixrac edilən məhsulların təşviqi istiqamətində fəaliyyətlərini gücləndirməlidirlər.

 Yeri gəlmişkən onu da deyək ki, bu sahədə də uğurlu nəticələr əldə olunmaqdadır. Ötən il sahibkarlara 2,9 milyon manat məbləğində ixrac təşviqi ödənilib. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) fəaliyyəti və “Made in Azerbaijan” brendinin təbliği sahəsində görülmüş işlərə həsr olunan konfransda ətraflı söhbət açılıb. Konfransda vurğulandığı kimi, qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar, iqtisadiyyatın diversifikasiyası, özəl sektorun gücləndirilməsi, rəqabətədavamlı qeyri-neft məhsullarının istehsalı sahəsində uğurlu nəticələr əldə olunub. İxracatçılara əlverişli şəraitin yaradılması, ixracın həcminin daha da genişləndirilməsi, xarici ölkələrə təşkil edilən ixrac missiyaları, “Made in Azerbaijan” brendinin xarici ölkələrdə tanıdılması və xarici investisiyaların təşviqi istiqamətində qısa müddətdə çox böyük işlər görülüb.

Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin birinci rübün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlətimizin başçısı demişdir: “Növbəti illərdə qeyri-neft sektorunun inkişafı iqtisadi siyasət istiqamətində əsas prioritet olacaqdır və bu istiqamətdə qəbul edilmiş qərarlar öz gözəl nəticəsini verir. Mən onların arasında xüsusilə investisiya təşviqi mexanizmini qeyd etmək istərdim. Biz bu mexanizmin tətbiqinə bu yaxınlarda start vermişik və qısa müddət ərzində çox gözəl nəticələr əldə edilibdir. Təkcə bu ilin birinci rübündə 28 investisiya təşviqi sənədi və bu günə qədər cəmi 257 investisiya təşviqi sənədi verilmişdir, 229 sahibkar bu imkanlardan faydalanıb. Bu layihələrə qoyulacaq və artıq qoyulmaqda olan sərmayənin həcmi 2,3 milyard manatdır. Baxın, əgər biz investisiya təşviqi mexanizmini işə salmasaydıq, bu vəsait ölkə iqtisadiyyatına qoyulmayacaqdı. Bu vəsait qoyulur, bu, böyük vəsaitdir və ilkin hesablamalara görə, təkcə bu proqram çərçivəsində 17 min yeni daimi iş yeri yaradılacaqdır”.

Azərbaycanın ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi və ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliği məqsədilə 2017-ci ildə 251 tədbir və ikitərəfli görüşlər təşkil olunub. Ölkədə indiyədək 14 sahəvi assosiasiya yaradılıb.

İxrac təşviqinin ödənilməsi qaydalarının, kiçik və orta sahibkarların gömrük və maliyyə sahələrində bilik və bacarıqlarının artırılmasına dair təlim seminarları təşkil edilib. Beynəlxalq və yerli tədbirlərdə Azərbaycanın biznes və investisiya imkanlarına dair təqdimatlar keçirilib.

Bu işlərin reallaşdırılmasında əsas ağırlıq Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun üzərinə düşür. Ötən il fond əlaqələrini xeyli genişləndirib, daha 11 ölkənin müxtəlif təşkilatları ilə əməkdaşlığa dair 14 Anlaşma Memorandumu imzalayıb. 2017-ci ildə İxracatçılar Klubunun 10 iclası keçirilib, 160-dan çox şirkətə ixrac üzrə fərdi qaydada xidmətlər göstərilib. Sahibkarlıq subyektlərinə indiyədək ixracın təşviqi ilə əlaqədar 3,6 milyon manat vəsait ödənilib.

2017-ci ildə “Made in Azerbaijan” brendinin xarici ölkələrdə təşviqi məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun təşkilatçılığı ilə Çinə, Birləşmiş Ərəb Əmirliklərinə, Almaniyaya, Əfqanıstana, Pakistana, Qətərə, Qazaxıstana, Macarıstana, Rusiyaya və Səudiyyə Ərəbistanına ümumilikdə 10 ixrac missiyası təşkil olunub. Bu ixrac missiyalarında 160-dan çox şirkət iştirak edib. Missiyalar çərçivəsində bir sıra məhsulların ixracına, o cümlədən meyvə-tərəvəz, şərab, meyvə şirələri, konservləşdirilmiş məhsullar, tikinti materialları, mebel və digər məhsulların ixracına dair razılaşmalar əldə olunub və müqavilələr bağlanıb.

Bundan əlavə, “Gulfood 2017”, “Worldfood Moscow” və “ANUGA” beynəlxalq ərzaq sərgilərində, “Prowein 2017” və “Hong Kong International Wine & Spirits Fair 2017” beynəlxalq şərab sərgilərində şirkətlərimizin “Made in Azerbaijan” vahid ölkə stendi ilə iştirakı təmin edilib. 2017-ci ildə vahid ölkə stendi mexanizmi çərçivəsində 19 milyon manatlıq müqavilələr imzalanıb və artıq 6 milyon manatlıq məhsul ixrac edilib. Bundan başqa, ötən il ixrac missiyaları zamanı imzalanmış müqavilələr üzrə xarici tərəfdaşlarımıza indiyədək 2 milyon manatlıq məhsul göndərilib.

Ötən il Azərbaycanda qeyri-neft sektoru üzrə ixrac 1 milyard 538 milyon ABŞ dolları təşkil edib. Nəticədə 2016-cı illə müqayisədə ötən il qeyri-neft sektoru üzrə ixrac 24 faiz, o cümlədən kənd təsərrüfatı və emalı məhsullarının ixracı 28,6 faiz, sənaye məhsullarının ixracı 20,8 faiz, xarici ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin sayı 14,5 faiz artıb.

“Azərkosmos” ASC dünyanın 20-dən çox ölkəsinə peyk xidmətləri ixrac etməkdədir. 2017-ci ilə olan məlumata görə, peyk telekommunikasiya xidmətlərinin (Azerspace-1) ixracından 14 milyon ABŞ dolları, optik peyk xidmətlərinin (Azersky) ixracından isə 9 milyon ABŞ dolları gəlir əldə edilib. Ümumilikdə “Azərkosmos” ASC tərəfindən 2017-ci ildə 23 milyon ABŞ dolları dəyərində xidmət ixracı həyata keçirilib.

2017-ci il ərzində Azexport.az portalına dünyanın 74 ölkəsindən 475 milyon ABŞ dolları məbləğində ixrac sifarişləri daxil olub. Həmin portala ötən ilin dekabr ayında daxil olan ixrac sifarişlərinin dəyəri isə 30,4 milyon ABŞ dolları təşkil edib.

Xarici ölkələrdə və beynəlxalq KİV-də yerli məhsullarımızın tanıdılması ilə bağlı reklamlar yerləşdirilib. “Azərbaycan şirələri” və “Azərbaycan meyvələri” reklam çarxları hazırlanaraq ötən ilin oktyabr-noyabr aylarında Rusiya Federasiyasının “Rossiya 24” federal televiziya kanalında yayımlanıb.

Dövlət başçısının 2018-ci il 11 yanvar tarixli fərmanı ilə ixracın dəstəklənməsi mexanizmlərinin və stimullaşdırıcı tədbirlərin əhatə dairəsi daha da genişləndirilib. Fərmana əsasən, bu il ərzində xarici ölkələrə daha çox ixrac missiyaları həyata keçiriləcək və Azərbaycana alıcı missiyaları təşkil olunacaq, respublikamız beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə təmsil olunacaq, ixracla məşğul olan sahibkarlara maliyyə dəstəyi daha da gücləndiriləcək.

 Həyata keçirilən tədbirlər belə deməyə əsas verir ki, yaxın illərdə Azərbaycanın ixrac potensialı ən azı iki-üç dəfə artacaq. Fındıqçılığın, pambıqçılığın, baramaçılığın inkişaf etdirilməsi, yeni badam və zeytun bağlarının salınması, çay, düyü və şəkər istehsalı ilə əlaqədar əlavə tədbirlərin görülməsi, yeni meyvə-tərəvəz anbarlarının tikilməsi, məhsullarımızın dünya bazarlarında təşviqi - bütün bunlar Azərbaycan dövlətinin gələcək hədəfləridir. Heç şübhəsiz, tezliklə bu hədəflərə də uğurla nail olacağıq.

Əlipənah BAYRAMOV,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında