Azərbaycan Xalq Cümhuriyyəti milli iqtisadiyyatın inkişafını prioritet vəzifə kimi qarşıya qoymuşdu

Azərbaycan Xalq Cümhuriyyəti yaranan gündən qarşısında duran ən mühüm vəzifələrdən biri də milli iqtisadiyyatı formalaşdırmaq, inkişaf etdirmək idi. Hökumət başçısı Nəsib bəy Yusifbəylinin Parlamentin 22 dekabr 1919-cu il tarixli iclasında elan etdiyi bəyannamədə də güclü iqtisadiyyatın yaradılması zərurəti Azərbaycanın azad və müstəqil yaşamasının şərti kimi göstərilirdi. Buna görə də “Fikri, milli və siyasi istiqlalların kökü iqtisadi istiqlaldadır” fəlsəfəsini diqqət mərkəzində saxlayan müstəqil gənc Cümhuriyyət mövcud olduğu 23 ay ərzində son dərəcə ağır hərbi-siyasi və qeyri-müəyyən beynəlxalq münasibətlər şəraitində bu istiqamətdə bir sıra məsələləri uğurla reallaşdırdı. Hökumət tərəfindən qarşılıqlı razılaşma əsasında ayrı-ayrı partiyaların məramnamələrində irəli sürülən təşəbbüslər əsasında iqtisadi proqram işlənib hazırlandı. Parlamentdə iqtisadi təmayüllü maliyyə, büdcə, fəhlə, aqrar, ölkənin məhsuldar qüvvələrindən istifadə komissiyaları yaradıldı. Əkinçilik, Əmlak, Ərzaq, Dövlət nəzarəti, Maliyyə, Ticarət və Sənaye nazirlikləri, Milli Bank, Xəzinə və Aksiz palataları, Əmək müfəttişliyi kimi qurumlar fəaliyyətə başladı.

Cümhuriyyət rəhbərliyi müstəqil dövlətin mövcudluğu üçün maliyyə, vergi, bank-kredit sisteminin formalaşdırılmasının mühüm önəm daşıdığını yaxşı bilirdi. Ona görə də qısa müddətdə Milli Bankın yaradılması, bu maliyyə qurumunun sədrliyinə Azərbaycanın ilk iqtisadçılarından olan Məhəmmədhəsən bəy Baharlının gətirilməsi, milli pul nişanlarının (“Bakı bonları”nın) buraxılması, dövlət büdcəsinin dayanıqlılığını reallaşdırmaq məqsədilə birbaşa və dolayı vergilərin, eləcə də gömrük rüsumlarının tətbiq edilməsi, maliyyə bazarının inkişafı istiqamətində atılan mühüm addım kimi Bakı bələdiyyə idarəsinin istiqrazlar buraxmağa başlaması müstəqil respublikanın həyatında taleyüklü hadisəyə çevrildi.

Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti də daxili və xarici iqtisadi fəaliyyətin tənzimlənməsi üçün iqtisadi-hüquqi qanunların hazırlanmasına, onların yerinə yetirilməsinə böyük əhəmiyyət verirdi. Elə bunun nəticəsi idi ki, parlament fəaliyyət göstərdiyi müddətdə respublikada maliyyə sisteminin yenidən qurulması və yeni əsaslarla tənzimlənməsi ilə bağlı maliyyə, vergi, bank sahələrini əhatə edən 80-dən çox qanun layihəsi hazırladı və onların böyük əksəriyyətini qəbul etdi.

İlk dəfə tərtib olunan müstəqil dövlət büdcəsi iqtisadi tənzimləmə və gəlirlərin bölgüsündə, makroiqtisadi tarazlıq yaradılmasında mühüm rol oynadı.

Müstəqilliyin ilk çağında milli pul vahidinin möhkəmləndirilməsi, onun alıcılıq qabiliyyətinin qorunub saxlanması qarşıda mühüm vəzifə kimi dururdu. Bu da təsadüfi deyildi. Çünki milli valyuta inflyasiya şəraitində dövriyyəyə buraxılmışdı, belə bir mühitdə isə iqtisadi aktivliyin dünya ticarətinə, habelə əmtəə bazarlarına əhəmiyyətli təsiri mümkün deyildi. Ona görə də Maliyyə Nazirliyi tərəfindən 20 iyul 1919-cu il tarixli qərar imzalandı ki, bu da əmtəələrin sərbəst ixracının reallaşdırılması məqsədi daşıyırdı. Bununla bərabər, Parlament də xəzinəyə ixrac xammalının dəyərinin 25 faizi qədər rüsum keçirmək şərti ilə onun kənara çıxarılmasına icazə verilməsinə dair 11 dekabr 1919-cu il tarixli qanun qəbul etdi. Eyni zamanda, ölkədən kənara gizli yolla gümüş, qızıl, platin aparılmasına görə məsuliyyət məsələsi nəzərdən keçirildi. Aparılan təhlillərə əsasən, qüvvədə olan 15 noyabr 1914-cü il tarixli qanunun 20 oktyabr 1919-cu il tarixli qanunla əvəzlənməsi sözügedən problemin həllini gerçəkləşdirdi.

Onu da qeyd edək ki, hökumət inflyasiyanın nizamlanması üçün daxili bazarın qorunmasına xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə spirtli içkilərin, balıq məhsullarının idxalına gömrük rüsumlarının artırılması haqqında 1919-cu ilin avqust ayında Parlamentin maliyyə-büdcə komissiyasında müzakirə edilən qanun layihələri bəyənilmişdi.

O dövrdə ölkə sərhədləri daxilində mal mübadiləsinin tənzimlənməsi də təxirəsalınmaz vəzifələrdən biri hesab edilirdi. Buna görə də məsələnin həlli məqsədilə 1919-cu ilin avqust ayından etibarən respublikaya xaricdən gətirilən bir sıra zinət əşyalarına müvəqqəti olaraq xüsusi gömrük tarifləri tətbiq olundu. Eyni zamanda, daxili bazarı tənzimləmək üçün əmtəə ixracına müvəqqəti gömrük qaydalarının tətbiqi haqqında 9 fevral 1920-ci il tarixli qanun qəbul edildi.

Hökumət ölkənin iqtisadi inkişafını stimullaşdırmaq məqsədilə çevik vergi siyasətinin yeridilməsi, dövlət xərclərinin ixtisar edilməsi kimi məsələləri də diqqət mərkəzində saxlayır, bu istiqamətlərdə ciddi tədbirlər həyata keçirirdi. Xaricdən ölkəyə gömrüksüz gətirilən malların siyahısına 200-dən çox məhsulun adının daxil edilməsi, xarici investorlara güzəştli şərtlərlə milli valyuta (Bakı bonları) təklif olunması da bunun bariz ifadəsi idi.

Cümhuriyyət neft sənayesinin inkişafını da diqqət mərkəzində saxlayırdı. Hökumətin neft sənayesinin milliləşdirilməsi haqqında imzaladığı 5 oktyabr 1918-ci il tarixli dekretlə neft modemlərinin, Xəzər ticarət donanmasının, gəmilərin, zavodların, emalatxanaların neft sahibkarlarına qaytarılması, istehsal olunan neftin üçdə iki hissəsinin onlara verilməsi, üçdə bir hissəsinin isə özünün sərəncamında saxlanılması, habelə neftin Rusiyaya daşınmasının qadağan edilməsi bunun bariz ifadəsi idi.

Həyata keçirilən tədbirlər nəticəsində 1919-cu ildə neft ehtiyatı üç dəfə artaraq, 1920-ci ilin əvvəlində 300 milyon puda çatdı. Bu cür artım isə hökumət tərəfindən qonşu dövlətlərə sərbəst neft satılmasına şərait yaratdı.

Cümhuriyyət hökumətinin 1919-cu ildə elan etdiyi dekret də Azərbaycanın neft sənayesinin inkişafında önəmli rol oynadı. Belə ki, həmin dekretin tələbinə görə, neft sənayesi üzərində dövlət nəzarəti reallaşdırıldı, neftin və neft məhsullarının Batumiyə daşınmasına, habelə satılmasına, mal mübadiləsinə icazə verildi.

Xatırladaq ki, sözügedən dekretə əsasən, 1919-cu ilin mart ayında uzunluğu 500 kilometr, nəql gücü 3 milyon ton olan və 1903-1907-ci illərdə tikilən, müharibə illərində isə yararsız hala düşən Bakı-Batumi neft kəməri yeniləndi və ilk neftin nəqli gerçəkləşdirildi.

Bu dövrdə neft sənayesinin dinamik inkişafını təmin etmək üçün yeni istehsal infrastrukturunun qurulması da qarşıda mühüm vəzifə kimi dururdu. Buna görə də müasir istehsal sahələrinin yaradılması, təzə quyuların istismara verilməsi məqsədilə maşınqayırma və təmir müəssisələrinin sayı artırıldı, polad və dəmir prokat istehsalı gücləndirildi, enerji təsərrüfatı təşkil edildi.

Xalq Cümhuriyyətinin iqtisadi fəaliyyətinə diqqət yetirəndə aydın görünür ki, reallaşdırılması nəzərdə tutulan layihələr Azərbaycanı sürətli inkişaf yoluna çıxarmaq, dünyaya yeni, sivil formada təqdim etmək məqsədi daşıyırdı. Məsələn, hökumətin iqtisadi platformasında mühüm yer tutan mülkiyyət plüralizminin gerçəkləşdirilməsi, başqa sözlə, dövlət, xüsusi, səhmdar, bələdiyyə və s. mülkiyyət formalarının uğurla yaradılması prosesi bunun məntiqi nəticəsi idi. Elə bu səbəbdən də Cümhuriyyətin aqrar proqramında xüsusi mülkiyyətin miqyası anlayışına xüsusi həssaslıqla yanaşılırdı. Sözügedən məsələdə ifrata varmağın zərərli olduğu göstərilirdi. Qeyri-məhdud mülkiyyət hüququnun iqtisadi inkişafı əngəlləyə, cəmiyyətdə haqlı narazılığa gətirib çıxara biləcəyi bildirilirdi. Ona görə də “Hər bir əkinçi özünün əkib-biçə biləcəyi miqdarda torpağa sahiblik etməlidir!” prinsipinin torpaq islahatında əsas götürüləcəyi nəzərdə tutulurdu. Yalnız belə halda ölkənin aqrar potensialından, eyni zamanda, torpaq resurslarından səmərəli yararlanmağın mümkünlüyü kimi haqlı iddia irəli sürülürdü. Başqa sözlə, torpağın xüsusi mülkiyyətə verilməsində əsas məqsəd torpaqların bölüşdürülməsini ədalətlə gerçəkləşdirməklə və bu zaman istifadəsiz xüsusi sahibkar torpaqları qalmaması şərtilə kənd əhalisini gəlirlə təmin etmək idi.

Xatırladaq ki, bu məsələlər Cümhuriyyətin aqrar proqramında öz ifadəsini tapmışdı və həmin proqramın əsasını da Parlamentə “Müsavat” fraksiyası və Əkinçilik Nazirliyi tərəfindən təqdim olunan aqrar islahatı haqqında qanun layihələri təşkil edirdi. Hər iki qanun layihəsində torpaqsız və aztorpaqlı kəndliyə torpaq payının ayrılması istehlak norması ilə nəzərdə tutulurdu.

Cümhuriyyət dövründə “Müsavat” partiyasının fəaliyyət proqramında kənd təsərrüfatının inkişafı məsələsi mühüm önəm daşıyırdı. Partiyanın ikinci qurultayında aqrar məsələlərin həlli istiqamətində geniş müzakirə açılması da məhz bununla bağlı idi.

Yeri gəlmişkən, partiyanın ikinci qurultayından sonra keçirilən ilk iclas bütövlükdə respublikada aqrar məsələnin vəziyyətinə həsr edilmişdi. Qəbul olunan qətnaməyə görə, “Xəzinəyə, keçmiş çara, çar nəslinə, mülkədarlara, o cümlədən xüsusi sahibkarlara məxsus torpaqlar əvəzsiz olaraq alınmalı və zəhmətkeş kəndlilərə” paylanmalı idi. Lakin “Müsavat” hakimiyyət böhranı ilə üzləşdiyindən, bu məsələ reallığa çevrilmədi.

Burada onu da diqqətə çatdıraq ki, “Müsavat” fraksiyasının və Əkinçilik Nazirliyinin aqrar islahatı ilə bağlı qanun layihələrində müəyyən fərqlər olsa da, yuxarıda qeyd etdiyimiz kimi, əsas məqsəd kəndlinin ona düşən pay torpağı ilə özünün sosial şəraitini yaxşılaşdırmaq idi. Fərq məsələsinə gəldikdə isə, onu deyə bilərik ki, bu, adıçəkilən fraksiyanın qanun layihəsində torpaqların əvəzsiz paylanması, Əkinçilik Nazirliyinin qanun layihəsində isə müəyyən əvəz müqabilində verilməsi kimi məsələlərlə bağlı idi: “Müsavat” əvvəlki sahibkarların mülkiyyətində 75 desyatin, Əkinçilik Nazirliyi isə yerli şəraitdən asılı olaraq, müxtəlif miqdarda torpaq sahəsinin saxlanmasının tərəfdarı idi.

Cümhuriyyətin iqtisadi siyasətində xüsusi mülkiyyətə keçid zamanı mülkiyyətin tamamilə parçalanmasının yolverilməz olduğu da vurğulanırdı. Bunun xüsusilə fabrik və zavodların özəlləşdirilməsi prosesində diqqətdə saxlanılması vacib bilinirdi.

Xalq Cümhuriyyətinin iqtisadi platformasında dövlət mülkiyyətinə strateji yanaşma özünü büruzə verirdi. Bu, o dövrün qanunvericiliyində dövlət mülkiyyətinin, qismən də bələdiyyə mülkiyyətinin “dövlətin sərvət və gəlir qaynağını təşkil edən yeraltı mədənlər”, həmçinin “dəmir yolu, işıq, su, teleqraf və sair bu kimi ümumi işlərə xidmət edən quruluşlar” halında səciyyələndirilməsi ilə diqqət çəkirdi.

Cümhuriyyətin iqtisadi platformasında Azərbaycanın xarici ölkələrlə iqtisadi əlaqələrinin qurulması əsas vəzifələrdən biri idi. “Müsavat” partiyası da öz məramnaməsində bu məsələyə böyük əhəmiyyət verir, müstəqilliyin möhkəmlənməsində, respublikamızın xaricdən müdafiəsinin güclənməsində, məhsuldar qüvvələrin inkişafının dinamik xarakter almasında, eyni zamanda, ölkənin hüquqi cəhətdən tanıdılmasında bu amili- iqtisadi əməkdaşlığın gücləndirilməsini önə çəkirdi.

Qeyd edək ki, hökumət xarici iqtisadi əlaqələrin formalaşması prosesində Cümhuriyyətdən əvvəlki dövrün bu sahədə mövcud münasibətlərindən də yararlanırdı. Başqa sözlə, keçmiş əməkdaşlığa yeni yanaşma prinsipi ilə münasibət bildirilirdi. Məsələn, hökumətin 18 oktyabr 1919-cu il tarixli qərarında Böyükşor gölünün bir hissəsinin Nobel qardaşları birliyinə icarəyə verilməsi haqqında vaxtı bitmiş müqavilənin bərpasının zəruriliyi diqqətə çatdırılır, eyni zamanda, həmin müqavilənin şərtləri yeni dəyişikliklərlə əsaslandırılırdı.

Hökumət Azərbaycanın xarici ölkələrlə iqtisadi əlaqələrinin genişlənməsində istehsalı artırmaqla həm daxili bazarda əhalinin zəruri mallara olan ehtiyacını təmin etmək, həm də ixrac əməliyyatlarını stimullaşdırmaq yolu ilə milli valyutanın dəyərdən düşməsinin qarşısını almaq, büdcənin gəlirlərini artırmaq niyyəti güdürdü.

Xalq Cümhuriyyətinin beynəlxalq iqtisadi siyasətində diqqət çəkən məqamlardan biri də xarici dövlətlərlə əmtəə mübadiləsinin nizamlanmasına xüsusi əhəmiyyət verilməsi idi. Bu məqsədlə hökumət tərəfindən həmin dövrün ağır maliyyə şəraitində 20 milyon manatlıq fond yaradılmış və buradan ilkin ehtiyaclar üçün 10 milyon manat həcmində kredit ayrılması qərara alınmışdı. Eyni zamanda, Cümhuriyyət müstəqilliyinin kövrək mərhələsini yaşamasına baxmayaraq, humanizm prinsiplərindən çıxış edərək, Dağıstana 50 milyon manat məbləğində yardım göstərmişdi ki, bu da respublikanın büdcə məxaricinin 1/8 hissəsini təşkil edirdi. Qonşu Gürcüstanla bir illik müddətə bağlanan 26 dekabr 1918-ci il tarixli müqaviləyə əsasən isə bu respublikaya müəyyən hədd daxilində neft məhsullarının rüsumsuz ixracına icazə verilirdi. Gürcüstanın bəzi məhsullarının, məsələn, daş kömür, meşə materialları və s. neftin dəyərinin 1/10 hissəsi həcmində Azərbaycana gömrüksüz satılması nəzərdə tutulurdu.

Cümhuriyyət hökuməti Rusiya ilə iqtisadi-ticari əməkdaşlığa da xüsusi əhəmiyyət verir, neft, pambıq və başqa məhsulların ixracı üçün bu ölkə bazarının əhəmiyyətini diqqət mərkəzində saxlayırdı. Elə bu məqsədlə də 1920-ci il martın 30-da sovet Rusiyası və Azərbaycan arasında keçirilən birgə komissiyanın iclasında ticarət müqaviləsi imzalanmışdı. Lakin o vaxt Rusiya Azərbaycanı qane edə biləcək bir sıra şərtlər vəd etməyinə baxmayaraq, onları yerinə yetirmədi.

* * *

 

“Müsavat” partiyasının mühacirət dövründə, 1936-cı ildə Varşavada keçirilən konfransının qərarında gələcəkdə Azərbaycanın qeyd-şərtsiz müstəqil bir dövlət halında yaşayacağı inamla ifadə olunurdu. Lakin bu istəyin ilk cücərtisi uzun illərdən sonra, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tarixi bir qərarın qəbul edilməsi ilə göründü. Bu, SSRİ kimi imperiyanın hələ tarix səhnəsindən silinmədiyi bir dövrdə milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atılan cəsarətli, eyni zamanda, ilk böyük addım idi; Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli milli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edildi.

1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul olunması ilə Azərbaycanın dövlət müstəqilliyi bərpa edildi, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi tanındı. Təəssüf ki, əsrin sonunda öz istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan dövləti öz suveren hüquqlarını reallaşdırmaq üçün ciddi maneələrlə, o cümlədən, Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və hərbi təcavüzü ilə qarşılaşdı. Lakin 1993-cü ilin ikinci yarısında ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbilə hakimiyyətə qayıdışı respublikamızda müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Yalnız bundan sonra Azərbaycanın xarici siyasət kursunda mövcud reallıqları nəzərə alan və ölkəmizin milli mənafelərinin qorunmasına yönələn əməli dəyişikliklər edildi.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

Məqalə İqtisadiyyat Nazirliyi tərəfindən KİV nümayəndələri ­arasında elan olunan “Azərbaycan Xalq Cümhuriyyəti dövrünün iqtisadiyyatı” mövzusunda müsabiqəyə təqdim edilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında