Nəqliyyat infrastrukturunun genişlənməsi Azərbaycanın geosiyasi əhəmiyyətini qat-qat artıracaq

1993-cü ilin yayınadək gənc müstəqil dövlətimizə rəhbərlik edənlərin “sərhədləri bağlayaraq ölkəni inkişaf etdirmək” kimi çürük fəlsəfəsi ulu öndərimizin tarixi qayıdışından dərhal sonra bir kənara atılmışdı. Çünki Heydər Əliyev Azərbaycanı beynəlxalq aləm üçün açıq elan etmiş, işğalçı Ermənistan istisna olmaqla, bütün ölkələr və beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlara əsaslanan, bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə uyğun münasibətlər yaratmışdı. “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz ixrac kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin reallaşdırılması da məhz həmin siyasətin möhtəşəm nəticələridir.

Son 15 ildə isə ulu öndərin həmin siyasəti daha böyük qətiyyət və prinsipiallıqla davam etdirilir. Aprelin 14-də açılış mərasiminin şahidi olduğumuz Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi də qeyd etdiyimiz qətiyyət və prinsipiallığın göstəricisi kimi qiymətləndirilir. Tikintisinə Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncama əsasən başlanılan kompleksin təməli 2010-cu ilin noyabrında dövlətimizin başçısının iştirakı ilə qoyulmuşdu. 2014-cü ilin sentyabrında liman qurğularından biri – iki körpüdən ibarət bərə terminalı, bu ilin yanvarında isə iki körpüdən ibarət olan Ro-Ro (həm yolasalma, həm də qəbuletmə) terminalı istifadəyə verilmişdi.

Açılış mərasimində Azərbaycan Prezidentinə məlumat verildi ki, liman 117 hektar ərazini əhatə edir və 12 yanalma körpüsünə malikdir. Limanın yükaşırma imkanı ildə 15 milyon ton yük, o cümlədən 100 min konteyner təşkil edir. Körpülərin ümumi uzunluğu 2100 metrə yaxındır. Müasir dövrün ən son mühəndislik yeniliklərindən olan dəmir-beton konstruksiyalı istinad divarının uzunluğu isə 1777 metr təşkil edir. Limanda Ro-Ro tipli gəmilər üçün iki körpü, yeddi körpüdən ibarət universal quru yük və konteyner terminalı, iki bərə körpüsü, həmçinin xidməti donanma gəmiləri üçün bir körpü inşa edilib. İkinci Ro-Ro körpüsü və bərə körpüləri hidravlik sistemli asqılı pandusla təchiz olunub ki, bu da suyun səviyyəsinin müəyyən hədlərdə enib-qalxmasından asılı olmayaraq gəmilərin körpüyə təhlükəsiz yan almasını təmin edir.

Bildirildi ki, limanda xidməti donanma gəmiləri üçün körpünün uzunluğu 155 metrdir və buraya, eyni zamanda, 11 gəmi yan ala bilər. Burada ümumi sayı 2502 olmaqla, uzunluğu 45 kilometr, orta dərinliyi 26 metr təşkil edən müxtəlif diametrli svay işləri aparılıb. Limanın yerüstü infrastrukturu bu svaylar üzərində qurulub. Kompleksin qərb istiqamətində olan sahil xəttinin yuyulmasının qarşısının alınması məqsədilə 1077 metr uzunluğunda xüsusi struktura malik müdafiə divarı inşa edilib.

Bu nəqliyyat infrastrukturunun texniki imkanlarını və ən müasir standartlara cavab verdiyini göstərən o qədər fakt səsləndirildi ki, mən bir vətəndaş, ziyalı kimi həmin göstəricilərlə sadəcə fəxr etdim. Kompleksin açılışında iştirak edən Prezident İlham Əliyev isə limanın imkanları ilə yanaşı, başqa məqamları da yada saldı: “Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi deməyə əsas verir ki, biz nəqliyyat infrastrukturumuzla bağlı qarşımızda duran bütün vəzifələri icra etdik. Bu günə qədər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Xəzərdə bizim ən böyük donanmamız, 260-dan çox gəmimiz var. Mənə verilən məlumata görə, son bir neçə il ərzində əlavə 18 gəmi alınmışdır. Mənim təşəbbüsümlə Bakıda gəmiqayırma zavodu tikilmişdir. Biz bütün növ gəmiləri istehsal edə bilərik, istehsal edirik və beləliklə, xarici tərəfdaşlardan asılılığı aradan qaldırmışıq”.

Əsas fakt ondan ibarətdir ki, yeni liman kompleksi Azərbaycan iqtisadiyyatını Asiya və Avropa ölkələri ilə əlaqələndirəcək, Şimal-Cənub, Şərq-Qərb marşrutlarını bir-birinə qovuşdurmaqla, ölkəmizin geosiyasi əhəmiyyətini qat-qat artıracaq.

Telman HACIYEV,
fəlsəfə elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında