Azərbaycan dəmir yolu infrastrukturunun dinamik inkişafı ulu öndərin adı ilə bağlıdır

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyi illərində respublikamızın inkişaf  tempinin, genişmiqyaslı quruculuq işlərinin ardıcıl xarakter alması üçün dərin islahatlar reallaşdırmışdır. Onun həyata keçirdiyi iri layihələrin icrası nəticəsində iqtisadiyyatın bütün sahələri əhəmiyyətli dərəcədə tərəqqi etməyə başlamışdır.

Respublikamızda dəmir yolunun inkişaf tarixinin böyük bir hissəsi də dahi şəxsiyyətin adı ilə bağlıdır. Məhz ümummilli liderin diqqət və qayğısı sayəsində ötən əsrin sonlarında dəmir yolu infrastrukturu öz inkişafının zirvəsinə çatmışdır. Ulu öndər istər Azərbaycan Respublikasında, istərsə də keçmiş SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışarkən bu sahəni  daim diqqət mərkəzində saxlamış və onun tərəqqisinə xüsusi önəm vermişdir.

Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki inkişaf dövrü adlandırmaq olar. Belə ki, 1969-cu ildə ilk dəfə Azərbaycan rəhbərliyinə gələn Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə təkan verilmişdir. Ölkənin polad magistralında işə salınan   mühüm obyektlərin əksəriyyəti onun bilavasitə təşəbbüsü ilə həyata vəsiqə almışdır. Təkcə bir faktı deyək ki, ulu öndərin rəhbərliyi dövründə 14 min 300 texniki yeniləşmə metodu tətbiq olunmuş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.

İstər Sibir torpaqlarında inşa edilən Baykal – Amur Magistralı (BAM) (yeri gəlmişkən, 2008-ci il iyulun 18-də BAM-ın Anqoya stansiyasında ümummilli liderin adını daşıyan vağzalın təntənəli açılışı olmuşdur), istərsə də Azərbaycan BAM-ı adlandırılan Yevlax-Balakən yolu da ulu öndərin gərgin zəhmətinin bəhrəsi idi.

Ümummilli liderimizin rəhbərliyi altında keçmiş SSRİ-nin ən böyük çeşidləyici stansiyalarından biri olan Şirvan  stansiyası, Yevlax-Balakən, Güzdək-Qaradağ dəmir yolu xətləri, Azərbaycan Dövlət Dəmir Yolunun öz fəaliyyətini həyata keçirməsində çox mühüm əhəmiyyət daşıyan digər dəmir yolu obyektləri inşa edilərək istismara verilmişdir. Görülən işlərin nəticəsində dəmir yolu vasitəsilə daşınan yüklərin həcmi həmin dövrdə 80-90 milyon tona çatdırılmışdır.

Dahi öndər hər sahəni mükəmməl bilən, yüksək intellektual səviyyəyə malik bir şəxsiyyət idi. O,  hələ imperiya dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə milli dəyərlərə böyük önəm verərək milli kadrların hazırlanması işini yüksək səviyyədə reallaşdırmışdır. Məhz bu böyük insanın qayğısı və təşəbbüsü ilə yüzlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin müxtəlif ali məktəblərində oxumağa göndərilmişdir. Təsadüfi deyil ki, həmin gənclərin bir çoxu məhz dəmir yolu mühəndisi ixtisasına yiyələnmiş və onların əksəriyyəti hazırda nəqliyyat sektorunun müxtəlif sahələrində mühüm vəzifələri ləyaqətlə icra edirlər.

XX əsrin 90-cı illərinin əvvəllərində sovet ittifaqı çökdükdən sonra  Azərbaycan polad magistralı da tənəzzülə uğramış, qonşu respublikalarla iqtisadi əlaqələr kəsilmiş, istər yük, istərsə də sərnişin daşınması minimum həddə enmiş, dəmir yolu infrastrukturu isə yararsız hala düşmüşdür. 

Yeri gəlmişkən, erməni təcavüzü nəticəsində Azərbaycan Dəmir Yolunun 240,4 kilometr  sahəsi işğal altında qalmış və təsərrüfatlara təxminən 45 milyon ABŞ dolları məbləğində ziyan dəymişdir.

Ulu öndər ikinci dəfə respublika rəhbərliyinə gələndə Azərbaycanda təhlükəli şərait hökm sürürdü. AXC-Müsavat cütlüyünün naşı və yarıtmaz fəaliyyəti nəticəsində ölkədə vəziyyət mürəkkəbləşmişdi. Erməni faşizmi tərəfindən torpaqlarımızın işğalı şiddətlənmişdi. Hüquq-mühafizə orqanlarının üzərlərinə düşən vəzifələri həyata keçirə bilməmələri ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların cövlan etməsinə şərait yaratmış, daxildə qeyri-sabit və təhlükəli vəziyyətin yaranmasına səbəb olmuşdu.

Belə bir böhranlı və ağır vəziyyətdə xalqın çıxış yolunu yenə də ulu öndər Heydər Əliyevin hakimiyyət sükanı arxasına keçməsində görməsi bu obyektiv reallıqlarla şərtlənirdi. Bəli, xalqımız yaranmış ekstremal şəraitdə ölkədə ictimai-siyasi gərginliyi aradan qaldırmaq, qanunsuz silahlı qüvvələri zərərsizləşdirmək, dövlət təsisatlarının normal fəaliyyətini təmin etmək bacarığına malik yeganə, alternativsiz liderin məhz Heydər Əliyev olduğunu yaxşı başa düşürdü. 

Beləliklə, ümummilli liderin 1993-cü il iyunun 9-da xalqın təkidli tələbinə səs verərək Bakıya qayıtması onun nə qədər qətiyyətli, prinsipial, heç bir riskdən çəkinməyən, xalqının taleyinə biganə qalmayan fenomen şəxsiyyət olduğunu bir daha təsdiqlədi. Respublikada hərc-mərcliyin, xaos və anarxiyanın hökm sürdüyü, qanunsuz silahlı dəstələrin geniş fəaliyyəti, düşmənlə mübarizə apara biləcək nizami ordunun olmadığı, ərazilərimizin işğalının gündən-günə genişləndiyi, bir çox xarici dövlətlərin Azərbaycanın süqutunu arzuladığı, beynəlxalq aləmdə ölkəmizin təkləndiyi, Azərbaycanın dövlət müstəqilliyinin real təhlükə qarşısında olduğu bir vaxtda hakimiyyətə gəlib hadisələrin gedişini qısa zamanda dəyişərək normal məcraya salmaq böyük siyasi bacarıq və müdriklik tələb edirdi. Ulu öndər müstəqilliyi kövrək, mövcudluğu real təhlükə qarşısında olan Azərbaycan dövlətini bir çox daxili və xarici qəsdlərdən qorudu. Bir sıra xarici dövlətlərin maliyyə dəstəyi, diktəsi, habelə planlaşdırması ilə hazırlanıb həyata keçirilən qəsdlərin qarşısı qətiyyətlə alındı.

Ümummilli lider bu dövrdə iqtisadiyyatın bütün sahələrinin, eləcə də respublikanın polad şəbəkəsinin dirçəldilməsini diqqət mərkəzində saxladı. Belə ki, qısa zaman ərzində dəmir yolunun idarəetmə strukturları dəyişdirildi, xidmət və şöbələrin bazasında müstəqil fəaliyyət göstərən istehsalat birlikləri, müəssisə və təşkilatlar yaradıldı. Respublikadaxili, eyni zamanda, qonşu ölkələrə sərnişin daşınmasının yüksək səviyyədə təşkili üçün yeni vaqonlar alındı, qonşu dövlətlərin dəmir yolları ilə iqtisadi əlaqələr bərpa edildi. Dəmir yolu vasitəsi ilə tranzit yüklərin daşınmasına da böyük əhəmiyyət verildi. 

Dahi şəxsiyyətin qayğısı ilə o zaman dəmir yolunda həyata vəsiqə alan yeniliklərin bir qisminə nəzər salaq. 1998-ci il yanvar ayının 4-də Dübəndi terminalının və stansiyasının açılış mərasimində dahi şəxsiyyət Heydər Əliyev iştirak etmiş, burada görülən işləri, dəmir yolunun fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Mən bu gün burada verilən məlumatları çox məmnuniyyət hissi ilə qəbul edirəm ki, Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi buraxılmış səhvləri artıq aradan qaldırır və öz işinin keyfiyyətini yaxşılaşdırır, yaxşı iqtisadi nəticələr əldə edir. Bu, çox vacib məsələdir. Çünki dəmir yolu Azərbaycan iqtisadiyyatının böyük bir hissəsidir. Azərbaycan dəmir yolunu on illərlə yaratmışıq, onun maddi texniki bazasını qurmuşuq. Təəssüflər olsun ki, 1990-cı ildən başlayaraq Azərbaycan Dövlət Dəmir Yolunda da çox şeylər dağılıbdır, itirilibdir. Yaxşı ki, indi bunların qarşısı alınır. Mən indi Azərbaycan Dövlət Dəmir Yolunda inkişafı hiss edirəm”.

Ulu öndər Heydər Əliyev 1998-ci il dekabrın 6-da çadır şəhərciklərində məskunlaşmış qaçqınlar və məcburi köçkünlər üçün  dəmiryolçular tərəfindən konteynerlərdən hazırlanmış evlərə, səhiyyə, məişət xidməti obyektlərinə, sinif otaqlarına baxmaq üçün Keşlə stansiyasına gələrək, dəmiryolçular qarşısında çıxış etmişdir: “Tərcümeyi-halımdan məlumdur ki, mənim atam da dəmiryolçu olubdur. Mən dəmiryolçu ailəsində böyümüşəm. Hələ uşaq ikən dəmir yollarının üzərində, nə qədər atamın yanında olmuşam. Hesab edirəm ki, dəmir yolunu həm bilirəm, həm də sevirəm. Dəmir yolu sahəsinin  Azərbaycanda dərin kökləri və böyük ənənələri var. Dəmiryolçular həmişə çox intizamlı olublar. Dəmir yolunun özü çox intizam tələb edir. Keçmişdə belə bir ənənə var idi ki, saatları həmişə dəmir yolunun saatları ilə düzəldirdilər. Çünki dəmir yolunun saatı həddindən artıq dəqiq işləyən saat idi...”.

Ulu öndərin siyasi xəttinin layiqli davamçısı, dövlətimizin başçısı möhtərəm İlham Əliyev 2003-cü ildə Prezident seçildikdən sonra dəmir yolu sistemində də ardıcıl tədbirlərin həyata keçirilməsinə başlanıldı. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycan Dəmir Yollarının beynəlxalq standartlara uyğun qurulması istiqamətində reallaşdırılan bir sıra mühüm islahatlar dəmir yolu infrastrukturunun inkişafını sürətləndirdi. Azərbaycan Dəmir Yolları işçilərinin ölkə iqtisadiyyatının inkişafında və sosial həyatında mühüm rolu nəzərə alınaraq respublika Prezidentinin  2005-ci il 7 oktyabr tarixli sərəncamı ilə hər il oktyabrın 13-ü dəmir yolu işçilərinin peşə bayramı günü kimi təsis edildi. Ölkədə dəmir yolunun hərtərəfli inkişafını, iqtisadiyyatın və əhalinin daşımalara olan tələbatının daha dolğun ödənilməsini, idarəetmənin təkmilləşdirilməsini və görülən işlərin səmərəliliyinin daha da artırılmasını təmin etmək məqsədi ilə cənab İlham Əliyevin 2009-cu il 20 iyul tarixli sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yaradıldı.

Bu gün inamla deyə bilərik ki, möhtərəm Prezidentimiz tərəfindən göstərilən xüsusi diqqət və qayğı dəmir yolu sektorunun dinamik inkişafı üçün böyük imkanlar yaradıb. Dövlətimizin başçısının respublikamıza rəhbərlik etdiyi ötən 15 il ərzində bu sahədə müsbət dəyişikliklər, mühüm uğurlar əldə olunub. Lokomotiv parkının yenilənməsi istiqamətində önəmli addımlar atılıb. Beynəlxalq maliyyə qurumları ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında əlaqələr daha da intensivləşib. Yük daşımalarına olan tələbatın ödənilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi, əlavə yüklərin cəlb olunması və daşınan yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılması üçün texniki vasitələrin yeniləşdirilməsi diqqət mərkəzində saxlanılıb. Bütün bunlar isə əlavə valyuta resurslarının Azərbaycan iqtisadiyyatına yönəldilməsi ilə nəticələnib.

Azərbaycan dəmir yolunun infrastrukturunun müasirləşdirilməsi, xidmətin səviyyəsinin daha da yüksəldilməsi istiqamətində bütün qüvvələr səfərbər edilib. Bakı Dəmir Yolu Vağzalında əsaslı yenidənqurma tədbirləri görülüb. Bakı–Sumqayıt sərnişin dəmir yolu yenidən istifadəyə verilib. İran ilə Azərbaycanın gələcək iqtisadi inkişafına böyük təkan verəcək Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin inşası müştərək şəkildə uğurla davam etdirilib. Bölgədə, Avrasiyada nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində ən önəmli layihənin – Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi hadisə kimi yaddaşlara yazılıb.

Azərbaycanın mühüm geosiyasi və geoiqtisadi üstünlüklərindən biri də onun Avropa ilə Asiyanı birləşdirən unikal nəqliyyat-kommunikasiya imkanlarına malik olmasından ibarətdir. Son dövrlərdə respublikamızın mühüm tranzit və logistika mərkəzinə çevrilməsini təmin edəcək nəhəng layihələr həyata keçirilir. Bu, Azərbaycanın beynəlxalq ticarətdə rolunun əhəmiyyətli dərəcədə artmasını və beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsini şərtləndirir. Bununla bağlı mühüm bir məqamı xüsusi vurğulamaq istərdim. Dövlətimizin başçısı cənab İlham Əliyevin ölkədə bütün sahələrdə ən yüksək inkişafın təmin olunmasına xüsusi diqqət yetirməsi dəmir yolu sistemində də uğurlu perspektivlərdən xəbər verir. QSC-nin rəhbərliyində həyata keçirilən dəyişiklik də bir daha göstərdi ki, Azərbaycan Prezidenti tərəfindən qarşıya qoyulan əsas vəzifələrdən biri dəmir yolu sistemini ölkə iqtisadiyyatının inkişafının lokomotivinə çevirməkdir.

Yuxarıda deyilənlərdən bir daha aydın olur ki, respublika iqtisadiyyatının inkişafında çox mühüm rol oynayan “Azərbaycan Dəmir Yolları” QSC  hazırda beynəlxalq və regional layihələrdə iştirakını gerçəkləşdirməklə öz infrastrukturunu qoruyub saxlayır, əhalinin, dövlət strukturlarının daşımalara olan tələbatının ödənilməsi istiqamətində fəaliyyətini uğurla davam etdirir. Ümumiyyətlə, regiona sabitlik, əmin-amanlıq və iqtisadi səmərə gətirə biləcək hər hansı layihənin reallaşmasında Azərbaycanın iştirakının istənilən prizmadan yanaşanda çox gərəkli, vacib olduğu nəzərə çarpır.  

Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixində özünəməxsus yer tutan nadir tarixi şəxsiyyətlərdəndir. Onun zəngin irsi hələ uzun müddət siyasətşünasların, filosofların, tarixçi və araşdırmaçıların tədqiqat mənbəyi olacaq.

Ulu öndərin yaratdığı dövlətçilik məktəbi, bizə ərməğan etdiyi müstəqil və demokratik Azərbaycan möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasəti, gerçəkləşdirdiyi dəyərli islahatları ilə bu gün dinamik inkişaf edir, yeni-yeni nailiyyətlər qazanır.

 Xeyrulla HÜMBƏTOV,
Yeni Azərbaycan Partiyasının “Azərbaycan Dəmir Yolları” QSC təşkilatının sədri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında