Heydər Əliyev və Azərbaycanda milli iqtisadi inkişaf strategiyasının reallaşdırılması

Keçmiş SSRİ dövründə Azərbaycana rəhbərlik edən şəxslərin fəaliyyətinə qısa nəzər salanda görürük ki, onların əsas vəzifəsi imperiyanın göstərişlərini yerinə yetirmək olub. Amma xalqın milli kimliyi   qorunmayıb, mədəniyyət və incəsənətə, elmə, təhsilə laqeyd münasibət bəslənilib, milli dil və tarixlə bağlı məsələlər arxa plana keçirilib. Respublikada  hakimiyyətlə xalq arasında birliyin möhkəmlənməsinə diqqət yetirilməyib. Kadrların seçilib yerləşdirilməsində yerli ziyalılara bir o qədər də üstünlük verilməyib. Hakimiyyət daxilində intriqalar hökm sürüb. Sosial-iqtisadi vəziyyət ildən-ilə pisləşib. 

Lakin ötən əsrin 60-cı illərinin sonlarından başlayaraq, xalqın qarşılaşdığı problemlərin həllində və ölkənin inkişafında keyfiyyətcə yeni mərhələ başlayıb, dövlət idarəçiliyində, təsərrüfatın bütün sahələrində yeni iş metodunun əsası qoyulub. Buna səbəb isə 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyevin respublika rəhbəri seçilməsi olub.  

Azərbaycanda həmin vaxtdan etibarən elm, təhsil, səhiyyə, mədəniyyət və incəsənət, kənd təsərrüfatı, sənaye  sahələri sürətlə inkişaf etdirilib. Milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına mühüm önəm verilib. Məsələn, xalqımızın qədim tarixə malik Novruz bayramı Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə respublika miqyasında böyük təntənə ilə qeyd edilib. Bununla bərabər, ana dilimizin yaşadılması, Konstitusiyada dövlət dili kimi təsbit olunması, mədəni-maarif, səhiyyə sahələrinin əsaslı şəkildə qurulması, respublikanın demoqrafik inkişafı, milli hərbçi kadrların hazırlanması və hərbi vətənpərvərlik tərbiyəsinin inkişafı ilə bağlı əhəmiyyətli tədbirlər həyata keçirilib. 

Sözügedən dövr respublikada yüzlərlə yeni müəssisə işə salınıb, neft-maşınqayırma sənayesinin yeni sahələri yaradılıb, dəmiryol nəqliyyatı yenidən qurulub, kimya, yeyinti sənayesi, kənd təsərrüfatının ayrı-ayrı sahələri sürətlə inkişaf etməyə başlayıb.   1975-ci ildə respublikada ümumi neft və qaz hasilatının həcmi 27,1 milyon tona çatdırılıb. Beləliklə, Azərbaycan 1941-ci ildəki ən yüksək neft və qaz hasilatı səviyyəsini ötüb keçib. 

Azərbaycanın şəhər və qəsəbələrinin, kəndlərinin siması sürətlə dəyişməyə, insanların rifah halı  yaxşılaşmağa başlayıb. Qısa bir zaman ərzində  Azərbaycanın keçmiş sovetlər birliyində önə çıxması ulu öndər Heydər Əliyevin ölkənin gələcəyinə ünvanlanan strateji planlarının həyata keçirilməsinə əlverişli şərait yaradıb. Artıq müstəqillik illərində bu dövrü xatırlayarkən ümummilli lider deyirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun, hər şeydən əvvəl iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara demirdim nə üçün bu lazımdır... Mən istəyirdim mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”.

Təəssüf ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini və Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin siyasi bürosunun üzvü Heydər Əliyev hakimiyyətdən uzaqlaşdırılandan qısa bir müddət sonra yenidən Azərbaycanın ağır dövrü başlanır, ölkənin müstəqilliyə keçidi müharibə, daxili hakimiyyət çəkişmələri, vətəndaş qarşıdurması ilə müşaiyət olunur və hakimiyyətə qayıdışının elə ilk günündə dahi öndər bu acınacaqlı durumu bəyanatında bütün təfərrüatı ilə xalqa bəyan edir: “İndi Azərbaycanda vəziyyət belədir: iqtisadiyyat büsbütün dağılmışdır. O ki, qaldı ictimai-siyasi vəziyyətə, bundan pisini ağıla gətirmək olmaz . Suveren dövlətin ərazisinin 17 faizi işğal olunmuşdur. Yarım milyondan çox qaçqın var. Sənaye və kənd təsərrüfatı istehsalı sıfır həddindədir...”.

O dövrdə iqtisadi vəziyyətin gərgin olduğunu statistik rəqəmlər də aydın göstərirdi: əgər 1989-91-ci illərdə ümumi daxili məhsul istehsalı ildə orta hesabla 6,7 faiz azalmışdısa, müstəqilliyin ilk üç ili ərzində bu geriləmənin sürəti 3,8 dəfə artmışdı. 1990-cı illə müqayisədə 1993-cü ildə sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı 2 dəfə azalmışdı.

Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdanda ona qoyub getdiyi çiçəklənən bir diyardan iqtisadiyyatı dağılan, Ermənistanla Dağlıq Qarabağ savaşında məğlub duruma düşən, minlərlə qaçqının çöllərə səpələndiyi, anarxiya, xaos və separatizmin meydan suladığı, vətəndaş müharibəsi həddində olan viranə bir məmləkət miras qalmışdı. Lakin ümummilli liderin həyata keçirdiyi düşünülmüş və hədəfə ünvanlanmış tədbirləri az bir müddətdə öz bəhrəsini verdi. 1994-cü il sentyabrın 20-də təzyiqlərə baxmayaraq, “Əsrin müqaviləsi” imzalandı. Şübhəsiz, bu müqavilənin çox böyük iqtisadi dəyəri ilə yanaşı, ölçüyə gəlməyən siyasi əhəmiyyəti də var idi. Yaxın vaxtlara qədər dünyanın tanımadığı, iflas və məhv olmaq təhlükəsi qarşısında olan gənc, müstəqil Azərbaycan qüdrətli dövlətlərin mühüm iqtisadi tərəfdaşına çevrilirdi.

Xatırladım ki, “Əsrin müqaviləsi” imzalanandan sonra əlverişli və etibarlı investisiya mühitinin formalaşdırılması üçün güclü qanunvericilik bazası yaradılmağa başlandı. Ölkə iqtisadiyyatında aparılan islahatlar, qanunvericiliyin, vergi və bank sisteminin sürətlə dəyişən iqtisadi şəraitə uyğunlaşdırılması, yeni iqtisadi münasibətlərə cavab verməsi 1994-cü ildə artıq iqtisadi tənəzzülün qarşısını almağa, sabitliyin əldə edilməsinə gətirib çıxardı. Bunun başlıca amili isə ölkəyə xarici investisiya axınının başlanması idi. Belə ki, əgər 1993-cü ildə Azərbaycan iqtisadiyyatına heç bir xarici kapital yönəldilməmişdisə, artıq 1994- 2000-ci illərdə ölkəyə 5,5 milyard birbaşa xarici investisiya daxil olmuşdu ki, bunun da 3,3 milyard dolları neft sektoruna, 2,2 milyard dolları isə sənayenin digər sahələrindəki infrastrukturun inkişafına istiqamətlənmişdi. Bu investisiya axını artdıqca Azərbaycan sənayesi, tikinti, nəqliyyat-kommunikasiya və digər xidmət sahələri dirçəlməyə, 1997-ci ildən isə ümumi daxili məhsul istehsalı sürətlə artmağa başladı.

Xarici ticarətin liberallaşdırılması və idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi Azərbaycanın xarici ticarət əlaqələrinin inkişafının sürətləndirilməsinə geniş imkanlar açdı. “Heç bir ölkə, hətta ən böyük bir ölkə belə, yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz”, -deyən və ölkədə xarici biznes adamları üçün “açıq qapılar” siyasəti elan edən ulu öndər Heydər Əliyev xarici ölkələrə səfərləri zamanı əcnəbi iş adamları, şirkət rəhbərləri ilə görüşür, gənc müstəqil dövlətin iqtisadi potensialı haqqında ətraflı danışır, onları Azərbaycana dəvət edir və yüksək biznes mühitinə təminat verirdi. Bunun nəticəsi tez bir zamanda özünü göstərdi. Artıq 2000-ci ildə respublika 123 ölkə ilə ticarət əlaqəsi qurmuş, xarici ticarət dövriyyəsinin həcmi 3,9 milyard manata çatmışdı ki, bu da 1994-cü ildə olduğundan 2,5 dəfə çox idi.

Ümummilli liderin müstəsna xidmətlərindən biri də Azərbaycanda yaxın illər ərzində sosial -iqtisadi tərəqqini təmin edəcək sahibkarlıq mexanizminin əsasını qoyması, onu bütün ölkə boyu işlək mexanizmə çevirmək üçün qanunvericilik bazasını yaratması və respublikada  yeni yaranmağa başlayan sahibkarlar sinfinin formalaşmasında şəxsən iştirak etməsi olub. Bu işdə dövlət başçısının qətiyyəti sayəsində ictimai və dövlət mülkiyyətinin özəlləşdirilməsinin yeni dövlət proqramının hazırlanıb çox sürətlə həyata keçirilməsinə start verməsi xüsusilə mühüm rol oynayıb.

Dahi şəxsiyyət 1995-ci il iyulun 30-da “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında Dövlət Proqramı”nın təsdiq olunması üçün Milli Məclisə ünvanladığı müraciət məktubunda çox böyük uzaqgörənliklə bu tədbirin mühüm əhəmiyyətini göstərərək yazırdı: “İqtisadi böhrandan əsas çıxış yolu dövlət mülkiyyətinin özəlləşdirilməsindədir, ona görə ki, dövlətin iqtisadi sahədə yeganə inhisarçı olduğu şəraitdə heç bir islahatın aparılması mümkün deyildir”.

Bununla paralel olaraq ulu öndərimiz böyük cəsarətlə aqrar islahatlara start verdi. Qısa vaxtda “Aqrar islahatın əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və “Torpaq islahatı haqqında” qanunlar işlənib hazırlandı və qəbul olundu. Bu artıq fərdi təsərrüfatların, yəni şəxsi mülkiyyətə söykənən sahibkarlığın əsasını yaratmağa geniş imkan açdı.

Ümummilli liderimizin milli iqtisadi inkişaf strategiyası özündən sonra onun layiqli varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilib. Dövlətimizin başçısının rəhbərliyi ilə son 15 ildə sosial-iqtisadi sahələrdə mühüm uğurlar əldə edilib. Həmin nailiyyətlərin bir qismini xatırlatmaq istərdim. Belə ki, Azərbaycanın təşəbbüskarı olduğu və bütün dünyada geniş əks-səda doğuran Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, “Cənub” qaz dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji əhəmiyyətli tarixi layihələrin icrası gerçəkləşdirilib. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi, “Şahdəniz” qaz yatağının mərhələlərlə istismarı Azərbaycanın dünyanın neft-qaz bazarına daxil olmasına zəmin yaradıb. Ötən il “Əsrin müqaviləsi” üzrə xarici tərəfdaşlarla birlikdə aparılan danışıqlar yekunlaşıb və onun müddəti Azərbaycan üçün əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılıb. Bakı şəhərinin və Abşeron yarımadasının su təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdıran Oğuz-Qəbələ-Bakı su kəməri tikilib istifadəyə verilib, 9 min kilometrdən çox su və 3 min 500 kilometrdən artıq kanalizasiya xətləri çəkilib, 230 su anbarı tikilib və ya yenidən qurulub. “ASAN xidmət” Azərbaycan brendi kimi dünyada nüfuz qazanıb.

Sözügedən dövrdə müasir tələblərə cavab verən nəqliyyat infrastrukturunun yaradılması əsas hədəf kimi qarşıya qoyulan mühüm vəzifələrdən biri olub. Bu istiqamətdə görülən irihəcmli işlər təbii ki, müsbət nəticələrini verib və nəqliyyat sektoru ölkənin ümumi inkişafında mühüm yer tutub. Bunu statistik göstəricilər də təsdiqləyir. Belə ki, 2004-2017-ci illər ərzində respublikada ümumi uzunluğu 13,3 min kilometr olan avtomobil yolları tikilib, yenidən qurulub və təmir edilib, 297 körpü, 93 yol ötürücüsü və tunel, 84 yeraltı və yerüstü piyada keçidi istifadəyə verilib. Beş milyondan çox əhalinin yaşadığı 2 mindən artıq yaşayış məntəqəsini birləşdirən yollar ölkə vətəndaşlarının gündəlik həyatına rahatlıq gətirməklə bərabər, həm də bölgələrdə kənd təsərrüfatının, sahibkarlığın və turizmin inkişafına ciddi təkan verib.

Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması, İran İslam Respublikasının sərhədinədək dəmir yolunun və Astaraçay üzərindəki körpünün tikintisinin başa çatdırılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin istifadəyə verilməsi beynəlxalq tranzit ölkə statusu qazanan respublikamızı “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin qovşağına çevirib.

Bu dövrdə mülki hava nəqliyyatının maddi-texniki bazası ən müasir hava gəmiləri hesabına əsaslı şəkildə yeniləşdirilib, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyəti yüksəldilib. Əgər 2003-cü ildə Azərbaycanda yalnız 1 beynəlxalq  statusa malik hava limanı var idisə, hazırda onların sayı 6-ya çatdırılıb. 

Bakı şəhərində əhalinin böyük əksəriyyətinin gündəlik istifadə etdiyi nəqliyyat növü kimi metronun fəaliyyəti daim diqqət mərkəzində olub. Bu xidmət sahəsinə davamlı olaraq ayrılmış dövlət vəsaitləri hesabına “Bakı Metropoliteni”nin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib, 5 yeni metro stansiyası istifadəyə verilib, “Koroğlu”, “İçərişəhər” və “28 May” stansiyalarında əsaslı təmir işləri aparılıb, 130-dan artıq təzə metro vaqonları alınıb. Nəticədə “Bakı Metropoliteni”nin xidmətindən gün ərzində 630 min nəfərə yaxın sərnişin istifadə edir.

Son 14 ildə əhalinin təbii qazla təmin edilməsi kimi olduqca vacib sosial problemin həlli ilə bağlı görülən davamlı tədbirlər ölkə üzrə qazlaşdırmanın səviyyəsini 51 faizdən 93 faizə yüksəltməyə imkan verib.

Enerji təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın və əhalinin elektrik enerjisi ilə dayanıqlı təchizatı dövlət siyasətinin ən prioritet istiqamətlərindən olub. 2004-2017-ci illər ərzində ölkədə ümumi gücü 2400  MVt-dan artıq 30 elektrik stansiyası tikilib istismara verilib, 5 min 200-dən çox yarımstansiya inşa edilib və ya modernləşdirilərək yenidən qurulub, 50 min kilometrə yaxın elektrik verilişi xətləri çəkilib.

Ardıcıl və sistemli surətdə həyata keçirilən şaxələndirmə siyasəti, sahibkarlıq mühitinin yaxşılaşdırılması üzrə görülən tədbirlər ölkə sənayesinin yeni inkişaf mərhələsinə daxil olmasına zəmin yaradıb. Sənayenin inkişafına dair dövlət proqramı təsdiq edilib və icrasına başlanılıb. Ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji  kimi sahələr yaradılıb. Qeyri-neft sənayesinin inkişaf etdirilməsində müasir istehsal infrastrukturuna malik sənaye parklarının və sənaye məhəllələrinin yaradılmasına üstünlük verilib. Bu cür sənaye kompleksləri ölkənin ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması baxımından xüsusilə əhəmiyyətlidir. Bu gün uğurla fəaliyyət göstərən Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı və Qaradağ Sənaye parkları, Neftçala Sənaye Məhəlləsi məhz belə müəssisələrdəndir. Son illərdə  Bakı gəmiqayırma, Gədəbəy və Daşkəsən qızıl-filiz, Gəncə avtomobil zavodları, Gəncə alüminium kompleksi  və digər müasir tipli müəssisələr istifadəyə verilib.

Dövlət başçısının təşəbbüsü ilə xalçaçılıq sahəsi yeni intibah dövrünə daxil olub, “Azərxalça” Səhmdar Cəmiyyəti tərəfindən 2017-ci ildə respublikanın 10 rayonunda xalça sexləri açılıb. Növbəti illərdə daha 10 belə müəssisənin yaradılması nəzərdə tutulur.

Ümumilikdə, son 15 ildə müasir tələblərə cavab verən yeni müəssisələrin istifadəyə verilərək, əlavə istehsal güclərinin yaradılması və həyata keçirilən digər kompleks tədbirlər sənayenin qeyri-neft sektorunda istehsalın həcminin 2,2 dəfə artmasına imkan verib.

Ölkənin ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli qida məhsulları ilə təmin edilməsi iqtisadi siyasətin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Qarşıya qoyulan vəzifələrin vacibliyini və miqyasını nəzərə alaraq, ərzaq təhlükəsizliyi üzrə dövlət proqramı qəbul edilib və icrasına başlanılıb.

Proqramda nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi məqsədilə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və çeşidinin genişləndirilməsinə müxtəlif dövlət dəstəyi mexanizmlərinin tətbiqi, o cümlədən güzəştli kreditlərin və subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnologiyalardan istifadə olunması ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilib.

Ölkədə 32 iri fermer təsərrüfatı yaradılıb və bu məqsədə 70,5 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Hazırda 43 aqroparkın, o cümlədən 14 müasir heyvandarlıq kompleksinin, 24 iri taxılçılıq təsərrüfatının yaradılması istiqamətində intensiv işlər aparılır. 2018-ci ilin əvvəlinə ölkədə 2800-dən artıq istixana kompleksi fəaliyyət göstərir və təkcə keçən il burada 190 min tondan çox məhsul tədarük edilib.

Azərbaycanda pambıqçılığın, baramaçılığın, tütünçülüyün inkişafına dair dövlət proqramları təsdiq edilib, fındıqçılığın inkişafı məqsədilə yeni bağlar salınıb.

Son 15 ildə görülən bütün bu işlər öz bəhrəsini verib, taxıl, pambıq, tərəvəz, üzüm, diri çəkidə ət, süd, yumurta, barama və digər kənd təsərrüfatı məhsullarının istehsal həcmi əhəmiyyətli dərəcədə artıb.

Bu illərdə aqrar sahədə istehsalın stimullaşdırılmasına dövlət büdcəsindən ümumilikdə 1,3 milyard manat məbləğində vəsait yönəldilib.

Kənd təsərrüfatı istehsalçılarının suvarma suyu ilə təminatı, suvarılan torpaqların əhatəsinin genişləndirilməsi həmişə diqqət mərkəzində olub. 2004-2017-ci illərdə ümumi sututumu 460 milyon kubmetrə yaxın olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilib istifadəyə verilib. Sututumu 15,5 milyon kubmetr olan 3 su anbarı təmir-bərpa edilib, 4 min kilometr suvarma kanallarının və 2,4 min kilometr kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası işləri aparılıb, 1960 subartezian quyusu qazılıb. Ümumilikdə, bu məqsədlərə müxtəlif mənbələrdən 4,3 milyard manat məbləğində vəsait cəlb edilib.

Görülmüş irimiqyaslı işlər nəticəsində 360 min hektar sahədə torpaqların su təminatı və 256 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 127 min hektar ərazidə yeni torpaq sahələrinə suvarma suyunun verilməsi təmin olunub.

Azərbaycanda 2004-cü ildən başlayaraq həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bölgələrimizdə geniş quruculuq və abadlıq işləri görülüb, çoxsaylı infrastruktur layihələri həyata keçirilib, müxtəlif profilli istehsal müəssisələri, sosial obyektlər fəaliyyətə başlayıb və minlərlə yeni iş yeri açılıb. Bütün bunlar hər bir rayonun, kəndin və qəsəbənin simasını dəyişməklə bərabər, əhalinin rifah halının yüksəldilməsinə, sosial problemlərinin həllinə rəvac verib. Göstərilən bu irimiqyaslı işlərin icrasına bütün mənbələr hesabına 67,5 milyard manat məbləğində maliyyə vəsaiti yönəldilib.

Bu illərdə ölkəmizin müdafiə qabiliyyətinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edən Müdafiə Sənayesi Kompleksi yaradılıb və müdafiə sahəsinə ayrılan vəsaitin məbləği 13,5 dəfə artırılıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200-dən çox məhsulun, o cümlədən zirehli texnikanın, pilotsuz uçuş aparatlarının, müxtəlif növ atıcı silahların və digər silah-sursatın istehsalı təşkil olunub. Bu gün Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullar artıq xarici ölkələrə də ixrac edilir.

Yeri gəlmişkən, uzun illər sahibkarlıq sektorunda fəaliyyət göstərdiyimə görə, bu sahənin inkişafı ilə bağlı bir qədər ətraflı söhbət açmağı lazim bilirəm. Xatırladım ki, son 15 ildə respublikamızda özəl bölmənin tərəqqisi ilə bağlı bir sıra mühüm addımlar atılıb, dövlətin güzəştli kreditləri hesabına sahibkarlığın keyfiyyətcə yeni mərhələyə daxil olması üçün müvafiq layihələr reallaşdırılıb. Sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən gələn gəlirlərin sürətlə artması bazar iqtisadiyyatı sisteminin formalaşdırılması, habelə özəl mülkiyyətin əsaslarının möhkəmləndirilməsi fonunda baş verib ki, buna da səbəb qanunveriçilik bazasının təkmilləşdirilməsi, müxtəlif dövlət proqramları həyata keçirilərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dövlət qayğısının artırılması,  iqtisadiyyatın idarə edilməsinə müasir yanaşmanın ortaya qoyulması olub. Gəlirlərin artımının inflyasiyanı ciddi faizlərlə üstələməsi həm son istehlaka,  həm də yığıma yönəldilən vəsaitlərin səmərəli artımına gətirib çıxarıb.  

Biznes mühitinin dinamik inkişafı ilə bağlı onu da bildirim ki, ölkədə təkcə yerli sərmayədarlar üçün deyil, həm də xarici investisiyalara əlverişli vergi mühiti yaradılıb. Biznesə başlama prosedurları əsaslı şəkildə sadələşdirilib, vergi qanunvericiliyində çoxlu güzəştlər müəyyənləşdirilib, sahibkarlığın və ixracın təşviqinə yönələn bir sıra tədbirlər gerçəkləşdirilib.

Özəl sektor, kiçik və orta sahibkarlıq, sadəcə olaraq, biznes mühitini yaxşılaşdırmaq, yeni iş yerləri yaratmaq üçün deyildir. Sahibkarlığın inkişafı, əslində, çox böyük islahat deməkdir. Bu islahat dövlət başçısının fərman və sərəncamlarına əsasən respublikamızda uğurla aparılır. “Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” fərmana əsasən, son illərdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması məqsədilə prosedurlar sadələşdirilib, elektron xidmətlərin əhatə dairəsi genişləndirilib, əsassız yoxlamaların qarşısı alınıb.    

Ölkədə sahibkarlığın inkişafı istiqamətində hazırda sistemli tədbirlər davam etdirilir, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla daha mütərəqqi normativ-hüquqi baza formalaşdırılır. Məsələn, son vaxtlarda sahibkarlıq subyektlərinin elektron qeydiyyatı, xarici ticarət əməliyyatlarının aparılması, daşınmaz əmlaka hüquqların qeydiyyatı ilə əlaqədar keçirilən islahatların davamı olaraq, tikintiyə icazələrin verilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, investorların maraqlarının qorunması, habelə müflisləşmə üzrə qanunvericiliyə zəruri dəyişikliklər edilməsi bunun bariz ifadəsidir.

Burada bir cəhəti də xüsusilə vurğulamaq istərdim. Ölkə Prezidentinin müvafiq fərmanı ilə təsdiqlənən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda  onun tətbiq dairəsi, yoxlamaların məqsəd və prinsipləri, yoxlayıcı orqanların səlahiyyətləri ilə yanaşı, sahibkarlara məsləhətlərin verilməsi kimi cox əhəmiyyətli müddəalar nəzərdə tutulub. Hazırda ölkədə tətbiq edilən bu qanun vahid məlumat reyestrinin olmasına, sahibkarların işə məsuliyyətlə yanaşmalarına və nəticədə istehlakcıların hüquqlarının qorunmasına yönəldilib.  

Bu gün ölkədə biznesə başlama ilə bağlı prosedurlar 15-dən 2-yə, sərf olunan vaxt isə 30 gündən 2 günə endirilib. Fərdi sahibkarlar 2011-ci ildən, yerli investisiyalı müəssisələr isə 2012-ci ildən etibarən elektron qaydada qeydiyyata alınırlar. 

Biznesə başlanılması prosedurunun sadələşdirilməsi ilə bağlı digər faktlara da nəzər salaq. Hazırda ölkəmizin Vergi Məcəlləsində 104 azadolma və 25 güzəşt növü olmaqla cəmi 129 güzəşt və azadolma mövcuddur. Bununla yanaşı, Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında inzibatçılıq qaydaları sadələşdirilib. Eyni zamanda, elektron müraciət olunması, bütün gəlir növləri üzrə güzəştlərin əvvəlcədən tətbiq edilməsi, formanın təsdiqinin gəlir ödəyən şəxsə birbaşa onlayn göndərilməsi imkanı yaradılıb.

Sahibkarlara maliyyə yardımı da diqqət mərkəzində saxlanılıb. Son 15 ildə layihələrinin ümumi dəyəri 4 milyard manatdan çox olan 34 minə yaxın sahibkara 2 milyard manatdan çox güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 153 mindən çox yeni iş yerinin açılması imkanı yaradıb. Ayrılmış  güzəştli kreditlərin 1 milyard manatı büdcə, 1 milyard manatı geri qaytarılan vəsaitlərdir.

Hazırda investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, sərmayə qoyuluşunun stimullaşdırılması məqsədilə sahibkarlara investisiya təşviqi sənədləri verilir. Rəsmi məlumata görə, indiyədək 190 sahibkarlıq subyektinə 205 investisiya təşviqi sənədi təqdim edilib. mişdir. Bunun nəticəsində yerli istehsala 1,7 milyard manat investisiya yatırılacağı, 13 mindən çox yeni iş yerinin açılacağı gözlənilir. Qeyd edək ki, investisiya təşviqi sənədi Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanununda müəyyən edilən güzəştləri əldə etməyə əsas verən sənəddir. Bu güzəştlərə 7 il müddətinə mənfəət və ya gəlir vergisinin 50 faizindən, torpaq və əmlak vergisindən, layihə çərçivəsində texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə gömrük rüsumlarından və ƏDV-dən tam azadolma aiddir. Eyni zamanda, bu investisiya təşviqi sənədləri əsasında texnikanın, texnoloji avadanlıq və qurğuların güzəştli şərtlərlə idxalı üçün 153 sahibkarlıq subyektinə 931 təsdiqedici sənəd təqdim olunub. Təsdiqedici sənədlər əsasında sahibkarlıq subyektləri tərəfindən əldə olunan ümumi güzəştin dəyəri 40 milyon ABŞ dollarından çoxdur.

Görülmüş işlər sayəsində Azərbaycanda güclü özəl sektor formalaşıb, müasir texnologiyalara əsaslanan minlərlə müəssisə açılıb, özəl bölmənin payı ÜDM-də 80 faizi, məşğulluqda 75 faizi, dövlət qeydiyyatına alınan sahibkarlıq subyektlərinin sayı isə 880 mini ötüb. 

Əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, sahibkarlığın inkişafı istiqamətində aparılan islahatlar beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapıb. Belə ki, ölkələrin biznes mühitini qiymətləndirən və ən mühüm hesabatlardan olan “Doing Business 2017” hesabatında Azərbaycan 190 ölkə arasında 65-ci pillədə qərarlaşıb, dünyada 3 və daha çox islahat aparan 29 ölkədən biri olub. 

Sonda vurğulamaq istərdim ki, son illər baş verən qlobal iqtisadi böhranların təsirinin ölkəmizdən də yan keçmədiyi bir şəraitdə Azərbaycanda dayanıqlı sosial-iqtisadi inkişafının təmin olunması ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanın möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən dövrün tələbinə uyğunlaşdırılaraq uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Bu, eyni zamanda, dövlət idarəçiliyinin etibarlı əllərdə olduğunun bariz ifadəsidir.

 

Elşad ABBASOV,
“Embawood” şirkətinin
Müşahidə Şurasının sədri 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında