Prezident İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf strategiyası, həmçinin sahibkarlığın inkişafına xüsusi önəm verilməsi nəticəsində ölkəmizdə digər sahələrlə yanaşı, ət məhsulları istehsalı sektorunun hərtərəfli dəstəklənməsi və daha da genişləndirilməsi üçün əlverişli mühit yaradılıb. Bunun məntiqi yekunudur ki, son illər ərzində Azərbaycanda halal, təmiz və ekoloji sağlam ət məhsulları istehsal edilir. Ölkəmizin ət və ət məhsulları istehsalı sektorunda aparıcı mövqeyə malik olan şirkətlərdən biri də “Hakan foods”dur.
Qeyd edək ki, “Hakan foods” MMC müstəqil təsərrüfat subyekti olaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, digər qanunvericilik aktlarına və nizamnaməyə müvafiq olaraq, 2001-ci ildən “Kral” markası altında ekoloji təmiz kolbasa, sosiska, servelat, vetçina, mal delikatesi və s. ət məhsulları istehsalı edir.
Bu günlərdə istehsal müəssisəsində media-tur təşkil edən şirkət prezidenti Yavuz Həsənov jurnalistlərlə görüşündə bildirib ki, “Hakan foods” MMC təmizlik və halallıq ünvanıdır. Məhz, 2001-ci ildən “Kral” markası altında istehsala başlayan şirkətin prioriteti insanları halal və ekoloji təmiz ət məhsulları ilə təmin etməkdir.
Y.Həsənov jurnalistlərə son illərin məhsul və istehsalat yenilikləri barədə məlumat verdi. Dedi ki, “Hakan foods” MMC 1,2 hektar ərazidə yerləşir: “Şirkətin kompleksinə ən müasir avadanlıqlarla təhciz edilmiş laboratoriya, ət məhsulları istehsalı sahələri, soyuducu anbarlar, daşıma sistemləri daxildir. Ət məhsullarının istehsalı üçün idxal olunan qida məhsullarının bir qismi soyuducu anbarlarda saxlanılır. Şirkətin gündəlik istehsal gücü 20 tona qədər olan istehsal sahəsi var. İstehsal olunmuş məhsullar tamamilə halal olduğundan İslam ölkələrinə ixrac edilirdi. Lakin son illərdə İraqda, Suriyada baş verən müharibələr səbəbindən məhsul ixracı böyük risklərlə qarşılaşmaqdadır. Bu gün, eyni zamanda, “Kral” markası ilə istehsal olunmuş ət məhsullarının dünyanın digər ökələrinə də ixrac olunması prosesi üzərində işlər gedir. Əlbəttə, şirkətin əsas məqsədlərindən biri “Made in Azerbaijan” brendi altında dünya bazarına çıxmaqdır. Onu da diqqətə çatdıraq ki, “Kral” ət məhsulları bu günə qədər onlarca beynəlxalq və yerli sərgilərdə iştirak edib, məhsulların keyfiyyətinə görə dəfələrlə diplom, medal və sertifikatlarla təltif edilib”.
“Hakan foods” MMC təxminən 42 adda kolbasa və sosiska məhsulları istehsalı üçün “Halal qida” dövlət standartı üzrə uyğunluq və gigiyenik sertifikatlarına layiq görülüb. İllik istehsal gücü 2500 tona çatan ət emalı sahəsində müxtəlif çeşidlərdə məhsul istehsal edilir. Maraqlı bir fakt da odur ki, “Kral” markası altında istehsal olunan ət məhsullarına Azərbaycanın qədim və tarixi diyarlarının, şəhərlərinin adları verilib. “Zəngəzur”, “Gümrü”, “Dərələyəz”, “Vedibasar”, “Göyçə” və başqa adlarda istehsal olunan ət məhsulları yüksək keyfiyyəti ilə yanaşı, eyni zamanda, tarixi torpaqlarımıza bağlılığımızı da təlqin edir.
Y.Həsənov bildirdi ki, ət məhsullarının istehsalı və saxlanma şəraiti ən müasir standartlara uyğundur. “Kral” məhsulları tam halaldır və bu ət məhsullarının istehsalında donuz ətindən və mənşəyi bəlli olmayan ətlərdən qəti şəkildə istifadə edilmir: “İctimaiyyət də bilsin ki, şirkətin Beyləqan rayonunda fermer təsərrüfatı var. İstehsal üçün ət əsasən oradan tədarük edilir”.
Yüksək keyfiyyətə təminat verən amillərdən biri də məhsulların tərkibinə nəzarətdir. Şirkətin ən müasir avadanlıqla təchiz olunmuş mərkəzi laboratoriyası var. Laboratoriyada ayrıca həkim – mikrobioloq, eləcə də fiziki-kimyəvi müayinə otaqları mövcuddur. Hətta, şirkətin laboratoriyası dövlət nəzarətindədir və xüsusi sertifikat alıb. Yəni, bu laboratoriyada istənilən məhsulun tərkibi və keyfiyyəti yoxlanıla bilər. Bununla yanaşı, dini adət-ənələrimizə uyğun olaraq kəsilmiş heyvanlar baytarlar tərəfindən yoxlanılır, möhür vurulur, sənədləşdirmə işləri aparılır və sənədlərlə birlikdə ət şirkətə daxil olur. Kolbasanın tərkibinə vurulan qatqıların bir hissəsi isə idxal olunur.
Şirkət rəhbəri diqqətə çatdırdı ki, mütəmadi olaraq ictimai yoxlamalar da təşkil edilir, ictimaiyyət nümayəndələri, qida sənayesi üzrə təhsil alan tələbələr bütün istehsalat prosesinn canlı şahidi olurlar: “Şirkətin məqsədi keyfiyyətli məhsullar istehsal edib insanlara çatdırmaqdır. Hazırda “Kral” markası altında istehsal olunan ət məhsulları ilə əlaqədar uduş kampaniyasına da start verilib. Bununla “Hakan foods” şirkəti insanlara sağlam, ekoloji təmiz və halal ət məhsullarını təqdim etməklə, onların qiymətli hədiyyələr əldə etməsinə də şərait yaradır”.
Media-tur zamanı bütün istehsal prosesi ilə, o cümlədən məhsulun ilkin hazırlanması, kolbasa və sosislərin istehsalı, bir sözlə, bütün işlərlə yaxından tanış olan jurnalistlər “Kral” markası ilə istehsal olunan məhsullardan da daddılar. Qənaət bu oldu ki, “Kral” ət məhsulları tamamilə müasir texnika və texnologiya əsasında, təmiz şəraitdə və halal şəkildə istehsal olunur. İstehsalın əksər hissəsi isə avtomatlaşdırılıb və əsasən alman texnologiyasından istifadə edilir.
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.