Novruz yarmarkaları: yüksək xidmət, münasib qiymət

Hər kəs istəyir ki, Novruz bayramı günlərində süfrəsində ləziz yeməklər, dadlı çərəzlər, bol şirniyyat olsun. Əlvan şamlarla bəzədilən yaşıl səmənili masaların çeşidli təamları göz-könül sevindirsin. Cənub bölgəsində bu bayrama daha yüksək önəm verilir, öncədən görülən hazırlıqlar ilin ruzulu-bərəkətli olması, Günəşin el-obanı öz hərarəti ilə daim isitməsi arzusuna köklənir.
Prezident İlham Əliyevin bayram ərəfəsində bəzi ərzaq məhsullarının qiymətlərinin süni surətdə artırılmasının qarşısını almaqla bağlı ciddi tapşırıqlar verməsini ölkənin hər yerində olduğu kimi, Masallı rayonunda da əhali böyük razılıqla qarşılayıb və artıq real nəticələri də görməyə başlayıb. Elə martın 14-də təşkil olunan Novruz yarmarkası buna əyani sübut idi. Sübh tezdən yarmarkada böyük qələbəlik vardı. Əlli iki satış nöqtəsində sıralanan piştaxtalar bayram süfrələri üçün ən müxtəlif kənd təsərrüfatı məhsulları- ət, yağ, balıq, toyuq, yumurta, mer-meyvə, qoz-fındıq, digər qida məhsulları və çərəzlərlə dolu idi. Özü də bütün mallar satışa məhz alıcılar üçün sərfəli ola biləcək qiymətlərlə çıxarılmışdı. Hər kəs istədiyi qədər bazarlıq edib evinə dolu torbalarla və əlbəttə, razılıq hissi ilə qayıdırdı.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevin, müvafiq təşkilatların rəhbərlərinin, mətbuat nümayəndələrinin yarmarkaya gəlişi burada qiymətlərin bütün gün ərzində ucuz olması, kimsənin satdığı malı bahalaşdıra bilməməsi baxımından önəmli idi. Əslində, buna cəhd edən də yox idi. Çünki dövlət başçısının əhalinin azimkanlı təbəqələrinə qayğını gücləndirməklə bağlı tapşırıqlarına uyğun addımlar atmaq, bu bayram günlərində daha da səxavətli olmaq barədə sahibkarlarla əvvəlcədən söhbətlər aparılmışdı. Axı, əl tutmaq, könül şadlandırmaq imandandır, savab sayılır və vətəndaşlıq borcudur.
Elə həmin saatlarda yarmarkanın keçirildiyi ərazidə şəhid ailələrindən, Qarabağ əlillərindən, qaçqın və məcburi köçkünlərdən ibarət 1750 nəfərə Masallı rayon rəhbərliyi adından bayram sovqatlarının paylanması da lap yerinə düşdü. Onlardan bir neçəsi bizə yaxınlaşaraq minnətdarlıq duyğularını həvəslə ifadə elədi.
Səyyarə Əhədova, Milli Qəhrəman Elşad Əhədovun anası: - Prezidentimizə minnətdaram ki, hər il bayramlarda bizim adımızı anır, güzəranımızı daha da yaxşılaşdırmağa çalışır. Bu qayğının mənəvi tərəfi məni daha çox razı salır. Bax, bu sovqatların verilməsi əsl bayram sevinci yaradır, evlərimizdə ürəyimizcə qazan asmağa, süfrə açmağa səbəb olur.
Nahid Rəhimov, 2-ci qrup Qarabağ əlili: -Hər dəfə belə bayramlarda ölkəmiz, dövlətimiz üçün qürur hissi keçiririk. Vətən yolunda əbəs yerə fədakarlıq göstərmədiyimizi bir daha dərk edirik, gənclərin vətənpərvərlik tərbiyəsi işinə daha da ürəkdən yanaşırıq. Qoy, həmişə, xalqımızın üzü gülsün, könlü sevinsin ! Doğma Qarabağımız işğaldan azad olsun !
Gənc ailə başçısı Azər Mehdiyevin də ürəyi dolu idi: -Bu, bir ailə kimi bizim ilk Novruz bayramımızdır. Yarmarkanın sayəsində öz ortabab büdcəmizlə çox zəngin bayram süfrəsi bəzəyə biləcəyik. Sağ olsun dövlətimizin başçısı: bizə bu imkanı yaradır, bu sevinci bəxş edir.
Elçin Mikayılov, müəllim: - Yarmarkadan cibimə görə nəsə almaq fikrində idim. Amma qiymətlərin 15-20 faiz aşağı olması imkan verdi ki, daha çox bazarlıq edim. İndi evə əlidolu və gülə-gülə gedirəm. Bu kimi tədbirlər əhalini sevindirir. Arzu edirəm ki, belə gözəl yarmarkalar rayonumuzda tez-tez təşkil olunsun. Bir daha dövlət başçısına minnətdarlıq edirəm! Bizi urvatda tutan, rifahımızı get-gedə yaxşılaşdıran rəhbər min yaşasın!
Masallıda Novruz yarmarkasının təşkilatçılarından biri, rayon icra hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini İsa Nuriyevin dedikləri: -Bu kimi tədbirlər dövlətimizin sosial-iqtisadi siyasətinin təzahürləridir. Rayon rəhbərliyi əhalinin alıcılıq qabiliyyətinin yüksəldilməsi, bayramın hər ailədə yüksək səviyyədə keçirilməsi məqsədilə bu yarmarkanı təşkil edib. Bu gün və sabah, eləcə də martın 19-u və 20-də rayon sakinləri Novruz yarmarkalarından bəhrələnə biləcəklər. Yerli sahibkarların istehsal etdiyi məhsullar, eləcədə bölgəmizdə olmadığı üçün digər rayonlardan gətirilərək satışa çıxarılan Balakən, Qəbələ, Zaqatala, Quba, Xaçmaz nemətləri əhalimizə sərfəli qiymətlərlə təqdim olunur. Yəni orta bazar qiymətlərindən 20-30 faiz aşağı. Bundan sonra da sakinlərin tələbatına görə ərzaq mallarının yarmarkaya gətirilməsinə çalışacağıq.

{nl}

ƏLİ HƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında