Maliyyə naziri Samir Şərifov AİB-in İllik Toplantısı çərçivəsində bir sıra görüşlər keçirib

Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının (AİB) İllik Toplantısı çərçivəsində bir sıra görüşlər keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Filippinin paytaxtı Manila şəhərində Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 51-ci İllik Toplantısı öz işinə başlayıb. Toplantıda iştirak edən Azərbaycanın maliyyə naziri Samir Şərifov bank tərəfindən təşkil olunmuş və Azərbaycanın təmsil olunduğu Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq proqramı (CAREC) ilə Çin Xalq Respublikasının qədim İpək Yolunun keçdiyi ərazilərdə yerləşən ölkələrin iqtisadi inkişafına dəstək verən “Bir Kəmər - Bir Yol” təşəbbüsü (Belt and Road İnitiative) arasında daha geniş əməkdaşlıq perspektivləri mövzusunda keçirilən seminarda çıxış edib, Azərbaycanın regional əməkdaşlığın inkişafı və tranzit nəqliyyat dəhlizlərinin genişləndirilməsinə xidmət edən hər iki proqramı dəstəklədiyini bildirib və ölkəmizin bu təşəbbüsləri dəstəkləyən layihələrə verdiyi töhfələr haqqında geniş məlumat verib.

İllik toplantı çərçivəsində S.Şərifov bir sıra ikitərəfli görüşlər də keçirib. Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao ilə görüşdə Azərbaycan Respublikası ilə AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Nazir son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar və əldə olunan nailiyyətlər barədə məlumat verərək bankın bu inkişafa verdiyi töhfəyə, ələlxüsus “Cənub” qaz dəhlizi layihəsinin maliyyələşdirilməsinə ilk beynəlxalq maliyyə institutu olaraq verdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Öz növbəsində Takehiko Nakao Azərbaycan Prezidenti İlham Əliyevin xalqın böyük dəstəyi ilə yenidən prezident seçilməsi ilə əlaqədar təbrik və salamlarının çatdırılmasını xahiş edib. T.Nakao Azərbaycanla bank arasında əməkdaşlığın sürətlə inkişaf etməsindən məmnunluğunu ifadə edərək mühüm və etibarlı tərəfdaş kimi Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunması istiqamətində AİB-in öz töhfəsini verməkdə davam edəcəyini vurğulayıb.

AİB-in region üzrə məsul vitse-prezidenti Vençay Janq ilə görüş zamanı isə bank tərəfindən maliyyələşdirilən layihələrin mövcud icra vəziyyəti, habelə növbəti illərdə ölkənin inkişaf strategiyası çərçivəsində əməkdaşlıq istiqamətləri müzakirə edilib.

S.Şərifov eyni zamanda Avstraliyanın beynəlxalq inkişaf naziri, senator xanım Konçetta Fierravanti Vells ilə keçirdiyi görüşdə ölkəmizin Asiya İnkişaf Bankının Direktor Şurasında Avstraliya səsvermə qrupunda təmsil olunmasından məmnunluğunu ifadə edib. Görüşdə Avstraliya ilə Azərbaycan arasında qarşılıqlı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün atılmalı addımlar və görüləcək işlər barədə geniş fikir mübadiləsi aparılıb.

İllik toplantı çərçivəsində maliyyə naziri Fransa İnkişaf Agentliyinin rəhbərliyi ilə də görüş keçirib. Görüş zamanı agentlik tərəfindən Azərbaycanda dəmir yolu nəqliyyatı sahəsində maliyyələşdirilən layihələrin vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib, habelə agentliyin yeni layihələrdə iştirak etməkdə maraqlı və hazır olduğu ifadə olunub.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında