Ermənistanda hadisələrin gedişi etiraz dalğalarının daha da güclənəcəyindən, vətəndaş müharibəsi təhlükəsindən xəbər verir

İşğalçı Ermənistan ən mürəkkəb və gərgin dövrünü yaşayır. Hər an vətəndaş qarşıdurması, silahlı toqquşma baş verəcəyi gözlənilir. Amma hələlik bütün diqqət parlamentdə baş nazir seçkisinə yönəlib. Çərşənbə axşamı bu vəzifəyə namizədliyi təsdiq olunmayan etiraz hərəkatının lideri Nikol Paşinyan “dinc vətəndaş itaətsizliyi” aksiyalarına çağırış edib. Dünən etirazçılar tərəfindən paytaxtın bütün mərkəzi yolları bağlanıb. “Zvartnots” beynəlxalq aeroportu istiqamətində magistral maşınlarla kəsilib. Ümumi tətil elan edilib, tədris müəssisələrinə dərslər dayandırılıb. Ermənistan müxalifətinin tərəfdarlarından ibarət bir qrup şəxs isə Gümrü və Maralik şəhərlərinin meriya binalarına soxularaq nəzarəti ələ keçirib.

Dünən günortayadək Ermənistan parlamenti kvorum olmaması səbəbindən işinə də başlaya bilməyib. Belə ki, 105 deputatdan iclasda iştirak etmək üçün yalnız 29-u qeydiyyatdan keçib. Kvorum üçün isə deputatların ümumi sayının yarıdan çoxu - 53 deputat lazımdır.

Qeydiyyatdan keçən deputatların sayı kifayət etmirsə, kvorumun təmin olunması üçün 4 saatdan çox olmayaraq qeydiyyat davam edəcək. İclasdan öncə “Sarukyan” fraksiyasının deputatı Vaqe Enfiacyan ölkədə yaranan vəziyyətə görə siyasi qüvvənin parlament həftəsini boykot etdiyini bildirib.

Xatırladaq ki, mayın 1-də Ermənistan parlamenti baş nazir seçkisi ilə bağlı xüsusi iclas keçirdi. Lakin istənilən nəticə əldə edilmədi: “Yelk” (“Çıxış”) deputat blokundan baş nazirliyə yeganə namizəd Nikol Paşinyanın namizədliyi dəstəklənmədi.

Yeri gəlmişkən, Nikol Paşinyanın can atdığı vəzfə postunu tutması üçün 53 deputat səsi tələb edilirdi. Lakin “Çıxış”, “Tsarukyan” blokları və daşnakların hesabına onun 46-47 səsi təmin olunmuşdu. Daha 6-7 səs isə hakim Respublika Partiyasından verilməli idi. Ancaq ümidlər doğrulmadı. Düzdür, parlamentin iclası ərəfəsində hakim Respublika Partiyasının seçkiyə mane olmayacağı barədə fraksiya bəyanat yaysa da, buna əməl edilmədi. Belə ki, müzakirələrin sonunda, səsvermə öncəsi bəlli oldu ki, hakim partiya Nikol Paşinyanın baş nazir olmasını istəmir.

Səsvermədən öncə Nikol Paşinyan parlamentdə çıxış edərək bildirib ki, eks-prezidentlər - Robert Köçəryan və Serj Sarkisyan deputatlara ona səs verməmələri üçün təzyiq göstərirlər.

Ermənistan parlamentinin vitse-spikeri, hakim partiyanın katibi Eduard Şarmazanov isə deyib ki, Nikol Paşinyan baş nazir vəzifəsinə uyğun gəlmir. Onun Qarabağ üzrə danışıqlar prosesində heç bir konsepsiyası yoxdur. Müdafiə büdcəsini necə artıracağı ilə bağlı məsələdən isə tamamilə xəbərsizdir.

Eduard Şarmazanov fikirlərinə əlavə edərək, vurğulayıb ki, ölkədə heç kim sosial-iqtisadi problemlərin mövcudluğunu gizlətmir. Korrupsiya, rüşvətxorluq, özbaşınalıq hallarına rast gəlinir. Amma baş nazir iddiasında olan kəs bu neqativliyi aradan qaldırmaq barədə düşünməlidir, müvafiq proqramı haqqında fikirlərini bildirməli, çıxış yollarını müzakirəyə çıxarmalıdır. İndi isə biz bunun əksini görürük. Nikol Paşinyan ultimatumla danışır, hakim partiya üzvlərinə hədə-qorxu gəlir.

Eduard Şarmazanovun bildirdiyi kimi, doğrudan da, Nikol Paşinyanın parlamentdəki çıxışında əvvəlki iqtidarların siyasətindən fərqlənən hansısa bir fikir, mülahizə diqqət çəkməyib. Belə ki, o, Dağlıq Qarabağ münaqişəsinə toxunarkən, bildirib ki, baş nazir vəzifəsinə seçilərsə, bu məsələdə heç bir kompromisə getməyəcək. Baş nazirliyə iddiaçı daha sonra isə deyib: “Qarabağ konfliktinin beynəlxalq hüquq əsasında sülh yolu ilə həlli çox vacibdir. Əsas məsələ Qarabağ xalqının öz taleyini müəyyən etmək hüququnun beynəlxalq aləm tərəfindən tanınmasıdır. Qarabağın tanınması bizim mübarizə aparacağımız əsas xarici məsələlərdən biri olacaq. Münaqişənin həllinin əsasında xalqların bərabər hüquqlara malik olması və öz müqəddəratını təyin etməsi dayanmalıdır. Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasına yeni impuls verilməlidir. Əgər Azərbaycan bəyan edəcəksə ki, Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə haqqını tanımağa hazırdır, o zaman münaqişənin kompromis həlli barədə danışmaq olar”.

Əslində, Nikol Paşinyanın bu fikri yeni deyil. İşğalçı rejimin rəsmləri ötən illər ərzində bu mülahizəni dəfələrlə səsləndiriblər. Təbii ki, Azərbaycan tərəfdən cavablarını da alıblar. Məsələn, Prezident İlham Əliyev müxtəlif vaxtlarda ən yüksək səviyyələrdəki çıxışlarında birmənalı olaraq bildirib ki, Azərbaycan öz ərazisində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan verməyəcək, bunu gözləyənlər yanılırlar, erməni xalqına belə mənasız vəd verməklə onu aldadırlar. Sadəcə, rəsmi Bakı Dağlıq Qarabağ ermənilərinə ən yüksək muxtariyyət statusu verməyə hazırdır…

Təkrar edirik, Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sələflərindən fərqli, konstruktiv fikir bildirməyib. Bu, Nikol Paşinyanın hakimiyyət başına gələcəyi təqdirdə işğalçı ölkənin daha ağır duruma düşəcəyindən xəbər verir.

Ümumiyyətlə, ekspertlərin fikrincə, Nikol Paşinyanın baş nazir vəzifəsini ələ keçirəcəyi təqdirdə Ermənistanın Dağlıq Qarabağ siyasətində elə bir müsbət dəyişiklik baş verməyəcək. Bu isə bütün ermənilərin, eləcə də Nikol Paşinyanın yoluxduğu “erməni xəstəliyi” ilə bağlıdır…

Yeri gəlmişkən, bir məqamı da xatırlatmaq istərdik. 2016-cı ilin Aprel döyüşlərindən sonra N. Paşinyan Azərbaycana “sarsıdıcı zərbə” vurmaq təklifindən dəm vururdu. Bu, onun da şüurunun işğalçılıq siyasəti ilə zəhərləndiyini göstərirdi.

Son hadisələrdə isə Nikol Paşinyan əvvəlcə Azərbaycanı danışıqlarda “konstruktiv məcraya qayıtmağa məcbur etməyin vacibliyini” vurğulayıb: “Azərbaycan qeyri-konstruktiv, aqressiv mövqe nümayiş etdirir. Bizim vəzifəmiz ordunu möhkəmləndirmək, döyüş hazırlığını artırmaqdır. Bu, Azərbaycanı konstruktiv məcraya qaytarmağın yeganə yoludur”.

Ermənistanın baş naziri olmaq üçün, necə deyərlər, alışıb-yanan bu diplomsuz, hərbdən xəbərsiz şəxs işğalçılığın davam etdirilməsi fikrini bir qədər də genişləndirərək, parlamentdə jurnalistlərə bildirib ki, Minsk qrupunun həmsədrləri də Bakının “aqressiv ritorikasını dayandırmaq və onu danışıqlar çərçivəsinə qaytarmaq” üçün səylər göstərməlidir.

N. Paşinyanın bu fikri bir atalar sözünü yada salır: ilanın ağına da lənət, qarasına da. Bax, elə buna görə də Ermənistandakı hakimiyyət dəyişikliyinin Qarabağ münaqişəsinin nizamlanmasına müsbət təsiri barədə nəsə gözləmək sadəlövhlük olardı. Sirr deyil ki, Nikol Paşinyan məhz Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi səbəbindən Ermənistanda yaranan ağır sosial-iqtisadi durumdan alovlanan inqilab dalğasında Serj Sarksiyanı devirərək, hakimiyyətə gəlməyə can atır.

Bütün bunlara görə, şübhəsiz ki, Azərbaycan ərazi bütövlüyümüzlə bağlı siyasətini davam etdirəcək, iqtisadiyyatımızı, ordumuzu getdikcə gücləndirəcək. Ermənistanın isə gündən-günə daha ağır duruma düşəcəyi, inqilab dalğasının yeni mərhələyə – vətəndaş müharibəsinə daxil olacağı qaçılmazdır.

Qaldı, yazının əvvəlində xatırlatdığımız Ermənistanda etiraz aksiyalarına, bu, bir tərəfdən hakimiyyət uğrunda gedən çarpışma ilə bağlıdırsa, digər tərəfdən işğalçı ölkədə sosial-iqtisadi durumun getdikcə ağırlaşmasından, dözülməz olmasından irəli gəlir. Əslində, Ermənistanı bu vəziyyətə salan onun işğalçılıq siyasəti nəticəsində qonşu Azərbaycanla düşmənçilik mövqeyi tutması, regionda baş verən bütün inkişafdan, beynəlxalq layihələrdən, dövlətlərarası əməkdaşlıqdan təcrid olunması, nəticədə iqtisadiyyatının iflasa uğramasıdır.

Ermənistan iqtisadiyyatının 80-90 faizi xarici ölkələrin inhisarına keçib, bu ölkədə uzun illər prezidentlik postunu zəbt edən “Qarabağ klanı” öz cinayətkar əməlləri ilə Ermənistanı və xalqı rüsvayçılığa, təcrid olunmağa və fəlakətə sürükləyib. Konkret olaraq Serj Sarkisyanın uğursuz fəaliyyətinə nəzər salmaqla bunu aydın görə bilərik. O, hakimiyyəti dövründə ölkənin bütün problemlərini Azərbaycanla bağlayır, əsassız bəyanatlar verirdi. Guya Ermənistan “demokratiya adası”dır və onu hər tərəfdən “pis ölkələr”, o cümlədən də Azərbaycan əhatə edir. Qonşular bu dövlətin inkişafını əngəlləyir, blokadada saxlayır, iqtisadi tərəqqisini çətinləşdirirlər.

Serj Sarkisyan Azərbaycana hədə-qorxu gəlməkdən də çəkinmidi. Əslində isə məsələ aydın idi: O, siyasi mövqeyinin sürətlə zəifləməsini, xalqının etimadını itirdiyini anladığından çıxış yolunu Ermənistanda daxili auditoriyanı aldatmaqda, öz işğalçı siyasətini pərdələməkdə, bütün günahları Azərbaycanın üzərinə atmaqda görürdü. Onun tez-tez Dağlıq Qarabağa qanunsuz səfərlər etməsi, orada erməni ordusunun guya misli-bərabəri olmayan gücü barədə, necə deyərlər, odlu-alovlu danışması da məhz prezident seçkilərində Ermənistanın Böyük Britaniyadakı sabiq səfiri və iş adamı Armen Sarkisyanın prezident seçilməsinə və özünün isə baş nazir olacağına hesablanmışdı.

Erməni xalqı isə Serj Sarkisyanın fitnəkarlığını yaxşı başa düşür, anlayırdı ki, Ermənistanda demokratiyadan, söz azadlığından, insan haqlarından, ordu quruculuğundan, sosial- iqtisadi inkişafdan heç bir söhbət gedə bilməz. Nə qədər ki bu ölkədə Serj Sarkisyanın, bundan sonra isə Armen Sarkisyanın kriminal xunta rejimi hökm sürəcək, regionda münaqişə davam edəcək, millətlər və dinlərarası münasibətlər gərginləşəcək.

Ona görə də Serj Sarkisyan etiraz aksiyalarından təşvişə düşüb istefa verdi. Lakin bu, hələ son deyil. Baş nazir vəzifəsi uğrunda Ermənistanda etiraz dalğaları daha da güclənəcək, bu, vətəndaş müharibəsinə çevriləcək. Çünki “Qarabağ klanı” ilə Ermənistan erməniləri arasında uzun müddətdir ki, düşmənçilik vəziyyəti davam edir. Artıq bu məsələnin silahlı qarşıdurmaya çevriləcəyi də şübhə doğurmur.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında