Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişaf strategiyası

 

 

 

 

 

 

 


2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin ­inkişafı hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdi. Azərbaycanın bu gün regional inkişafda əldə etdiyi uğurlar nəticəsində onun bölgələri dövlətdən dotasiya alan bir ərazidən ölkənin milli iqtisadiyyatının dinamik və davamlı inkişafına təkan verən aparıcı bir qüvvəyə çevrilmişdir.

 İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

 


Müasir Azərbaycan dövlətinin qurucusu ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyası bu gün dəyişən şəraitə, qabaqcıl dünya təcrübəsinə, milli iqtisadi reallıqlara əsaslanaraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Son illərdə düşünülmüş və çevik iqtisadi siyasətin reallaşdırılması nəticəsində milli iqtisadiyyatın dinamik və davamlı inkişafı təmin edilmişdir. Ölkənin gələcək inkişafı üçün güclü istehsal, maliyyə potensialı, infrastruktur və institusional baza yaradılmış, digər vacib problemlərlə yanaşı, regionların sosial-iqtisadi inkişafı istiqamətində ciddi irəliləyiş əldə olunmuşdur.

 İlham Əliyevin 2003-cü ilin oktyabırında prezident seçildikdən sonrakı dövrdə iqtisadi sahədəki fəaliyətinin təhlili göstərir ki, regionların sosial-iqtisadi inkişafı problemi onun iqtisadi siyasətinin əsas prioriteti kimi qiymətləndirilə bilər. Ölkə Prezidenti kimi cənab İlham Əliyevin ilk fərmanlarından biri məhz “Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” olmuşdur. Bu proqramda, hər şeydən əvvəl qarşıya qoyulan məqsəd və vəzifələrin coxcəhətliliyi diqqəti cəlb edir. Əslində regionların iqtisadi, sosial, mədəni həyatının elə bir sahəsi yoxdur ki, bu proqramda öz əksini tapmasın. Qəbul olunmuş bu mühüm sənəddə regionların inkişafını təmin etmək üçün 46 respublika miqyaslı tədbirin--inkişaf istiqamətinin və 668 region miqyaslı tədbirin həyata keçirməsi nəzərdə tutulmuşdu.

Proqramın yerinə yetirilməsi ilə bağlı görülən işlərin miqyasını təsəvvür etmək üçün qeyd etmək kifayətdir ki, 2008-ci ilə qədər olan 4 il ərzində 600 minə yaxın yeni iş yerləri yaradılmış, onun da çox hissəsi daimi iş yeri olmuşdur. Təhlil göstərir ki, regionların sosial-iqtisadi inkişafının birinci Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın rayonlarının hər birinin malik olduğu özünəməxsus təbii, maddi əmək resurslarından, coğrafi, nəqliyyat-kommunikasiya imkanlarından səmərəli istifadə edilməsi, yoxsulluğun səviyyəsinin aşağı salınması, məşğulluq problemlərinin həlli üçün kifayət qədər zəmin yaratmışdır. Bu proqramda daha çox aqrar bölmənin və emal sahəsinin inkişafı ilə bağlı tədbirlərə üstünlük verilmişdir. Nəticədə ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm irəliləyiş əldə olunmuşdur.

Regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının uğurla reallaşdırılması rayonlarda yaradılmış baza, infrastruktur və güclü potensial, ən əsası, qazanılmış zəngin təcrübə ölkə Prezidentinə 2009-2013-cü illəri əhatə edən ikinci Dövlət Proqramını qəbul etməyə imkan verdi. Bu proqramda həyata keçirilməsi nəzərdə tutulan tədbirlər əslində regionların davamlı və tarazlı inkişafının tələblərinə uyğun hazırlanmışdı. Çünki bu dövrdə ölkəmiz artıq iqtisadi inkişafın keyfiyyətcə yeni mərhələsinə daxil olmaq ərəfəsində idi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu ildə Bakı Dövlət Universitetinin 90 illik yubileyidəki çıxışında demişdir: “Ölkəmizin iqtisadiyyatında keçid dövrü başa çatmışdır. Biz artıq başa çatmış bu prosesin yekunlarından nəticələr çıxarmalı, ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün nailiyyətlərimizi dərin təhlil etməli, cəmiyyətimiz üçün aktuallaşan təkliflər irəli sürməli və yeni paradiqmalar haqqında düşünməliyik”.

Azərbaycan Prezidenti cənab ­İlham Əliyev 2009-cu ilin 14 aprelində “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın qəbulu haqqında sərəncam imzaladı.

Proqramda qarşıya qoyulan məqsəd və vəzifələrin icrasının təhlili göstərir ki, həyata keçirilən tədbirlər bir tərəfdən birinci Dövlət Proqramındakı işlərin varislik prinsipi üzrə davamı olsa da, keyfiyyət və miqyas baxımından onlardan əsaslı surətdə fərqlənirdi. Belə ki, yeni proqramda həmin dövrün konkret inkişaf səviyyəsi, potensialı, maliyyə mənbələri, xüsusiyyətləri nəzərə alınaraq işlənib hazırlanmışdı. Ölkəmizdə neft strategiyasının uğurla reallaşdırılması nəticəsində yaranan böyük maliyyə və investisiya imkanlarının mühüm bir hissəsinin regionların sosial-iqtisadi inkişafına yönəldilməsi mümkünlüyü nəzərə alınmışdı. Ümumən, ikinci Dövlət Proqramında 58 respublika səviyyəli və 1008 rayon səviyyəli tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdu ki, bu da əvvəlki proqramdakı tədbirlərdən müvafiq olaraq 1,3 və 1,5 dəfə çox idi.

 Reallaşdırılan ikinci Dövlət Proqramında sahibkarlığın inkişafı, investisiyalardan səmərəli istifadəni təmin etməklə makroiqtisadi sabitliyə nail olmaq, qeyri-neft sektorunun inkişafını stimullaşdırmaq, yeni, xüsusilə, xidmət sferası ilə bağlı infrastrukturun yaxşılaşdırılması tədbirlərinin reallaşdırılması üstünlük təşkil edirdi. Bütün bu tədbirlərin uğurla həyata keçirilməsi ölkəmizdə sosial-iqtisadi inkişafa, qeyri-neft sektorunun üstün inkişafını təmin etməklə iqtisadiyyatın diversifikasiyasına, həyat səviyyəsinin, sosial təminatın yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına və digər problemləri effektiv tənzimləməyə və stimullaşdırmağa imkan vermişdir. Qeyd etmək lazımdır ki, Dövlət Proqramının reallaşdırılması gedişində meydana çıxan problemlər vaxtında aşkarlanmış, müvafiq tədbirlər görülmüş və onların səmərəli həlli təmin olunmuşdur. Ölkə Prezidenti hər iki proqramın icrası ilə bağlı 200-dən çox sərəncam imzalamış və əlavə tədbirlər görmüşdür.

Son illərdə bütün maliyyə mənbələri hesabına regionların inkişafına 57,7 milyard manat vəsait sərf edilmişdir. Beləliklə, hər iki regional inkişaf proqramının uğurla reallaşdırılması əslində 2014-2018-ci illəri əhatə edən keyfiyyətcə yeni- üçüncü regional inkişaf proqramının qəbulunu şərtləndirdi. Bu proqram həm də post-neft dövründə Azərbaycan iqtisadiyyatının və ixracatın diversifikasiyasına, qeyri-neft sektorunun inkişafına və səmərəliliyinə əsaslanan bir inkişaf proqramı kimi dəyərləndirilməlidir. Ölkə Prezidentinin 2014-cü il fevralın 27-də imzaladığı sərəncamla “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq olundu.

Əvvəlki regional inkişaf proqramlarında olduğu kimi, ücünçü Dövlət Proqramında da məşğulluğun təmin edilməsi prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Bu məqsədlə regionların sosial-iqtisadi inkişafına daxili və xarici mənbələr hesabına mümkün qədər daha çox investisiya cəlb edilməsi proqnozlaşdırılmışdır. Aydındır ki, regional inkişafın təmin edilməsi həlledici dərəcədə regionlarda biznes və sahibkarlıq mühitinin yaxşılaşdırılmasından çox asılıdır. Bu məqsədlə yeni proqramda sahibkarlıq fəaliyyətinin normativ-hüquqi bazasının təkmilləşdirilməsi, sahibkarlığın istehsal, bazar və sosial infrastrukturunun yaxşılaşdırılması, yerli xammala əsaslanan sənaye müəssisələrinin bərpası, yeni sənaye parkları və məhəllələrinin yaradılması ilə bağlı dövlətin sənayeləşmə siyasəti çərçivəsində regionlarda konkret istehsal sahələrinin yaradılması nəzərdə tutulmuşdur.

2018-ci il yanvarın 29-da Heydər Əliyev Mərkəzində ”Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda ölkə Prezidenti İlham Əliyev qeyd etmişdir ki, regional inkişaf proqramlarının reallaşdırıldığı 14 il ərzində iqtisadiyyatımız 3,2 dəfə, qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə, sənaye iqtisadiyyatı 2,6 dəfə, valyuta ehtiyatlarımız 23 dəfə artmış, yoxsulluğun səviyyəsi 50 faizdən 5,4 faizə, işsizliyin səviyyəsi isə 5 faizə enmişdir. Bu illərdə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmişdir. 12300 kilometr avtomobil yolu çəkilmiş, 30 elektrik stansiyası tikilib istifadəyə verilmişdir.

Müstəqillik illərində ölkə iqtisadiyyatına 231 milyard dollar investisiya qoyulmuşdur. Bu illərdə regionların inkişafına böyük həcmdə vəsait yönəldilmişdir. Ölkə Prezidentinin müvafiq göstərişlərinə əsasən həmin illərdə Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına 20 mindən çox sahibkarlıq subyektinə 2 milyard manatdan artıq güzəştli kredit verilmişdir.

Məlumdur ki, müasir məhələdə regionların inkişafının təmin edilməsi daha çox qeyri-neft sektorunun, xüsusilə, kənd təsərrüfatı və aqrar sektorun inkişafı ilə bağlıdır. Bu məqsədlə aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafı nəticəsində rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, regionlarda ənənəvi kənd təsərrüfatı sahələrinin stimullaşdırıcı tədbirlərinin davam etdirilməsi, bitkiçilikdə və heyvandarlıqda ekoloji cəhətdən zəruri tələbləri ödəyən texnoloji proseslərin tətbiqi, iri taxılçılıq və toxumçuluq, tütünçülük, tingçilik, fındıqçılıq, baramaçılıq, sitrus sahələrinin inkişafı və digər kənd təsərrüfatı sahələrinin üstün inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsi müəyyənləşdirilmişdir.

Bu proqramda qeyri-neft sektorunun inkişafı, xüsusən onun ixracının artırılması və diversifikasiyası ilə bağlı konkret istiqamətlər nəzərdə tutulmuş və onların yerinə yetirilməsinin təmin edilməsi məqsədilə stimullaşdırıcı mexanizmlər müəyyənləşdirilmişdir. Üçüncü regional inkişaf proqramı daha çox innovativ inkişaf prinsiplərinə əsaslandığına görə bu mərhələdə regionlarda informasiya və kommunikasiya texnologiyaları ilə bağlı infrastrukturun inkişaf etdirilməsi, bu istiqamətdə zəruri kadr potensialının yaradılması ilə bağlı tədbirlər də nəzərdə tutulmuşdur.

Müasir dövrdə Azərbaycanda ixracın diversifikasiyası çərçivəsində regionların inkişafında ­turizmin rolu prioritet istiqamət kimi müəyyənləşdirilmişdir. Bununla bağlı üçüncü proqramda regionlarda beynəlxalq tələblərə və standartlara cavab verən müvafiq turizm infrastrukturunun yaradılması, bu sektorda çalışan insanların peşə hazırlığının yüksəldilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi xüsusi vurğulanmışdir. Regionların yanacaq-enerji təminatının yaxşılaşdırılması, mənzil-kommunal təsərrüfatının inkişafı, nəqliyyat xidməti keyfiyyətinin yüksəldilməsi, ən əsası insan kapitalının inkişafı və əhalinin sosial rifahının yaxşılaşdırılması məsələləri ilə bağlı kompleks tədbirlər sistemi də müəyyənləşdirilmişdir.

 “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş iclasda cənab İlham Əliyev demişdir : “...Bütövlükdə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafının Dövlət proqramlarının icrası çox uğurla gedir. Bu il üçüncü Dövlət Proqramının icrası başa çatır və biz dördüncü proqramın hazırlanması ilə bağlı işlərə başlamalıyıq”.

Son vaxtlar ölkə Prezidenti regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş proqramlarda irəli sürülmüş vəzifələrin reallaşmasını təmin etmək üçün ölkənin bir sıra bölgələrinə səfərlər etmiş və böyük əməli əhəmiyyət kəsb edən müşavirələr keçirmişdir. Bu baxımdan 2017-ci ildə Yevlaxda keçirilən müşavirədə müəyyən olunmuş vəzifələr, verilən tapşırıqlar, qəbul olunan qərarlar baxımından müstəsna əhəmiyyəti vardır. Belə ki, müşavirədə regionlarda qeyri-neft ixracının artırılması və diversifikasıyası, sahibkarlığı stimullaşdırmaq məqsədilə tədbirlər sistemi müəyyənləşdirilmişdir. Ölkə Prezidenti müşavirədəki çıxışında demişdir: “Biz yeni inkişaf modelinə keçməklə bundan sonra iqtisadiyyatımızı ancaq islahatlar, innovasiyalar, texnologiyalar və qeyri-neft sektorunun hesabına inkişaf etdirəcəyik.”

Prezident İlham Əliyev üçüncü regional inkişaf proqramının reallaşdırılmasının gedişi ilə bağlı Qax şəhərində barama, tütün və fındıq istehsalının inkişafına dair respublika müşavirəsi keçirmiş, bu sahələrin inkişafının mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunmuşdur. Dövlət başçısı idxaldan asılılığın azaldılması, suvarılmayan ən azı 100 min hektar torpaqlara suyun verilməsi, 300 subartezian quyusunun qazılması, fındıqçılığın, zeytunçuluğun inkişafı, yeni fındıq və zeytun bağlarının salınması, tütünçülüyün bərpası və tütünün nəinki xammal, həm də hazır məhsul kimi ixracı, arıçılığın ixrac potensialının genişləndirilməsi, turizmin inkişafı, ixracyönümlü məhsulların həcminin artırılması, ticarət nümayəndəliklərinin yaradıldığı və ixrac missiyalarının təşkil edildiyi ölkələrə ixracın genişləndirilməsi barədə öz tapşırıqlarını vermişdir.

2017-ci ildə dövlət başçısı Sabirabad Sənaye Məhəlləsinin yaradılması barədə sərəncam imzalamış və sənaye məhəlləsinin təməlini qoymuşdur. Ölkə Prezidenti 28 noyabr 2017-ci ildə Sabirabad şəhərində ictimaiyyət nümayəndələri ilə görüşündə bu regionda pambıqçılığın inkişafının yenidən bərpa edilməsi ilə bağlı konkret göstərişlər vermiş, regionların sənaye potensialını artırmaq üçün Sabirabad, Masallı və Hacıqabulda sənaye parklarının yaradılması ilə bağlı konkret fikirlərini bildirmişdir.

Qeyd etmək lazımdır ki, son vaxtlar dövlət başçısının tapşırığına uyğun olaraq, ölkənin 28 rayonu üzrə qeyri-səmərəli və istifadəsiz kənd təsərrüfatı təyinatlı torpaqlarda 183 min hektar ərazidə 43 aqroparkın yaradılması prosesi sürətlə aparılır. Aqroparkların yaradılmasına 251 milyon manat, o cümlədən infrastruktur təminatına 149 milyon manat dövlət investisiyası və 102 milyon manat güzəştli kredit ayrılmış, 11 aqropark üzrə 350 milyon manat dəyərində dövlət investisiya təşviqi sənədi verilmiş, kompleks aqrolizinq xidmətləri göstərilmişdir. Aqroparkların 3-də birinci mərhələ başa çatdırılmış, 25-də tikinti-quraşdırma, 15-də isə layihələndirmə işləri aparılır. 2018-ci ildə 15 aqropark istifadəyə veriləcəkdir.

 Son illərdə ölkəmizdə reallaşdırılan regional inkişaf proqramları, eləcə də konkret tədbirlər çərçivəsində Mingəçevir Yüngül Sənaye Parkında iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması, bu işlərə 150-200 milyon dollar investisiya qoyuluşu və 5 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur.

Cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı yeritdiyi regional siyasətdə bölgələrdə iqtisadi, sosial və bazar infrastrukturunun yaradılması əsas prioritet istiqamətlərdən biridir. Yuxarıda qeyd etdiyimiz kimi, konkret faktlar göstərir ki, son illərdə bu sahədə çox böyük işlər görülmüşdür. Regionların sosial-iqtisadi inkişafına dair 3 Dövlət Proqramının qəbulu və orada qarşıya qoyulan vəzifələrin, məqsədlərin uğurla reallaşdırılması sayəsində respublikamızın bütün regionlarında sosial-iqtisadi infrastruktur keyfiyyətcə yüksəlmış, rayonların qazlaşdırılması səviyyəsi, əksər yaşayış məntəqələrinin icməli su ilə təminatı yaxşılaşmış, sosial infrastrukturla təminat baxımından şəhərlə kənd arasında fərqlər əhəmiyyətli dərəcədə azalmışdır. İxtisaslı əmək tələb edən yeni iş yerlərinin sayının artması bütövlükdə region əhalisinin həyat səviyyəsinin və rifahının yüksəlməsinə səbəb olmuşdur.

 Məlumdur ki, inklüziv iqtisadi artımın təmin edilməsində regionlar arasında həyat səviyyəsinə, sosial inkişafa görə mühüm fərqlər mövcud idi. Son vaxtlar ölkəmizdə həyata keçirilən regional inkişaf proqramları nəticəsində bu fərqlər əhəmiyyətli dərəcədə azalmışdır. Bu baxımdan belə hesab edirik ki, 2017-2018-ci illər üzrə hazırlanmış Davos İqtisadi Forumunun hesabatında Azərbaycanın inklüziv inkişaf səviyyəsinə görə inkişaf etməkdə olan ölkələr arasında üçüncü yerə çıxmasında cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu regional siyasətin rolu xüsusi qiymətləndirilməlidir.

Ölkə Prezidenti cənab İlham Əliyevin regional inkişaf siyasətinin xarakterik cəhətlərindən biri də ondan ibarətdir ki, o, regional inkişaf problemlərini həll edərkən dövlət və özəl sektorun müdaxiləsinin optimal vəhdətdə olmasını tələb edir. Məlumdur ki, sosial-iqtisadi proseslərin tənzimlənməsinin optimallığını və effektliyini qiymətləndirmək üçün “tənzimləmə yükü” deyilən bir indikatordan istifadə olunur. Davos İqtisadi Forumunun 2017-2018-ci il üçün hesabatında Azərbaycan bu göstərici üzrə dünyada 15-ci yeri tutmuşdur. Zənnimizcə, bu uğurda ölkəmizdə reallaşdırılan regional inkişafın təmin edilməsinin dövlət və bazar mexanizmlərinin optimal nisbətinin və səmərəli tətbiqinin rolu nəzərdən qaçırılmamalıdır.

 Azərbaycan Prezidenti cənab İlham Əliyev demişdir: “2004-cü ildən bu günə qədər Azərbaycan bölgələrinin inkişafı hesab edirəm ki, tarixi nailiyyətdir. Heç vaxt Azərbaycan tarixində belə qısa müddət ərzində bu qədər işlər görülməmişdi. Azərbaycanın bu gün regional inkişafda əldə etdiyi uğurlar nəticəsində onun bölgələri dövlətdən dotasiya alan bir ərazidən ölkənin milli iqtisadiyyatının dinamik və davamlı inkişafına təkan verən aparıcı bir qüvvəyə çevirmişdir”.

 Məhiş ƏHMƏDOV,
Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri,
Əməkdar müəllim, iqtisad elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında