Tariximizə və taleyimizə sahiblik hissi

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


... Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir, bu gün var və gündən-günə güclənir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. Çünki bizim siyasətimiz ictimaiyyət tərəfindən dəstəklənir və ictimaiyyət də görür ki, bizim siyasətimiz real, konkret nəticələrə gətirib
çıxarır.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 


Azərbaycan öz müstəqil dövlətçilik tarixinin yeni bir mərhələsinin astanasından keçdi: xalqımız qarşıdakı yeddiillik müddətdə ölkənin taleyini müəyyənləşdirəcək siyasi addımını ataraq yenidən cənab İlham Əliyevə
etimad göstərdi.

Demokratiyanın - xalq hakimiyyətinin mühüm tərkib hissəsi olan, dövlətin idarə edilməsində vətəndaşın iştirakını şərtləndirən bu seçkilər çox əlamətdar bir vaxtda, Şərqin ilk demokratik dövlətinin – Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində keçirildi. Xalqımızın azadlıq və müstəqillik arzularından yaranan AXC qarşıya qoyduğu məqsədlərə xarici təcavüz nəticəsində nail ola bilməyib, cəmi 23 ay yaşasa da, onun ideyaları və dövlət quruculuğu ənənələri unudulmadı, milli dövlətçilik atributları qorunub saxlanıldı. Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində xalqımızın tarixi-mədəni yaddaşı özünə qaytarıldı, milli mənlik şüuru və azərbaycançılıq məfkurəsi gücləndi, müstəqillik arzularının yenidən gerçəkləşməsi üçün mənəvi mühit, iqtisadi potensial yaradıldı. Ötən əsrdə ikinci dəfə Azərbaycanın öz istiqlalına qovuşmasında məhz bu amillər önəmli rol oynadı, müstəqil dövlətçilik ənənələrinin bərpası üçün möhkəm zəmin oldu.

Bu gün biz müstəqilliyin bərpasından ötən iyirmi altı ildə ölkəmizin nail olduğu yüksəliş və inkişafa görə çox böyük qürur və iftixar hissi keçiririk. Dövlət quruculuğunda, sosial-iqtisadi, mənəvi-mədəni inkişafda əldə olunan nailiyyətlərin təməlində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya və cənab Prezident İlham Əliyevin zamanın çağırışları kontekstində daha da zənginləşdirdiyi həmin strategiyaya sadiqliyi dayanır. Məhz bunun nəticəsidir ki, müstəqil Azərbaycanın vüsətli tərəqqisinə nə hələ də davam edən müharibə vəziyyəti, nə xalqımızın bədxahlarının törətdikləri əngəllər, nə də qlobal maliyyə-iqtisadi böhranın qarşıya çıxardığı çətinliklər təsir göstərə bilir. Mövcud mürəkkəb geosiyasi şəraitdə ölkəmizin regionda bütün istiqamətlər üzrə öncül mövqeyə çıxması, təkcə beynəlxalq enerji təhlükəsizliyi və nəqliyyat-logistika problemlərinin deyil, həm də dünyanı narahat edən sosial-iqtisadi və humanitar xarakterli bir sıra məsələlərin həllində fəal iştirak etməsi mükəmməl və düşünülmüş siyasətə əsaslanır. Xalqımızın və dövlətimizin maraqlarına tam cavab verən bu siyasətin davamlılığının təmin olunması baxımından son seçkilərin əhəmiyyəti cəmiyyətdə aydın dərk edilmişdir.

Seçkilərin keçirilməsi üçün tarixin müəyyənləşdirilməsində, yəqin ki, beynəlxalq aləmdə və bölgəmizdə baş verən ciddi proseslərin mahiyyəti və təsirləri, xüsusən də, xalqımızın yeganə ağrılı problemi olan Qarabağ münaqişəsinin həlli ilə bağlı qarşıya qoyulan məqsədlərin gerçəkləşdirilməsi məsələləri önəmli rol oynayıb. Ölkə rəhbərinin bu taktiki addımı onun ekstremal şəraitdə ən düzgün qərar vermək bacarığına malik siyasi lider olduğunu bir daha təsdiqlədi.

Azərbaycan xalqının öz müstəqil dövlətinin taleyini yenidən məhz belə bir liderə etibar etməsi və ona etimad göstərməsi, təbii ki, gözlənilən idi. Prezidentliyə namizədlərin irəli sürülməsi ilə bağlı müxtəlif ictimai qurumların, ziyalı və vətəndaş birliklərinin keçirdikləri yığıncaqlarda qəbul olunan qərarlar da xalqın mütləq əksəriyyətinin arzu və istəyini ifadə edirdi: prezidentliyə ən layiqli namizəd cənab İlham Əliyev idi! Ölkə ictimaiyyəti cəmiyyətimizin siyasi avanqardı olan Yeni Azərbaycan Partiyasının VII qurultayında partiyanın sədri kimi onun namizədliyinin irəli sürülməsini yekdilliklə dəstəkləmişdir.

Müstəqil dövlətimizə rəhbərlik etdiyi 15 il ərzində cənab İlham Əliyev müasir dünya siyasətinin incəliklərini mükəmməl bilən və bütün məsələlərin həllində milli maraqlarımızı təmin edən, sözü və əməli bir olan, praqmatik düşüncəli, qətiyyətli, cəsarətli, xarizmatik lider olduğunu sübuta yetirmişdir. O, doğma xalqının böyük sevgisini qazanmaqla yanaşı, həm də beynəlxalq səviyyədə güclü şəxsiyyət, müdrik siyasətçi, görkəmli dövlət xadimi kimi tanınır.

Bu gün hər bir vətəndaşımız cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatları, möhtəşəm quruculuq işlərini, sosial-iqtisadi inkişafı aydınca görür. Ölkəmiz iqtisadi göstəricilərinə görə beynəlxalq reytinqlərdə öncül yerlərdən birini tutur. İqtisadiyyatımızın inkişaf dinamikası çox yüksəkdir. Son 14 il ərzində iqtisadiyyatın 3,2 dəfə artması dünya miqyasında rekord göstəricidir. Qeyri-neft sektorunda artımın 2,8 dəfə olması isə göstərir ki, iqtisadi inkişafımız təkcə neft-qaz istehsalı ilə bağlı deyil, çoxşaxəlidir. Bu müddətdə valyuta ehtiyatlarımız 23 dəfə artıb və 1,8 milyard dollardan 42 milyard dollara yüksəlib. Adambaşına valyuta ehtiyatları həcminə görə bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir.Valyuta ehtiyatlarımız ölkəmizin ümumi daxili məhsuluna bərabərdir.

Azərbaycan Cənubi Qafqazın lider dövləti kimi bölgədə həyata keçirilən bütün qlobal layihələrdə söz sahibidir və özünün geoiqtisadi, geosiyasi fəallığı ilə təcavüzkar Ermənistanı bu layihələrdən təcrid edə bilmişdir. Ölkəmizin təşəbbüsü ilə yaradılan enerji və nəqliyyat dəhlizləri Şərqdən-Qərbə doğru uzanaraq, Asiya ilə Avropanı birləşdirir, bu iki qitədə sülhə, təhlükəsizliyə mislisiz töhfələr verir.

Sosial məsələlərin həllinə gəldikdə, yenə ölkəmiz nəinki regionda, postsovet məkanında, eləcə də dünya miqyasında diqqət cəlb edən göstəriciləri ilə seçilir. Hazırda işsizlik 5 faiz, yoxsulluq 5,4 faiz səviyyəsindədir ki, bu da son illərdə həyata keçirilən uğurlu sosial siyasətin ən mühüm nəticəsidir. Buraya maaşların beş dəfədən, pensiyaların səkkiz dəfədən çox artması faktını, qaçqınlarımız və məcburi köçkünlər üçün salınmış qəsəbələrin, yeni inşa edilmiş və ya bərpa olunmuş təhsil müəssisələrini, tibb ocaqlarının sayını, yaşayış məntəqələrimizin təbii qazla təminolunma səviyyəsini və digər arqumentləri də əlavə etsək, əminliklə deyə bilərik ki, Azərbaycan əhalisinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində misilsiz işlər görülüb. Sosial-iqtisadi inkişafın nəticələrini hər birimiz hiss edir, görür və bunlardan yetərincə yararlanırıq.

Bu gün paytaxtımız Bakı Avropanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir: klassik və müasir memarlıq ənənələrinin çox incə bir zövqlə çulğalaşması şəhər arxitekturasına möhtəşəmlik verir. Burada keçirilən nüfuzlu beynəlxalq forumların, böyük idman tədbirlərinin iştirakçıları, ilbəil sayı artan xarici qonaqlar Bakının sürətlə yeniləşən simasına heyran qalırlar.

Bölgələrimizdə gedən vüsətli tikinti-quruculuq, abadlıq işləri digər şəhərlərimizdə, rayon mərkəzlərimizdə də ürəkaçan, gözoxşayan mənzərə yaradır. Azərbaycanın hər yerində, hər bir guşəsində iqtisadi fəallığın artması əhalinin getdikcə daha yüksək rifaha qovuşmasını təmin edir. Bu məqamda ölkəmizdə sahibkarlığın inkişafına dövlətimizin və onun başçısının necə güclü dəstək verdiyini yada salmaq istərdim. Sahibkarların maarifləndirilməsindən və hüquqlarının müdafiəsindən başlamış, güzəştli kreditlər verilməsinə, investisiya təminatına, elektron xidmətlər göstərilməsinə, xüsusi iqtisadi zonalar, sənaye parkları və biznes inkubatorları yaradılmasınadək çoxsaylı tədbirlər dövlətin əlverişli sahibkarlıq mühiti formalaşdırmaq üçün məqsədyönlü siyasət apardığını göstərir. Bunun nəticəsidir ki, indi ölkə iqtisadiyyatında özəl sektorun payı səksən faizdən çoxdur.

İqtisadiyyatı güclü olan dövlət qarşısına çıxan bütün problemləri həll etməyə qadirdir – cənab ­İlham Əliyevin apardığı siyasət bu tarixi həqiqətə söykənir və öz bəhrəsini verir. İqtisadi qüdrəti daim artan dövlətimiz xalqımızın yeganə ağrılı problemi olan Qarabağ münaqişəsinin həlli istiqamətində öz gücünü göstərməkdədir. Azərbaycan büdcəsində hərbi quruculuq və müdafiə məqsədləri üçün ayrılan vəsaitin işğalçı Ermənistanın bütövlükdə dövlət büdcəsini üstələməsi ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Biz nə qədər bu münaqişənin dinc vasitələrlə və danışıqlar yolu ilə öz həllini tapmasını arzulasaq da, təcavüzkar Ermənistan işğaldan əl çəkib sülhə gəlmək, münaqişəni qan tökülmədən sahmana salmaq niyyətindən uzaq görünür. Belə vəziyyətdə Azərbaycan öz hərbi üstünlüyündən istifadə etmək məcburiyyətindədir və 2016-cı ilin aprelində düşmən təxribatına cavab olaraq ordumuzun məhdud sayda qüvvə ilə gerçəkləşdirdiyi əks-həmlə əməliyyatı bu üstünlüyü bir daha nümayiş etdirdi. Aprel döyüşləri ordumuzun təkcə taktiki-texniki cəhətdən deyil, həm də qəhrəman əsgər və zabitlərimizin yüksək döyüş ruhu və vətənpərvərlik duyğusuna görə düşməndən qat-qat güclü olduğunu göstərdi. Təbii ki, ordumuzu belə güclü edən ən mühüm amil Ali Baş Komandanın – cənab İlham Əliyevin dövlətimizin hərbi qüdrətinin artmasına xüsusi qayğı və diqqət göstərməsidir.

Bu gün Azərbaycan özü müharibə vəziyyətində olmaqla yanaşı, həm də dünyanın ən təhlükəli, qanlı-qadalı, terrorizm və hərbi qarşıdurmaların hökm sürdüyü bir regionu ilə qonşuluqdadır və belə şəraitdə balanslaşdırılmış, müstəqil siyasət aparmaq heç də asan iş deyildir. Beynəlxalq münasibətlər sistemində ikili standartların tətbiq edilməsi, əksər hallarda haqqın nahaqqın ayağına verilməsi bu işi daha da çətinləşdirir. Cənab İlham Əliyev bu mürəkkəb geosiyasi situasiyada ən düzgün olan yolu seçərək xarici siyasətdə də milli maraqlarımızı tam təmin edir. Belə qətiyyətli və uzaqgörən siyasətə xalqın dəstək verməsi təbiidir və möhtərəm
Prezidentimizin dünya miqyasındakı nüfuzu bizi qürurlandırmaya bilməz.

Məncə, təcavüzkarla, xarici düşmənlə mübarizə aparmaq xalqın öz içərisindən çıxan xəyanətkarları cilovlamaqdan, onların təxribatlarının qarşısını almaqdan daha asandır. Çox təəssüf ki, Azərbaycanda da zaman-zaman belə hallar baş verir, öz şəxsi mənafeyini dövlətin, millətin maraqlarından üstün tutanlar, ölkəmizin inkişafını, xalqımızın rifahını gözü götürməyən əcnəbi bədxahlarımızın, ermənipərəst qüvvələrin əlində oyuncağa çevrilənlər tapılır. Prezident seçkiləri ərəfəsində də belə antimilli qüvvələrin fəallaşması nə qədər gözləniləndisə, onların əl atdıqları vasitələr heç bir mənəvi-əxlaqi çərçivəyə sığan deyildisə, nəticə etibarı ilə fiaskoya uğramaları, gülünc vəziyyətə düşmələri bir o qədər gözlənilən və məntiqi idi. Həmin yaramazların primitiv və əxlaqsız hərəkətləri, söyüş və təhqirləri Azərbaycan cəmiyyətində hədsiz qəzəb və nifrət doğurdu. Bununla ictimai rəyə təsir göstərə biləcəklərini düşünənlər bir daha möhkəm yanıldılar.

11 aprel seçkiləri bir daha göstərdi ki, xalqımız özünə lider və rəhbər seçməyə də, onu qorumağa da qadirdir. Xalqımız öz müstəqil dövlətçiliyinin, əmin-amanlığının və dincliyinin dəyərini bilir və onu daim qoruyacaqdır! Bu gün Azərbaycanın sakitlik və sabit inkişaf məkanı kimi tanınması və qəbul edilməsi bizim hər birimizin qəlbində sonsuz qürur və iftixar hissi doğurur.

Bəli, prezident seçkiləri ilə ölkəmizin həyatında yeni mərhələ başlanmışdır. Bu da müstəqil dövlətçiliyimizin bərpasından sonrakı dövrdə qazanılmış nailiyyətlərin daha da zənginləşdirilməsi, həmçinin, zamanın çağırışlarına cavab verən yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi ilə əlamətdar olacaqdır. Heç şübhəsiz, belə taleyüklü bir məsələdə hansısa eksperimentə ehtiyac qalmır, tariximizə və taleyimizə sahiblik bizim üçün ən mühüm amildir. Dönə-dönə sübut olunub ki, cənab İlham Əliyevin apardığı siyasətin alternativi yoxdur və xalqımız müdrikcəsinə öz səslərini önümüzdəki yeddi il üçün də müstəqil dövlətimizin daha da qüdrətlənməsinə, milli inkişafımıza təminat olan bu siyasətin davam etdirilməsinə vermişdir.

Hacı İBRAHİMOV,
 “DH-Hüquq Consulting” Şirkətinin vitse-prezidenti,
hüquq elmləri namizədi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında