Azərbaycanın uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün aparıcı mövqeyə malik olan Avropa dövlətlərinin bir çoxu beynəlxalq münasibətlər sistemində ölkəmizin tərəfdaşı kimi çıxış edirlər. Bu ölkələrdən biri də nəinki Avropanın, dünyaınn siyasi və iqtisadi həyatında, beynəlxalq münasibətlər sistemində çox mühüm yeri olan Böyük Britaniyadır. Siyasi baxımdan Azərbaycan Böyük Britaniya üçün Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaşdır. Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Böyük Britaniyanın ölkəmizin ərazi bütövlüyünə verdiyi dəyişməz dəstək Azərbaycan tərəfindən hər zaman yüksək qiymətləndirilir. BMT Təhlükəsizlik Şurasında Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılmasını tələb edən qətnamələrin qəbulunda Böyük Britaniyanın böyük təsiri olub. Bu ölkə, həmçinin Azərbaycanın Avropa məkanına və strukturlarına inteqrasiyasına öz dəstəyini verməkdədir.
Azərbaycanla Böyük Britaniya arasında siyasi-diplomatik münasibətlər 1993-cü ildə Heydər Əliyevin ölkəmizə yenidən rəhbərliyə başlamasından sonra inkişaf mərhələsinə qədəm qoyub. 1993-cü ilin oktyabrında Azərbaycana səfərə gələn Böyük Britaniyanın dövlət naziri Duqlas Hoqq ulu öndərimiz Heydər Əliyevin andiçmə mərasimində iştirak edib. Duqlas Hoqq Bakıda bir daha Birləşmiş Krallığın Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi saydığını elan edib.
1994-cü ilin fevralında ulu öndər Heydər Əliyev Böyük Britaniyaya ilk dəfə rəsmi səfər edib. Bundan bir neçə ay sonra isə bağlanan “Əsrin müqaviləsi”ndə bu ölkənin BP şirkəti də iştirak edib. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Böyük Britaniyaya növbəti rəsmi səfəri zamanı neft şirkətləri ilə daha üç sazişi bağlanıb. Beləliklə, 1994-cü ildən başlayaraq Azərbaycan və Böyük Britaniya enerji sahəsində uğurlu əməkdaşlıq modeli yaradıblar.
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında əlaqələr dinamik inkişaf edir. Hər iki ölkənin iqtisadiyyat, ticarət, investisiya, sənaye, enerji, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, təhsil, mədəniyyət və turizm, gənclər və idman, ekologiya sahələrində mövcud əməkdaşlıq getdikcə möhkəmlənir.
Hazırda Azərbaycanda 500-dən çox Britaniya sərmayəli şirkət fəaliyyət göstərir, ölkəmizdə həyata keçirilən layihələrdə həmin şirkətlər podratçı qismində iştirak edir. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Belə ki, indiyədək Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən 27 milyard ABŞ dollarından çox investisiya yatırılıb. Bu vaxta qədər iki ölkə arasında 10-a yaxın biznes-forum və investisiya sammiti təşkil edilib.
Son illər ərzində Azərbaycan-Böyük Britaniya əməkdaşlığı çərçivəsində enerji, neft-qaz, kənd təsərrüfatı, nəqliyyat, İKT, turizm, təhsil, maliyyə, səhiyyə, mədəniyyət sahələrində mühüm nəticələr əldə edilib. Azərbaycan bu ölkə ilə neft sektoru ilə yanaşı, qeyri-neft sahəsində də əlaqələrin genişləndirilməsində hər zaman maraqlı olub.
Azərbaycanda Britaniya istehsalı olan 29 adda dərman dövlət qeydiyyatından keçib və ölkəmizdə dərman preparatlarının, tibbi avadanlığın birgə istehsalı sahəsində bu ölkə ilə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulub.
Ölkələrimiz arasında neft-qaz sahəsində əməkdaşlıq da genişdir. Böyük Britaniyanın BP şirkətinin neft-qaz sektorunda 7 layihədə, eləcə də Bakı-Tbilisi-Ceyhan, “Cənub” qaz dəhlizi kimi layihələrdə fəal iştirakı bunun bariz ifadəsidir.
Son illərdə hər iki ölkənin dövlət baytarlıq orqanları arasında informasiya mübadiləsinin, kənd təsərrüfatı məhsulları ticarətinin aparılmasına da mühüm önəm verilib.
Humanitar sahədə əməkdaşlığa gəlincə, Azərbaycan və Böyük Britaniya ali təhsil müəssisələri arasında əməkdaşlıq və tələbə mübadiləsi həyata keçirilir. Hazırda 270 azərbaycanlı tələbə Böyük Britaniyada, britaniyalı gənclər isə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alırlar.
Azərbaycanda və Böyük Britaniyada reallaşdırılan bir sıra turizm və mədəniyyət tədbirlərində hər iki ölkə qarşılıqlı şəkildə iştirak edir, müvafiq sahələrdə ali təhsil müəssisələri və təşkilatlar, muzeylər arasında əməkdaşlıq getdikcə möhkəmləndirilir.
Bir müddət bundan əvvəl Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası çərçivəsində, Azərbaycan və Böyük Britaniya şirkətləri arasında 2 memorandum imzalanıb. Bu sənədlərin imzalanması nəticəsində Bakıda hasilat sahəsində istifadə olunan nasosların ölkə daxilində və vahid mərkəzdən təmiri və texniki baxışı təmin ediləcək, nəticədə isə xərclərə və vaxta qənaət olunacaq.
Yuxarıda qeyd edilənlər iki ölkə arasında əməkdaşlığın getdikcə möhkəmlənməsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Meyin dəvəti ilə bu ölkəyə səfəri çərçivəsində keçirdiyi görüşlər də bunun bariz ifadəsidir.
Xatırladaq ki, dövlətimizin başçısının Londonda Böyük Britaniya parlamentinin İcmalar Palatasının üzvü, Azərbaycan ilə dostluq qrupunun sədri Bob Bləkmən, Lordlar Palatasının üzvü, Azərbaycanın Leyborist dostları qrupunun sədri Lord Devid Evans və İcmalar Palatasının üzvü, Şimali İrlandiya üzrə dövlət nazirinin müavini Devid Morris, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan, Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed ilə birgə görüşlərində ikitərəfli münasibətlərin inkişafı, xüsusilə investisiya, biznes əlaqələri, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələləri ətrafında, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb.
Londonda BP şirkətinin baş icraçı direktoru Robert Dadli ilə görüşdə isə “Şahdəniz” layihəsi üzrə görülən işlər, həmçinin bu ilin iyununda TANAP layihəsinin açılışı ilə bağlı fikir mübadiləsi edilib. “Şəfəq-Asiman” strukturu üzrə imzalanan hasilatın pay bölgüsü sazişi əsasında görülən işlərin intensivləşdirilməsinin əhəmiyyəti xatırladılıb. Söhbət zamanı Azərbaycan ilə BP şirkəti arasında uzun illər ərzində davam edən əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.
Prezident İlham Əliyevin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri xanım Tereza Mey ilə görüşü də ikitərəfli əməkdaşlığın daha da inkişafı baxımından mühüm önəm daşıyır. Dövlətimizin başçısı və Tereza Meyin iştirakı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), “BP Exploration (Azerbaijan) Limited” şirkəti, habelə SOCAR-ın Ortaq Neft Şirkəti arasında Xəzər dənizinin Azərbaycan sektorunda D230 perspektiv blokunun birgə kəşfiyyatı və işlənilməsi üzrə hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.
İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, təmsil olunduğu şirkətlə BP arasında artıq uzunmüddətli əməkdaşlıq ənənəsi formalaşıb. Hər iki şirkətin malik olduğu müasir neft-qaz texnologiyaları və unikal tarixi təcrübə sayəsində bu əməkdaşlıq öz uğur silsiləsini bundan sonra da davam etdirəcək. İmzalanan yeni saziş bərabər və ədalətli əsaslar üzərində qurulub və Azərbaycanın təbii ehtiyatlarının ortaq şəkildə maksimum səmərə ilə reallaşdırılması istiqamətində mühüm rol oynayacaq.
BP şirkətinin baş icraçı direktoru Robert Dadli isə deyib ki, bu saziş Azərbaycanda uzun müddətli hasilatı dəstəkləmək üçün Xəzərdə əlavə imkanların araşdırılması məqsədilə SOCAR və BP-nin yeni birgə səylərinə söykənir. İyirmi beş ildən çoxdur ki, BP şirkəti bu regionda fəaliyyət göstərir.
Robert Dadli çıxışında burada hələ də əhəmiyyətli neft və qaz potensialının mövcudluğuna əminliyini vurğulayıb: “Biz SOCAR və digər tərəflərlə sıx işləyərək geoloji kəşfiyyat işləri aparmaqla və qarşıdakı onilliklərdə Xəzərin gələcəyini təmin etməyə yardımçı olmaqla Azərbaycandakı əhəmiyyətli biznesimizi artırmaqda davam edəcəyik.”
Yeri gəlmişkən, D230 bloku Xəzər dənizində Bakının şimal-şərq istiqamətində təxminən 135 kilometr məsafədə yerləşir. Blok təxminən 3200 kvadratkilometr ərazini əhatə edir. Blokun məhsuldar laylarının gözlənilən dərinliyi təxminən 3500 metrdir.
İyirmi beş illik müddəti əhatə edən HPBS-ə əsasən BP 50 faiz işitrak payına malik olmaqla kəşfiyyat dövründə operator kimi çıxış edəcək və iştirak payının digər 50 faizi isə SOCAR-a məxsus olacaq.
Bundan əvvəl, 2016-cı ilin may ayında, D230 blokunda geoloji kəşfiyyat işlərinin aparılması haqqında SOCAR-la Qarşılıqlı Anlaşma Memorandumu imzalanıb.
Qeyd edək ki, BP və tərəfdaşları Azərbaycanda ilk HPBS-i SOCAR-la 1994-cü ildə Azəri, Çıraq yataqlarının və Günəşli (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin işlənməsi üçün imzalayıb. AÇG üzrə hasilat 1997-ci ildə başlayıb və həmin vaxtdan etibarən bu yataqlardan ümumilikdə 3,3 milyard bareldən artıq neft hasil edilib. 2017-ci ildə SOCAR və AÇG tərəfdaşları tərəfindən düzəliş edilərək yenidən tərtib olunan HPBS-i imzalanıb, bununla da həmin sazişin müddəti 2049-cu ilin sonuna qədər uzadılıb.
BP və tərəfdaşları tərəfindən 1996-cı ildə Şahdəniz qaz-kondensat yatağının işlənməsi üçün HPBS-i imzalanıb. Bu yataqdan hasilat 2006-cı ildə başlanılıb. Yatağın işlənməsinin ikinci mərhələsi, yəni “Şahdəniz 2” layihəsi çərçivəsində hasilatın isə bu il başlanması nəzərdə tutulub.
BP tərəfindən, həmçinin SOCAR-la 2010-cu ildə Şəfəq-Asiman bloku və 2014-cü ildə Abşeron yarımadasının ətrafındakı dayaz sulu ərazi üzrə geoloji-kəşfiyyat HPBS-i imzalanıb. Hər iki HPBS çərçivəsində seysmik tədqiqat proqramları başa çatdırılıb və hazırda qazma əməliyyatlarının planlaşdırılması işləri həyata keçirilir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.