Azərbaycan-Türkiyə münasibətlərindən söhbət açarkən, ilk növbədə, bu iki ölkə arasında əlaqələrin böyük və şərəfli tarixinə nəzər salmaq istərdik. Hər zaman ortaq dil və din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında mühüm yer tutub. Xatırladaq ki, Azərbaycan və Türkiyə öz tarixlərinin ən mürəkkəb dövrlərində belə bir-birinə dəstək olublar. 1918-ci ildə Nuru paşanın komandanlığı ilə Türk Qafqaz İslam Ordusunun uzun mübarizələr və müharibələr nəticəsində Bakını xilas etməsi Azərbaycan üçün taleyüklü bir məsələnin gerçəkləşməsinin nümayişinə çevrilib. Bununla bağlı dahi öndərimiz deyirdi: “Türk ordusunun Azərbaycana, Bakıya gəlməsi, Azərbaycanı daşnakların təcavüzündən xilas etməsi hər bir azərbaycanlının qəlbində yaşayır. Azərbaycan xalqı həmin ağır dövrdə türk xalqının ona göstərdiyi köməyi heç vaxt unutmayacaqdır”.
İki qardaş ölkə arasında münasibətlər sonrakı dövrlərdə də diqqət çəkib. Belə ki, hələ Azərbaycan keçmiş SSRİ-nin tərkibində olarkən iki respublika arasında rəsmi münasibətlər mövcud olub. 1967-ci ildə Türkiyə Cümhuriyyətinin Baş naziri Süleyman Dəmirəlin və 1969-cu ildə Türkiyə Cümhuriyyətinin Prezidenti Cövdət Sunayın Bakıya səfərləri bu əlaqələrin xarakterinin müəyyənləşməsində önəmli rol oynayıb.
Onu da xatırladaq ki, Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir” və ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirləri həm Türkiyədə, həm də Azərbaycanda iki ölkə arasındakı münasibətlərin tarixini, bugününü, eyni zamanda, perspektivlərini özündə parlaq ifadə edən ən mükəmməl formul kimi hazırda da qəbul olunur, bunun gələcək zamanlarda da mühüm önəm daşıyacağı heç bir şübhə doğurmur.
Yeri gəlmişkən, Azərbaycan-Türkiyə arasında ikitərəfli siyasi münasibətlərə də nəzər salaq. Xatırladaq ki, respublikamız 1991-ci ildə öz müstəqilliyini bərpa edəndən sonra 1991-ci il noyabrın 9-da onu tanıyan ilk dövlət məhz Türkiyə oldu. 1992-ci il yanvar ayının 14-də isə Azərbaycan-Türkiyə diplomatik əlaqələrinin əsası qoyuldu. Həmin vaxtdan etibarən Türkiyənin Azərbaycanda, 1992-ci ilin avqustundan isə Azərbaycanın Türkiyədə diplomatik missiyası fəaliyyətə başladı.
Diplomatik münasibətlərin yaradılması iki ölkə arasında qarşılıqlı əlaqələrin inkişafında geniş perspektivlər açdı. Türliyə Prezidenti Turqut Özalın ölkəmizə 1992-ci il 1-3 may tarixli səfəri və səfər zamanı imzalanan Birgə Bəyanat qarşılıqlı əlaqələrin əsas prinsiplərini və inkişaf perspektivini müəyyənləşdirdi. Hər iki qardaş dövlət qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini əsas tutaraq ardıcıl addımlar atmağa başladı. Türkiyə müstəqil dövlət quruculuğu yoluna qədəm qoyan Azərbaycan Respublikasının səylərini dəstəkləyərək, hərtərəfli əlaqələrin inkişafına geniş yardım göstərdi.
Azərbaycanın beynəlxalq aləmə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi önəm verən ümummilli liderimiz 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra bu istiqamətdə kursun yüksələn xətt üzrə inkişafını təmin etdi. Bununla bağlı ulu öndərimiz Heydər Əliyev Yeni Əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində qeyd edirdi: “1993-cü ilin yayından başlayaraq, Türkiyəyə münasibətdə də xarici siyasət kursunda ciddi dəyişikliklər edildi və Azərbaycan-Türkiyə münasibətlərində keyfiyyətcə yeni bir mərhələ başlandı. Bu gün Türkiyə Azərbaycanın ən etibarlı siyasi müttəfiqi, bərabər hüquqlu iqtisadi tərəf-müqabilidir. İki qardaş dövlətin başçılarının qarşılıqlı rəsmi səfərləri zamanı hərtərəfli əməkdaşlığımızı əhatə edən bir sıra mühüm sənədlər imzalanmışdır. Azərbaycan-Türkiyə münasibətləri iki qardaş xalqın mənafelərinə xidmət etməklə yanaşı, dünyada və bölgədə sülhün və əmin-amanlığın bərqərar olması işinə də öz töhfəsini verir”.
Xatırladaq ki, ümummilli liderimizin Azərbaycan Respublikasının Prezidenti olaraq Türkiyəyə üç rəsmi, iki qeyri-rəsmi, on beş işgüzar səfər etməsi dahi öndərin xarici siyasət konsepsiyasında Türkiyəyə verdiyi önəmin bariz ifadəsi idi.
2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev də Türkiyə ilə münasibətlərin inkişafına xüsusi diqqət yetirib. Dövlətimizin başçısının 2004-cü il 13-15 aprel tarixində Türkiyəyə ilk rəsmi səfərindən sonra bu, ardıcıl xarakter daşıyıb.
Ötən müddətdə qarşılıqlı etibar və həmrəylik əsasında formalaşan Azərbaycan-Türkiyə əlaqələri beynəlxalq platformalarda da davam edib. Hər iki dövlət Birləşmiş Millətlər Təşkilatı, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Şurası və İslam Əməkdaşlıq Təşkilatında birgə əməkdaşlıq nümayiş etdirib.
Burada mühüm bir məqamı da xatırlatmaq istərdik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ilk günlərindən Türkiyə dövləti daim Azərbaycanın haqlı tələblərini ardıcıl müdafiə edib, mütəmadi olaraq Ermənistanın işğalda saxladığı tarixi Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxması tələbini irəli sürüb və ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərib. Münaqişənin həlli yolunun yalnız Azərbaycanın razılaşacağı şərtlər çərçivəsində qəbul edəcəyini bildirən Türkiyə bu məsələ öz ədalətli həllini tapmayana qədər Ermənistan ilə diplomatik münasibətlər qurmayacağını və heç bir iqtisadi əlaqə yaratmayacağı barədə prinsipial mövqeyindən dönməyəcəyini ən yüksək dövlət və hökumət nümayəndələri səviyyəsində dəfələrlə bəyan edib.
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra iki ölkə arasında sosial-iqtisadi baxımdan onilliklərə bərabər inkişaf yolu keçilib. Bu dövrdə əldə olunan iqtisadi uğurlar Azərbaycan-Türkiyə münasibətlərində özünü yaxından büruzə verib. Respublikamızın təşəbbüsü sayəsində Türkiyə ilə enerji daşıyıcılarının nəqli istiqamətində əməkdaşlıq dərinləşib. Xüsusən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, eləcə də Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə bağlı əlaqələr bu iki türk dövlətinin strateji münasibətlərinə yeni məzmun gətirib, tərəflər arasındakı əməkdaşlığı regional, eyni zamanda, qlobal miqyasda möhkəmləndirib. TANAP layihəsi isə Azərbaycanla Türkiyə arasındakı sosial-iqtisadi və digər sahələrdə indiyədək mövcud olan qardaşlıq münasibətlərində əlavə dəstəyə çevrilib. Bütün bu layihələrin gerçəkləşməsində Azərbaycanın yerləşdiyi bölgədə apardığı müstəqil siyasət və cənab İlham Əliyevin siyasi iradəsi mühüm rol oynayıb.
İki ölkə arasında iqtisadi əməkdaşlıq investisiya qoyuluşunda da diqqət çəkir. Ötən il Azərbaycandan Türkiyə iqtisadiyyatına qoyulan birbaşa sərmayənin həcmi 1 milyard 9 milyon dollar olub. 2010-2016-cı illərdə isə bu göstərici 4 milyard 899 milyon dollar təşkil edib.
Türkiyə isə keçən il Azərbaycan iqtisadiyyatına 11 milyard dollar investisiya qoyub. Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin sayına görə də qardaş ölkə birincidir. Respublikamızda 2900-dan çox türk şirkəti fəaliyyət göstərir. Türkiyədə isə 2 minə yaxın Azərbaycan şirkəti qeydiyyatdan keçib.
Müasir dövrdə Azərbaycanın etibarlı strateji tərəfdaşı olan Türkiyə ilə münasibətlərin möhkəmləndirilib daha da genişləndirilməsi dövlətimizin xarici siyasətinin çox mühüm tərkib hissəsidir. Bu günədək “bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən münasibətlərin yüksək səviyyədə olduğunu bildirən Azərbaycan Prezidenti İlham Əliyev hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərlərinin ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynadığını vurğulayaraq qeyd edib: “Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu əlaqələr dostluq-qardaşlıq əsasında qurulubdur. Bizim çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz vardır. Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur... Bu gün bu gözəl ənənələr davam edir və bütün məsələlərdə əməkdaşlığımız yaxşı nəticələr verməkdədir”.
Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 24-də Türkiyə Respublikasına növbəti rəsmi səfəri də iki ölkə arasında dostluq münasibətlərinin əyani nümunəsi kimi diqqət çəkib.
Dövlətimizin başçısının söhbətlərində Azərbaycanın və Türkiyənin regionda əməkdaşlığa və təhlükəsizliyə verdiyi töhfənin, ölkələrimizin birlikdə qlobal əhəmiyyətli böyük strateji layihələr həyata keçirməsinin əhəmiyyəti xüsusi qeyd olunub.
Cənab İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşündə də iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafı məmnunluq ifadə edilib. Prezident İlham Əliyevin Türkiyəyə rəsmi səfərinin əlaqələrimizin inkişafı baxımından əhəmiyyəti xatırladılıb. Münasibətlərimizin siyasi, iqtisadi, energetika və digər sahələrdə uğurla inkişafı diqqətə çatdırılıb. Əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olunub. Bütün bunlar isə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VII iclasında, hər iki ölkə rəhbərinin iştirakı ilə sənədlərin imzalanması mərasimində və mətbuata bəyanatlarla çıxışlarında öz ifadəsini tapıb.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatında əvvəlcə cənab İlham Əliyevi aprelin 11-də keçirilən prezident seçkilərində böyük səs çoxluğu ilə qələbə qazanması münasibətilə təbrik edib. Qardaş ölkənin dövlət başçısı daha sonra deyib: “Ötən il oktyabrın 30-da - Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VI iclasından əvvəl Azərbaycanın paytaxtında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışını etdik. Dünyanın ən mühüm nəqliyyat dəhlizlərindən biri olan bu xəttin səmərəli şəkildə istifadəsi istiqamətində işlərimiz davam edir. İnşallah, bu fəaliyyətimizi çox qısa müddətdə başa çatdıracağıq. Gələcək üçün yeni layihələrimiz var, onları da həyata keçirəcəyik. Təbii ki, bunlardan ən mühümü iqtisadi sahədə milli valyutaya keçməyimiz olacaq”.
Türkiyə Respublikasının Prezidenti bəyanatında yaxın vaxtlarda Transanadolu təbii qaz kəmərinin - TANAP-ın açılışının olacağını, “Star” neft emalı zavodunun tikintisinin də yaxın vaxtlarda başa çatacağını diqqətə çatdırıb. Eyni zamanda, preferensial ticarət sazişi üzrə müzakirələrə dair Anlaşma Memorandumunun imzalanmasından böyük məmnunluq duyduğunu xüsusi vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev isə bəyanatında bildirib: “Əziz qardaşımın liderliyi sayəsində Türkiyə böyük və şərəfli yol keçmişdir. Biz - Azərbaycanda Türkiyəni sevən insanlar qardaş ölkədə inkişaf proseslərini çox böyük sevinclə qarşılayırıq. Prezident Rəcəb Tayyib Ərdoğanın dövründə Türkiyənin iqtisadi, siyasi, sosial inkişafı bizi ürəkdən sevindirir. Türkiyə bu gün dünya çapında bir gücdür və getdikcə bu güc daha da böyüyür, dostlar sevinir, istəməyənlərin isə kefi pozulur. Biz Azərbaycanda böyük sevinc hissi ilə Türkiyənin inkişafını görürük. Əminəm ki, Türkiyə bundan sonra da yalnız və yalnız uğurlar, qələbələr yolu ilə gedəcəkdir. Fürsətdən istifadə edərək, əziz qardaşımı seçkilərdən sonra ilk səfərini Azərbaycana etməyə dəvət edirəm ki, bu ənənə bundan sonra da yaşasın.
Biz bütün məsələlərdə bir yerdəyik. Mən qeyd etdiyim kimi, bu gün dünya çapında ikinci belə ölkələr tapılmaz ki, bir-birinə bu qədər yaxın olsun. Həm etnik köklər, mədəniyyət, tarix və həm də ortaq maraqlar baxımından da biz daim bir yerdəyik”.
Hər zaman olduğu kimi, bu gün də Türkiyə-Azərbaycan münasibətləri həm iki ölkə üçün, həm də region üçün mühüm önəm daşıyır. Hazırda ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və bütün sahələrdə bu əlaqələr uğurla inkişaf edir. Dövlətimizin başçısı cənab İlham Əliyevin bəyan etdiyi kimi, bölgədə Türkiyə-Azərbaycan əməkdaşlığı, işbirliyi olmadan heç bir təşəbbüs, heç bir layihə həyata keçirilə bilməz. Hər iki dövlət özünün iqtisadi və enerji imkanlarından, eləcə də geosiyasi mövqeyindən ikitərəfli və regional əməkdaşlığın genişlənməsi istiqamətində səmərəli surətdə istifadə edir. Bu isə regionda sülhün, sabitliyin möhkəmlənməsinə mühüm təsir göstərir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.