Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edərək hesabat dövründə ölkəmizin siyasi, sosial- iqtisadi sahələrində görülən işlərə nəzər salıb, qarşıda duran əsas strateji hədəfləri müəyyənləşdirib. Dövlət başçısı giriş nitqində vurğulayıb ki, ölkəmiz cari ilin birinci rübündə uğurla inkişaf edib, nəzərdə tutulan bütün vəzifələr artıqlaması ilə yerinə yetirilib, ölkəmiz güclənib. Dövlətimizin başçısı bu müsbət dinamikanın ilin sonuna qədər saxlanılacağına əminliyini bildirib.
Prezident İlham Əliyev birinci rübdə ölkəmizdə bir neçə mötəbər beynəlxalq tədbir keçirildiyini, bunun nəticəsində Azərbaycanın beynəlxalq nüfuzunun daha da artdığını diqqətə çatdırıb.
Ölkə rəhbəri həmin tədbirlər sırasında VI Bakı Qlobal Forumunu xüsusi qeyd edib. Bildirib ki, adıçəkilən forum qısa müddət ərzində dünya miqyasında böyük nüfuz qazanan bir beynəlxalq platformadır. Bunu sözügedən tədbirdə həm müzakirə olunan məsələlər, həm də gələn qonaqların siyahısı da təsdiqləyir.
Prezident, eyni zamanda, hesabat dövründə respublikamıza 7 dövlət və hökumət başçısının səfər etməsinin Azərbaycanın dost ölkələrlə ikitərəfli münasibətlərinin inkişafı üçün önəmli rol oynadığını xatırladıb.
Dövlət başçısı nitqində Azərbaycanın təşəbbüsü ilə bu il ilk dəfə olaraq regional əməkdaşlıq çərçivəsində qonşularla dördtərəfli əməkdaşlıq formatına start verildiyini, respublikamızda Qoşulmama Hərəkatının konfransında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasına dair önəmli qətnamə qəbul edildiyini diqqətə çatdırıb.
Azərbaycan Prezidenti nitqində hesabat dövründə iqtisadi sahədə əldə edilən uğurlar barədə də söhbət açıb: “Birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. Bu, çox gözəl göstəricidir və dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artmışdır. Bu da iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir.
Birinci rübdə sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə təxminən 10 faiz artmışdır. Bu da ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Qeyri-neft sənayemiz 10 faiz artıb və hesab edirəm ki, bu, rekord göstərici sayıla bilər. Kənd təsərrüfatı 4,2 faiz artıb. Bu artımın tərkibində biz daha çox bitkiçiliyin artımını görürük, 50 faizdən çox artmışdır. Bu da son illər ərzində ənənəvi və digər texniki məhsulların yetişdirilməsi ilə bağlıdır. Bu da çox müsbət göstəricidir.
Ölkə iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulubdur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Bu, onu göstərir ki, ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir”.
Dövlət başçısı nitqində, eyni zamanda, birinci rübdə valyuta ehtiyatlarının 2,2 milyard dollar artaraq hazırda 44,2 milyard dollara çatmasını, xarici ticarət dövriyyəsinin 31 faiz, qeyri-neft ixracının isə 37 faiz yüksəlməsini, 34 min yeni iş yeri yaradılmasını, onlardan 31 mininin daimi olmasını, inflyasiyanın cəmi 4 faiz təşkil etməsini diqqətə çatdırıb.
Prezident İlham Əliyev hesabat dövründə əldə edilən uğurlarla bağlı daha sonra deyib: “Bax, budur bizim birinci rübdə əldə edilmiş əsas sosial-iqtisadi göstəricilərimiz. Hesab edirəm ki, hər bir ölkə bu göstəricilərlə fəxr edə bilər, o cümlədən biz. Bu, onu göstərir ki, biz düzgün yoldayıq. Azərbaycanın qarşısında heç bir iqtisadi və maliyyə çətinliyi yoxdur. Biz güclü iqtisadiyyat yaradaraq, eyni zamanda, sosial məsələlərin həllində addımlar atırıq. Əgər iqtisadi imkanlarımız olmasaydı, biz nəyin hesabına pensiyaları, maaşları qaldıra bilərdik, nəyin hesabına böyük investisiya qoya bilərdik, infrastruktur layihələrini nəyin hesabına həyata keçirə bilərdik?! İqtisadi güc və ondan əlavə bizim siyasətimiz bütün bu reallıqları yaradır”.
Nazirlər Kabinetinin iclasında birinci rübdə sosial məsələlərin uğurla həll edilməsi, bu sahədə qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi barədə də ətraflı danışılıb, əmək haqları və təqaüdlərin artırılması xatırladılıb. Bildirilib ki, bu məqsədlə dövlət büdcəsindən yüz milyonlarla manat vəsait ayrılması bir daha onu göstərir ki, dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İnsanların sosial müdafiəsinin təmin edilməsinə prioritet istiqamət kimi yanaşılır.
İclasda, həmçinin infrastrukturun yaradılması, birinci rübdə Dövlət İnvestisiya Proqramında nəzərdə tutulan bütün məsələlərin öz həllini tapması qeyd edilib. Hazırda bu sahədə geniş həcmdə tikinti-quruculuq işlərinin görülməsi, yeni xəstəxanaların, məktəblərin, “ASAN xidmət” mərkəzlərinin inşa edilməsi xatırladılıb. Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə sosial evlərin tikintisində mühüm uğurların əldə edilməsi vurğulanıb. Eyni zamanda, birinci rübdə “Cənub” qaz dəhlizinin yaradılması ilə bağlı önəmli addımlar atılması, Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı bütün işlərin tamamlanması, dəmir yolu infrastrukturunun yeniləşdirilməsinin diqqət mərkəzində saxlanılması da qeyd edilib.
Nazirlər Kabinetinin iclasında bildirilib ki, aparılan islahatlar nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektroenergetikanın sürətli inkişafı da təmin edilib, yeni tikilən müasir tipli elektrik stansiyaları hesabına generasiya gücləri 2400 MVt-a qədər artırılaraq 6400 MVt-a çatdırılıb. Nəticədə Azərbaycan daxili enerji tələbatını ödəməklə yanaşı, elektrik enerjisi idxal edən respublikadan ixrac edən ölkəyə çevrilib.
Görülmüş tədbirlər hesabına regional şəbəkələrdə ifrat yüklənmələr, qəza açılmaları minimuma endirilib, şəbəkələrin güc qəbuletmə qabiliyyəti iki dəfədən çox artırılıb, istehlakçıların, xüsusən də meqalayihələrin və mötəbər beynəlxalq tədbirlərin stabil enerji təchizatı təmin olunub.
Texniki itkilər Bakı şəhəri üzrə 7,8 faizə, regionlar üzrə 11,4 faizə endirilməklə, “Azərişıq” üzrə 9,6 faiz təşkil edib. Enerji haqlarının yığımı Bakı şəhəri üzrə 99 faizə, regionlarda 87 faizə yüksəldilməklə, “Azərişıq” üzrə 93 faizə çatdırılıb. “Azərenerji”yə ödənişlər 100 faiz təmin olunub, vergi və büdcə ödənişləri artıqlaması ilə reallaşdırılıb.
Bakı şəhəri üzrə şəbəkələrdə ifrat yüklənmələrin və sıçrayışların aradan qaldırılması məqsədi ilə 220 kv-luq beş qovşaq yarımstansiyasının əlaqələndirilməsi üçün 6 ədəd 110 kV-luq və 43 ədəd 35 kV-luq yarımstansiyalar tikilərək dairəvi elektrik təchizatı sxemi yaradılıb, hava xətləri kabel xətləri ilə əvəz olunub və güc mərkəzləri SCADA sisteminə qoşulub.
Bakı şəhərinin inkişafına uyğun gözlənilən güc artımının təmin olunması üçün 22 ədəd 110 kV-luq, 77 ədəd 35 kV-luq, 2 min ədəd 10 kV-luq transformator məntəqələri inşa edilib, 29 min kilometr elektrik xətləri çəkilib. Dövlət proqramlarının icrası ilə bağlı gücü 2600 MVt-dan çox olan iri layihələrin, xüsusən də pilot layihələr üzrə yeni yaşayış komplekslərinin inşası, Bakı Metropoliteninin yeni stansiyalarının tikintisi, “Ağ Şəhər” layihəsinin davamı, Füzuli meydanı və ətraf ərazidə aparılan yenidənqurma işləri və digər sahələrin enerji təminatı məqsədi ilə yeni 110 və 35 kV-luq yarımstansiyaların tikintisi və şəbəkələrin gücləndirilməsi istiqamətində işlər davam etdirilir.
İclasda yuxarıda sadalananlarla bərabər, texnoparkların və sənaye məhəllələrinin enerji təchizatı üçün ardıcıl tədbirlər həyata keçirilməsi, cəbhəyanı ərazilərdə yaşayan əhalinin enerji təchizatının yaxşılaşdırılması üçün Tərtər rayonunda bir ədəd 35 kV-luq, Cəbrayıl rayonu ərazisində 35 kV-luq “Cocuq Mərcanlı” və Qazax rayonunda 110 kV-luq “Daş Salahlı” yarımstansiyalarının tikilməsi xatırladılıb, “Azərişıq” tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə 12 növ xidmətin göstərilməsi və bu məqsədlə “ASAN xidmətlə iş” idarəsi yaradılması da diqqətə çatdırılıb.
Son illər ərzində respublikada kommunal xidmətlər sahəsində, o cümlədən içməli su təchizatı və kanalizasiya sektorunda kəmiyyət və keyfiyyət dəyişikliklərinə nail olunub. Bununla əlaqədar iclasda qeyd edilib ki, regionların, eləcə də Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramları çərçivəsində dayanıqlı və keyfiyyətli su mənbələri, içməli su təchizatı və kanalizasiya sistemləri yaradılıb, içməli su problemindən əziyyət çəkən kənd və qəsəbələrdə layihələr reallaşdırılıb.
Ölkə ərazisində 30-dan çox içməli su mənbəyi tikilərək istismara verilib. Oğuz-Qəbələ-Bakı su kəməri, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksi, Mingəçevir, Quba, Xanbulan sutəmizləyici, Külüllü, Qızılqaya, Göygöl suqəbuledici qurğuları, Şirvan-Muğan, Sabirabad-Saatlı qrup su kəmərləri və digər lokal mənbələr nəzərdə tutulan vaxtda gerçəkləşdirilib.
Su və kanalizasiya layihələrinin icrasına başlanılan 50 şəhər və rayon mərkəzinin 23-də su və kanalizasiya şəbəkələrinin, 10-da isə su şəbəkələrinin tikintisi başa çatdırılıb. Şəhər mərkəzləri ilə yanaşı, əhalisinin sayı ümumilikdə 630 min nəfər olan 520 kənddə də layihələr icra edilib.
Nazirlər Kabinetinin iclasında bildirilib ki, Prezident İlham Əliyevin 2017-ci il 17 mart tarixli sərəncamına uyğun olaraq, respublikanın 28 rayonunun 170 kəndində başlanan işlər bu ilin birinci rübündə tam başa çatdırılıb, 530 kilometr magistral və paylayıcı su xətləri çəkilib, əhalinin ümumi istifadəsi üçün 1432 bulaq quraşdırılıb. Bununla da 271 min nəfərin keyfiyyətli içməli suya çıxışı təmin edilib. Ötən il dövlət başçısının imzaladığı sərəncamlara əsasən, dövlət büdcəsindən ayrılan vəsait hesabına Abşeron yarımadasının 18 qəsəbəsində başlanılan işlər bu ilin yanvarında başa çatdırılıb.
Yuxarıda qeyd edilənlərlə bərabər, Xəzər dənizinə axıdılan tullantı sularının qarşısının alınması üçün 14 kilometr uzunluğunda Bayıl-Bibiheybət-Lökbatan, 15 kilometr uzunluğunda Novxanı-Sumqayıt kanalizasiya kollektorlarının inşası yekunlaşdırılıb, Bakı buxtasının sahili boyu mövcud xətlərin reabilitasiyası həyata keçirilib. Bununla da Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Şıx, Novxanı və Sumqayıt çimərliklərinin əhatə etdiyi böyük bir ərazidə tullantı sularının dənizə axıdılmasının qarşısı alınıb.
Bakı şəhərində və Abşeron rayonunda səth və qrunt sularının yaratdığı problemlərin həlli məqsədilə 16 ünvanda layihələr icra edilib, 30 kilometr yağış-kanalizasiya kollektorları inşa olunub və bu ünvanlarda problemlər həllini tapıb. Layihə çərçivəsində Böyükşor, Məhəmmədi, Kürdəxanı və Taşağıl göllərində qurulan infrastruktur su səviyyəsinin tənzimlənməsinə imkan yaradıb.
İstifadəsiz torpaq sahələrinin əkin dövriyyəsinə cəlb olunması barədə dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Zərdab, Hacıqabul və Şamaxı rayonlarının ərazisində 20 min hektar sahəni suvarma suyu ilə təmin edən iki layihə həyata keçirilib. Kür çayı sahilində məhsuldarlığı saniyədə 3 kubmetr olan sugötürücü qurğu, nasos stansiyası, həcmi 50 min kubmetr olan anbarlar tikilib, əkin sahələrinə 42 kilometr uzunluğunda əsas daşıyıcı kəmərlər çəkilib və ərazilərə suyun verilməsi təmin olunub.
Nazirlər Kabinetinin iclasında Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti barədə də ətraflı danışılıb. Bildirilib ki, dünyada cərəyan edən proseslərin yeni çağırışlarına uyğunlaşmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilən geniş iqtisadi islahatlar çərçivəsində 2016-cı ildə yaradılmış adıçəkilən agentliyin əsas məqsədi çoxmənzilli yaşayış binalarının tikilməsi və həmin binalardan müxtəlif sosial təbəqələrdən olan aztəminatlı, gənc ailələrə güzəştli şərtlərlə mənzillərin əldə edilməsi üçün imkanların yaradılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır.
Hazırda ilk layihələrin qısa müddət ərzində reallaşdırılmasını təmin etmək məqsədilə agentliyə Bakı şəhərinin əvvəlcə Yasamal rayonunda sahəsi 11,6 hektar, daha sonra isə Suraxanı rayonunun Hövsan qəsəbəsində 20 hektar torpaq sahələri ayrılıb. Həmin sahələrdə 2016-cı il dekabrın 24-də agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin, 2017-ci il dekabrın 24-də isə Hövsan Yaşayış Kompleksinin təməli qoyulub.
29 çoxmənzilli yaşayış binasından ibarət olan Yasamal Yaşayış Kompleksində 1843 ailənin mənzillə təmin edilməsi planlaşdırılır. Bu da 6 mindən çox insanın mənzil probleminin həll edilməsi deməkdir. Hazırda kompleksdə tikinti işləri sürətlə davam edir. Artıq 19 binada konstruksiya və hörgü işləri yekunlaşdırılıb, təmir işlərinə başlanılıb. Cari ilin iyun ayında ilk mənzillər tam təmirli, mətbəx mebeli ilə təchiz edilmiş vəziyyətdə təhvil veriləcək. Eyni zamanda, bu şəhərcikdə 960 şagird yerlik orta təhsil məktəbi və 240 yerlik uşaq bağçası tikilməkdədir.
İclasda yekun nitqi söyləyən Azərbaycan Prezidenti İlham Əliyev qarşıda duran vəzifələrdən danışaraq, ölkənin sosial həyatı, iqtisadiyyatın inkişafı, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin verilməsi istiqamətlərində dövlət tərəfindən bütün zəruri tədbirlərin davam etdiriləcəyinin anonsunu verib. Eyni zamanda, nəzərə çarpan nöqsanların qısa zamanda aradan qaldırılmasının zəruriliyini diqqətə çatdırıb.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.