Xalqımız 11 aprel prezident seçkilərində yenidən güclü dövlətə, işıqlı gələcəyə, sürətli inkişafa səs verdi

11 aprel 2018-ci il prezident seçkilərində xalqımız bir daha öz taleyinə biganə qalmadığını, gələcək naminə düzgün seçim etdiyini, ən layiqli namizədə səs verdiyini sübuta yetirdi, bununla da Azərbaycanın gələcək tərəqqisinin, davamlı inkişafının məhz mövcud siyasi kursun davamlılığının təminatından asılı olduğunu əyani göstərdi. Bu seçim cənab İlham Əliyevin ötən 15 ildə Azərbaycanı dinamik inkişaf yoluna çıxarması ilə şərtlənən tərəqqi kursunun vətəndaşlar tərəfindən dəstəklənməsinin təcəssümü oldu.

Qeyd edilən fikir 11 aprel seçkilərində cənab İlham Əliyevin ona göstərilən böyük etimada görə xalqımıza müraciətində də öz aydın ifadəsini tapıb. Dövlət başçısının dediyi kimi, 11 aprel prezident seçkilərində insanlar öz iradələrini bir daha ortaya qoymuşlar: “Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm.

Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq”.

Son 15 ildə Prezident İlham Əliyev Azərbaycanda praqmatik və realist siyasət yürüdüb, ulu öndər Heydər Əliyevin siyasi kursuna istinad etməklə, bu dahi şəxsiyyətin ideyalarını siyasi, sosial-iqtisadi sahələrdə layiqincə reallaşdırıb. Azərbaycanda müstəqil dövlətçilik ənənələrini formalaşdırıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradıb. Ölkəmiz hazırda regionda həyata keçirilən qlobal enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilib, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlib, respublikada sosial problemlərin həlli - işsizliyin, yoxsulluğun aradan qaldırılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər həyata keçirilib.

Ötən müddətdə respublikamız iqtisadi sahədə keçid dövrünü başa vurub, milli iqtisadiyyatın inkişafı üçün mühüm qanunlar qəbul olunub, dünya iqtisadi-təsərrüfat sisteminə uğurlu inteqrasiyası reallaşdırılıb, güclü yanacaq-energetika, neft sənayesi formalaşdırılıb, sahibkarlığın, özəl bölmənin tərəqqisi diqqət mərkəzində saxlanılıb. Şübhəsiz ki, bütün bunlar sosial problemlərin həllini sürətləndirib, bu sahədə müsbət nəticələrə nail olunub.

Prezident İlham Əliyev yuxarıda qeyd edilən müraciətində bununla bağlı deyib: “Son 15 il ərzində iqtisadi sahədə Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. İqtisadiyyatımız 3,2 dəfə artmışdır və bu gün Azərbaycan dünyanın ən rəqabətqabiliyyətli ölkələri sırasındadır. Rəqabət qabiliyyətliliyinə görə biz 35-ci yerdəyik.

Siyasətimizin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, onun rifahı olubdur. Son 15 il ərzində maaşlar və pensiyalar 8 dəfə artmışdır. Bu siyasət bundan sonra da davam etdiriləcəkdir. Azərbaycan bu illər ərzində kosmik dövlətə çevrilibdir. Biz ən qabaqcıl texnologiyaları ölkəmizə gətiririk, tətbiq edirik və texnoloji, elmi inkişaf gələcək fəaliyyətimiz üçün də əsas prioritetlərdən biri olacaqdır.

Bir sözlə, bütün istiqamətlər üzrə nəticələr göz qabağındadır. Azərbaycan nəhəng enerji və nəqliyyat layihələrini icra edir. Bizim təşəbbüsümüz və fəal iştirakımızla o layihələr əsasında Avrasiyanın enerji və nəqliyyat xəritələri yenidən tərtib olunur. Azərbaycan dövləti heç vaxt bugünkü qədər güclü olmamışdır. Biz güclü dövlət qurmuşuq, daha da güclü Azərbaycan qurmalıyıq və əminəm ki, quracağıq”.

Bu gün tam əminliklə deyə bilərik ki, son 15 ildə əhalinin rifahının yüksəldilməsinə hədəflənən sosial-iqtisadi siyasət nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bundan sonra daha da qüdrətlənməsi üçün təməl rolunu oynayacaq. Uğurlarımızı ifadə edən həmin göstəricilərə qısa nəzər salaq. Bu dövrdə ümumi daxili məhsul real həcmdə 3,2 dəfə, sənaye məhsulunun istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, əsas kapitala yönəldilən investisiyalar 3 dəfə, əhalinin adambaşına düşən gəlirləri 7,2 dəfə, orta aylıq əməkhaqqı 6,8 dəfə, onun real həcmi 2,4 dəfə, banklardakı əmanətlər 30 dəfə artıb, 1,9 milyondan çox yeni iş yeri açılıb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib, orta ömür uzunluğu 72,4 ildən 75,4 ilə yüksəlib. Dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, Dövlət Sosial Müdafiə Fondunun xərcləri 9 dəfə çoxalıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq, ötən ilin sonuna 42 milyard ABŞ dolları təşkil edib.

Azərbaycanın təşəbbüskarı olduğu və bütün dünyada geniş əks-səda doğuran Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, “Cənub” qaz dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji əhəmiyyətli tarixi layihələrin icrası reallaşdırılıb.

“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi, “Şahdəniz” qaz yatağının mərhələlərlə istismarı Azərbaycanın dünyanın neft-qaz bazarına daxil olmasına əsaslı zəmin yaradıb. Ötən il “Əsrin müqaviləsi” üzrə xarici tərəfdaşlarla birlikdə aparılan danışıqlar yekunlaşıb və onun müddəti Azərbaycan üçün əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılıb.

Neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi məqsədi ilə mühüm layihələr həyata keçirilib. Hazırda Heydər Əliyev adına Bakı neft emalı zavodunda əsaslı rekonstruksiya və modernləşmə ilə əlaqədar mühüm işlər aparılır, karbamid zavodunun, yeni polietilen və polipropilen qurğularının tikintisi isə tamamlanaraq, müvafiq sınaq işlərinə başlanılıb. Bu müəssisələrdə istehsal edilən məhsullar daxili tələbatı ödəməklə yanaşı, həm də yüksək ixrac potensialına malik olacaqdır.

Son 15 ildə əhalinin təbii qazla təmin edilməsi kimi olduqca vacib sosial problemin həlli ilə bağlı görülən davamlı tədbirlər ölkə üzrə qazlaşdırmanın səviyyəsini 51 faizdən 93 faizə yüksəltməyə imkan verib.

Enerji təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın və əhalinin elektrik enerjisi ilə dayanıqlı təchizatı dövlət siyasətinin ən prioritet istiqamətlərindən olub.

2004-2017-ci illər ərzində ölkədə ümumi gücü 2400 MVt-dan artıq 30 elektrik stansiyası tikilib istismara verilib, 5 min 200-dən çox yarımstansiya inşa edilib və ya modernləşdirilərək yenidən qurulub, 50 min kilometrə yaxın elektrik verilişi xətləri çəkilib.

Ardıcıl və sistemli surətdə həyata keçirilən şaxələndirmə siyasəti, sahibkarlıq mühitinin yaxşılaşdırılması üzrə görülən tədbirlər ölkə sənayesinin yeni inkişaf mərhələsinə daxil olmasını şərtləndirib. Sənayenin inkişafına dair Dövlət Proqramı təsdiq edilib və icrasına başlanılıb. Ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji sahələri yaradılıb. Qeyri-neft sənayesinin inkişaf etdirilməsində müasir istehsal infrastrukturuna malik sənaye parklarının və sənaye məhəllələrinin təşkilinə üstünlük verilib. Bu cür sənaye kompleksləri ölkənin ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılmasına mühüm təsir göstərib.

Ötən müddətdə müasir tələblərə cavab verən yeni müəssisələrin istifadəyə verilərək, əlavə istehsal güclərinin yaradılması və həyata keçirilən digər kompleks tədbirlər sənayenin qeyri-neft sektorunda istehsalın həcminin 2,2 dəfə artmasına imkan yaradıb.

Ölkənin ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli qida məhsulları ilə təmin edilməsi iqtisadi siyasətimizin ən əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Qarşıya qoyulan vəzifələrin vacibliyini və miqyasını nəzərə alaraq, ərzaq təhlükəsizliyi üzrə Dövlət Proqramı qəbul edilib və icrasına başlanılıb. Proqramda nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi məqsədilə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və çeşidinin genişləndirilməsinə müxtəlif dövlət dəstəyi mexanizmlərinin tətbiqi, o cümlədən güzəştli kreditlərin və subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnologiyalardan istifadə olunması ilə bağlı məqsədyönlü tədbirlər gerçəkləşdirilib.

Şübhəsiz ki, sadalanan bu uğurların əldə edilməsində ölkədə dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq mühitinin yaradılması, dövlətimizin çoxşaxəli siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca amillər olaraq mühüm rol oynayıb.

Cənab İlham Əliyevin müdrik rəhbərliyi, yeritdiyi düzgün strategiya nəticəsində əldə edilən möhtəşəm uğurlar Azərbaycanda mənəvi ab-havanın yaxşılaşmasına, Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadının, sevgi və rəğbətinin daha da artmasına səbəb olub.

Prezident İlham Əliyevin seçkilərdəki qələbəsini təmin edən mühüm səbəblərdən biri də möhtərəm dövlət başçımızın son 15 ildə uğurlu xarici siyasət yürütməsidir. Daxili və xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırkı çoxşaxəli uğurlarını təmin edən amillər sırasında daha çox diqqət çəkir.

Yeri gəlmişkən, ötən müddətdə Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən iri dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq ictimaiyyətdə respublikamızda həyata keçirilən iqtisadi və demokratik islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq dövlət başçısı İlham Əliyevin xarici siyasətinin prioritet istiqamətləri sırasında önəmli yer tutub.

Prezident İlham Əliyev aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciətində də bu barədə deyib: “Xalq-iqtidar birliyi, bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Azərbaycanın beynəlxalq nüfuzu artır, biz dünya miqyasında layiqli yer tuta bilmişik. Bu gün Azərbaycan dünyada çox böyük hörmətə, rəğbətə, dəstəyə malik olan bir ölkədir. Biz etibarlı tərəfdaşıq, bizimlə hesablaşırlar və biz beynəlxalq aləmdə öz mövqelərimizi böyük dərəcədə gücləndirə bilmişik.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prinsipial mövqeyimizdən bir addım da geriyə atmamışıq. Bizim prinsipial mövqeyimiz daha da güclənir. Bu münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, bunun başqa yolu yoxdur. Son illər ərzində bir çox mötəbər beynəlxalq təşkilatlar bizim mövqeyimizi, ədaləti dəstəkləyən bir sıra qərar və qətnamələr qəbul etmişlər. Biz böyük diplomatik qələbələrə nail olmuşuq. Eyni zamanda, döyüş meydanında biz böyük qələbəyə nail olmuşuq. Azərbaycan əsgəri, Azərbaycan Ordusu, Azərbaycan dövləti işğal altında olan torpaqlarımızın bir hissəsini işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan təmizləndi və o torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. İşğaldan azad edilmiş torpaqlara həyat qayıdır, insanlar qayıdır. O torpaqlarda prezident seçkiləri keçirilir. Gün gələcək və bu gün hələ də işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağı qaldırılacaq, bu torpaqlarda prezident seçkiləri keçiriləcək, Azərbaycan Prezidenti seçiləcəkdir”.

Prezident İlham Əliyevə aprelin 11-də keçirilən seçkilərdə xalq tərəfindən böyük etimad göstərilməsinin əsas səbəblərindən biri də möhtərəm dövlət başçımızın xalq-iqtidar birliyini daim möhkəmləndirməyə çalışmasıdır. Dövlətimizin başçısı son 15 illik fəaliyyəti dövründə bu məqama xüsusi diqqət yetirib. Ölkə rəhbəri həllini gözləyən problemlərə obyektiv və real yanaşmaqla onların aradan qaldırılmasına çalışıb və əksər hallarda buna nail olub. Prezident İlham Əliyevin 11 aprel müraciətində bu məqam da xüsusi vurğulanıb: “Prezident seçkilərində Azərbaycan xalqı yenidən mənə böyük etimad göstərmişdir. Bu etimada, bu böyük dəstəyə görə doğma xalqıma minnətdarlığımı bildirmək istəyirəm.

Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq”.

Son 15 ilin təhlili belə bir qənaətə gəlməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən dövlət başçısı cənab İlham Əliyev ötən müddətdə milli maraq və mənafeləri daim uca tutub, ölkə vətəndaşlarının arzu və istəklərini reallaşdırmaq istiqamətində mühüm tədbirlər həyata keçirib, bununla da xalqa və dövlətə sədaqətli xidmət prinsipi nümayiş etdirib.

Cənab İlham Əliyevə aprelin 11-də keçirilən seçkilərdə yenidən böyük etimad göstərilməsi həm də xalqımızın qarşıdakı 7 ildə xoşbəxt gələcəyə aparan yolun uğurla davam etdiriləcəyindən, respublikamızın inkişaf tempinin daha da sürətlənəcəyindən, qabaqcıl dövlətlər sırasında layiqli yerinin möhkəmlənəcəyindən xəbər verir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında