Xarici ticarət əlaqələrinin coğrafiyası genişlənir

2010-cu ildə Azərbaycan dünyanın 147 ölkəsi ilə 27,9 milyard dollarlıq ticarət əməliyyatları aparmışdır

{nl}

Son illər Azərbaycanda baş verən dinamik sosial-iqtisadi inkişaf əksər dünya dövlətləri, həmçinin beynəlxalq nüfuzlu təşkilatlar tərəfindən rəğbətlə qarşılanır. Bunun nəticəsidir ki, ölkəmizin adı müxtəlif reytinq sıralamalarında öncül yerlərdə göstərilir. Bu da təsadüfi deyil. Çünki beynəlxalq maliyyə qurumları ilə səmərəli əməkdaşlıq edən Azərbaycan Respublikasında aparılan islahatlar, sosial siyasət, həyata keçirilən infrastruktur layihələri və digər zəruri tədbirlər düzgün, düşünülmüş strategiyaya əsaslanır, ölkənin davamlı inkişafına və həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir.
Azərbaycanda mövcud iqtisadi sərbəstlik, özəl bölmənin inkişafı üçün yaradılmış münbit şərait, ən başlıcası isə respublikamızın yerləşdiyi əlverişli coğrafi şərait nəticəsində xarici ticarət əlaqələrinin həcmi və miqyası getdikcə artır. Yeri gəlmişkən, xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında mühüm amillərdəndir. Təsadüfi deyil ki, dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından birini də məhz xarici ticarət dövriyyəsinin artırılması təşkil edir.
Azərbaycan Respublikasının iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun getdikcə artması xarici ticarət əlaqələrinin genişlənməsinə təkan verir. Təkcə bir faktı qeyd etmək yetərlidir ki, Azərbaycanın xarici dövlətlərlə ticarət əlaqələri 1995-ci ilin səviyyəsini dəfələrlə ötmüşdür. Bu da, heç şübhəsiz, xarici ölkələrlə, beynəlxalq maliyyə təsisatları ilə iş birliyinin getdikcə genişlənməsi və idxal-ixrac əməliyyatlarının ilbəil artmasının nəticəsidir. Bundan əlavə, azad sahibkarlığa və təşəbbüskarlığa geniş meydan verilməsi ölkədə yeni, müasir texnologiyalar əsasında rəqabət qabiliyyətli məhsulların istehsalına səbəb olur. Təsadüfi deyil ki, hazırda Azərbaycanda istehsal olunan məhsullara dünya bazarında maraq artır və bu malları alan ölkələrin sırası getdikcə genişlənir. Elə bunun nəticəsidir ki, son illər ticarət dövriyyəsinin strukturunda mühüm dəyişikliklər baş verir. Bu baxımdan 2010-cu ildə də uğurlu nəticələr əldə edilmişdir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il Azərbaycan Respublikası dünyanın 147 ölkəsi ilə ticarət əməliyyatları aparmışdır. Hesabat dövründə ölkəmizin xarici ticarət dövriyyəsinin həcmi 27,9 milyard ABŞ dolları təşkil etmişdir. Xarici ticarət dövriyyəsinin 21,3 milyard dolları ixracın, 6,6 milyard dolları isə idxalın payına düşmüşdür. Göründüyü kimi, xarici ticarət əməliyyatlarında ixracın həcminin xeyli artması nəticəsində il ərzində 14,7 milyard dollarlıq müsbət saldo yaranmışdır. Onu da deyək ki, mal mübadiləsinin 91,5 faizi sərbəst dönərli valyuta sövdələşmələri yolu ilə həyata keçirilmişdir.
Ölkəmizin Avropa Şurasına tam hüquqlu üzv seçilməsindən on il ötür. Bu müddətdə Avropa iqtisadi məkanına daha sıx inteqrasiya olunması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Elə 2010-cu ildə aparılmış idxal-ixrac əməliyyatlarının xeyli hissəsinin Avropa iqtisadi məkanına daxil olan ölkələrlə aparılması da bunu təsdiqləyir. Daha dəqiq desək, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsinin xeyli hissəsi İtaliya, Türkiyə, Böyük Britaniya, Fransa, İspaniya, Yunanıstan, Xorvatiya, Almaniya və digər Avropa ölkələri ilə aparılmışdır. İdxal-ixrac əməliyyatlarının qalan mühüm hissəsi isə digər uzaq xarici dövlətlərin və MDB məkanına daxil olan ölkələrin payına düşmüşdür.
2010-cu ildə xarici ticarət əməliyyatları aparılmış dövlətlər sırasında İtaliya birinci mövqedə olmuşdur. Belə ki, adı çəkilən ölkə üzrə il ərzində 7 milyard 215 milyon 484,9 min dollarlıq idxal-ixrac əməliyyatları həyata keçirilmişdir. Amerika Birləşmiş Ştatları, Fransa, İndoneziya, İsrail, Çin, Malayziya, Türkiyə, Sinqapur, Xorvatiya və s. ölkələr də Azərbaycanın mühüm ticarət partnyorlarındandır. Yeri gəlmişkən, Azərbaycanın neft-qaz sektorunun inkişafı ilə yanaşı, bir sıra digər sahələrdə də rəqabət qabiliyyətli məhsul istehsalının genişləndirilməsi ölkəmizin ixrac imkanlarının xeyli artmasına səbəb olmuşdur. Bu da bir çox dövlətlərlə aparılan ticarət əməliyyatları zamanı müsbət saldo əldə edilməsinə imkan yaratmışdır. 2010-cu ildə ixracın həcminin bir qədər də artması həmin ölkələrin siyahısını xeyli genişləndirmişdir. Hesabat dövründə İtaliya, Amerika Birləşmiş Ştatları, Fransa, İndoneziya, İsrail, Kanada, İspaniya, Hindistan, Malayziya, Xorvatiya, Liviya Ərəb Cümhuriyyəti, Yunanıstan, Rumıniya, Bolqarıstan, Tayland, Portuqaliya, Misir və s. ölkələrlə aparılan idxal-ixrac əməliyyatları zamanı müsbət saldo yaranmışdır. MDB dövlətlərindən olan Türkmənistan, Ukrayna, Tacikistan, Qırğızıstan və Özbəkistanla ticarət dövriyyəsi zamanı da müsbət saldo əldə edilmişdir .
Ötən il Azərbaycanın ən az ticarət əməliyyatları apardığı məkanlar, əsasən, uzaq xarici ölkələr olub. Bunlara isə Boliviya, Nepal, Somali, Mozambik, Kamboca, Madaqaskar, Liberiya, Həbəşistan, Lixtenşteyn, Fici, Qana, Myanma və s. ölkələri misal göstərmək olar.
Ölkəmizdə keçid iqtisadiyyatının başa çatması, əlverişli investisiya mühiti, sahibkarlığın stimullaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər qeyri-dövlət bölməsinin inkişafına böyük təkan vermişdir. Elə real iqtisadiyyatda özəl bölmənin xüsusi çəkisinin hazırda 85 faizi ötməsi də bunu təsdiqləyir. Eyni zamanda, özəl bölmənin inkişafı ölkəmizin xarici dövlətlərlə apardığı ticarət dövriyyəsinin də həcminin genişləndirilməsinə imkan yaradır. Belə ki, hazırda Azərbaycanın özəl sektorunda istehsal olunan rəqabət qabiliyyətli mallar xarici bazarda özünə getdikcə daha çox yer tapmaqdadır. Yeri gəlmişkən, ölkəmizdə istehsalın quruluşu, investisiya qoyuluşunun istiqamətlərinin müəyyənləşdirilməsi, xarici və daxili tələbatın öyrənilməsi iqtisadi artımın sürətlənməsinə müsbət təsir göstərməklə yanaşı, idxaldan asılılığın da azaldılması üçün geniş imkanlar yaradır.
Dövlət Statistika Komitəsinin Azərbaycanın 2010-cu ilin sosial-iqtisadi inkişafına dair hesabatına əsasən, il ərzində ölkəmizdən xaricə ixrac olunan mühüm növ məhsulların siyahısı artmışdır. Xarici ölkələrə göndərilən malların 94,2 faizini mineral məhsullar, o cümlədən 92,6 faizini xam neft və neft emalı məhsulları, 2,8 faizini ərzaq malları, 0,8 faizini quru, hava və su nəqliyyatı vasitələri, 0,6 faizini az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, 0,2 faizini plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar, 0,4 faizini kimya sənayesi məhsulları, 0,4 faizini mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar, 0,2 faizini toxuculuq materialları və məmulatları, qalan 0,4 faizini isə digər mallar təşkil etmişdir. 2009-cu illə müqayisədə ərzaq məhsullarının, mineral və kimya sənayesi mallarının, az qiymətli metallar və onlardan hazırlanan məmulatların, maşın və mexanizmlərin, plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanan məmulatların, eləcə də elektrotexnika avadanlığının, quru nəqliyyat vasitələrinin, uçan aparatların və s. ixracı artmışdır. İxracın həcmində, həmişə olduğu kimi, bu dəfə də xam neft üstünlük təşkil etmişdir. Belə ki, hesabat dövründə Azərbaycandan dünya bazarına 31 milyon 860,5 min ton "qara qızıl" ixrac olunmuşdur. Bundan əlavə, il ərzində ölkəmizdən xaricə 1 milyon 569,4 min ton qazoyl, 152,9 min ton ağ neft, 196,8 min ton mühərrik benzini, 155,9 min ton maye yanacaq, 389,9 min ton neft koksu və s. satılmışdır. Onu da deyək ki, ixrac olunmuş xam neftin və neft koksunun həcmi 2009-cu illə müqayisədə xeyli artmışdır. 2010-cu ildə Azərbaycandan xaricə 1 milyard 792,9 milyon kubmetr təbii qaz ixrac olunmuşdur ki, bu da əvvəlki ildəkindən iki dəfədən də artıqdır.
Son illər Azərbaycanın elektrotexnika sahəsi böyük inkişaf yolu keçmişdir. Yeni generasiya güclərinin yaradılması, infrastruktur imkanlarının genişləndirilməsi artıq ölkəmizi elektrik enerjisi ixracatçısına çevirmişdir. Elə 2010-cu ildə Azərbaycandan xaricə 392 milyon kilovat-saat elektrik enerjisinin ixrac olunması da bunu təsdiqləyir.
Hesabat dövründə Azərbaycandan ixrac olunun ərzaq məhsullarından çay 22,4 faiz, bitkidən hasil olan piylər və yağlar 49,4 faiz, marqarin 32,4 faiz, şəkər 43 faiz, makaron məmulatları 40,7 faiz, meyvə və tərəvəz konservləri 22,1 faiz çoxalmışdır. Bununla belə, təzə tərəvəz və meyvə ixracı isə azalmışdır.
2010-cu ildə ölkəmizə gətirilən məhsulların 28,8 faizini maşın və mexanizmlər, elektrotexnika avadanlığı, 18,6 faizini ərzaq malları, 14 faizini az qiymətli metallar və onlardan hazırlanan məmulatlar, 12,1 faizini quru, hava və su nəqliyyatı vasitələri, 6,6 faizini kimya sənayesi məhsulları, 3,1 faizini daş, gips, sement, asbest, slyuda, keramika və şüşə məmulatları, 3,4 faizini plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar, 3,2 faizini mineral məhsullar, qalan 10,2 faizini isə digər mallar təşkil etmişdir. Hesabat dövründə ərzaq məhsulları, mineral məhsullar, plastik kütlə, kauçuk, rezin və onlardan hazırlanan məmulatlar, toxuculuq materialları və məmulatları, kimya sənayesi məhsulları və s. idxalı artmışdır. Maşın və mexanizmlərin, elektrotexnika avadanlığının, optik, fotoqrafik, tibbi və digər cihaz və aparatların idxalı isə əvvəlki illə müqayisədə azalmışdır.
Son illər xarici ticarət dövriyyəsinin tərkibi də xeyli dəyişib. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarmış, hətta bəzi hallarda ixraca da yönəldilmişdir. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradır. Azərbaycanın yeni neft strategiyası çərçivəsində neft və qaz hasilatının getdikcə artması adı çəkilən məhsulların ixracının xeyli çoxalmasına səbəb olmuşdur. Müqayisə üçün deyək ki, 1993-cü ildə xarici bazara çıxarılan mineral məhsullar - xam neft və təbii qaz ümumi ixracın 27,3 faizi qədər olduğu halda, hazırda bu göstərici 92,6 faiz təşkil edir. Diqqətçəkən digər məqam isə ondan ibarətdir ki, 1995-ci ildə ölkəyə gətirilən ərzaq mallarının xüsusi çəkisi xarici ticarət dövriyyəsində 41,6 faiz təşkil etdiyi halda, ötən ilin yekunlarına görə, bu göstərici 18,6 faizə bərabər olmuşdur. Bu da təsadüfi deyil. Çünki son illər ölkədə bu sahədə xüsusi tədbirlər həyata keçirilir, mühüm dövlət proqramları qəbul edilir. Bu baxımdan ölkə Prezidenti İlham Əliyevin 2008-ci il avqustun 25-də təsdiq etdiyi "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanda dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxalında və ixracında bütün fiziki və hüquqi şəxslərinin bərabər hüquqlarının təmin olunması və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyən edilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması, eləcə də əlverişli investisiya mühitinin yaradılması və s. məsələlər, heç şübzəsiz, ölkəmizin xarici ticarət dövriyyəsinin həcminin artırılmasına imkan yaradacaq.

{nl}

Mirbağır YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında