Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti aprelin 10-dan uçot dərəcəsinin 13 faizdən 11 faizə endirilməsi haqqında qərar qəbul edib. Faiz dəhlizinin yuxarı və aşağı hədləri isə uçot dərəcəsinə simmetrik diapazonda ±3 faiz müəyyənləşdirilib.
Mərkəzi Bankın sədri Elman Rüstəmov aprelin 9-da keçirdiyi mətbuat konfransında idarə heyətinin qərarını şərh edib.
Mərkəzi Bankın sədri qeyd edib ki, faiz dəhlizinin parametrləri haqqında qərar makroiqtisadi sabitliyin möhkəmlənməsi prosesləri və son makroiqtisadi proqnozlar nəzərə alınmaqla qəbul edilib. İnflyasiya birrəqəmli səviyyədədir, xarici sektor göstəriciləri pozitiv zonadadır, valyuta bazarında sabitlik davam edir və iqtisadi aktivlik güclənməkdədir. Son qiymətləndirmələr il ərzində makroiqtisadi sabitliyin dayanıqlılığının və iqtisadi fəallığın güclənəcəyini göstərir ki, bu da monetar şəraitin tədricən normallaşması üçün əsas yaradır.
Uçot dərəcəsinin dəyişdirilməsi haqqında qərar qəbul edərkən Mərkəzi Bankın İdarə Heyəti makroiqtisadi sabitliyə təsir edən aşağıdakı prosesləri nəzərə alıb.
İnflyasiya prosesləri
Cari ilin ötən dövründə illik inflyasiyanın azalmasının davam etdiyini, inflyasiyanın təkrəqəmli səviyyəyə endiyini deyən E.Rüstəmov bildirib ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin birinci rübündə orta illik inflyasiya 4 faiz təşkil edib. O cümlədən orta illik inflyasiya ərzaq məhsulları üzrə 4,5 faiz, qeyri-ərzaq məhsulları üzrə 4,3 faiz, xidmətlər üzrə 2.9 faiz olub.
Məzənnə sabitliyi, pul təklifinin optimal səviyyədə idarə olunması, dünya ərzaq qiymətlərinin dinamikası və inflyasiya gözləntilərinin nisbətən azalması cari ildə təkrəqəmli inflyasiyanı şərtləndirən başlıca amillər olub. Mərkəzi Bank tərəfindən başlıca gəlir qrupları üzrə ev təsərrüfatları və real sektor müəssisələri arasında aparılmış monitorinqlər inflyasiya gözləntilərində azalma meylinin davam etdiyini göstərir.
İnflyasiyanın azalması əhalinin real gəlirlərinin artımını dəstəkləyir. 2018-ci ilin yanvar-fevral aylarında əhalinin nominal gəlirləri 10.2 faiz artıb ki, bu da inflyasiya dinamikasını əhəmiyyətli üstələyir.
Valyuta bazarı
Elman Rüstəmov qeyd edib ki, ölkənin ixrac potensialının yüksəlməsi, habelə əlverişli beynəlxalq iqtisadi konyuktur şəraitində xarici sektor göstəricilərinin 2017-ci ildən başlanan yaxşılaşması prosesi 2018-ci ilin ötən dövründə də davam edib. Yanvar-mart aylarında xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31 faiz artıb. Qeyri-neft ixracı bu dövrdə 37 faiz artıb. Ticarət balansı ilə yanaşı, xidmətlər balansında da yaxşılaşma davam edir.
Xarici ticarət balansının profisitliyi şəraitində ölkənin strateji valyuta ehtiyatları 2018-ci ilin birinci rübündə 2,2 milyard dollar məbləğində artıb.
Son proqnozlara görə, mövcud şərtlər çərçivəsində 2018-ci ilin qalan dövründə də tədiyə balansı göstəricilərinin əlverişli olaraq qalacağı gözlənilir.
Xarici sektor göstəricilərinin pozitiv dinamikası şəraitində və qəbul olunmuş makroiqtisadi siyasət çərçivəsində manatın məzənnəsinin sabitliyi davam edib.
Manatın məzənnəsinin sabit qalmasının inflyasiya səviyyəsinə və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərən mühüm amillərdən biri olduğunu deyən sədr, məzənnənin sabitliyinin başlıca olaraq əhalinin əmanətləri üzrə dollarlaşmanın azalması proseslərinin sürətlənməsi ilə müşayiət olunduğunu diqqətə çatdırıb.
Monetar şərait
Elman Rüstəmov vurğulayıb ki, formalaşdırılmış monetar şərait makroiqtisadi sabitlik hədəflərinin reallaşdırılması ilə iqtisadiyyatın likvidliyə olan tələbatının ödənilməsi arasında optimal balansı təmin edib. 2018-ci ilin birinci rübündə manatla pul bazası 10,9 faiz artıb.
Pul təklifinin genişlənməsi, ilk növbədə, iqtisadiyyatın pula olan tələbatının ödənilməsinə və ödənişlərin fasiləsizliyinə xidmət edib. Fiskal sektor və bank sisteminin likvidlik ehtiyacı pula tələbin mühüm amilləri olaraq qalır. Maliyyə vasitəçiliyinin zəif olduğu şəraitdə pul təklifinin artımı kredit aktivliyinin yüksəlməsilə müşayiət olunmayıb.
Bu şəraitdə bank sistemində izafi likvidliyin akkumulyasiyası və iqtisadiyyatda yığımların artımı müşahidə olunub. İzafi likvidlik dövlət qiymətli kağızlarına və Mərkəzi Bankın maliyyə alətlərinə yüksək tələbi şərtləndirib. Eyni zamanda, fiziki şəxslərin manatla əmanətlərinin həcmi 2018-ci ilin 2 ayında 15,9 faiz artıb.
İqtisadi aktivlik
Mərkəzi Bankın sədri deyib: "İqtisadi aktivlikdə 2017-ci ildə başlamış canlanma 2018-ci ilin birinci rübündə daha da güclənib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin birinci rübündə iqtisadi artım 2,3 faiz olub, o cümlədən qeyri-neft sektorunda 3 faizlik iqtisadi artım baş verib. Məcmu buraxılış kəsiri üzrə qiymətləndirmələr göstərir ki, bütövlükdə iqtisadi aktivlik tələb inflyasiyası yaratmayıb.
Mərkəzi Bank bundan sonra da inflyasiyanın daxili və xarici amillərini izləməyi davam etdirəcək.
Faiz dəhlizinin parametrləri Mərkəzi Bankın İdarə Heyətində növbəti dəfə iyun ayının 14-də müzakirə ediləcək.
Mərkəzi Bankın sədri Elman Rüstəmov sonda KİV nümayəndələrinin suallarını cavablandırıb.
AZƏRTAC
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.