Son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub

Prezident İlham Əliyevin TASS İnformasiya Agentliyinə müsahibəsində Azərbaycan və region həqiqətlərinin real mənzərəsi müdrikliklə dünya ictimaiyyətinə çatdırılır

Dövlət başçımızın Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsi ölkəmizdə və beynəlxalq alıəmdə maraqla qarşılanmış və diqqətlə izlənilmişdir. Bu da səbəbsiz deyil. Əvvəla, bu gün Azərbaycan Respublikası dövlət və xalq üçün xüsusi önəm kəsb edən siyasi kampaniya – prezident seçkiləri ərəfəsindədir.

İkincisi, ABŞ, Rusiya Fede­rasiyası, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası kimi güclü dövlətlər Azərbaycanda və ümumiyyətlə, bizim regionda sülhün, sabitliyin qorunub saxlanılması üçün mümkün olan bütün variantları arayır və həmin variantlar arasında bizim ölkəmizlə əməkdaşlığın daha da genişləndirilməsi məxsusi yer tutur. Bundan başqa, “sabitlik adası” kimi tanınan Azərbaycanın beynəlxalq aləmdə atdığı siyasi-diplomatik ad­dımlar və ölkə daxilindəki uğurlu is­lahatlar, xüsusən, cəmiyyət həyatının bütün sahələrini əhatə edən dövlət proqramlarının icrası məmnunluqla qarşılanır, respublikamızın ata­cağı yeni addımlar isə maraqla gözlənilir. Məhz bu səbəblər üzündən Azərbaycan Prezidentinin TASS informasiya agentliyinə verdiyi geniş müsahibədə səsləndiriləcək fikirləri hamı maraqla gözləyirdi. Dövlət baş­çımızın müsahibəsi həm yerli, həm də əcnəbi oxucuların gözləntilərini yüksək səviyyədə təmin etdi.

Bu zaman başqa bir məqamı da xüsusilə yada salmaq zərurəti var. Həm ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev dünya mətbuatı üçün daim “əlçatan” olublar. Yəni Azərbaycan Prezidentindən müsahibə almaq istəyən heç bir jurnalist heç zaman “yox!” – ifadəsini eşitməyib. Dost və qonşu Rusiya Fe­derasiyasının mətbuat təmsilçiləri isə həmin məsələdə həmişə öndə olublar. Ulu öndərin siyasi hakimiyyətə qayıt­dığı günlərdə, “Əsrin müqaviləsi”nin imzalandığı ərəfədə, ölkədə dövlət çevrilişi cəhdləri ediləndə, 2003-cü il prezident seçkilərindən sonra, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildiyi zaman, məşhur Aprel döyüşlərindən dərhal sonra Rusiya televiziyaları və ya informasiya agentlikləri Bakıda, Azərbaycan rəhbərliyinin yanında olublar. M. Qusmanın prezident seçkiləri ərəfəsində Azərbaycanın dövlət başçısı ilə görüşüb müsahibə alması da, əslində həmin ənənənin davamıdır.

Müsahibədəki bəzi xüsusi məqamlara diqqət yönəldək. Məsələn, mətbuat təmsilçisi ötən seçkidən keçən beş ilin nəticələri barədə “bir neçə kəlmə ilə” deməsini xahiş edir. Adama elə gəlir ki, jurnalistin bu sualının cavabını heç kəs yığcam şəkildə ifadə edə bilməz. Çünki son beş ildə Azərbaycanda həyata keçirilmiş layihələrin adını saymağa belə, uzun vaxt lazımdır. Ancaq cənab İlham Əliyev həmin xahişi çox böyük ustalıqla yerinə yetirir:

“Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı proqramlar həyata keçirilib. Nəzərdə tutduqları­mızın hamısı yerinə yetirilib. Bizim nailiyyətlərimiz beynəlxalq struk­turlar tərəfindən də qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci yeri tutur. Elə həmin Davos Forumunun inklüziv inkişaf indeksinə görə isə biz inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tuturuq. Bizdən irəlidə yalnız 30 inkişaf etmiş ölkə və iki inkişaf etməkdə olan ölkə var. Yəni, mən düşünürəm ki, Davos Dünya Forumunun verdiyi bu qiymət bizim nəyə nail olduğumuzu hər şeydən yaxşı nümayiş etdirir. Biz iqtisadiyyatın yüksək dərəcədə şaxələndirilməsinə nail olmuşuq, yüz minlərlə yeni iş yeri yaradılıb, Azərbaycanda işsizlik təxminən beş faiz səviyyəsindədir”.

 

Siyasi sistemdə islahatlar aparılmadan iqtisadi sahədə davamlı inkişafa nail olmaq mümkün deyil

 

Prezident əlavə edir ki, Azərbaycan dünya üçün açıq ölkədir. Ölkəmizdə bütün demok­ratik təsisatlar mövcuddur, mətbuat azadlığı tam təmin edilir. Azərbaycan internetin azad olduğu ölkədir. İnternet istifadəçilərinin sayı artır və əhalinin təxminən 80 faizinə yaxınlaşır: “Toplaşma azadlığı, siyasi fəaliyyət azadlığı da tam təmin edilir. Biz Avropa Şurasının artıq təcrübəli üzvü kimi cəmiyyətimizin daha da demokratikləşməsinə dair öz üzərimizə öhdəliklər götürmüşük və zənnimcə, bunun öhdəsindən inamla və uğurla gəlirik. Hərçənd, əlbəttə ki, əlavə səylər tələb edən məsələlər də var və biz bu istiqamətdə işləyirik. Biz siyasi islahatların və nailiyyətlərin səviyyəsini çox sağlam düşüncə ilə qiymətləndiririk”.

 

Təkcə silahlanma ilə güclü ordu yaratmaq olmaz

 

Rusiyalı jurnalist xatırladır ki, bu gün Azərbaycanın müasir silah­larla təchiz olunmuş müasir ordusu var. Sonra isə soruşur ki, ölkənin etibarlı şəkildə müdafiə olunması, bu istiqamətdə möhkəmlənmək üçün daha hansı işlərin görülməsini vacib hesab edirsiniz?

Maraqlıdır ki, dövlət başçımızın bu suala cavabı kifayət qədər əhatəli olsa da, oxucuya elə gəlir ki, cavab həddən artıq konkretdir: “Müxtəlif reytinqlər tərtib edən beynəlxalq ekspertlərin və təşkilatların hesab­lamalarına görə, bu gün Azərbaycan Ordusu dünyanın ən yaxşı təchiz olunmuş və döyüş qabiliyyətli 50 ordusu sırasına daxildir. Biz silahların yenilənməsi prosesini praktiki olaraq başa çatdırmışıq. Ordumuz həm hücum, həm də müdafiə xarakterli ən müasir, yüksək dəqiqliyə malik texnoloji silahlarla təchiz olunub. Biz silahları ən yaxşı istehsalçılardan alırıq və bu silahlar bizə özümüzü yetərincə inamlı hiss etmək imka­nı verir. Təbii ki, təkcə silahlanma sayəsində güclü ordu yaratmaq olmaz. Buna görə , əlbəttə, ordumu­zun döyüş qabiliyyətinin artırılması, intizamın möhkəmləndirilməsi üçün çox iş görülüb”.

Prezident İlham Əliyev qeyd edir ki, təqribən 10 il əvvəl Azərbaycanda Müdafiə Sənayesi Nazirliyi yaradılıb. Bu gün Azərbaycanda 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir. Bu məhsullar beynəlxalq stan­dartlara uyğundur və bizim bir sıra göstəricilər üzrə idxaldan asılılığımızı azaldır, həmçinin yaxşı ixrac potensi­alı yaradır. Belə ki, Azərbaycan silah ixrac edən ölkəyə çevrilir.

 

Azərbaycanın etnik və dini müxtəlifliyi bizim böyük sərvətimizdir...

 

Ölkə daxilində millətlərarası, konfessiyalararası münasibətlərdən danışan dövlət başçımız xatırladır ki, bu sahədə heç bir potensial problem yoxdur : “Biz bu istiqamətdə dövlət siyasətini həyata keçiririk. Bu da çox vacibdir ki, cəmiyyət bu siyasəti tamamilə dəstəkləyir. Biz bu müsbət meyillərin regionda da, dünyada da yayılması üçün fəal iş aparırıq. Ona görə ki, biz vakuumda yaşa­mırıq. Təbii ki, dünyanın istənilən nöqtəsində baş verən, millətlərarası münasibətlərdə gərginliklərlə, mürəkkəbliklərlə bağlı olan proseslər potensial təhlükə mənbəyidir. Buna görə bizim təşəbbüsümüzlə çox­saylı beynəlxalq tədbirlər keçirilib – Bakı Humanitar Forumu, Dünya Mədəniyyətlərarası Dialoq Forumu, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu. Bu il biz “Bakı prosesi”nin 10 illiyini qeyd edirik. Azərbaycanın təşəbbüsü ilə başlan­mış bu prosesin mahiyyəti, qısaca desək, İslam Əməkdaşlıq Təşkilatının üzvləri olan ölkələrlə Avropa Şura­sının üzvləri olan ölkələr arasında məhz mədəniyyətlərarası, dinlərarası, sivilizasiyalararası dialoq səylərini əlaqələndirməkdən ibarətdir”.

 

Bu gün ölkədə savadlılıq səviyyəsi 100 faizə yaxındır

 

Rusiyalı jurnalist Azərbaycan Prezidentə verəcəyi sualın əvvəlində xatırladır: “Mən canlı şahid olmu­şam ki, Novruz bayramı günlərində məscidlər dolu olur, pravoslavların Pasxa bayramında pravoslavlar rus kilsəsinə gəlir, sinaqoqda həmişə yəhudi dininə etiqad edən insanlar olur. Azərbaycan dünyəvi dövlətdir, lakin, eyni zamanda, müsəlman ölkəsidir”. Bu girişdən sonra soruşur ki, bəzi ölkələrdə mövcud olan dini radikalizmin Azərbaycanda da təzahür etməməsi üçün neyləmək lazımdır?

Fikrimizcə, dövlət başçımızın bu suala verdiyi cavab Azərbaycan və re­gion miqyasını aşaraq, bəşəri məzmun kəsb edir: “Azərbaycanın dünyəvi dövlət kimi fasiləsiz uğurlu inkişa­fının başlıca qarantı, ilk növbədə, təhsildir. Bu gün Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. Təhsil məsələlərinə çox böyük diqqət yetirilir. Bunu demək kifayətdir ki, bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil. Müdafiənin səbəbləri aydın­dır. Təhsil isə məhz onun üçündür ki, Azərbaycan vətəndaşlarının gələcək nəsilləri savadlı olsun və radikalizmdən qoruna bilsinlər. İkinci mühüm amil sosial-iqtisadi inkişaf məsələsidir. Biz görürük ki, çoxsaylı sosial-iqtisadi problemlər – yoxsul­luq, işsizlik, ümidsizlik olan yerdə radikalizm və ekstremizm ideyaları özünə dəstək tapır, savadsız adamlar düşünürlər ki, xilas yolu elə bundan ibarətdir. Buna görə bu cür təbliğata qarşı mübarizənin mühüm amilləri, zənnimcə, təhsil, üstəgəl iqtisadi və sosial inkişafdır”.

 

Bu il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilib

 

Dövlət başçımız deyir: “Biz demokratik respublikanın 100 illik yubileyini il ərzində qeyd edirik və bu, cari ilin əsas hadisəsidir... Biz qanuni qürur hissi keçiririk ki, Şərqdə demokratiyanın əsasını qoyan məhz Azərbaycan xalqı olub. Demokratik respublikanın ənənələri bu gün də yaşayır və müasir Azərbaycan onun hüquqi varisidir. Siyasi islahatlar üçün qısa müddətdə çox böyük işlər görülüb. Təkcə bunu qeyd etmək kifayətdir ki, qadınlara səsvermə hüququ Avropa ölkələrinin çoxundan xeyli əvvəl verilib, bir sıra başqa mühüm qərarlar qəbul edilib...”

Prezident İlham Əliyev əlavə edir: Düşünürəm ki, əgər birinci demokratik respublikanın əsasını qoyanlar bugünkü Azərbaycanı görə bilsəydilər, onlar bizim ölkəmizlə fəxr edərdilər.

Hazırladı:
İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında