Respublikamızda pambıqçılığın inkişafına xüsusi diqqət və qayğı göstərilir

Tərtər

Tərtər Rayon Mədəniyyət Mərkəzində Bərdə rayonunda pambıqçılığın inkişaf etdirilməsinə həsr edilmiş respublika müşavirəsindən irəli gələn vəzifələrin müzakirəsilə əlaqədar rayon pambıqçılarının ümumrayon toplantısı keçirilmişdir.

Aidiyyəti idarə, müəssisə və təşkilatların rəhbərlərinin, rayon icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, pambıqçılıqla məşğul olan fermerlərin, torpaq mülkiyyətçilərinin, habelə ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən yığıncaqda pambıqçılığın inkişaf etdirilməsi, məhsuldarlığın artırılması məsələləri müzakirə edilmişdir.

Yığıncağı giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirmişdir ki, respublika müşavirəsində pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya mühüm vəzifələr qoyulmuşdur. O, Tərtərin sovet dövründə də pambıq istehsalında yüksək nailiyyətlər əldə etdiyini söyləyərək qeyd etmişdir ki, rayonun torpağı münbit, iqlimi pambıqçılıq üçün əlverişlidir. Ötən il 3 min 123 hektarda pambıq əkilmiş, əvvəlki ilə nisbətən “ağ qızıl” əkinlərinin sahəsi 3 dəfə artmışdır. İl ərzində 8 min 419 ton pambıq tədarük edilmişdir ki, bu da 2016-cı ildəkindən 3,6 dəfə çoxdur. Pambıq sahəsinin hər hektarından orta məhsuldarlıq da 2016-cı illə müqayisədə 5 sentner artaraq 27 sentnerə çatmışdır. Pambıq əkini, becərilməsi və yığımı işlərinə 5 minədək işçi qüvvəsi cəlb edilmiş, onlar yüksək gəlir götürmüşlər. Məhsuldarlığın yüksəldilməsi üçün pambıq əkiləcək sahələrin şumu faraş və keyfiyyətli aparılmış, qış aratına üstünlük verilmiş, torpaq əkini aqrotexniki qaydalara uyğun hazırlanmış, növbəli əkin sistemi tətbiq edilmişdir.

Cari ildə pambıq əkilməsi üçün sahələr müəyyənləşdirilmiş, istehsalçılarla müqavilələr bağlanmışdır. Pambıq əkiləcək 3 min 302 hektar sahədə şum və arat işləri başa çatdırılmışdır. İndi isə səpinə ciddi hazırlıq işləri gedir.

Yığıncaqda çıxış edən “MKT İK” MMC-nin Tərtər filialının müdiri Feruz Hacıyev, “CTS AGRO” MMC-nin Tərtər pambıq istehsalı və tədarükü məntəqəsinin direktoru Fəqani Babışov, Tərtər Rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Əli Əliyev, Tərtər Bitki Mühafizə Mərkəzinin rəisi Fizuli Əzimov, pambıqçılıqla məşğul olan fermerlər Fazil Vəliyev, Habil İbrahimov, Məhərrəm Əliyev və digərləri çiyid səpininin vaxtında və yüksək keyfiyyətlə başa çatdırılması ilə əlaqədar qarşıya çıxa biləcək çətinliklər və görüləcək işlər barədə danışaraq, pambıqçılığın inkişafı, məhsuldarlığın artırılması ilə bağlı təklif və mülahizələrini bildiriblər. Müzakirələrdə fermerlərdən Məzahir Salahov, Elsevər Səfərov, Zülfüqar Əsgərov və başqaları fəal iştirak ediblər.

Yığıncaqda Prezident Administrasiyasının ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Arif Novruzov çıxış edərək, diqqəti Bərdədə keçirilən müşavirədə dövlətimizin pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələrə cəlb edib, bununla əlaqədar görüləcək təxirəsalınmaz işlərdən danışıb.

* * *

Füzuli

 

Martın 26-da Bərdə rayonunda pambıqçılığın inkişaf etdirilməsinə həsr edilmiş respublika müşavirəsindən irəli gələn vəzifələrin müzakirəsilə əlaqədar Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində Füzuli rayon pambıqçılarının ümumrayon yığıncağı keçirilmişdir.

Yığıncaqda Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev, rayonun aidiyyəti idarə, müəssisə və təşkilatlarının rəhbərləri, pambıqla məşğul olan fermerlər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

İcra başçısı Alı Alıyev toplantıda çıxış edərək bildirmişdir ki, pambıqçılığın inkişafına dair respublika müşavirəsində respublikada strateji əhəmiyyətə malik olan və ölkə büdcəsinə yüksək gəlir gətirən pambıqçılığın inkişafı ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri geniş müzakirə edilmişdir. Natiq diqqətə çatdırmışdır ki, yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı respublika hökumətinin qarşıya qoyduğu vəzifələrdən biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir.

“Dövlətimizin inkişaf strategiyasında yeni iqtisadi mərhələdə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, xüsusilə, ixracyönlü məhsulların əkin sahələrinin genişləndirilməsi, xüsusilə pambıqçılığın inkişafı əsas yer tutur. Çünki pambıqçılıq həm gəlirli sahədir, həm də yeni iş yerlərinin açılması deməkdir. Ona görə də dövlətin qarşımızda qoyduğu əsas vəzifələr bu sahənin inkişafı üçün münasib şərait yaratmaq, zəhmətkeşlərin və bu sahə ilə məşğul olan fermerlərin ehtiyaclarına diqqət və qayğı ilə yanaşmaq, onları lazımi texnika və avadanlıqla təmin etməkdir”, – deyən Alı Alıyev, dövlət tapşırıqlarına uyğun olaraq 2018-ci ildə Füzuli rayonunda 2 min 100 hektar sahədə pambıq əkininin planlaşdırıldığını diqqətə çatdırdı. Qeyd edildi ki, bunun 1412 hektarını Füzuli Kənd Təsərrüfatı MMC, 590 hektarını “Azərpambıq” MMC, 97,3 hektar fərdi qaydada kəndlilər əkib becərəcəklər. Artıq pambıq əkiləcək sahələrə baxış keçirilmişdir. Nəzərdə tutulan bütün sahələrdə şum işi tam başa çatdırılmış, pambıq sahələri arat edilmiş, mala işi aparılmışdır və yaxın günlərdə çiyid səpininə başlanılacaqdır.

Müşavirədə qeyd edilmişdir ki, ötən il rayonda 2050 hektar ərazidə pambıq əkilmişdir. Bunun 836 hektarı MKT İK MMC, 95 hektarı ÇTZ Aqro, 1119 hektarı isə Füzuli Kənd Təsərrüfatı MMC tərəfindən əkilib becərilmişdir. Pambıq əkilmiş sahələrə lazımi aqrotexniki qulluq göstərilmiş, mineral gübrələr verilmiş, suvarılması vaxtlı-vaxtında təmin edilmişdir. Əkilmiş pambıq sahələrinin becərilməsinə minlərlə insan cəlb edilərək onların məşğulluğu təmin edilmişdir. Nəticədə 2126,38 ton məhsul yığılaraq təhvil verilmişdir. Rayonda məhsul əsasən pambıqyığan kombaynlar və əl əməyindən istifadə edilməklə yığılmışdır.

Natiq vurğulamışdır ki, rayon icra hakimiyyəti aparatının kənd təsərrüfatı şöbəsi, Kənd Təsərrüfatı İdarəsi, Füzuli Kənd Təsərrüfatı MMC və Azərpambıq MMC və aidiyyəti təşkilatlar öz işlərini pambıqçılığın inkişaf etdirilməsinə dair son respublika müşavirəsində qarşıya qoyulan vəzifələr üzərində ­qurmalıdırlar.

Müşavirədə Azərpambıq MMC-nin nümayəndəsi Fazil Hacıyev, Füzuli Kənd Təsərrüfatı MMC-nin müdiri Vüsal Quliyev çıxış etmişlər.

Müşavirədə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Əflatun Rufiyev çıxış edərək Bərdə rayonunda keçirilmiş pambıqçılığın inkişaf etdirilməsinə dair respublika müşavirəsindən irəli gələn vəzifələr barədə ətraflı məlumat vermişdir. Qeyd edilmişdir ki, yerlərdə kənd təsərrüfatının inkişafı, yerli istehsalın artırılması, əhalinin məşğulluğunun yüksəldilməsi ilə bağlı tapşırıqlardan biri də bölgələrdə pambıqçılığın inkişaf etdirilməsidir. Natiq bildirmişdir ki, 2017-ci ildə respublika üzrə 207 min ton pambıq istehsal olunmuşdur.

Diskussiya şəraitində keçən toplantıda aidiyyəti qurumların nümayəndələri, fermerlər çıxış edərək, pambıq əkini sahəsində görülmüş işlərdən danışmış, pambıqçılığın inkişafı, mövcud problemlərin aradan qaldırılması yollarını müzakirə etmişlər.

Ziyəddin Sultanov,
“Xalq qəzeti”nin
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında