Pambıqçılığın əvvəlki şöhrəti özünə qaytarılır

Son illər qeyri-neft sektorunun inkişafına xüsusi diqqət yetirilməsi kənd təsərrüfatı sahəsində əsaslı dönüş yaradıb. Əkinə yararlı torpaqlardan səmərəli istifadə edilməklə ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması, strateji əhəmiyyətli kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, yeni iş yerlərinin yaradılması, ən əsası isə insanların həyat tərzinin yaxşılaşdırılması prioritet vəzifə kimi qarşıya qoyulub.

Son iki ildə kənd təsərrüfatının digər sahələri kimi, pambıqçılığın da inkişafına xüsusi önəm verilir. Bu sahədə qazanılan uğurlar da təsdiqləyir ki, həmin qiymətli məhsulun əvvəlki şöhrətini qaytarmaq mümkündür. Kənd təsərrüfatının ənənəvi sahələrindən biri olan pambıqçılığın dirçəldilməsinə xüsusi qayğı göstərilməsi də həmin məqsəddən irəli gəlir. Mən pambıqçılıq sahəsində uzun müddət çalışan fermer təsərrüfatının rəhbəri kimi deyə bilərəm ki, ölkəmizdə bu məhsulun qədim ənənələri var. Əsrlər boyu xalqımız pambıqçılıqla məşğul olub, yaxşı qazanc əldə edib. Bu məhsulun əkilib-becərilməsi ilə məşğul olanlar özlərinə yaxşı həyət-baca, ev-eşik qurub, şan-şöhrət sahibi olub, orden və medallara layiq görülüblər.

Pambıqçılığın ən sürətli və uğurlu inkişaf dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun təşəbbüsü və bilavasitə rəhbərliyi ilə Azərbaycanda pambıqçılıq sürətlə inkişaf etmiş, hətta 800 min – 1 milyon tona qədər “ağ qızıl” tədarük edilmişdir.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bütün sahələrdə olduğu kimi, pambıqçılıqda da tənəzzül yaranmış, bu qiymətli bitki, demək olar ki, tamamilə unudulmuşdu. Ulu öndər Heydər Əliyevin respublika rəhbərliyinə qayıtmasından sonra kənd təsərrüfatı sahəsində aparılan islahatlar pambıqçılığın da inkişafına müsbət təsir göstərdi. Lakin bu sahədə əsaslı dönüş son iki ildə yaranmışdır.Bu dönüş əhalinin gəlirlərinin artması, yaşayış tərzinin daha da yaxşılaşdırılması ilə yanaşı, qeyri-neft sektorunun inkişafı və işsizlik probleminin həlli baxımından böyük əhəmiyyətə malikdir.

Son illər aqrar sahənin inkişafı ilə bağlı qəbul edilən qərarlar və qarşıya qoyulan vəzifələr hazırda pambıqçılığın inkişafına təkan verib və onun tarixi şöhrəti qaytarılmağa başlanılıb. 2017-ci il iyulun 13-də “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması sözügedən sahənin prioritetliyini bir daha təsdiqlədi.

Bu günlərdə Bərdə rayonunda pambıqçılığın inkişafı məsələlərinə həsr edilmiş respublika müşavirəsində bu qiymətli məhsulun istehsalının artırılması prioritet vəzifə kimi qarşıya qoyulmuşdur. Qeyd edilmişdir ki, bundan əvvəl Sabirabad, sonra isə Saatlı rayonlarında pambıqçılığın inkişafına həsr olunmuş müşavirələrdə qarşıya qoyulan vəzifələr uğurla yerinə yetirilmişdir. Bunu faktlar da təsdiqləyir. Respublikamızda pambıq istehsalı 35 min tondan 207 min tona çatdırılmışdır. Təbii ki, bu, son hədd deyil. Çünki pambığın satış qiyməti artırıldığından, bu sahəyə maraq da çoxalmışdır. Həmçinin, dövlət xətti ilə böyük həcmdə müasir texnika alınmışdır.

Mən bu sahə ilə məşğul olan kəndli fermer təsərrüfatının rəhbəri kimi, bu il əkin sahələrini ötən ilə nisbətən 50 faiz artırmışam. Onu da qeyd edim ki, bir neçə ildir ki, Saatlı rayonu həm əkin sahəsinə, həm də pambıq istehsalına görə respublikada birinciliyi əldən vermir. Bu, bizi daha da ruhlandırır. Sahələrin suvarılmasına, həmçinin mineral və üzvi kübrələr, ziyanverici həşəratlara qarşı mübarizədə istfadə olunan dərman preparatlarının təminatında heç bir problemimiz olmayıb. Topladığımız məhsulun pulunun dərhal ödənilməsi təsərrüfatımızın üzvlərini daha çox məhsul toplamağa həvəsləndirib.

Onu da qeyd edim ki, pambıqçılıq kəndli fermer təsərrüfatları, eləcə də respublikamız üçün çox zəruri kənd təsərrüfatı sahəsidir. İlk növbədə, yeni iş yerləri yaradılır, pambıq emalı zavodları ikinövbəli işləyir, ölkəmizə valyuta gətirilir, digər rayonlarda da iş yerləri yaranır. Həm də pambığın dünya bazarlarında alıcıları çoxdur.

Biz əminik ki, pambıqçılıq sahəsində qarşıya qoyulan vəzifələrin uğurlu icrası bu məhsulun əvvəlki şöhrətini özünə qaytaracaq. Son illər həyata keçirilən tədbirlər artıq pambıq istehsalı ilə məşğul olan fermerlərdə inam yaradıb.

Sabir BƏDƏLOV,
Saatlı rayonundakı
“El gücü” kəndli fermer təsərrüfatının rəhbəri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında