Azərbaycanda dayanıqlı iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

Son 14 il Azərbaycanın müasir tarixinə iqtisadi, sosial, siyasi və mədəni inkişafının dönüş mərhələsi kimi daxil olub. Bu dövr ərzində uğurla həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyat 3,2 dəfə artıb, Azərbaycan dünyanın ən dinamik inkişaf yolu keçən iqtisadiyyatı kimi tanınıb, özünün nadir iqtisadi inkişaf modelini təqdim edib. Ölkənin maliyyə imkanları tarixi maksimuma çatdırılıb. Azərbaycan Cənubi Qafqazın və ətrafın iqtisadi coğrafiyasını dəyişdirməyə qadir olan möhtəşəm layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürüb.

Respublikamız regional iqtisadiyyatın lokomotivinə çevrilib, Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi özünü təqdim edib, hazırda isə beynəlxalq Şərq-Qərb, Şimal-Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirməkdədir. Bütün bunların sayəsində təbii olaraq Azərbaycanın regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyli yüksəlib.

Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət nəticəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib.

 

Son 14 ilin uğurlu göstəriciləri

 

Azərbaycanda 2004-cü ildən başlayaraq həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bölgələrdə geniş quruculuq və abadlıq işləri görülüb, çoxsaylı infrastruktur layihələri həyata keçirilib, müxtəlif profilli istehsal müəssisələri, sosial obyektlər fəaliyyətə başlayıb və minlərlə yeni iş yeri açılıb. Bütün bunlar hər bir rayonun, kəndin və qəsəbənin simasını dəyişməklə bərabər, əhalinin rifah halının yüksəldilməsinə, sosial problemlərinin həllinə rəvac verib. Göstərilən bu irimiqyaslı işlərin icrasına bütün mənbələr hesabına 67,5 milyard manat məbləğində maliyyə vəsaiti yönəldilib.

Bu dövrdə ümumi daxili məhsul real həcmdə 3,2 dəfə, sənaye məhsulunun istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3 dəfə, əhalinin adambaşına düşən gəlirləri 7,2 dəfə, orta aylıq əməkhaqqı 6,8 dəfə, onun real həcmi 2,4 dəfə, banklardakı əmanətləri 30 dəfə artıb, 1,9 milyondan çox yeni iş yeri açılıb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib, orta ömür uzunluğu 72,4 ildən 75,4 ilə yüksəlib. Dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, Dövlət Sosial Müdafiə Fondunun xərcləri 9 dəfə çoxalıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq, ötən ilin sonuna 42 milyard ABŞ dolları təşkil edib.

Son 14 ildə əhalinin təbii qazla təmin edilməsi kimi olduqca vacib sosial problemin həlli ilə bağlı görülən davamlı tədbirlər ölkə üzrə qazlaşdırmanın səviyyəsini 51 faizdən 93 faizə yüksəltməyə imkan verib.

2004-2017-ci illərdə tikinti materiallarının istehsalı 4,4 dəfə, elektrik avadanlıqlarının istehsalı 10,9 dəfə, mebel istehsalı 2,4 dəfə artırılıb.

Son 14 ildə müasir tələblərə cavab verən yeni müəssisələrin istifadəyə verilərək, əlavə istehsal güclərinin yaradılması və həyata keçirilmiş digər kompleks tədbirlər sənayenin qeyri-neft sektorunda istehsalın həcminin 2,2 dəfə artmasına imkan verib.

Sözügedən dövrdə 9 min kilometrdən çox su və 3 min 500 kilometrdən artıq kanalizasiya xətləri çəkilib, 230 su anbarı tikilib və ya yenidən qurulub. Cari ilin əvvəlinə 10 şəhərdə və rayon mərkəzində su və kanalizasiya şəbəkələrinin, 9 şəhərdə isə su xətlərinin inşası başa çatdırılıb, 390 min əhalinin su təchizatı yaxşılaşdırılıb. Bunlarla yanaşı, 487 yaşayış məntəqəsində modul tipli sutəmizləyici sistemlər quraşdırılıb və 700 min nəfərdən çox insan keyfiyyətli içməli su ilə təmin edilib.

Dövlət başçısının daim xüsusi həssaslıqla yanaşdığı məcburi köçkünlərin sosial problemlərinin həllinə və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 5,6 milyard manat məbləğində vəsait xərclənib. Nəticədə 7 çadır düşərgəsi, 16 fin tipli və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət 3 qəsəbə ləğv olunub. Yeni tikilmiş və bütün lazımi sosial infrastruktura malik 92 yaşayış kompleksində 265 min məcburi köçkün mənzillə təmin edilib.

 

Regional layihələrin icrası uğurla həyata keçirilib

 

Azərbaycanın təşəbbüskarı olduğu və bütün dünyada geniş əks-səda doğuran Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, “Cənub” qaz dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji əhəmiyyətli tarixi layihələrin icrası reallaşdırılıb.

Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması, İran İslam Respublikasının sərhədinədək dəmir yolunun və Astaraçay üzərindəki körpünün tikintisinin başa çatdırılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin istifadəyə verilməsi beynəlxalq tranzit ölkə statusu qazanmış respublikamızı “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin qovşağına çevirib.

Enerji təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın və əhalinin elektrik enerjisi ilə dayanıqlı təchizatı siyasətimizin ən prioritet istiqamətlərindən olub. “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi, “Şahdəniz” qaz yatağının mərhələlərlə istismarı Azərbaycanın dünyanın neft-qaz bazarına daxil olmasına zəmin yaradıb. Ötən il “Əsrin müqaviləsi” üzrə xarici tərəfdaşlarla birlikdə aparılan danışıqlar yekunlaşıb və onun müddəti Azərbaycan üçün əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılıb.

Neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi məqsədilə mühüm layihələr həyata keçirilib. Hazırda Heydər Əliyev adına Bakı neft emalı zavodunda əsaslı rekonstruksiya və modernləşmə ilə əlaqədar mühüm işlər aparılır, karbamid zavodunun, yeni polietilen və polipropilen qurğularının tikintisi isə tamamlanaraq, müvafiq sınaq işlərinə başlanılıb. Bu müəssisələrdə istehsal edilən məhsullar daxili tələbatı ödəməklə yanaşı, həm də yüksək ixrac potensialına malik olacaqdır.

2004-2017-ci illər ərzində ölkədə ümumi gücü 2400 MVt-dan artıq 30 elektrik stansiyası tikilib istismara verilib, 5 min 200-dən çox yarımstansiya inşa edilib və ya modernləşdirilərək yenidən qurulub, 50 min kilometrə yaxın elektrik verilişi xətləri çəkilib.

Şübhəsiz ki, sadalanan uğurların qazanılmasında ölkədə dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq mühitinin yaradılması, dövlətimizin çoxşaxəli siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca amillərdəndir.

 

Qeyri-neft sənayesinin inkişafı diqqət mərkəzində saxlanılıb

 

Ardıcıl və sistemli surətdə həyata keçirilən şaxələndirmə siyasəti, sahibkarlıq mühitinin yaxşılaşdırılması üzrə görülən tədbirlər ölkə sənayesinin yeni inkişaf mərhələsinə daxil olmasına zəmin yaradıb. Sənayenin inkişafına dair Dövlət Proqramı təsdiq edilib və icrasına başlanılıb. Ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və sair sahələr yaradılıb. Qeyri-neft sənayesinin inkişaf etdirilməsində müasir istehsal infrastrukturuna malik sənaye parklarının və sənaye məhəllələrinin yaradılmasına üstünlük verilib. Bu cür sənaye kompleksləri ölkənin ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması baxımından xüsusilə əhəmiyyətlidir. Artıq fəaliyyət göstərən Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı və Qaradağ Sənaye parkları, Neftçala Sənaye Məhəlləsi məhz belə müəssisələrdəndir. Bu illərdə Bakı gəmiqayırma zavodu, Gədəbəy və Daşkəsən qızıl-filiz zavodları, Gəncə avtomobil zavodu, Gəncə alüminium kompleksi, iri qabaritli transformatorlar zavodu, yüksək gərginlikli avadanlıqlar zavodu və digər müasir tipli müəssisələr istifadəyə verilib.

Dövlət başçısının təşəbbüsü ilə xalçaçılıq sahəsi yeni intibah dövrünə daxil olub, “Azərxalça” Səhmdar Cəmiyyəti tərəfindən 2017-ci ildə respublikanın 10 rayonunda xalça sexləri açılıb. Növbəti illərdə daha 10 belə müəssisənin yaradılması nəzərdə tutulur.

 

Ərzaq təhlükəsizliyinin prioritetliyinə mühüm önəm verilib

 

Əhalinin keyfiyyətli qida məhsulları ilə təmin edilməsi iqtisadi siyasətimizin ən əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Qarşıya qoyulmuş vəzifələrin vacibliyini və miqyasını nəzərə alaraq, ərzaq təhlükəsizliyi üzrə Dövlət Proqramı qəbul edilib və icrasına başlanılıb.

Proqramda nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi məqsədilə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və çeşidinin genişləndirilməsinə müxtəlif dövlət dəstəyi mexanizmlərinin tətbiqi, o cümlədən güzəştli kreditlərin və subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnologiyalardan istifadə olunması ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilib.

Ölkədə 32 iri fermer təsərrüfatı yaradılıb və bu məqsədlərə 70,5 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Hazırda 43 aqroparkın, o cümlədən 14 müasir heyvandarlıq kompleksinin, 24 iri taxılçılıq təsərrüfatının yaradılması istiqamətində intensiv işlər aparılır. 2018-ci ilin əvvəlinə ölkədə 2800-dən artıq istixana kompleksi fəaliyyət göstərir və təkcə keçən il burada 190 min tondan çox məhsul tədarük edilib.

Hesabat ilində pambıqçılığın, baramaçılığın, tütünçülüyün inkişafına dair Dövlət proqramları təsdiq edilib, fındıqçılığın inkişafı məqsədilə yeni bağlar salınıb.

Son 14 ildə görülmüş bütün bu işlər öz bəhrəsini verib, taxıl, pambıq, tərəvəz, üzüm, diri çəkidə ət, süd, yumurta, barama və digər kənd təsərrüfatı məhsullarının istehsal həcmi əhəmiyyətli dərəcədə artıb.

Bu illərdə aqrar sahədə istehsalın stimullaşdırılmasına dövlət büdcəsindən ümumilikdə 1,3 milyard manat məbləğində vəsait yönəldilib.

Kənd təsərrüfatı istehsalçılarının suvarma suyu ilə təminatı, suvarılan torpaqların əhatəsinin genişləndirilməsi həmişə diqqət mərkəzində olub.

2004-2017-ci illərdə ümumi sututumu 460 milyon kubmetrə yaxın olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilib istifadəyə verilib. Sututumu 15,5 milyon kubmetr olan 3 su anbarı təmir-bərpa edilib, 4 min kilometr suvarma kanallarının və 2,4 min kilometr kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası işləri aparılıb, 1960 subartezian quyusu qazılıb.

Ümumilikdə, bu məqsədlərə müxtəlif mənbələrdən 4,3 milyard manat məbləğində vəsait cəlb edilib.

Görülmüş irimiqyaslı işlər nəticəsində 360 min hektar sahədə torpaqların su təminatı və 256 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 127 min hektar ərazidə yeni torpaq sahələrinə suvarma suyunun verilməsi təmin olunub.

 

Ölkədə nəhəng nəqliyyat infrastrukturu yaradılıb

 

Əsas hədəf kimi qarşıya qoyulan mühüm vəzifələrdən biri də müasir tələblərə cavab verən nəqliyyat infrastrukturunun yaradılması olub. Bu istiqamətdə görülmüş irihəcmli işlər təbii ki, müsbət nəticələrini verib və nəqliyyat sektoru ölkənin ümumi inkişafında mühüm yer tutub. 2004-2017-ci illər ərzində respublikada ümumi uzunluğu 13,3 min kilometr olan avtomobil yolları tikilib, yenidən qurulub və təmir edilib, 297 körpü, 93 yol ötürücüsü və tunel, 84 yeraltı və yerüstü piyada keçidi istifadəyə verilib. Beş milyondan çox əhalinin yaşadığı 2 mindən artıq yaşayış məntəqəsini birləşdirən yollar ölkə vətəndaşlarının gündəlik həyatına rahatlıq gətirməklə bərabər, həm də bölgələrdə kənd təsərrüfatının, sahibkarlığın və turizmin inkişafına ciddi təkan verib.

Dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların səmərəliliyinin artırılması, ölkənin tranzit potensialının gücləndirilməsi məqsədilə 2013-cü ildə Xəzər Dəniz Gəmiçiliyinin və Dövlət Neft Şirkətinin ləğv edilmiş Xəzər Dəniz Donanmasının bazasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Gəmiçiliyin inkişafına dair 2016-2020-ci illəri əhatə edən Dövlət Proqramının təsdiq edilərək icrasına başlanılıb və QSC iqtisadi göstəricilərini əsaslı şəkildə yaxşılaşdırıb. Bu müddətdə alınmış 19 müxtəliftəyinatlı gəmi hesabına onun fəaliyyəti daha da genişləndirilib. Hazırda Bakı gəmiqayırma zavodunda Cəmiyyətin sifarişi əsasında 2 gəmi və 2 tankerin tikintisi aparılır.

Bu dövrdə mülki hava nəqliyyatının maddi-texniki bazası ən müasir hava gəmiləri hesabına əsaslı şəkildə yeniləşdirilib, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyəti xeyli yüksəldilib.

Əgər 2003-cü ildə Azərbaycanda yalnız 1 beynəlxalq statusa malik hava limanı var idisə, hazırda onların sayı 6-ya çatdırılıb. Təkcə Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilmiş müasir aerovağzal kompleksi ildə 6 milyon sərnişinə xidmət göstərmək gücündədir.

Bakı şəhərində əhalinin böyük əksəriyyətinin gündəlik istifadə etdiyi nəqliyyat növü kimi metronun fəaliyyəti daim diqqət mərkəzində olub. Bu xidmət sahəsinə davamlı olaraq ayrılmış dövlət vəsaitləri hesabına “Bakı Metropoliteni”nin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib, 5 yeni metro stansiyası istifadəyə verilib, “Koroğlu”, “İçərişəhər” və “28 May” stansiyalarında əsaslı təmir işləri aparılıb, 130-dan artıq təzə metro vaqonları alınıb. Nəticədə “Bakı Metropoliteni”nin xidmətindən gün ərzində 630 min nəfərə yaxın sərnişin istifadə edir.

 

Sosial məsələlərin həlli əhalinin rifahını yaxşılaşdırıb

 

Ölkəmizdə aparılan ardıcıl və düşünülmüş sosial siyasətin bariz nümunəsi kimi “ASAN xidmət” mərkəzlərinin nümunəvi fəaliyyəti vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib. Təkcə ötən il ərzində 14 “ASAN xidmət” mərkəzinə 19 milyondan artıq müraciət olunması, 52 rayonda əhaliyə bilavasitə yaşadıqları yerdə səyyar formada xidmət göstərilməsi bunun əyani göstəricisidir.

Təhsil, səhiyyə, turizm, gənclər və idman sahələrinin inkişafı, insanların yaşayış səviyyəsinin yüksəldilməsi sosial-iqtisadi siyasətdə başlıca yerlərdən birini tutur.

Bu illər ərzində təhsil sektorunda islahatlar davam etdirilib, Avropa təhsil sisteminə keçid təmin olunub və onun əsasında yeni məzmunlu milli təhsil sistemi qurulub. Ümumi təhsil sistemində çalışan 140 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların əməkhaqqı əhəmiyyətli dərəcədə artırılıb. İqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı kadrlara olan tələbatının daha dolğun təmin edilməsi məqsədi ilə peşə-ixtisas təhsili sistemi təkmilləşdirilərək, 14 peşə-təhsil mərkəzi yaradılıb.

Ötən il respublikanın 40 rayonunda 106 modul tipli məktəb quraşdırılıb və təhsil şəraiti yaxşılaşdırılıb.

2004-2017-ci illərdə ümumilikdə 3098 məktəbin tikintisi və ya əsaslı təmiri hesabına təhsil müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilib.

Səhiyyə sistemində aparıcı texnologiyalarla və müasir avadanlıqlarla təchiz edilmiş yeni tibb mərkəzlərinin açılması əhaliyə göstərilən tibbi xidmətlərin həcminin genişləndirilməsinə, keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artırılmasına səbəb olub. Son illərdə istifadəyə verilmiş Respublika Talassemiya Mərkəzi, Milli Oftalmologiya və Onkologiya mərkəzləri, Azərbaycan Tibb Universitetinin klinikaları məhz belə müasir səhiyyə obyektlərindəndir.

Ümumilikdə, bu dövrdə 635 tibb müəssisəsi tikilib, yenidən qurulub və təmir edilib ki, bunların da 70 faizindən çoxunu regionlardakı səhiyyə obyektləri təşkil edir.

2017-ci ilin əvvəlindən Mingəçevir şəhərində və Yevlax rayonunda icbari tibbi sığortanın pilot layihəsinin tətbiqinə başlanılıb.

Son illərdə ölkədə yaradılmış dayanıqlı sabitlik, müasir infrastruktur, göstərilən davamlı dövlət dəstəyi turizm sektorunun inkişafında dönüş yaratmağa imkan verib. Qusar rayonunda ilboyu fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzi, Qəbələ, Quba, Xaçmaz rayonlarında, Naftalan şəhərində yüksək standartlara uyğun inşa edilmiş yeni mehmanxanalar yerli və xarici turistlərin sevimli istirahət məkanına çevrilib, onların ölkəyə axınının artmasına səbəb olub.

Əgər 2004-cü ilin əvvəlinə ölkədə fəaliyyət göstərən mehmanxana və turizm istirahət mərkəzlərinin sayı 238 idisə, 2017-ci ildə müasir tələblərə cavab verən belə obyektlərin sayı 563-ə çatdırılıb.

İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, güclü idmançıların hazırlanması məqsədilə 38 Olimpiya Kompleksi tikilib, müxtəlif ölkədaxili və beynəlxalq yarışların keçirilməsi üçün çoxlu sayda müasir idman sarayları və qurğuları istifadəyə verilib. Ölkəmizin paytaxtında ən yüksək səviyyədə keçirilmiş ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları möhtəşəm idman bayramları kimi yaddaşlarda qalacaqdır.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında