Prezident İlham Əliyev bu il yanvarın 23-də Davosda Dünya İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında ölkəmizin təşəbbüskarı olduğu beynəlxalq enerji və nəqliyyat layihələrindən danışarkən, bu layihələrin Azərbaycan üçün mühüm əhəmiyyətini, eləcə də regionun enerji xəritəsini dəyişdiyini diqqətə çatdırıb. “Gürcüstanın Supsa limanına qədər inşa etdiyimiz ilk kəmər Xəzər dənizini Qara dənizlə birləşdirdi. Daha sonra inşa etdiyimiz Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. Bundan sonra həmin marşrut boyu biz qaz kəmərini də inşa etdik. Beləliklə, biz karbohidrogen ehtiyatlarımız üçün şaxələnmiş ixrac marşrutlarına malikik və geniş mənada tərəfdaşlarımızın, o cümlədən Avropada olan tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin edirik. Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. İki-üç ildən - “Cənub Qaz Dəhlizi” layihəmiz uğurla icra olunandan sonra onlar bizim təbii qaz ehtiyatlarımıza da çıxış əldə edəcəklər”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Nəqliyyat layihələrindən bəhs edən Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin önəmini diqqətə çatdıraraq deyib: “Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionun nəqliyyat xəritəsini dəyişdirdi. Bu gün bu, Çindən Avropaya olan ən qısa marşrutdur - əvvəllər bu məsafə 30-35 gün ərzində qət olunurdusa, artıq bu gün iki həftə ərzində qət edilir. Beləliklə, bu nəqliyyat və enerji şaxələndirilməsinin yeni xəritəsidir və düşünürəm ki, açıq okeana çıxışı olmayan bir ölkə kimi Azərbaycan regional nəqliyyat dəhlizinə çevrilmişdir. Ancaq əlbəttə ki, hələ də görüləcək işlərimiz var”.
Dövlətimizin başçısı xatırladıb ki, gələcək neft və qazdan ibarət deyil, onlar bir gün tükənəcək. Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaq.
Bakı-Tbilisi-Qars dəmir yolunun mühüm əhəmiyyətindən danışarkən, qeyd etməliyik ki, ötən il istifadəyə verilən bu dəmir yolu xətti qitələri birləşdirən nəqliyyat dəhlizidir. Bu strateji layihə Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində reallaşıb. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa və etibarlı yol olacaq, onilliklər ərzində Azərbaycana həm iqtisadi, həm siyasi dividendlər gətirəcək.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi heç də asanlıqla reallaşmayıb. Ankarada bununla bağlı danışıqlara 1993-cü il iyulun 26-29-da başlanılsa da, layihənin həyata keçirilməsi barədə protokol yalnız 2002-ci ildə İstanbul şəhərində Türkiyə-Gürcüstan nəqliyyat nazirlərinin iclasında imzalanıb. 2004-cü il noyabrın 14-də isə Avropa Komissiyasının təşəbbüsü ilə Bakıda keçirilən nəqliyyat nazirlərinin konfransında Bakı-Tbilisi-Qars dəmir yolunun inşasının vacibliyi və regional xarakter daşıması barədə Azərbaycan, Türkiyə və Gürcüstan tərəfləri birgə bəyanat yayıblar. 2005-ci il mayın 25-də Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin açılışında Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının prezidentləri Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsi haqqında bəyannamə imzalayıblar. 2007-ci il yanvarın 12-də isə Tbilisidə həmin layihənin son variantı iştirakçı dövlətlərin nəqliyyat nazirlərinin görüşündə müzakirə olunaraq, 2007-ci il fevralın 7-də tikinti layihəsinə başlamaqla bağlı saziş imzalanıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı-Tbilisi-Qars dəmir yolunu üç ölkəni bir-birinə möhkəm bağlayan “Dəmir İpək yolu” adlandırıb. Bildirib ki, sözügedən layihə həm bir tərəfdən Mərkəzi Asiya və Çini, digər tərəfdən Avropanı Qafqazda qovuşduracaq.
Rəcəb Tayyib Ərdoğan regional əməkdaşlıqda Bakı-Tbilisi-Ceyhan neft kəmərini birinci, Bakı-Tbilisi-Ərzurum layihəsini ikinci, Bakı-Tbilisi-Qars layihəsini isə üçüncü vacib addım kimi qiymətləndirib: “Ancaq bu həmrəylik sadəcə regional əməkdaşlıqla məhdudlaşmır. Eyni zamanda, bu dəmir yolu üzərindəki hər bir stansiya bir sülh stansiyası, dostluq və həmrəylik stansiyası olaraq dünyaya mesajını verir”.
Azərbaycan Prezidenti İlham Əliyev də bunu üç ölkənin siyasi iradəsi və müstəqilliyin təntənəsi kimi dəyərləndirib. Dövlətimizin başçısının 2007-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar tədbirlər haqqında imzaladığı sərəncamda xatırladılırdı ki, Azərbaycanın tarixi İpək yolunun bərpası çərçivəsində həyata keçirilən və geniş perspektivə malik Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması məqsədini daşıyan TRASEKA Proqramının mühüm iştirakçılarından birinə çevrilməsi bütün iqtisadi səmərələrdən başqa, Qafqazda sülhün dayanıqlı olmasına xidmət edən zəruri amildir. Bu baxış bucağından yanaşanda, Avropaya inteqrasiya prosesinin sürətləndirilməsinə xidmət edən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi də Azərbaycan üçün xüsusi siyasi və iqtisadi əhəmiyyət kəsb edən məsələdir.
Yeri gəlmişkən, artıq Çin Azərbaycan ərazisindən keçməklə Avropaya yük daşımağa başlayıb. Mühəndis avadanlığı və digər mallarla yüklənən ilk qatar yanvarın 19-da Urumçi şəhərindən yola düşüb. Şərq-Qərb nəqliyyat dəhlizi ilə Avropaya yük daşımalı olan qatar Qazaxıstanın limanında dayanacaq. Daha sonra yüklər dəniz yolu ilə Bakıya, buradan isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Avropaya çatdırılacaq.
Qeyd edək ki, marşrutun ümumi uzunluğu 4186 kilometrdir. Çindən Avropaya yüklərin 8 günə çatdırılması nəzərdə tutulub. Bu il Urumçidən Avropaya 1400 yük konteynerinin yola salınması planlaşdırılır. Şərq-Qərb nəqliyyat dəhlizi Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçməklə Çindən Avropaya və əks istiqamətdə yüklərin tədarükü üçün nəzərdə tutulub.
Sözügedən dəmir yolunun istifadəyə verilməsi fonunda Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində Ro-Ro terminalının açılışı da mühüm önəm daşıyır. Bütün bunlar isə indiki dövrdə neftdən asılılığın aradan qaldırılmasının prioritet olduğunu bir daha təsdiqləyir.
Post-neft dövründə iqtisadiyyatın şaxələndirilməsi, bütövlükdə dövlət gəlirlərinin və ümumi daxili məhsulun fərqli sektorlar hesabına formalaşması əsas hədəflərdən biridir. Nəticə etibarilə nəqliyyat sektorunda islahatların aparılması və infrastrukturun qurulması da göstərir ki, beynəlxalq yük daşımalarda ölkəmizin payının artması mühüm əhəmiyyət kəsb edir, respublikamıza əlavə valyutaların daxil olmasına şərait yaradır. Bu, eyni zamanda, Azərbaycanın iqtisadi gücünün artması kimi də xarakterizə edilməlidir.
Hazırda ölkəmiz bir sıra qlobal nəqliyyat layihələri həyata keçirir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri təkcə regional deyil, həmçinin beynəlxalq miqyaslı infrastrukturdur. Məsələn, Şimal-Cənub dəhlizi təkcə İranı Rusiya ilə birləşdirmir, burada Hindistanı Avropa ilə bağlayan nəqliyyat xəttindən söhbət gedir. Azərbaycan bu nəqliyyat dəhlizinin reallaşmasını praktik olaraq həyata keçirən ölkələrdən biridir. Bunlarla bərabər logistik mərkəzlərin yaradılması, qədim İpək yolunun bərpası, yükdaşımalarda elektron xidmətlərin tətbiqi, prosedur qaydalarının sadələşdirilməsi nəticə etibarilə ölkəmizin strateji nəqliyyat mərkəzinə çevrildiyini göstərir.
Yeri gəlmişkən, 2016-cı ildə qeyri-neft sektorunda beynəlxalq yükdaşımaların həcmi 65 faiz artıb, ötən il isə artım tempini qoruyub saxlamaq daha asan olub. Bununla yanaşı, Azərbaycanda nəhəng nəqliyyat layihələrinin reallaşdırılması həm iqtisadi, həm də geosiyasi önəm daşıyır. Çünki ölkəmizdə istehsal olunan qeyri-neft məhsulları beynəlxalq nəqliyyat marşrutları ilə dünya bazarlarına çıxarılacaq. Nəqliyyat dəhlizləri imkan verəcək ki, azərbaycanlı sahibkarlar öz məhsullarını dünya bazarına daha asan və az xərclə çıxarsınlar.
Azərbaycan dəmir yollarının inkişafına, müasirləşməsinə və mövcud problemlərinin həllinə diqqətin artırılması nəticəsində respublikamızın dəmir yolları da regionun mühüm və əhəmiyyətli nəqliyyat–logistika holdinqinə çevrilərək dünyanın inkişaf etmiş ölkələrinin dəmir yolları sırasında öz layiqli yerini tutacaq.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi də getdikcə artır. Bu, Şərqlə-Qərbin qovşağında yerləşən, unikal coğrafi geosiyasi şəraitə malik olan respublikamızın hazırda dünya təsərrüfatının nəqliyyat sektorunda baş verən proseslərdən kənarda qalmaması ilə bağlıdır. Başqa sözlə, Azərbaycanı regionun ticarət mərkəzinə çevirmək məqsədilə son illərdə ölkənin strateji coğrafi mövqeyindən səmərəli istifadə etməklə tranzit və nəqliyyat xidmətlərinin inkişafı, nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və tranzit potensialının daha da artırılması üçün konkret hədəflərə istiqamətlənən kompleks tədbirlərin reallaşdırılmasının nəticəsidir.
“Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi”ndə vurğulanır ki, logistika sahəsində əməliyyatların təkmilləşdirilməsi mühüm önəm daşıyır. Buna görə də infrastruktura investisiya qoyuluşları nəticəsində Azərbaycanın alternativ marşrutlarla müqayisədə rəqabətqabiliyyətliliyi artsa da, ölkənin logistika şəbəkəsinin potensialından tam istifadənin təminatı məqsədilə müxtəlif sahələr üzrə əksər əməliyyat göstəricilərinin yaxşılaşdırılmasına daim diqqət yetirilməsi tələb olunur. Ona görə də bir sıra potensial çatışmazlıqları aradan qaldıraraq, eləcə də diqqəti xərclər və vaxt baxımından rəqabətqabiliyyətliliyin artırılmasına, habelə tranzit ticarətinin etibarlılığının gücləndirilməsinə yönəltməklə, ölkədə müxtəlif nəqliyyat növləri və vasitələrini əhatə edən logistika əməliyyatlarının yaxşılaşdırılması üzrə təşəbbüslər davam etdiriləcəkdir.
Vaqif BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.