Son 14 ildə Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələrindən biridir

Milli Məclisin yaz sessiyasının martın 16-da keçirilmiş növbəti iclasında Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatı dinlənilib. Hesabat barədə danışan Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, ötən il həyata keçirilən iqtisadi inkişaf strategiyası ölkəmizdə makroiqtisadi sabitliyi qoruyub saxlamağa imkan yaradıb, bu dövrdə respublikamız sürətlə və uğurla inkişaf edib. Həyatımızın bütün sahələrində əldə edilən nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə verib. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşayıb.

Ötən il ölkə iqtisadiyyatında həyata keçirilmiş sistemli islahatlar uğurla davam etdirilib. Aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri tərəfindən Azərbaycan dövlətinin reallaşdırdığı islahatlar yüksək qiymətləndirilib. Davos İqtisadi Forumunun son hesabatında Azərbaycan rəqabət qabiliyyətinə görə 2 pillə irəliləyərək, 35-ci yeri tutub. Digər beynəlxalq reytinq agentliklərinin hesabatlarına görə də ölkəmizin mövqeləri xeyli yaxşılaşıb.

Baş nazir Artur Rasi-zadə isə hesabat məruzəsində diqqəti əvvəlcə son 14 ildə əhalinin rifahının yüksəldilməsinə hədəflənən sosial-iqtisadi siyasət nəticəsində əldə olunan uğurlara yönəldib. Bildirib ki, bu dövrdə ümumi daxili məhsul real həcmdə 3,2 dəfə, sənaye məhsulunun istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, əsas kapitala yönəldilən investisiyalar 3 dəfə, əhalinin adambaşına düşən gəlirləri 7,2 dəfə, orta aylıq əməkhaqqı 6,8 dəfə artıb, 1,9 milyondan çox yeni iş yeri açılıb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib, orta ömür uzunluğu 72,4 ildən 75,4 ilə yüksəlib. Dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, Dövlət Sosial Müdafiə Fondunun xərcləri 9 dəfə çoxalıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq, ötən ilin sonuna 42 milyard ABŞ dolları təşkil edib.

Azərbaycanın təşəbbüskarı olduğu və bütün dünyada geniş əks-səda doğuran Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, “Cənub” qaz dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji əhəmiyyətli tarixi layihələr reallaşdırılıb.

Baş nazir sadalanan uğurların qazanılmasında ölkədə dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq mühitinin yaradılmasının, dövlətimizin çoxşaxəli siyasətinin xalq tərəfindən dəstəklənməsinin başlıca rol oynadığını xatırladıb.

Hesabat məruzəsində, eyni zamanda, diqqətə çatdırılıb ki, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi, “Şahdəniz” qaz yatağının mərhələlərlə istismarı Azərbaycanın dünyanın neft-qaz bazarına daxil olmasına zəmin yaradıb. Ötən il “Əsrin müqaviləsi” üzrə xarici tərəfdaşlarla birlikdə aparılan danışıqlar yekunlaşıb və onun müddəti Azərbaycan üçün əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılıb.

Hesabat dövründə neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi məqsədilə mühüm layihələr həyata keçirilib. Hazırda Heydər Əliyev adına Bakı neft emalı zavodunda əsaslı rekonstruksiya və modernləşmə ilə əlaqədar mühüm işlər aparılır, karbamid zavodunun, yeni polietilen və polipropilen qurğularının tikintisi isə tamamlanaraq, müvafiq sınaq işlərinə başlanılıb. Bu müəssisələrdə istehsal edilən məhsullar daxili tələbatı ödəməklə yanaşı, həm də yüksək ixrac potensialına malik olacaqdır.

Son 14 ildə əhalinin təbii qazla təmin edilməsi kimi olduqca vacib sosial problemin həlli ilə bağlı görülən davamlı tədbirlər ölkə üzrə qazlaşdırmanın səviyyəsini 51 faizdən 93 faizə yüksəltməyə imkan verib.

Azərbaycanda enerji təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın və əhalinin elektrik enerjisi ilə dayanıqlı təchizatı ən prioritet istiqamətlərdən olub. Məhz bunun sayəsində 2004-2017-ci illər ərzində ölkədə ümumi gücü 2400 MVt-dan artıq 30 elektrik stansiyası tikilib istismara verilib, 5 min 200-dən çox yarımstansiya inşa edilib və ya modernləşdirilərək yenidən qurulub, 50 min kilometrə yaxın elektrik verilişi xətləri çəkilib.

Ardıcıl və sistemli surətdə reallaşdırılan şaxələndirmə siyasəti, sahibkarlıq mühitinin yaxşılaşdırılması üzrə görülən tədbirlər ölkə sənayesinin yeni inkişaf mərhələsinə daxil olmasını şərtləndirib. Sənayenin inkişafına dair Dövlət Proqramı təsdiq edilib və icrasına başlanılıb. Ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və s. sahələr yaradılıb.

Bütün bunlarla bərabər, qeyri-neft sənayesinin inkişaf etdirilməsində müasir istehsal infrastrukturuna malik sənaye parklarının və sənaye məhəllələrinin yaradılmasına üstünlük verilib. Bu cür sənaye kompleksləri ölkənin ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması baxımından xüsusilə əhəmiyyətlidir. Artıq fəaliyyət göstərən Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı və Qaradağ Sənaye parkları, Neftçala Sənaye Məhəlləsi məhz belə müəssisələrdəndir.

Bu illərdə Bakı gəmiqayırma, Gədəbəy və Daşkəsən qızıl-filiz, Gəncə avtomobil, Gəncə alüminium, iri qabaritli transformatorlar, yüksək gərginlikli avadanlıqlar zavodları və digər müasir tipli müəssisələr işə salınıb.

Ümumilikdə, son 14 ildə müasir tələblərə cavab verən yeni müəssisələrin istifadəyə verilərək, əlavə istehsal güclərinin yaradılması və həyata keçirilən digər kompleks tədbirlər sənayenin qeyri-neft sektorunda istehsalın həcminin 2,2 dəfə artmasına imkan verib.

Ölkənin ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli qida məhsulları ilə təmin edilməsi iqtisadi siyasətimizin ən əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Qarşıya qoyulan vəzifələrin vacibliyini və miqyasını nəzərə alaraq, ərzaq təhlükəsizliyi üzrə Dövlət Proqramı qəbul edilib və icrasına başlanılıb. Həmin proqramda nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi məqsədilə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və çeşidinin genişləndirilməsinə müxtəlif dövlət dəstəyi mexanizmlərinin tətbiqi, o cümlədən güzəştli kreditlərin və subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnologiyalardan istifadə olunması ilə bağlı məqsədyönlü tədbirlər gerçəkləşdirilib.

Ölkədə 32 iri fermer təsərrüfatı yaradılıb və bu işə 70,5 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Hazırda 43 aqroparkın, o cümlədən 14 müasir heyvandarlıq kompleksinin, 24 iri taxılçılıq təsərrüfatının yaradılması istiqamətində intensiv tədbirlər həyata keçirilir. Hazırda ölkədə 2800-dən artıq istixana kompleksi fəaliyyət göstərir və təkcə keçən il həmin komplekslərdə 190 min tondan çox məhsul tədarük edilib.

Hesabat ilində pambıqçılığın, baramaçılığın, tütünçülüyün inkişafına dair Dövlət proqramları təsdiq edilib, fındıqçılığın inkişafı məqsədilə yeni bağlar salınıb.

Son 14 ildə görülmüş bütün bu işlər öz bəhrəsini verib, taxıl, pambıq, tərəvəz, üzüm, diri çəkidə ət, süd, yumurta, barama və digər kənd təsərrüfatı məhsullarının istehsal həcmi əhəmiyyətli dərəcədə artıb.

Bu illərdə aqrar sahədə istehsalın stimullaşdırılmasına dövlət büdcəsindən ümumilikdə 1,3 milyard manat məbləğində vəsait yönəldilib.

Kənd təsərrüfatı istehsalçılarının suvarma suyu ilə təminatı, suvarılan torpaqların əhatəsinin genişləndirilməsi həmişə diqqət mərkəzində olub. 2004-2017-ci illərdə ümumi sututumu 460 milyon kubmetrə yaxın olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilib istifadəyə verilib. Sututumu 15,5 milyon kubmetr olan 3 su anbarı təmir-bərpa edilib, 4 min kilometr suvarma kanallarının və 2,4 min kilometr kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası işləri aparılıb, 1960 subartezian quyusu qazılıb. Ümumilikdə, bu məqsədlərə müxtəlif mənbələrdən 4,3 milyard manat məbləğində vəsait cəlb edilib.

Görülmüş irimiqyaslı işlər nəticəsində 360 min hektarda torpaqların su təminatı və 256 min hektarda sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 127 min hektar ərazidə isə yeni torpaq sahələrinə suvarma suyunun verilməsi təmin olunub.

Əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya şəbəkələrinin tikintisi kimi olduqca vacib sosial problemlərin həlli məqsədilə mühüm layihələrin icrasına başlanılıb. Ötən illərdə Bakı şəhərinin və Abşeron yarımadasının su təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdıran Oğuz-Qəbələ-Bakı su kəməri tikilib istifadəyə verilib, 9 min kilometrdən çox su və 3 min 500 kilometrdən artıq kanalizasiya xətləri çəkilib, 230 su anbarı tikilib və ya yenidən qurulub. Cari ilin əvvəlinə 10 şəhərdə və rayon mərkəzində su və kanalizasiya şəbəkələrinin, 9 şəhərdə isə su xətlərinin inşası başa çatdırılıb, 390 min əhalinin su təchizatı yaxşılaşdırılıb. Bunlarla yanaşı, 487 yaşayış məntəqəsində modul tipli sutəmizləyici sistemlər quraşdırılıb və 700 min nəfərdən çox insan keyfiyyətli içməli su ilə təmin edilib.

Əsas hədəf kimi qarşıya qoyulan mühüm vəzifələrdən biri də müasir tələblərə cavab verən nəqliyyat infrastrukturunun yaradılması olub. Bu istiqamətdə görülmüş irihəcmli işlər təbii ki, müsbət nəticələrini verib və nəqliyyat sektoru ölkənin ümumi inkişafında mühüm yer tutub.

2004-2017-ci illər ərzində respublikada ümumi uzunluğu 13,3 min kilometr olan avtomobil yolları tikilib, yenidən qurulub və təmir edilib, 297 körpü, 93 yol ötürücüsü və tunel, 84 yeraltı və yerüstü piyada keçidi istifadəyə verilib. Beş milyondan çox əhalinin yaşadığı 2 mindən artıq yaşayış məntəqəsini birləşdirən yollar ölkə vətəndaşlarının gündəlik həyatına rahatlıq gətirməklə bərabər, həm də bölgələrdə kənd təsərrüfatının, sahibkarlığın və turizmin inkişafına ciddi təkan verib.

Ölkəmizdə aparılan ardıcıl və düşünülmüş sosial siyasətin bariz nümunəsi kimi “ASAN xidmət” mərkəzlərinin nümunəvi fəaliyyətinin vətəndaşlar tərəfindən yüksək qiymətləndirilməsi də xüsusilə qeyd edilməlidir. Cari ilin əvvəlinə 14 “ASAN xidmət” mərkəzinə 19 milyondan artıq müraciət olunub. Ümumilikdə respublikamızın 52 rayonunda əhaliyə bilavasitə yaşadıqları yerdə səyyar formada xidmət göstərilib.

2004-cü ildən başlayaraq həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrimizdə geniş quruculuq və abadlıq işləri görülüb, çoxsaylı infrastruktur layihələri həyata keçirilib, müxtəlif profilli istehsal müəssisələri, sosial obyektlər fəaliyyətə başlayıb və minlərlə yeni iş yeri açılıb. Bütün bunlar hər bir rayonun, kəndin və qəsəbənin simasını dəyişməklə bərabər, əhalinin rifah halının yüksəldilməsinə, sosial problemlərinin həllinə rəvac verib. Göstərilən bu irimiqyaslı işlərin icrasına bütün mənbələr hesabına 67,5 milyard manat məbləğində maliyyə vəsaiti yönəldilib.

Dövlət başçısının daim xüsusi həssaslıqla yanaşdığı məcburi köçkünlərin sosial problemlərinin həllinə və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 5,6 milyard manat məbləğində vəsait xərclənib. Nəticədə 7 çadır düşərgəsi, 16 fin tipli və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət 3 qəsəbə ləğv olunub. Yeni tikilmiş və bütün lazımi sosial infrastruktura malik 92 yaşayış kompleksində 265 min məcburi köçkün mənzillə təmin edilib.

Hesabat məruzəsində ötən illər ərzində təhsil sektorunda islahatların davam etdirilməsi, bunun nəticəsində Avropa təhsil sisteminə keçidin təmin olunması və onun əsasında yeni məzmunlu milli təhsil sisteminin qurulması xüsusi vurğulanıb. Bildirilib ki, ümumi təhsil sistemində çalışan 140 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların əməkhaqqı əhəmiyyətli dərəcədə artırılıb. İqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı kadrlara olan tələbatının daha dolğun təmin edilməsi məqsədi ilə peşə-ixtisas təhsili sistemi təkmilləşdirilərək, 14 peşə-təhsil mərkəzi yaradılıb. 2004-2017-ci illərdə ümumilikdə 3098 məktəbin tikintisi və ya əsaslı təmiri hesabına təhsil müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilib.

Səhiyyə sistemində aparıcı texnologiyalarla və müasir avadanlıqlarla təchiz edilmiş yeni tibb mərkəzlərinin açılması əhaliyə göstərilən tibbi xidmətlərin həcminin genişləndirilməsinə, keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artırılmasına səbəb olub. Son illərdə istifadəyə verilən respublika Talassemiya Mərkəzi, Milli Oftalmologiya və Onkologiya mərkəzləri, Azərbaycan Tibb Universitetinin klinikaları məhz belə müasir səhiyyə obyektlərindəndir.

Ümumilikdə, bu dövrdə 635 tibb müəssisəsi tikilib, yenidən qurulub və təmir edilib ki, bunların da 70 faizindən çoxunu regionlardakı səhiyyə obyektləri təşkil edir.

Hesabat məruzəsində vurğulanıb ki, son illərdə ölkədə yaradılan dayanıqlı sabitlik, müasir infrastruktur, göstərilən davamlı dövlət dəstəyi nəticəsində turizm sektoru inkişaf edib, sağlamlığının qorunması ilə bağlı mühüm uğurlar əldə olunub, idmanın maddi-texniki bazası möhkəmləndirilib, ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görülüb.

Hesabat məruzəsində təəssüflə xatırladılıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Ermənistanın öz havadarlarına arxalanan cinayətkar rəhbərliyinin qeyri-konstruktiv mövqeyi, problemin həllini hər vasitə ilə uzatmağa çalışması səbəbindən ciddi dönüşə nail olunmayıb. Amma iqtisadi göstəricilərimizin artması nəticəsində cəmiyyətin bütün sahələrinin paralel inkişafı ilə yanaşı, təbii ki, Silahlı Qüvvələrimiz də möhkəmlənir. Əgər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olmasaydı, bizim xalqımız daha da böyük nəticələr əldə edə bilərdi. Ermənistan tərəfindən Azərbaycanın 20 faizdən çox ərazisinin işğal edilməsi və işğalçının xalqımıza qarşı yeritdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq vətəndaşımız qədim yurd yerlərini tərk etmək məcburiyyətində qalıb. Biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq və hesab edirik ki, bunun üçün hələ də imkanlar mövcuddur. Amma, eyni zamanda, Azərbaycan xalqının da səbri tükənməz deyil. Bu məsələ beynəlxalq hüquqda təsbit edildiyi kimi, ərazi bütövlüyü, sərhədlərin pozulmaması və ölkələrin siyasi müstəqilliyi prinsipləri əsasında öz həllini tapmalıdır. Ermənistanının işğalçı qüvvələri Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə tabe olmalı və Azərbaycan ərazilərini tərk etməlidirlər. Beynəlxalq hüquq hamı üçün eyni olmalıdır. Heç kim istisna hüquqa malik olmamalı və heç kimə münasibətdə istisna yanaşma tətbiq edilməməlidir.

Hesabat məruzəsində, eyni zamanda, o da bildirilib ki, ötən illərdə ölkəmizin müdafiə qabiliyyətinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edən müdafiə sənayesi kompleksi yaradılıb və müdafiə sahəsinə ayrılan vəsaitin məbləği 13,5 dəfə artırılıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200-dən çox məhsulun, o cümlədən zirehli texnikanın, pilotsuz uçuş aparatlarının, müxtəlif növ atıcı silahların və digər silah-sursatın istehsalı təşkil olunub. Bu gün Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullar artıq xarici ölkələrə də ixrac edilir.

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında