Hirkan Milli Parkı: dünən və bu gün

Burda  qaynaqlanıb dəmirağacı

Palıd vüqarından sığmır meşəyə.

Kökü dərindədir cökənin, nilin,

Vələslər elə bil durub cərgəyə.

Yaşıl bir muzeydir Hirkan elə bil,

Ən nadir ağaclar, quşlar burdadır.

Cana bir məlhəmdir çiçəyi, otu,

Dumduru bulaqlar, sular burdadır.

Bu misralar nə vaxtsa Hirkan Milli Parkından aldığım təəssürat əsasında yazdığım eyni adlı şeirdən götürülüb. Çalışmışam ki, gözümlə gördüyüm, yaddaşıma köçürdüyüm təbii gözəllikləri poetik misralara çevirim. Çünki həmin misralarda deyildiyi kimi Hirkan Milli Parkı həqiqətən yaşıl bir muzeyi xatırladır. Başqa sözlə desək bu, Azərbaycan təbiətinin möcüzəsidir.

Ümumiyyətlə, Azərbaycanın dilbər güşəsi olan Lənkəran təbiəti füsunkar və bənzərsizdir.

M.F.Axunzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərində Fransadan yurdumuza qonaq gələn botanika alimi gecə-gündüz çöllərdə nadir bitkiləri toplayır, bu işdə yerlilərin də köməyindən istifadə etməklə zəngin kolleksiya əldə edir. Böyük vətənpərvər M.F.Axundzadə nəbatat alimi Müsyö Jordanın dilindən deyir: “Alp dağlarında, Amerikada,  Afrikada bitən bu dərman bitkiləri Azərbaycanın Təklə Muğan obasında - Qarabağda, daha zəngindir...”

Fransız yazıçısı və səyyahı Aleksandr Dümanın əsərlərində Azərbaycan, onun əsrarəngiz təbiəti, insanları böyük məhəbbətlə tərənnüm olunur, flora və faunamızın zənginliyi qeyd olunur.

Azərbaycanın zəngin meşələri, ecazkar bitki örtüyü ilə bərabər yüzlərlə parkı, qoruğu, yasaqlığı var. Bunların çoxu dövlət başçısının uğurlu ekoloji siyasətinin, Milli parkların, qoruqların, yasaqlıqların salınması, qorunması və genişlənməsi barədə verdiyi sərəncam və tapşırıqların nəticəsidir.

Azərbaycan təbiətinə qayğınının bir təzahürü də onun təbliği ilə bağlıdır. Bu günlərdə Hindistan Respublikasının səfiri cənab Sanjay Rananın Lənkərana səfəri təbiətimizin bənzərsizliyi, əsrarəngizliyi ilə bağlı olub. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovla səmimi görüşdən sonra səfir Hirkan Milli Parkı ilə tanışlıq ona xoş təəssürat bağışlayıb. Hirkan parkının gözəlliyi, zənginliyi, biomüxtəlifliyi qonağı heyrətləndirmişdir. Təəssüratlarını Milli parkın rəhbərliyi ilə bölüşən Hindistanlı diplomat bir daha bu füsunkar təbiətin gözəlliyini müşahidə etmək üçün buraya yenə gələcəyini vurğulayıb.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı gündən xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü, ardıcıl tədbirlərin həyata keçirilməsini davam etdirir. Qısa müddət ərzində beynəlxalq normativlərə uyğun olaraq Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin sahəsi genişləndirilmişdir.

Azərbaycanda ümumi sahəsi 893 min hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 9 milli park, 11 dövlət  təbiət qoruğu və 24 dövlət təbiət yasaqlığı mövcuddur. Onlardan biri Hikran Milli Parkıdır. Prezident İlham Əliyevin 9 fevral 2004-cü il 81 saylı sərəncamı ilə parkın ərazisi genişləndirilərək 21435 hektara çatdırılmışdır. Sonralar parkın ərazisi 2 dəfə artırılmış, 40358 hektar olmuşdur.

Azərbaycan təbiətinin incisi olan Hirkan meşələrinə həmişə dövlət qayğısı olub. Azərbaycan hökumətinin qərarı ilə 1936-cı ildə Talış meşələrinin nadir bitki növlərinin qorunması məqsədilə 88 hektar ərazidə Lənkəran dövlət qoruğu yaradılmışdır. Sonralar bu ərazi artırılaraq 12 min hektara çatdırılmış, Qızılağac Dövlət Qoruğunun filialı statusunu almışdır.

Ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə 1969-cu ildə Hirkan Dövlət Qoruğu yaradıldı. Geniş sahəsinə, hər qarışa düşən bitkinin  zənginliyinə görə üstün olan Hirkanın özünün ətraf mühitə, təbiətə böyük təsiri var.  Burada hər ağac, hər kol can dərmanıdır. Cənub bölgəsinin bu zəngin parkı şəfa qaynağıdır. Azərbaycan təbiətşünasları dəfələrlə Hirkanın təbii gözəliklərindən savayı, onun bitkilərinin min bir dərdin dərmanı olduğunu sübut ediblər. Onlardan biri olan  Seyid Əli Kazımbəyov “Səidiyyə” əsərində yazır ki,  “taun və vəba xəstəlikləri bütün ətrafı – Ərdəbil, Rəşt, Qarabağ, Şirvan və qeyri yerləri tutduğu halda Talışa sirayət etmədi”. Məlum olmuşdur ki, dünyanın müxtəlif yerlərində baş verən xəstəliklərin əli bu füsunkar diyara çatmır. Səbəbi nədir? Təqiqatlar nəticəsində bəlli olmuşdur ki, bu yerlərdə bitkilərin biomüxtəlifliyi, yüzlərlə ağac və kolun təbii dərman mənbəyi olması, landşaftın özündə ayrı-ayrı xəstəliklərə qarşı müqavimət gücünü artırır.

Bu üstünlüklər bir sıra Avropa səyyahlarının, alim və yazıçıların başlıca mövzusuna çevrilmiş, Azərbaycanın bu dilbər guşəsinin zəngin təbiətinin sorağı uzaq-uzaq ellərə yayılmışdır. Aleksandr Düma Talış meşələrində pələnglərin məskən saldığını, onların Araz çayını keçib Qarabağa qədər gedib çıxdığını, bu ərazilərdə bəbirlərin yaşadığını öz əsərində təsvir edir. Yerli əhalinin igidliyindən bəhs edən müəllif camaatın qorxmazlığını vurğulayır. Yerli əhalinin bəbirləri əhliləşdirdiyini göstərən yazıçı qeyd edir ki, camaat bəbirləri yəhərin qaşına bağlayıb ceyran ovuna çıxardı.

Milli Park flora və faunası ilə zəngindir. Buradakı ağacların əksəriyyətində Hirkan adıçəkilməsi fərdi xüsusiyyət daşıyır, bunların ancaq adı çəkilən əraziyə mənsubluğunu təsdiq edir. Hirkan ağcaqayını, Hirkan armudu, Hirkan ənciri, Hirkan bikəvəri, Hirkan şümşadı və daha onlarca ağac və gül kolu... dəmirağac, şabalıdyarpaq palıd, yarpaqvarı qızılağac, qanadmeyvə, yalanqoz... Bütün bunlar qiymətli, nadir ağaclardır və bunlardan hazırlanan qiymətli əşyalar dünyanın məşhur muzeylərində saxlanılır.

Bəs Milli Parkın heyvanat aləmi? Xallı maral, cüyür, çöl donuzu, bəbir, oxlu kirpi, porsuq, dələ, Hirkan arıquşu... Adlarını çəkdiyimiz heyvanat növləri də məhz Hirkan Milli Parkında yaşayır.

Mən Hirkan Milli Parkı, Talış dağları və meşələri haqqında danışarkən akademik Həsən Əliyevin 1957-ci ildən başlayaraq ömrünün sonuna qədər  bu sahədə apardığı tədqiqatlara  nəzər salmaq istəyirəm.

Akademik Həsən Əliyev  XVII əsrin əvvəllərində bu bölgəyə səfər edən Almaniyanın Rusiyadakı səfiri Adam Olearianinin Muğan səhrası, keçilməz Lənkəran meşələri, Talış dağları barəsindəki məlumatını yüksək dəyərləndirirdi. Müəllif yazırdı ki, buranın füsunkarlığını görmədən təsəvvür etmək çətindir. Bura elə “cənnət bağı”dır. Bu yerləri bir botanika bağına və zooloji parka çevirməyi təklif edən Həsən Əliyev təbiət sərrafı idi. O, elmi araşdırmalara, apardığı çoxsaylı tədqiqatlara, müşahidələrinə əsaslanaraq bildirirdi ki, Talış meşələri dünyada tayı-bərabəri olmayan flora və faunaya malikdir, dünyada nadirin nadiridir və bunu qoruyub artırmaq yerli sakinlərin, dövlətin borcudur.

Akademik insanlara çoxsaylı müraciətlərində, tövsiyələrində bir vətənpərvərlik yanğısı ilə çıxış edirdi. Biz müasir texnikanın, texnologiyanın təbliğatçısı olsaq da, Həsən Əliyev, haqlı olaraq, meşələri kəsib doğrayan baltaların, mişarların əleyhinə gedirdi. Onun  “Elektrik mişarı olan şəxslər qanunsuz silah saxlayan adamlar kimi məsuliyyətə cəlb edilməlidir” hökmü ilə meşə qırıcılarına qarşı çıxması vaxtında çalınan həyəcan siqnalı idi.

Akademikin təbiət barədə elmi çıxışları, tədqiqatları, böyük ideyaları bəşəriyyətə əsl xidmət nümunəsi idi. “Talış dağlarının füsunkar guşələrindəki meşələri, mineral bulaqları, respublikamızın zəhmət adamlarının sağlamlıq ocaqlarına çevirmək lazımdır” ideyası bu gün artıq həyata keçirilmiş, reallığa çevrilmişdir. Bu gün Cənub bölgəsi rayonlarının-Lənkəranın, Masallının, Astaranın, Lerikin, Yardımlının onlarca turizm mərkəzləri, sağlamlıq ocaqları, sanatoriyaları hər il minlərlə insan qəbul edir.  

Təbiət nə qədər zəngin olarsa, o qədər insanın  zövqünə, yaxşı mənada sağlamlığına xidmət edir. Təbiətə həmişə məhəbbətlə, qayğı ilə yanaşmaq, onu qorumaq, daha da zənginləşdirmək və gözəlləşdirmək insanların müqqəddəs borcudur. Yeri gəlmişkən, qeyd edək ki, Hirkan Milli Parkında son ekoloji durum heç də ürəkaçan deyildi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi  Biomüxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin rəhbərliyini dəyişdirəndən sonra təbiətə laqeyd və etinasız münasibət bəsləyənlər haqqında ciddi  tədbirlər görüldü. Yeni rəhbərliyin yaratdığı sağlam şərait və mühit hamını öz işinə məsuliyyətlə yanaşmağa sövq edir. Əhali ilə aparılan maarifləndirici tədbirlər də təbii ki, öz səmərəsini verir. Respublikanın  milli parklarının qoruq və yasaqlıqların fauna və florası qayğı ilə  qorunur. Bu mühüm işdə indi bütün kollektivlər məsuliyyət daşıyır.  Demək olar ki, Xüsusi Mühafizə  Olunan Təbiət Ərazilərində hərə öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır.

Təbiətin bütün sərvətləri hamımız üçündür. Odur ki, insanın şüuruna, düşüncəsinə təsir göstərmək, onda təbiətə vurğunluq hissi oyatmaq borcumuzdur. Respublikamızda bu sahədə görülən işləri təqdir etmək, görüləcək işlər haqqında fikir mübadiləsi aparmaq, nöqsanları tənqid etmək qələm əhlinin borcudur.

Təəssüf ki, bəzən mətbuat səhifələrində qərəzli yazılara daha çox rast gəlirik.  Hirkan Milli Parkında  yeni rəhbərliyin təşkilatçılıq bacarığı sayəsində əvvəllər mövcud olan kütləvi qırıntıya son qoyulmuş, nadir ağacların mühafizəsi gücləndirilmişdir. Hirkan Milli Parkı haqqında bəzi saytlarda, mətbuat səhifələrində verilən və başdan-başa yalan məlumatlara təhrif olunmuş faktlara söykənən yazılarla heç cür barışmaq olmur. Jurnlaistikanı qərəz mənbəyinə çevirən belə üzdəniraq yazarlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xüsusi Təbiət Ərazilərinin mühafizəsi və genişləndirilməsi ilə əlaqədar gördüyü tədbirləri də ağına-bozuna baxmadan qaralamağa çalışırlar.

Ölkəmizdə medianın inkişafı həmişə dövlətimizin diqqət mərkəzində olub.  Söz və mətbuat azadlığı üçün normal şərait yaradılıb. Mövcud şərait və imkanlardan  heç bir qələm sahibinin sui-istifadə etməyə  haqqı yoxdur. Axı jurnalist dövlətimizin və milli ideologiyanın mənəvi döyüşçüsüdür. Jurnalist şərəfini, ləyaqətini və məsuliyyətini heç vaxt unutmaq olmaz. Təbiətə qayğını jurnalistlərimiz  də  ədalətlə dəyərləndirməkdə diqqətli olmalıdırlar.

Azərbaycan təbiətinin döyünən ürəyi olan Hirkan Milli Parkında hazırda yeni ab-hava var. Daha parkda ağaclara divan tutan texnikanın uğultusu, balta səsi eşidilmir. Park indi rahat nəfəs almağa başlayır. Necə deyərlər, qamətini düzəldib. Əvvəlki görkəmini almağa başlayır. Sağlam münasibət, sağlam təbiətin rəhnidir. İnanırıq ki, dövlətimizin qayğısından insanlarımız kimi, təbiətimiz də bundan sonra daha hərtərəfli bəhrələnəcəkdir.

Bəxtiyar HÜSEYNOV,
ekoloq-jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında