Uğurlu ekoloji siyasət və təbiətə dövlət qayğısı

İnsan həyata göz açanda ilk dəfə ətraf mühiti, təbiəti görür. İllər ötdükcə, təbiətin bəxş etdiyi nemətlərlə böyüyür, yaşa dolur. Ağlı kəsəndən görür və dərk edir ki, təbiətsiz həyat, ömür yoxdur. Təbiətlə təmas insana sağlamlıq, gözəllik və həyat bəxş edir. Elə buna görə də ətraf mühitin mühafizəsinə, ekoloji tarazlığın qorunmasına həmişə dövlət qayğısı var. Çünki təbii sərvətləri biz də gələcək nəsillərə ötürməyə borcluyuq.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi Milli və Dövlət Proqramlarında ekoloji siyasətin ardıcıl və sistemli şəkildə həyata keçirilməsi ilə əlaqədar mühüm vəzifələr müəyyənləşdirilib. İqtisadi inkişafla bərabər ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahı naminə istifadə dövlət siyasətinin prioritetidir.

Təsadüfi deyil ki, ekoloji tarazlığın qorunmasını və ətraf mühitin mühafizəsini dövlət fəaliyyətində həmişə önə çəkən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışlarının birində demişdir: “İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır . İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su – bütün bunlara biz çox böyük diqqət göstərməliyik...”

Dövlət başçısının uğurlu ekoloji siyasətinin nəticəsidir ki, indi Azərbaycanın zəngin meşələri, zəngin bitki örtüyü, yüzlərlə parkı, qoruğu və yasaqlığı var. Milli parkların, qoruqların, yasaqlıqların ərazisi genişləndirlir və yeniləri salınır. Qısa müddət ərzində beynəlxalq normativlərə uyğun olaraq Xüsusi Mühafizə Olunan Təbiət Əraziləri genişləndirilib.

Ölkəmizin uğurlu xarici siyasəti və beynəlxalq əlaqələri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin də beynəlxalq əməkdaşlıqla bağlı səmərəli fəaliyyətinə şərait yaratmış, bir sıra region dövlətləri və beynəlxalq təşkilatlarla əməkdaşlıq haqqında Anlaşma Memorandumları və sazişlər imzalanmışdır. Respublikamız ətraf mühitlə əlaqədar 20-dək beynəlxalq konvensiyaya qoşulmuşdur.

Ekoloji siyasətin bu gün uğurla davam etdirilməsi, bu sahədə görülmüş işlər, həyata keçirilən ardıcıl tədbirlər ölkəmizin siyasi, iqtisadi, sosial-mədəni həyatının bütün sahələri ilə yanaşı, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində də yeni-yeni uğurların qazanılacağına inamı artırır.

Respublikamız müstəqillik qazandıqdan sonra ətraf mühitin mühafizəsinə göstərilən dövlət qayğısı ildən-ilə artır. Ekologiya və Təbii Sərvətlər Nazirliyi təbii sərvətlərimizin gələcək nəsillərə sağlam, zəngin ötürülməsi üçün səmərəli fəaliyyət göstərir. Xüsusilə Milli parklara, yaşıllıqlara, qoruqlara böyük diqqət və qayğı var. Təbiətimizin biomüxtəlifliyinin qorunub saxlanması üçün hər cür şərait yaradılır. Təsadüfi deyil ki, respublika ərazisində 9 Milli Park, 11 Dövlət Təbiət Qoruğu və 24 təbiət yasaqlığı fəaliyyət göstərir. Ümumilikdə, xüsusi mühafizə olunan təbiət əraziləri ölkə ərazisinin 10,3 faizini, o cümlədən milli parklar 3,7 faizini təşkil edir.

Bu gün bəşəriyyəti düşündürən ən mühüm və həyati problemlərdən biri, bəlkə də birincisi ekoloji durumla bağlı yaranmış problemlərdir. Dünyada gedən prosseslərlə bağlı ekoloji problemlər son dərəcə artmışdır. Bu problemlərin səbəblərindən biri müxtəlif vasitələrlə dünyada meşələrin, yaşıllıqların məhv edilməsidir. Kütləvi qırıntılar nəticəsində meşələrimiz xeyli seyrəlmiş, bir çox nadir ağaclar azalmışdır. Erməni işğalında olan min hektarlarla meşələrimiz isə ekoloji genosidə məruz qalmışdır.

Təqdirəlayiq haldır ki, son illər ölkəmizdə təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafı üçün yorulmaz fəaliyyəti ilə fərqlənən, tanınmış ictimai-siyasi xadim, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə ətraf mühitin mühafizəsi, xalqımızın ekoloji cəhətdən saf və təmiz həyat tərzi keçirməsi üçün yaşıllaşdırma tədbirləri həyata keçirilir. Məhz onun təşəbbüsü və bilavasitə iştirakı ilə hər il respublikamızda milyonlarla ağac və kol əkilir, meşələr və yaşıllıqlar bərpa edilir, yeni-yeni parklar, yaşıllıqlar salınır.

Heydər Əliyevin ölkədə ətraf mühitin qorunması, təbii sərvətlərin artırılması, zənginləşdirilməsi, ekologiyanın, torpağın, suyun, meşənin mühafizə edilməsi sahəsində apardığı islahatlar, gördüyü səmərəli dövlət tədbirləri bu gün uğurla davam etdirilir. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı” məhz bu sahədə mövcud problemlərin həllinə yönəldilən mühüm tarixi sənəddir.

Ətraf mühitin mühafizəsi, xüsusilə biomüxtəlifliyin qorunması sahəsində Azərbaycanda həyata keçirilən tədbrilər beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir və yüksək qiymətləndirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkəmizin ən ciddi ekoloji problemlərinin həllinə cəmiyyətin, qeyri-hökumət və beynəlxalq təşkilatların diqqətini cəlb etməklə dövlətin müəyyən etdiyi ekoloji siyasəti ardıcıl və qətiyyətlə yerinə yetirir. Ətraf mühitin qorunmasında, təbii ehtiyatların, faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə edilməsi ilə əlaqədar bir sıra mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Ətraf mühiti təkcə qanunvericilik aktlarının tətbiqi ilə mühafizə etmək olmaz. Bu sahədə geniş maarifləndirmə tədbirləri aparmaq lazımdır. Hər bir vətəndaşda ekoloji düşüncənin formalaşmasında, təbii sərvətlərimizin qorunmasında, ətraf mühitin mühafizəsində və ondan səmərəli istifadə edilməsində təbliğat işlərinin mühüm rolu vardır. Təəssüf ki, əhalinin bu yöndə maarifləndirilməsinə baxmayaraq, yenə ayrı-ayrı vətəndaşlar tərəfindən ağacların qırılmasına cəhd göstərilir. Dövlət başçısı ağacların qanunsuz olaraq kəsilməsinin yolverilməz olduğunu və bu qanunsuzluqlara qarşı daim ciddi tədbirlər görülməsinin, belə hallara yol verən şəxlsərin məsuliyyətə cəlb edilməsinin vacibliyini bildirərək demişdir: “Biz ekoloji vəziyyətlə bağlı məsələləri daim diqqət mərkəzində saxlayırıq. Ancaq içtimaiyyəti də, məni də narahat edən məsələ ağacların kəsilməsi məsələsidir. Buna yol vermək olmaz. Hesab edirəm ki, biz burada daha da ciddi məsuliyyət tətbiq etməliyik. Ağackəsmə tam şəkildə dayandırılmalıdır. Ancaq nadir hallarda, o da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi ilə hardasa ağac ya köçürülə, ya kəsilə bilər. Ona görə mən dəfələrlə bu məsələlərlə bağlı öz fikrimi bildirmişəm. Deyə bilərəm ki, vəziyyət əvvəlki illərə nisbətən daha müsbətdir. Ancaq biz istədiyimizə tam şəkildə nail ola bilməmişik. Gecə vaxtı gəlirlər, qanunsuz olaraq ağacları kəsirlər, yerləri düzəldirlər ki, ev tiksinlər. Bu, vicdansızlıqdır, bu, biabırçılıqdır, bu, cinayətdir.

Ona görə aidiyyəti qurumlar təklif versinlər, biz ağacları kəsənlərə qarşı daha da ciddi tədbir görməliyik. Onlar məsuliyyətə cəlb edilməlidir. Bir daha demək istəyirəm ki, şəhərdə bir dənə də olsun ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi, rəyi olmadan kəsilə bilməz. Bu, mənim son xəbərdarlığımdır”.

Bununla əlaqədar bəzi faktlara müraciət etmək yerinə düşər. Məsələn, keçən il Yasamal rayonunda Mətbuat prospektində əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib, fakt üzrə cinayət işi açılıb.

İctimaiyyəti narahat edən məsələlərdən biri də geni dəyişilmiş fauna və flora növlərinin, qida məhsullarının ölkəmizə yol almasıdır. Dədə-babadan qalma qədim əkinçilik növlərinə, doğma təbiətimizə uyğun sortlara qayıtmaq məsləhət görülür. Axı, təcrübədən çox keçirmişik. Vaxtilə yad bitki və heyvan növləri ölkəmizə gətirilib. Onlar həm büdcəmizə, həm də təbiətimizə ziyan vurub. Nəticədə iqlimləşə bilməyən belə növlər sıradan çıxıb. Xalqımıza isə əbəs zəhmət çəkmək qalıb. Ona görə mütəxəssislərlə, ekoloqlarla məsləhətləşmək, alimlərimizin elmi tövsiyələrini nəzərə almaq lazımdır. Relikt və endemik bitkilər, heyvanlar qayğıya möhtacdır.

Rayonlaşdırılmış tut, çəltik, pambıq, tərəvəz... sortlarından bəhrələnmək və onları inkişaf etdirmək lazımdır. Mütəxəssislərin mövqeyi həlledici olmalıdır. Rayonlarda bu sahədə aparılan işlər maraq doğurur.

Cənub bölgəsində aparılan ekoloji iş yerli icra hakimiyyətlərinin dəstəyi və qayğısı ilə həyata keçirilir. Lənkəran Şəhər İcra Hakimiyyətinin səyi ilə rayonda yeni yaşıl zolaqlar salınır. Xüsusilə, son vaxtlar rayonlarda, o cümlədən Lənkəranda fermer təsərrüfatlarının yeni vüsətlə fəaliyyətə başlaması, əkinçiliyin və bitkiçiliyin genişləndirilməsi ekoloji nailiyyətlərlə paralel inkişaf etdirilir. Çayçılıq, sitrusçuluq və çəltikçilik kimi ənənəvi təsərrüfat sahələri dirçəldilir.

Unudulmuş, lakin çox faydalı təsərrüfat sahələrindən biri də ipəkçilikdir. Vaxtilə respublikamız keçmiş SSRİ-nin ən mühüm ipəkçilik mərkəzlərindən idi. Təəssüf ki, bu sahəni qoruyub saxlaya bilmədik. Nə yaxşı ki, dövlət yenidən bu sahəyə də diqqəti artırdı. Böyük tut bağları salınır. Ən məhsuldar tut tingləri ölkəmizə gətirilir. Qısa müddətdə əvvəlki ipəkçilik ənənələri bərpa olunacaq, on minlərlə insan iş yerləri ilə təmin ediləcək. Axı, ipəkçilik gəlirli sahədir. Bu sahəni inkişaf etdirmək, yaşatmaq lazımdır. Biz əməkçi xalqıq, halallığa, işləməyə öyrəşmişik. Ölkəmizi qısa müddətdə ən varlı-bərəkətli diyara çevirmək üçün real imkanlarımız var.

Qeyd edək ki, yeni salınmış tut bağlarından bəhs etməmək mümkün deyil. Hər kələf zərif ipək dona dönüb, sevincə, xoşbəxtliyə çevrilir. Çünki xalqımızın ən böyük xoşbəxtliyi əməkdən qaynaqlanır. Sevindirici haldır ki, rayonda çoxdan unudulmuş əkinçilik yenidən sürətlə canlandırılır. Ata-babalardan bizə əmanət qalan çəltikçilik yeni texnoloji səviyyədə yaradılır və inkişaf etdirilir. Çəltikçilik də kənd təsərrüfatı üçün geniş perspektivlər açır. Onun insanlara nemət, bolluq, ruzi bəxş etmək xüsusiyyətlərindən başqa, həm də heyvanların, quşların qidalanması üçün təbii yem bazasıdır. Bundan sonra biz zəifləyib perik düşmüş quşların, digər faydalı canlıların qayıdışının şahidi olacağıq. Çox qiymətli çöl quşları geri dönəcək. Keçən il Lənkəran şəhərində ilk dəfə olaraq keçirilən sitrus, çay, çəltik konfransı unudulmuş kənd təsərrüfatı sahələrinin bərpasından sonra əldə olunan ilk məhsulların nümayişinə çevrildi.

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun taleyüklü məsələləri ilə bərabər, zəngin və əlvan Lənkəran təbiətinin qayğı ilə qorunmasına və bununla əlaqədar dövlətin mühüm ekoloji siyasətinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Söhbət əsnasında icra başçısı öz fikirlərini bizimlə bölüşərək dedi:

– Respublikamızın təbiəti çox zəngin və rəngarəngdir. Еkоlоji tarazlığı, ətraf mühitin mühafizəsini təmin etmək təkcə bu sahədə çalışanların işi deyil, hamının müqəddəs borcudur. Axı, bütün sərvətlərini bizə səxavətlə bəxş edən ana təbiətə nankor çıxmağa, laqeyd münasibət bəsləməyə haqqımız yoxdur. Ümummilli liderimiz Heydər Əliyevin zəngin mənəvi irsində, dövlət rəhbərinin təbiətin mühafizəsi ilə əlaqədar sərəncamlarında ekologiyanın qorunub gələcək nəslə çatdırılması ümumdövlət əhəmiyyətli məsələ kimi dəyərləndirilir. Doğma Vətən təbiətinin daha da zənginləşməsinə, ətraf mühitin mühafizəsinə öz layiqli töhfələrimizi verməliyik. Təsadüfi deyil ki, Lənkəran şəhəri günü-gündən böyüyür və öz üfüqlərini daha da genişləndirir. Çoxmərtəbəli binaların sayı artır. Yeni küçə və meydanlar salınır... Ən əsası budur ki, biz ekoloji durumla tikinti və abadlıq işlərinin həmahəng inkişafını balanslaşdırırıq. Göründüyü kimi, təbiətimiz öz əlvanlığı, rəngarəngliyi, fauna və floranın biomüxtəlifliyi ilə nə qədər zəngindir. Təbiətimizin və xalqımızın sağlamlığı dövlətimizin fəaliyyətinin ali məqsədlərindən biridir. Biz bu ali məqsədin həyata keçməsinə bütün varlığımızla səy edirik.

Son illər Lənkəranda turizmin inkişafı istiqamətində mühüm addımlar atılır. Artıq şəhərimizə turistlərin, ekoloqların, tanınmış təbiət alimlərinin axını ildən-ilə güclənir. Onlar əsrarəngiz təbiətimizə heyranlıqla baxır, gördükləri təbii möcüzələrlə əlaqədar zəngin təəssüratlarla öz ölkələrinə qayıdırlar.

Ümummilli liderimiz Heydər Əliyev yuxarıda qeyd etdiyimiz kimi, bütün ömrü boyu ekoloji tarazlığın qorunmasına və ətraf mühitin mühafizəsinə ümumdövlət əhəmiyyətli vəzifə kimi baxıb və başqalarından da bunu tələb edib. Elə buna görə də hər il mayın 10-da ulu öndərin ad günü münasibətilə respublika ərazisində kütləvi ağacəkmə aksiyası keçirilir. Əhalinin kütləvi iştirakı ilə keçirilən bu möhtəşəm tədbirdə yüzminlərlə müxtəlif ağac və yaşıl kol əkilir. Ötən il mayın 10-da start götürən ağacəkəmə aksiyası kütləvi xarakter daşıyıb, əhatə dairəsinə görə daha geniş olub. Bu tədbirdə 113 min nəfər iştirak edib və respublika ərazisində 232 min 448 ədəd ağac əkilib.

Mayın 10-da Qala-Türkan magistral avtomobil yolunun ətrafında salınan yaşıllıq massivində keçirilən ağacəkmə aksiyasında xeyli adam iştirak edib. Orada 9 minə yaxın aqrar əhəmiyyətli və digər növ ağaclar əkilib.

Bütün bunlar bir daha təsdiqləyir ki, ümummilli lider Heydər Əliyevin ölkəmizdə ekologiyanın qorunması ilə bağlı əsasını qoyduğu ənənə bu gün uğurla davam etdirilir. Təsadüfi deyil ki, ölkəmizdə reallaşdırılan milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biri ətraf mühitin mühafizəsini və insanların sağlam təbii mühitdə yaşamasını ən yüksək səviyyədə təmin etməkdir. Bunun bariz nümunəsi 2010-cu ilin ölkədə “Ekologiya ili” elan edilməsi olub. Dövlətimizin başçısı neftlə və digər istehsalat tullantıları ilə çirklənmiş torpaqların, lay suları altında qalan ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına da xüsusi diqqət göstərib. Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması ilə bağlı əməli işlər görülüb, ölkədə milyonlarla ağac əkilib, yeni park və xiyabanlar salınıb. Bir vaxtlar neft tullantıları ilə çirklənən indiki “Ağ şəhər” və digər ərazilərdə görülən işlərin nəticəsində neft çöküntüləri təmizlənib. Bu ərazilər paytaxtın müasir yaşayış və mədəniyyət komplekslərinə, müasir ekoloji layihələrə çevrilib. Bütün bunlar ətraf mühitin qorunmasına, xüsusilə də vətəndaşların sağlam mühitdə yaşamasına xidmət edir. Ekoloji vəziyyətin yaxşılaşdırılması üçün tədbirlərin görülməsi, həmçinin qanunsuz ağac kəsilmələrinin qarşısının alınması ilə mübarizədə dövlətimizin nümayiş etdirdiyi qətiyyətli mövqenin təməlində isə yalnız bir amal dayanıb: insanların sağlamlığını qorumaq!

Birinci vitse-prezident xanım Mehriban Əliyeva ölkəmizdə yaşıllıqların artırılmasına, mövcud yaşıllıq sahələrinin qorunmasına xüsusi diqqət yetirir. Bu məsələdə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən layihələrin də mühüm rolu var.

Bu gün ölkəmizdə yeni meyvə bağları salınır, unudulmuş kənd təsərrüfatı sahələri dirçəldilir. Vaxtilə xaricdən gətirilən zeytun, badam meyvə tingləri artıq ölkəmizdə yetişdirilir. Hacıqabul, Salyan və Mil-Muğanın susuz çölləri indi zeytun, badam... bağlarına çevrilib. Ələt-Bakı yolunun hər iki tərəfində yaşıl zolaqlar, Bakı ətrafında yeni salınmış zeytun bağları göz oxşayır. Səhralıqlar başdan-başa yaşıllığa bürünüb.

Qeyd edək ki, müxtəlif vaxtlarda həyata keçirilən ekoloji layihələr Azərbaycanın bütün regionlarını əhatə edib. Bu gün vətəndaşların ağacəkmə aksiyalarında, yaşıllıqlar salınmasında, şəhər və rayonlarımızda təmizlik işlərində fəal iştirakı bunun əyani göstəricisidir. Ekspertlərin fikrincə, bu gün Azərbaycanda ekologiyanın qorunması, əhalinin sağlamlığının təmin edilməsi istiqamətində görülən işlər bir çox ölkələrə nümunə ola bilər. İndi hamı başa düşür ki, Vətən sevgisi doğma yurdun təbiətinin qorunmasından başlanır. Əgər yurdun təbiəti zəngin və sağlamdırsa, deməli, insanlar da sağlam həyat tərzinə malikdirlər. Çünki sağlamlıq da, gümrahlıq da, saflıq və təmizlik də ana təbiətdən gəlir. Əgər təbiət heç bir sərvətini bizdən əsirgəmirsə, biz də bir övlad kimi ona qayğı göstərməliyik.

Bəxtiyar Hüseynov,
ekoloq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında