İşğal olunmuş ərazilərimizə ermənilərin ekoloji təcavüzü davam edir

Ekoloji tarazlığın qorunması bu gün aktual problemlərdəndir. Təbii fəlakətlərin, dağıdıcı müharibələrin ekologiyaya mənfi təsirləri ilbəil artmaqdadır. Bu gün Azərbaycanın işğal altında olan torpaqları da ermənilər tərəfindən əsl ekoloji təcavüzə məruz qalmışdır. Məlumat üçün bildirək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının 20 faiz ərazisi işğal olunub.Bu ərazilərdə düşmənin həyata keçirdiyi işğalçı siyasəti Azərbaycan təbiətinə, bioloji müxtəlifliyə, bütövlükdə, regionun ekoloji durumuna ciddi ziyan vurur, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxarır.

İşğal olunmuş ərazilərdə qalmış ümumilikdə 261 min hektar meşə, o cümlədən 13 min 197 hektar qiymətli meşə sahələri, 215 ədəd təbiət abidəsi, 5 ədəd geoloji-paleontoloji obyekt, hündürlüyü 45 metr, diametri 6-8 metrədək, yaşı 120 ildən 2000 ilədək olan pasportlaşdırılmış 145 Şərq çinarı və digər təbiət abidələri talan olunaraq əksəriyyəti məhv edilib. Bəsitçay Dövlət Təbiət Qoruğu, Arazboyu Dövlət Təbiət Yasaqlığı, Qaragöl Dövlət Təbiət Qoruğu, Laçın Rayon Dövlət Təbiət Yasaqlığı, Qubadlı Rayon Dövlət Təbiət Yasaqlığı və Daşaltı Dövlət Təbiət Yasaqlığının ərazilərində olan qiymətli ağac və biomüxtəlifliyin digər növləri bu gün də talan olunur.

Azərbaycanın işğal olunmuş ərazilərində ekoloji əhəmiyyətə malik bir sıra göllər böyük antropogen təsirə məruz qalır. Bu ərazilərdə irili-xırdalı 7 relikt göl: Kəlbəcər və Laçın rayonlarının yaylaqlarında Böyük Alagöl, Kiçik Alagöl, Zalxagöl, Qaragöl, Canlıgöl, İşıqlı Qaragöl və Ağdərə rayon ərazisində (Tərtərin qolu olan Torağaçayda) Qaragöl kimi şirin su mənbələri çirkləndirilir, dağıdılır və nəticədə unikal bir ərazi ekoloji fəlakət həddinə çatdırılıb.

İşğal olunmuş ərazilərdəki 17 ədəd hidroloji məntəqədə hidrometeoroloji müşahidələr dayandırılıb və hidrometeoroloji müşahidə bazası sıradan çıxarılıb. Ermənilərin işğal altında saxladıqları torpaqlarda ümumi həcmi 631 milyon kubmetr olan 10 su anbarı, o cümlədən Tərtər çayı üzərində inşa edilmiş, su tutumu 560 milyon kubmetr olan və 100 min hektardan artıq əkin sahəsinin suvarılmasına hesablanmış Sərsəng su anbarı baxımsızlıqdan sıradan çıxmaq üzrədir. Uzun müddətdir ki, texniki qurğulara xidmət göstərilmədiyindən, qəza vəziyyətində olan Sərsəng su anbarından aşağıda, dağətəyi və aran hissədə yerləşən yaşayış məntəqələrində yaşayan 400 min əhali təhlükə altındadır.

Təmas xəttində yerləşən Ağdam, Füzuli, Cəbrayıl, Tərtər və Xocavənd rayonlarının əraziləri erməni işğalçıları tərəfindən düşünülmüş şəkildə od vurularaq yandırılır. Ümumilikdə, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan ordusunun əsgərləri tərəfindən qəsdən törədilmiş yanğınlar nəticəsində 100 min hektar otlaq, biçənək və yaşıllıqlar, həmçinin meşə sahələri yanaraq məhv olmuş, torpağın üst münbit qatı yararsız hala düşüb. Yanğınlar zamanı ətraf mühitə təxminən 300 milyon manat məbləğində ziyan dəyib. Ermənilər tərəfindən mütəmadi olaraq törədilən yanğınlar nəticəsində 110 min hektardan çox münbit torpaqlar məhv edilib, ətraf mühitə və canlı təbiətə əhəmiyyətli dərəcədə ziyan vurulub. Bu yanğınlar bu gün də davam etməkdədir.

Bundan başqa, Azərbaycanın Qarabağ bölgəsində ermənilər tərəfindən törədilmiş yanğınlar nəticəsində ətraf mühitə külli miqdarda zərər dəymişdir ki, həcmi milyon manatlarla ölçülür.

Respublikamızda 126,6 milyon kubmetr odun ehtiyatı mövcuddur. Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş ərazilərində 247352 hektar meşə sahəsi qalmışdır ki, bu Ermənistanın bütün meşələrinin 55 faizindən çoxdur. Bütövlükdə, Azərbaycan meşələri isə Ermənistanın meşələrindən 2,5 dəfə artıqdır.

Hazırda işğal olunmuş ərazilərdə dövlət təbiət abidələri mühafizə olunmadan sahibsiz qalmış, hətta həmin ərazilərdə məskunlaşmış ermənilər böyük əhəmiyyətə malik olan abidələrin əksəriyyətini məhv etmişlər. İşğal olunmuş rayonlarda 152 ədəd belə ağac növü, 13197,5 hektar qiymətli meşə sahələri, 5 ədəd geoloji obyekt qalmışdır.

Xocavənd rayonunda “Ziyarət” dağının ətəyindən Tuğ kəndinin əhalisini içməli su ilə təmin edən su kəməri tamamilə dağıdılmışdır. Ümumi sahəsi 25,5 min hektar olan meşə sahəsində əsasən palıd ağacları qırılaraq daşınmışdır. “Azıx” mağarası ermənilərin silah anbarına çevrilmişdir.

Hazırda Ağdərə və Xankəndi meşə təsərrüfatlarının böyük ərazini əhatə edən məhsuldar fıstıq meşələri, Laçın rayonunun Şəlvə dərəsindəki qırmızı, dekorativ oduncaqlı mebel, parket üçün əvəzi olmayan iri gövdəli qırmızı palıd meşələri, Bəsitçay qoruğundakı möhtəşəm çinar və qoz ağacları, Kəlbəcər meşə təsərrüfatındakı mebel sənayesi üçün nadir ayıfındığı ağacları ermənilər tərəfindən kütləvi surətdə qırılaraq, xarici ölkələrə satılır.

Ağdam rayonunun erməni işğalı altında olan Güllücə, Qərvənd, Göytəpə ərazilərində 400-dən çox olan çinar ağacını ermənilər partlayıcı ilə dağıdıb daşıyırlar.

Kütləvi informasiya vasitələrində gedən məlumata görə, ermənilər Füzuli rayonunun işğal altında olan Seyidmahmudlu və Qaraxanbəyli kəndlərinin arasında xüsusi laboratoriya təşkil etmişlər ki, həmin laboratoriyada yoluxucu xəstəliklərin tədqiqi ilə məşğul olurlar. Onlar yoluxucu xəstəliyə tutulmuş insanlardan, xüsusilə əsirlikdə olan xəstələrdən götürülmüş daxili orqanlar üzərində tədqiqatlar apardıqdan sonra yoluxucu mənşəli qalıqları həmin ərazidən keçən Köndələnçay vasitəsilə bizim zonaya axıdır, infeksiya yaradırlar.

Cəbrayıl rayonunun Karxulu kəndi tamamilə dağıdılmış və demək olar ki, oradakı yaşıllıqlardan əsər-əlamət qalmamışdır. Hətta, vaxtılə yaşıllığa bürünmüş Karxulu qəbiristanlığının dağıdılması və qəbirüstü qiymətli daşların da sökülüb aparıldığı videoçəkilişdən tam aydın görünür. Qiymətli xüsusiyyətləri ilə seçilən çinar ağaclarımızdan əsər-əlamət qalmayıb. Cəbrayıl - Zəngilan ərazisində əsrlərin o tayından bu günümüzədək salamat qalıb yaşaya bilən nəhəng çinar ağaclarını bir neçə gündə məhv etmək, onu adi mebel parçasına çevirmək ən böyük ekoloji cinayətdir.

Cəbrayıl rayonunda təbiət abidəsi kimi qorunan 800 il yaşı olan məşhur çinar ağacının ermənilər tərəfindən kəsilməsi nəticəsində həmin sahədə yerləşən sərin sulu kəhrizin quruduğu bildirilir. Cəbrayıl rayonunda çoxyaşlı qoz bağlarının, həmçinin ayrı-ayrı kəndlərdə meyvəsinə görə becərilmiş iri diametrli qoz ağaclarının material kimi doğranaraq Ermənistana daşınması faktı da öz təsdiqini tapmışdır. Rayonun meşə örtüyü amansızcasına məhv edilmişdir. Rayonun təbii sərvətlərinin ermənilər tərəfindən özbaşına istismar olunması, ekoloji durumuna ağır zərbə vurulması faktlarının həyəcan təbili 25 ilə yaxın bir müddətdir ki, çalınır.

Qubadlı rayonunun videoçəkilişi zamanı Hal və Məmər kəndlərindən rayon mərkəzinə gedən asfalt yolun sağ və solunda, həmçinin görüntülərdə müşahidə olunan həyətyanı sahələrdə doğranmış
çoxillik ağacların kötükləri görünür. Həmin ərazidə ötən illərdə törədilmiş yanğının qalıqları aydın seçilir. Kəndlərdə yaşayışdan və iridiametrli çoxillik ağaclardan əsər-əlamət yoxdur. Bütün ərazini kəsilmiş ağacların 2-3 illik pöhrələri, böyürtkən kolları basmışdır.

Zəngilan rayonu özünəməxsus təbiəti ilə fərqlənən təbii landşafta malikdir. Azərbaycanın ən iri çaylarından olan Arazın sol qolu Oxçuçay öz mənbəyini Ermənistandan götürür və Zəngilan rayonu ərazisində 43 kilometrdək axaraq Araza qovuşur. Ermənistan tərəfindən Oxçuçayın ən ağır formada çirkləndirilməsi böyük ekoloji terrordur.

1951-ci ildən istismara verilmiş Ermənistanın Qacaran mis-molibden və Qafanın filizsaflaşdırma kombinatlarının tullantı sularının tərkibində ağır metallar, fenol, neft məhsulları və radioaktiv maddələr yol verilən qatılıq həddindən 1000 dəfələrlə çoxdur.

Hazırda işğal olunmuş əraziyə heç bir nəzarət olmadığına görə təmizləyici qurğuların və çökdürmə sahəsinin istismar müddətini artırmaq, onsuz da çatışmayan elektrik enerjisinə qənaət etmək üçün bütün çirkli sular birbaşa Azərbaycan ərazisində Oxçuçaya axıdılaraq, onu “ölü zona”ya çevirmişdir.

Zəngilan rayonunda olan Bəsitçay Dövlət Təbiət Qoruğu Ermənistanın Sav və Hənd kəndləri ilə sərhəddə yerləşir. Bu qoruq dünyada ikinci, Avropada birinci təbii çinar meşəsidir. Burada olan Şərq çinarlarının bəzilərinin yaşı 1200-1500 ilə çatır, onların gövdələrinin diametri 4 metr, hündürlüyü 54 metrdən yuxarıdır. Avropada analoqu olmayan bu nəhəng ağaclar ermənilər tərəfindən qəddarlıqla məhv edilir.

Ayrı-ayrı mənbələrdən alınmış məlumatlara görə, ermənilər bu gün də özləri istifadə etmədikləri su mənbələrini müxtəlif vasitələrlə qurudur və sıradan çıxarırlar.

Qış aylarında Qarqar və Tərtər çaylarına su verilişinin qəsdən artırılması və Ermənistandakı Metsamor Atom Elektrik Stansiyasının və digər kimya zavodların radioaktiv tullantılarının Dağlıq Qarabağ ərazilərinə aparılaraq orada basdırılması, əslində erroziyaların açıq hala gətirilməsinə və ekoloji terrora – bəşəri cinayətə səbəb olur.

İşğal olunmuş ərazilərin hazırkı ekoloji durumu haqqında heç bir rəsmi informasiyanın olmaması, erməni separatçılarının bu ərazilərdə hətta beynəlxalq qurumların araşdırma aparmalarına imkan verməməsi real durumun qiymətləndirilməsi üçün çox böyük çətinlik yaradır.

Qondarma Dağlıq Qarabağ Respublikası işğal olunmuş ərazilərdə ekoloji şəraitin qorunması haqqında beynəlxalq təşkilatlar qarşısında heç bir məsuliyyət daşımadığına görə burada ekoloji mühit getdikcə daha da ağırlaşır.

Ekoloji problemlər hazırda dünyada qlobal məsələ kimi müzakirə olunur və həyəcan təbili çalınır. Ancaq beynəlxalq təşkilatlar ermənilərin Azərbaycan təbiətinə vurduğu ziyanın qarşısını almaq üçün nəinki ciddi iş görmür, əksinə buna göz yumurlar.

Hazırladı:
 M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında