Palçıq vulkanlarımız qorunmalı və beynəlxalq turizmə cəlb olunmalıdır

1993-cü ildə mən ilk dəfə olaraq mətbuatda (“Palçıq vulkanları qorunmalıdır”. “Bakı”, 19 yanvar 1993-cü il; “Вулканы ‒ памятники природы”. «Вышка», 30 января 1993 г.) palçıq vulkanlarının dağılmasının, zibillənməsinin, onların yaxınlığında yaşayış binalarının tikilməsinin və təsərrüfat işlərinin aparılmasının təhlükəsinin qarşısının alınması haqqında fikir irəli sürdüm. Nə üçün? Palçıq vulkanlarının güclü püskürməsi partlayış ilə baş verir. Yer səthinə çıxan qaz yanaraq alov sütunu əmələ gətirir, ətrafda yüksək temperatur yaranır, böyük həcmdə palçıq kütləsi tullanılır, vulkan yamacı boyu axınlar olur, müxtəlif istiqamətdə uzun və dərin çatlar əmələ gəlir. Aydındır ki, belə olduqda yaranan çatların evlərə və müxtəlif təyinatlı obyektlərə təsiri nəticəsində ətrafda olan insanlar xəsarət ala bilər və s. Bundan başqa, düşünülmədən atılan hər hansı addım yatmış vulkanı oyada bilər. Nəhayət, hamı başa düşməlidir ki, palçıq vulkanları təbii abidədir, biz onları vulkanik landşaftlar kimi gələcək nəsillər üçün qoruyub saxlamalıyıq.

Mənim bu qərara gəlməyimə səbəb nə olmuşdur? Qaradağ rayonunda yerləşən Axtarma-Qaradağ vulkanında möhtəşəm, görkəmli bir sopka dağıdılmışdır (şəkil 1). Binəqədi qəsəbəsinin yaxınlığındakı Keyrəki vulkanının ətəyində böyük bir sahə lazımsız təsərrüfat tullantıları sahəsinə çevrilmişdir, həmçinin XX əsrin əvvəllərində Abşeron yarım­adasında Bozdağ-Güzdək və Bakı arxipelağında Səngi-Muğan palçıq vulkanlarının güclü püskürməsi insan fəlakətinə səbəb olmuşdur.

Sonrakı illərdə baş verən hadisələr: 1993-cü ildə Bozdağ-Qobu palçıq vulkanının güclü püskürməsi nəticəsində əmələ gələn 1200 metr uzunluğunda çat Hökməli vulkanı yaxınlığında olan yaşayış binasına çatmışdır (şəkil 2).

2000-ci ildə Ceyranbatan su anbarının sahilində yerləşən Keçəldağ palçıq vulkanının kraterinə yaxın sahədən boru xəttinin keçirilməsi və həmin ərazidə aparılan təsərrüfat işləri vulkanın oyanmasına və güclü püskürməsinə səbəb olmuş, bir neçə tikinti vulkan tullantıları altında qalmışdır (şəkil 3).

2001-ci ildə Abşerondakı Lökbatan vulkanının kraterinin yaxınlığında böyük həcmdə vulkan brekçiyası daşınıb (lakin nə üçün və hara aparılması məlum deyil). Nəticədə böyük bir çala əmələ gəlib (şəkil 4), iki ay sonra oktyabrda vulkan aktivləşib və güclü püskürüb.

Sonrakı illərdə bu istiqamətdə də mətbuatda çoxsaylı yazılarım və televiziya ilə çıxışlarım, eləcə də təkliflərim olub. Nəhayət, 2002-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən palçıq vulkanları “Xüsusi mühafizə olunan obyektlər və ərazilər” kimi Dövlət Qanununa salınmışdır. Beləliklə, palçıq vulkanları təbii abidə statusu almışdır. Sonrakı illərdə, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaranan Koordinasiya Şurasında biz 3-4 il ərzində bu məsələ ilə məşğul olmuşuq, həmçinin lazımı materiallar hazırlanıb və Nazirlər Kabinetinə təqdim edilib. 2015-ci il avqust ayının 15-də Prezident İlham Əliyev “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbii Qoruğu”nun yaradılması haqqında sərəncam imzalamışdır. Beləliklə, vulkanların dağıdılmasının, zibillənməsinin və onların yanında yaşayış binalarının tikilməsinin qarşısı alınmışdır.

Təəssüflər olsun ki, son illər yenə də neqativ hallarla üzləşirik. 2001-ci ilin iyun ayında Keyrəki vulkanı püskürəndə onun yaxınlığında 2-3 fərdi yaşayış binası var idi. Hazırda həmin sahədə böyük bir yaşayış massivi mövcuddur (şəkil 5).

10-12 il əvvəl Bozdağ-Qobu palçıq vulkanının krater sahəsinə yaxın 3-4 fərdi yaşayış binası tikilmişdir. Hazırda bu ərazidə çoxsaylı binalar sıralanır. Eyni zamanda, məişət tullantıları vulkan sahəsinə boşaldılır.

Palçıq vulkanlarının və ətraf sahələrin zibillənməsi təkcə natəmizlik deyil, bu, həm də ekoloji baxımdan təhlükəli haldır. Vulkan püskürəndə onun məhsulları ilə yanaşı, çirkləndirici maddələr də ətrafa yayılır, nəticədə hava və torpaq zəhərlənir.

Ələt qəsəbəsində, Xəzərin sahilində yerləşən Bahar vulkanının cənub yamacının bir hissəsi dağıdılıbdır. Vulkanın sonuncu püskürməsi 1992-ci ildə baş vermişdir. Son illər onun fəaliyyəti xeyli zəifləyib və yaxın zamanda vulkanın növbəti püskürməsi gözlənilə bilər.

Beləliklə, 1993-cü ildən başladığımız təbliğat işləri nəticəsində Azərbaycan palçıq vulkanlarının qorunması məsələsi dövlətin dəstəyi ilə müəyyən dərəcədə öz həllini tapdı. 40-dan çox palçıq vulkanının ərazisində mühafizə işləri təşkil olundu. Lakin son illər digər palçıq vulkanlarına qarşı törədilən antriopogen və texnogen təsirlər artmaqdadır. Bu vulkanların yerli əhali tərəfindən zibillənməsinin qarşısı birmənalı şəkildə alınmalıdır. Belə cəhdlər palçıq vulkanlarında yerinə yetirilən tədqiqatlar üçün maneələr törədir, həm də onları ziyarət edən yerli və xarici vulkansevərlərdə təbii abidələrimizə olan münasibətlə bağlı pis təəssüratlar yaradır. Bir sözlə, müvafiq təşkilatlar bu məsələlərlə məşğul olmalı və lazımı tədbirlər görməlidir.

Bundan başqa, Azərbaycanın möhtəşəm görüntülü, aktiv fəaliyyətdə olan palçıq vulkanları ekoturizm üçün gözəl obyektdir. Qoruq tərəfindən mühafizə edilən bəzi vulkanlar da vardır ki, qoruğun hazırkı statusu ora turistlərin girişini qadağan edir. Qoruğun hüquqi statusunun “Milli parkla” əvəz edilməsi, dünyada analoqları olmayan çoxçeşidli vulkanlarımızın turizm obyektlərinə cəlb olunması onların təbliği və iqtisadiyyatımızın inkişafına töhfəsi baxımından məqsədəuyğun olacaqdır.              

Adil Əliyev,
AMEA Geologiya və Geofizika İnstitutunun
palçıq vulkanizmi şöbəsinin rəhbəri, professor,
           Əməkdar elm xadimi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında