“Dünyada qlobal istiləşmə, iqlim dəyişikliyi yoxdur və bu, bəzi dövlətlərin uydurmasıdır”

ABŞ Prezidenti Donald Trampın bu fikri ilə heç də hamı razılaşmır

Son 50 ildə dünya liderlərinin görüşlərində ən çox müzakirə edilən məsələlərdən biri də qlobal istiləşmə, iqlim dəyişikliyi, ekoloji tarazlığın pozulması, ətraf mühitin çirklənməsi, azon təbəqəsində struktur pozuntuları və sair adlarla gündəliyə  gətirilən ümumdünya problemidir. Bəzi alimlər deyirlər ki, inkişaf  etmiş  dövlətlərin liderlərinin   iqlim dəyişikliyinin qarşısının alınması  məsələsində razılığa gələ bilməməsinin əsas səbəbi məhz belə bir problemin olmamasıdır. Guya, bu barədə deyilənlərin hamısı yalandır.

 Digər ekspertlər isə sübut edirlər ki, dövlət başçıları bu məsələdə razılığa gəlsələr, ABŞ, Çin, Hindistan və Rusiya kimi sənaye ölkələrinin  iqtisadiyyatına çox ciddi zərbə dəyəcək.  Çünki planetdə iqlim dəyişikliyinə ən çox səbəb olan məhz bu  ölkələrin iqtisadiyyatıdır. Belə ki, ətraf mühitə ziyan vuran müəssisələr bağlanarsa, həmin ölkələrdə sürətli iqtisadi geriləmə başlanar.

Fakt isə ondan ibarətdir ki, bir neçə il bundan qabaq həmin problemin qarşısının alınması üçün “Paris müqaviləsi” deyilən beynəlxalq sənəd ərsəyə gəlmiş və onu  hamı imzalamışdı. Birləşmiş Ştatların yeni Prezidenti Donald Tramp isə həm bu il mayın 29-da İtaliyada keçirilən “Böyük yeddilər”in sammitində, həm də son günlər Almaniyada keçirilən “Böyük iyirmilər”in sammitində həmin məsələyə mənfi münasibət bəsləyib. Həm Siciliyada, həm də Hamburqda bu məsələnin həllinə ciddi şəkildə çalışan Angela Merkel isə yenə də qlobal istiləşməyə qarşı mübarizəni planet miqyaslı məsələyə çevirə bilməyib.

Bəs Paris müqaviləsi özündə nələri ehtiva edirdi?  Ekoloq alimlərin çaldığı həyəcan siqnalı  nəticəsində dünya siyasətçiləri  tərəfindən 2015-ci ildə bağlanan Paris müqaviləsi iqlim dəyişikliyinə qarşı dünyada ilk əhatəli sənəddir. Müqavilənin bağlanmasında məqsəd ortalama qlobal temperatur artımını 2 dərəcədən aşağıda saxlamaqdır. Bu müqaviləyə görə, ölkələr ətraf mühitə karbon buraxılmasını azaltmaq öhdəliyi götürüblər. Müqavilə  55 ölkədə  ratifikasiya edildikdən sonra qüvvəyə minib. Müqaviləni imzalayan ölkələr içərisində qlobal karbon emissiyasının 55 faizini buraxanlar da var.

ABŞ-ın keçmiş Prezidenti Barak Obama Paris müqaviləsini 2016-cı ildə imzalayıb və hazırda “Böyük yeddilik”  ölkələri ABŞ-ın həmin müqavilədən çıxmasını istəmirlər. Belə ki, istixanalardan buraxılan karbon emissiyasına görə ABŞ Çindən sonra ikinci yeri tutur. Bu ölkənin yeni Prezidenti Donald Tramp isə  seçkiqabağı bəyanatlarında Paris müqaviləsinin “milli təhlükəsizliyə qarşı” olduğunu demişdi. Eyni zamanda,  dəfələrlə kömür sənayesini gücləndirəcəyini bildirmişdi. Kömür isə karbon emissiyalarının ən əsas səbəbkarıdır. Tramp kömür sənayesini inkişaf etdirəcəyini və bu sahədə yeni iş yerlərinin açılacağını deməklə yanaşı,  ümumiyyətlə, iqlim dəyişikliyinin olmadığını və bunun Çinin bir oyunu olduğunu da vurğulayıb.

Angela Merkelin fikrincə, ABŞ  Paris müqaviləsindən çıxarsa,  bunun başqa ölkələrə də təsir edəcəyi və onların da çıxacağı qaçılmazdır. Hətta heç bir ölkə müqavilədən çıxmasa belə,  tək ABŞ-ın çıxması müqavilənin əhəmiyyətini itirməsi deməkdir. Çünki ABŞ dünya üzrə çox böyük karbon emissiya edən ölkələrdəndir. Mütəxəssislərin fikrincə, ABŞ rəhbərliyinin nə qərar verib-verməyəcəyindən asılı olmayaraq,  Çin və Hindistan müqavilədən çəkilməyəcəyini bəyan ediblər .

ABŞ Prezidentinin arqumentinin əsassız olduğunu sübut etmək istəyən mütəxəssislər yazırlar ki, qlobal istiləşmə  planetdə ekoloji tarazlığın pozulmasının nəticəsidir. Məhz həmin səbəb üzündən qışda istiliklər artır, yaz erkən gəlir, payız gecikir, heyvanların köç dövrləri dəyişir. Bunun nəticəsində dəyişikliklərə dözə bilməyən bitki və heyvan növləri ya azalır, ya da tamamilə yox olur. Qlobal istiləşmə insan sağlamlığına da ciddi təsir göstərir. Anomal iqlim dəyişkənliyi, iyul-avqust aylarında bütün ölkələrdə sel və daşqın, təbii fəlakətlər Yer kürəsində yeni təhlükəli hava siklonlarının yarandığını göstərir. Ötən il dünyada aramsız yağışlar və güclü küləklər nəticəsində dağıdıcı daşqınlar, fəlakətlər müşahidə olundu. Beynəlxalq Hidrometeorologiya Assosiasiyası ekspertlərinin hesablamalarına görə, yay mövsümündə aylıq yağıntının miqdarı normadan  28 dəfə çox olub! 2009-cu ildə yayda payız mövsümünə xas olan iqlim xüsusiyyətləri müşahidə edildi, payızda isə qışa xarakterik olan temperaturlar qeydə alındı.

Bu problemin elmi şəkildə əsaslandırıldığını deyənlər xəbərdarlıq edirlər ki, 2050-ci ildə dünyada 2 milyard insan sudan məhrum olacaq, 30 il sonra da 3 milyard insan istifadə olunan su qaynaqlarını itirəcək. BMT ekspertləri tərəfindən hazırlanan “İqlim dəyişiklikləri və su” hesabatına görə, dünyadakı iqlim dəyişiklikləri su qaynaqlarına da təsir edir. Hesabata görə, dünya əhalisi ilə birlikdə əkinçilik və sənaye istehsalı artır,  iqtisadiyyat böyüyür, ancaq su qaynaqları isə sürətlə tükənir.

Sənəddə göstərilir ki, dünya əhalisinin  20 faizini təşkil edən 30 ölkə su çətinliyi ilə qarşı-qarşıyadır. 2025-ci ildə isə bu ölkələrin sayı 50-yə çatacaq və dünya əhalisinin yüzdə 25-i su problemi ilə üz-üzə qalacaq.

Bir sözlə,  bəşər övladı arasında siyasi və ictimai məsələlərdə olduğu kimi,  ekoloji problemlərin həllinə münasibətdə də fikir ayrılığının hökm sürməsi  göz qabağındadır. Təbii proseslər isə insanların yekdil qərara gələcəyi vaxtı gözləmir. Sadə vətəndaşa məlum olan fakt  budur ki, istilər sürətlə artır.

İsaq ƏMƏNULLAYEV, 
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında