Nadir təbiət incisi: Qızılağac Dövlət Təbiət Qoruğu

Ümummilli lider Heydər Əliyev Azərbaycan təbiətinin böyük təəssübkeşi, qayğıkeşi olmuşdur. Dahi öndərin mühüm önəm verdiyi bu sahə möhtərəm Prezidentimiz İlham Əliyevin səyi nəticəsində daha da zənginləşmiş, inkişaf etdirilmişdir.

Ekologiyanın qorunması, ətraf mühitin, xüsusən torpaqların mühafizəsi və meşələrin inkişafı sahəsində son bir neçə ildə dövlət başçımızın prinsipial mövqeyi nəticəsində mühüm işlər görülmüşdür. Uzun dövr ərzində yaranmış ekoloji problemlər təhlil olunaraq, onların kompleks həllinə yönəldilən 5 milli və dövlət proqramı təsdiq edilmiş, ekoloji və ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik aktları, hökumət qərarları təkmilləşdirilmiş, ölkəmiz dünyəvi  əlaqələrini genişləndirərək 20-yə yaxın Beynəlxalq Konvensiyaya qoşulmuşdur.

Azərbaycan Prezidentinin imzaladığı 2006-cı il 28 sentyabr tarixli sərəncam ilə respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair “Kompleks tədbirlər planı” təsdiq edilmişdir. Bu planda əksini tapmış məsələlər beynəlxalq qurumlar tərəfindən razılıqla qarşılanmış, dövlət başçısına   təbiətimizə göstərdiyi böyük diqqət və qayğıya görə minnətdarlıq edilmişdir.

İnsanların həyat tərzinin qorunmasında, rahatlığının təmin olunmasında sağlam  qida həlledici rol oynayır. Lakin min illər boyu yaranmış sağlam ənənələri, formalaşmış mentaliteti asan və tez başa gələn süni vasitələr hesabına həyata keçirmək  yolverilməzdir. Geni pozulmuş bitki və heyvanların ölkəmizə gətirilməsi, çoxaldılması təbiətimizə də, süfrəmizə də ziyandır.

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması və inkişafı  sahəsində ölkədə həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar  tərəfindən yüksək qiymətləndirilir. Xalqımız üçün çox əlamətdar bir hadisədir ki, cənab İlham Əliyevə ekologiya sahəsində xidmətlərinə görə dünyanın nüfuzlu Mixael Zukkov Fondunun ali mükafatı təqdim olunmuşdur.

Müstəqil Azərbaycan Respublikasının zəngin təbiətini qorumaq, bərpa etmək, zənginləşdirmək üçün Prezident İlham Əliyevin  tapşırıq və tövsiyələrini rəhbər tutaraq yeni layihələr reallaşdıran Ekologiya  və Təbii Sərvətlər Nazirliyi ölkəmizin ən ciddi ekoloji problemlərinin həllinə cəmiyyətin, qeyri-hökumət və beynəlxalq təşkilatların diqqətini cəlb etməklə dövlətin müəyyənləşdirdiyi ekoloji siyasəti ardıcıl həyata keçirir. Son illər ətraf mühitin qorunmasında, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz təbii sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində bir sıra mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Qeyd edək ki,  ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən 2016-cı ilin yanvar ayında Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi hazırlanıb. Sənəddə 180 ölkə arasında 2 sahə (insan sağlamlığının qorunması və ekosistemlərin mühafizəsi) və 9 istiqamət üzrə  qiymətləndirmə aparılıb. ABŞ-ın Yel və Kolumbiya universitetləri tərəfindən mövcud ekoloji vəziyyətə görə Azərbaycan dünya ölkələri arasında 100 ballıq qiymətləndirmə sistemi üzrə 83,78 balla 31-ci yerə layiq görülmüşdür. Bununla da reytinq sıralanmasına əsasən,  Azərbaycan Yaponiya, Belçika, Hollandiya, İsrail  kimi dünyanın bir sıra qabaqcıl və inkişaf etmiş ölkələrindən ön mövqedə olmuşdur. Burada digər diqqətçəkən məqam isə odur ki, qiymətləndirmədə 111-ci yerdə olan qonşu Gürcüstanla Azərbaycan arasında 20 bal fərq olduğu halda, Azərbaycanla 1-ci yerdə olan Finlandiya arasında cəmi 7 bal fərq var.

Həmin sənədə əsasən, Azərbaycan iqlim və enerji istiqamətinə görə sıralanmada 100 ballıq sistem üzrə 97,94 balla qiymətləndirilərək bütün ölkələr arasında 2-ci, həmin bölmənin karbon intensivliyi göstəricisi üzrə isə 100 balla 1-ci yerdə qərarlaşmışdır.

Daha bir uğurlu göstərici isə odur ki, Ekoloji Fəaliyyətin Effektivliyi İndeksi meşələrlə bağlı istiqamətdə qiymətləndirmə üzrə Azərbaycan 180 ölkə arasında 5-ci yeri tutmuşdur. Bu yüksək göstəricinin əldə edilməsinin səbəbi yeni meşə əkinləri nəticəsində meşə ilə örtülü ərazilərin sahəsinin artırılaraq 11,8 faizə çatdırılması və meşələrin mühafizəsi tədbirlərinin gücləndirilməsidir.

Yeri gəlmişkən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı qısa vaxt ərzində  beynəlxalq normativlərə  uyğun olaraq Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin sahəsi genişləndirilərək 3,5 faizdən 10,3 faziə çatdırılmışdır. Gələcəkdə belə ərazilərin sahəsinin daha da genişləndirilməsi üçün hazırda mühüm tədbirlər həyata keçirilir. 2003-cü ilədək bir milli parkı belə olmayan respublikamızda hazırda 9 milli park, 11 dövlət təbiət qoruğu və  24 dövlət təbiət yasaqlığı fəaliyyət göstərir. Bu da respublika ərazisinin 893 min hektarını təşkil edir.

Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İshaqzai ilə Qızılağac Dövlət Qoruğuna səfər etmələri  də respublikamızda təbiətə göstərilən qayğının  bariz nümunəsidir.  H. Bağırovun təbirincə desək,   ümummilli liderimiz Heydər Əliyevin ekoloji strategiyasını daim diqqətdə saxlayan cənab İlham Əliyevin ekoloji siyasəti həmişə beynəlxalq təşkilatların diqqət mərkəzində olmuşdur. Qızılağac Dövlət Qoruğuna səfər də dünyanın ölkəmizin təbiətinə göstərdiyi marağın təzahürüdür. Xatırladım ki, həmin səfər “Azərbaycanın xüsusi mühafizə olunan təbiət ərazilərinin tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi” adlı layihə çərçivəsində təşkil edilib. Layihə Azərbaycanın nadir və zəngin biomüxtəlifliyini qorumaq üçün sahilyanı və dəniz qoruqlarının idarəetmə sisteminin səmərəliliyini artıracaq.

Sözügedən layihə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMTİP tərəfindən həyata keçirilir və Qlobal Ekoloji Fond (QEF) tərəfindən maliyyələşdirilir.

Layihə və digər mühüm ekoloji məsələlər haqqında məlumat verən  nazir H. Bağırov qeyd etmişdir ki, bu səfərin məqsədi layihənin inkişafına və gələcəkdə həyata keçiriləcək tədbirlərə baxışdır. Layihə çərçivəsində Qızılağac qoruğu üçün yeni inzibati bina tikilmiş və qoruqda qeyri-qanuni ovçuluq və digər qanunsuz fəaliyyətlərdən qorunmaq üçün kanallar qazılmış, Qızılağac qoruğunun GIS elektron xəritəsi tərtib olunmuşdur. 

Bundan əlavə, layihə komandası meşə gözətçilərinin və onların gözətçi məntəqələrinin tikintisi və təmiri də daxil olmaqla iş şəraitinin yaxşılaşdırılmasını planlaşdırır. Həmçinin  işçi heyətinə təlimlər təşkil olunacaq, idarəçilik və maliyyə planlarının, eləcə də dəniz və sahilyanı qorunan ərazilərin uzunmüddətli dayanıqlılığını təmin etmək üçün Ekosistem Monitorinq Proqramının hazırlanmasına və Qızılağac qoruğunun milli parka çevrilməsinə kömək ediləcək.

Nazir söhbət zamanı demişdir: - Hörmətli qonaqla biz qoruğun ərazisini gəzdik. Təbii gözəlliklər, təbiətin nadir inciləri  onun diqqətini daha çox cəlb etdi.  Sözügedən layihə çərçivəsində  Qızılağac  Dövlət Təbiət Qoruğunun milli parka çevrilməsi istiqamətində görülən işlər bizi sevindirir.

Cənab nazirin sözlərinə görə, respublika ərazisində ağac əkini  və yaşıllaşdırma işləri ilboyu aparılır. İndi əsas diqqət Azərbyacan Prezidentinin  tapşırığına və tövsiyələrinə əsasən, respublika ərazisində meyvəçiliyin inkişafına, yeni meyvə bağlarının salınmasına yönəldilmişdir.

Qulam İshaqzai (BMT-nin nümayəndəsi): – “Azərbaycanın tərkibindəki sahilyanı ekoloji sistemlərdə idarəetmənin təkmilləşdirilməsi”  layihəsi çərçivəsində cənub regionuna planlaşdırılmış bu səfərdən çox məmnun qaldıq. Qızılağac Dövlət Təbiət Qoruğu  təbiətin ən nadir incilərindəndir. Burada həm turizmin inkişafı, həm də istirahət üçün hər cür imkan  var. Qoruqla tanışlıqdan bir daha əmin oldum ki,  Azərbaycanda təbiətin mühafizəsi dövlət səviyyəsində aparılır...

Təəssüf ki, işğal olunmuş ərazilərimizdə  bir çox yasaqlıqlar, qoruqlar dünya birliyinin  gözü qarşısında erməni işğalçıları tərəfindən məhv edilir. Minillik nadir təbii çinarlıqlar yer üzündən silinir. Bunları bərpa etmək olarmı?!  Təbiətimizə, dünyamıza vurulmuş bu yaraları sağaltmaq mümkündürmü?! Ölkəmiz, dövlətimiz isə dünya ekologiyasına töhfə verməkdədir və bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcəkdir.

Azərbaycan Prezidenti Nazirlər Kabinetinin bu ilin I rubunun yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı çıxışında ölkəmizin ərazisində baramaçılığın  və meyvəçiliyin  inkişaf etdirilməsinə xüsusi  önəm vermişdir. Bununla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan müəssisələr tərəfindən yeni meyvə bağları və yaşıllıqlar salınır. Mövcud meyvə bağlarına isə aqrotexniki qaydada qulluq edilir. Təsadüfi deyil ki, jurnalistlərə açıqlamasında nazir Hüseyn Bağırovun sözlərinə görə, yaşıllaşdırılan ərazinin 2 min hektarından çoxu zeytun ağaclarıdır. Belə ərazilər 5 min hektara çatdırılsa, Azərbaycan xaricdən zeytun məhsulu idxal etməyəcək. Azərbaycanda püstə, badam bağları da bərpa olunmağa başlamışdır. Bu ağacların ana bağları Azərbaycanda itirilmişdi. Nazirlik bu tingləri  büdcədən vəsait almadan xaricdən daxili imkanlar hesabına gətirmişdir. 

Sonda xatırladım ki, Qızılağac qoruğu Xəzər dənizinin cənub-qərbində yerləşir. Ərazisi 88400 hektardır. Böyük Qızılağac körfəzini və Salyan düzünün bir hissəsini əhatə edir. Eyni zamanda, qoruğun ərazisi Lənkəran, Masallı, Neftçala rayonlarının əraziləri ilə həmsərhəddir.  Qızılğac Dövlət Təbiət Qoruğu- köçəri, su-bataqlıq və çöl quşlarının çoxaldılması, həmçinin təbii su-bataqlıq landşaft sahələrinin mühafizəsi məqsədilə yaradılmışdır. Qoruq  1976-cı ildə “Su-bataqlıq yerləri Konvensiyası”nın (Ramsar)  suətrafı və suda üzən quşların məskunlaşması üzrə 12 Beynəlxalq əhəmiyyətli qoruq sırasına daxil edilmişdir. Onun ərazisi müxtəlif təbii landşaft sahələrindən ibarətdir. 61,9 min hektarını su akvatoriyası, 17,9  min hektarını cəngəlliklər, 26,3 min hektarını isə quru sahələr təşkil edir.

 Bəxtiyar HÜSEYNOV,
ekoloq-jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında