Ruhun qidasıdır gözəl təbiət

Biz və təbiətimiz

(əvvəli qəzetin 5 fevral nömrəsində)

İnsanların yaşayış tərzi, maddi rifah halı təbiətlə, təbii sərvətlərin zənginliyi ilə, bunlardan səmərəli istifadə etmək və onların mühafizəsi ilə bağlıdır. Təbiət nə qədər zəngin olarsa, o qədər insanın  zövqünə, yaxşı mənada sağlamlığına nüfuz edər. Təbiətə həmişə məhəbbətlə, qayğı ilə yanaşmaq, onu qorumaq, daha da zənginləşdirmək və gözəlləşdirmək insanların müqqəddəs borcudur.

Lənkəran təbiəti təkcə parklarla, qoruqlarla deyil, zümrüd, yaşıl libaslı meşələri ilə də diqqət çəkir. Meşələr hazırda 7030 hektar ərazini əhatə edir. Təbiətin bu yaşıl örtüyü qayğı ilə qorunmaqla bərabər, ərazisi ildən-ilə genişləndirilir, yeni tinglik sahələri salınır. Meşələrin mühafizəsində və zənginləşdirilməsində Lənkəran Meşə Mühafizə və Bərpası Müəssisəsi kollektivinin əməyi çoxdur. Kollektiv həm rayonun, həm də respublika ərazisinin yaşıllaşdırılmasına mühüm töhfələr verir. Lənkəran meşəçilərini əbəs yerə rayonun “yaşıl akademiyası” adlandırmırlar...

Təbii sərvətlərimizin qorunması və onlardan səmərəli istifadə edilməsi, ətraf mühitin mühafizəsi, meşələrin inkişafı sahəsində son bir neçə ildə dövlət başçısı İlham Əliyevin prinsipial mövqeyi nəticəsində böyük işlər görülmüşdür. Son illərdə beş dövlət proqramı təsdiq edilmiş, ekoloji və ətraf mühitin mühafizəsi sahəsində qanunvericilik aktları və hökumət qərarları qəbul olunmuşdur. Ölkəmiz beynəlxalq əlaqələrini genişləndirərək 20-yə yaxın beynəlxalq konvensiyaya qoşulmuşdur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi  ilə ekoloji siyasət, ətraf mühitin mühafizəsi, xüsusən də biomüxtəlifliyin qorunması və inkişafı sahəsində ölkədə həyata keçirilən tədbirlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir.

Təbiətin, ətraf mühitin mühafizəsini ümumdövlət əhəmiyyətli iş kimi dəyərləndirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkəmizdə ekoloji tarazlığı həmişə diqqət mərkəzində saxlayır. Dövlət başçısının bu sahədəki tövsiyə və tapşırıqları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və nazirliyin tabeliyində olan idarə və müəssisələrin mühüm fəaliyyət proqramına çevrilib. Yeni texnoloji imkanlar fauna və floramıza da tətbiq olunur və müsbət təsiri hiss edilir. Bakıda, regionlarda salınan yeni parklar, meşələr təbiətin zənginləşdirilməsinə göstərilən qayğının bariz nümunəsidir. Yollar boyu salınmış yaşıllıqlar, yeni meşə massivləri, qoruyucu zolaqlar göz oxşayır. Bunlar həm təbiətin əbədi yaşıllığına, həm də insanların sağlamlığına mühüm töhfədir.

Cənub bölgəsində aparılan ekoloji iş yerli icra hakimiyyətlərinin dəstəyi və qayğısı ilə həyata keçirilir. Lənkəran Şəhər İcra Hakimiyyətinin səyi ilə rayonda yeni yaşıllıq zolaqları salınır. Xüsusilə son vaxtlarda rayonlarda, o cümlədən Lənkəranda fermer təsərrüfatlarının geniş vüsətlə fəaliyyətə başlaması, əkinçiliyin və bitkiçiliyin genişləndirilməsi ekoloji nailiyyətlərlə paralel inkişaf etdirilir. Çayçılıq, sitrusçuluq kimi ənənəvi təsərrüfat işləri dirçəldilir. Unudulmuş çox faydalı  təsərrüfat sahələrindən biri də ipəkçilikdir. Vaxtı ilə respublikamız keçmiş SSRİ-nin ən mühüm ipəkçilik mərkəzlərindən idi. Təəssüf ki, sahəni qoruyub saxlaya bilmədik. Nə yaxşı ki, möhtərəm Prezidentimiz digər ənənvi sahələr kimi ipəkçiliyə də diqqəti artırdı, bu sahənin dirçəldilməsi üçün müvafiq tövsiyələr verdi. İndi qollarımızı çırmalayıb işə başlamalıyıq. Son zamanlar ölkəmizə ən məhsuldar tut tingləri gətirilir.  Artıq rayonumuzda da geniş tut bağları salınır. O tut ağacları  xalqımızın xoşbəxtliyini, halallığını içində gizlədir. Hər kələf zərif ipək dona dönüb sevincə, xoşbəxtliyə çevrilir. Bu da onu deməyə əsas verir ki, qısa müddətdə əvvəlki ipəkçilik ənənələrimiz bərpa olunacaq, on minlərlə insan iş yerləri ilə təmin olunacaq. Axı ipəkçilik gəlirli sahədir.

Təbiət zənginləşir, insanların, dövlətimizin  qayğısı ilə cavanlaşır. Biz ekoloqlar da təbiətimizin yenidən cavanlaşması, zümrüd dona bürünməsindən hədsiz dərəcədə sevinir, qürur duyuruq. Çünki xalqımızın ən böyük xoşbəxtliyi əməkdən qaynaqlanır. Sevindirici haldır ki, rayonda çoxdan unudulmuş  əkinçilik yenidən sürətlə canlandırılır. Çəltikçilik yeni texnoloji səviyyədə yaradılır və inkişaf etdirilir. Çəltikçilik də kənd təsərrüfatı üçün geniş perspektivlər açır. Onun nemət, bolluq, ruzi bəxş etmək xüsusiyyətindən başqa, qidalanmaq üçün  təbii yem bazası zəyifləyib perik düşmüş quşların, digər faydalı canlıların qayıdışına da səbəb olacağının şahidi olacağıq. Çox qiymətli çöl quşları geri dönəcək, bizimlə qonşu olacaq. Onların şən nəğmələri o bol çəltik nemətindən başqa bizə xoş ovqat, zəngin təbiət xoşbəxtliyi bəxş edəcək. 

Yeri gəlmişkən, insanın sağlamlığına xidmət edən, təbii şəkildə çoxalan, min bir dərdin dərmanı olan zəlini, az qala, son vaxtlar xaricdən alırdıq. Halbuki, biz bu xeyirli canlını özümüz yüksək  səviyyədə yetişdirib xaricə ixrac edə bilərik. Zəli təsərrüfatlarını genişləndirməklə, həm də göllərimiz, nohurlarımız zənginləşər, ağaclar, sular, sucaqlar darıxdıqları unudulmuş təbiət nəğmələri ilə--quşların, balıqların coşqun, sevincək səslərinin sehrinə dalacaqlar. Bu təbii xoşbəxtlikdə bizim də payımız olacaq.

Yerli təsərrüfatlarda yetişdirilən sağlam məhsullar xalqımızın genefonduna mühüm töhfə verər. İndiki çətin dövrdə yalnız öz məhsulumuzla, təbiətimizə uyğun və xalqımıza layiq sağlam, standartlara cavab verən nemətlərlə gələcəyimizə ümid bağlamaq olar. Bu sahədə  biz ekoloqların üzərinə də böyük məsuliyyət düşür. Lənkəranın icra orqanları, rəhbərlik vaxtaşırı keçirdiyi müşavirələrdə ekoloji saf məhsullar əldə etmək üçün  qarşıya ciddi tələblər qoyur. Biz ekoloqlar da haqlı və vacib tələbləri yerinə yetirmək üçün təsərrüfat subyektlərinə köməyimizi əsirgəmirik. Mədəni təsərrüfat əkinçiliyi və bitkiçiliyi ilə yabanı təbiəti, onun biomüxtəlifliyini, sağlamlığını və yaşarılığını qorumağa çalışırıq. “Sağlam təbiət, sağlam nemət və sağlam insan” devizi bizim fəaliyyət proqramımızın tərkib hissəsidir. Ömrünü başa vurmuş və vurmaqda olan hər ağacın yerində yeni fidanların göyərməsini görəndə sevincimizin həddi-hüdudu olmur. Nohurlarımızda, göllərimizdə balıqların, çöllərimizdə çoxsaylı əsərlərin qəhrəmanı olan ceyranların sürüsü çoxaldıqca bu dirçəlişdə əməyi keçənlərə bəslədiyimiz sevgi daha da artır.

Müstəqil   Azərbaycan Respublikasının zəngin təbiətinin qorunması və yeni meşələrin salınması, əvvəlkilərin bərpa edilməsi, obrazlı desək, təbiətin qucağının daha da genişləndirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrini rəhbər tutaraq yeni-yeni layihələr həyata keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkəmizin ən ciddi ekoloji  problemlərinin  həllinə cəmiyyətin, qeyri-hökumət və beynəlxalq təşkilatların diqqətini cəlb etməklə dövlətin müəyyənləşdirdiyi ekoloji siyasəti ardıcıl həyata keçirir. Son illər respublikamızda təbiətin mühafizəsi  işində əsaslı dönüş yaranmış, ətraf mühitin qorunmasında, təbii ehtiyatların, o cümlədən faydalı qazıntıların, su, torpaq, hava kimi əvəzsiz  sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində bir sıra mühüm əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.

Əhalinin ekoloji cəhətdən maariflənməsi indiki dövrdə xüsusi önəm kəsb edir. Bu baxımdan   İDEA İçtimai Birliyinin rolu əvəzsizdir. Birliyinin rəhbəri  Leyla xanım Əliyevanın hərtərəfli və məhsuldar içtimai-siyasi fəaliyyəti Azərbaycan xalqının tərəqqisinə, dövlətimizin  daha da möhkəmlənməsinə, ümummilli lider Heydər Əliyev ideyalarının tamamilə və qətiyyətlə həyata keçməsinə xidmət edir.  Zəngin Azərbaycan təbiətini qorumaq, onu daha da inkişaf etdirmək ulu öndərin ali məqsədlərindən biri idi. İDEA İctimai Birliyinin fəaliyyətində bu sahəyə xüsusi önəm verilməsi, Azərbaycan təbiətinə həssas və qayğıkeş münasibət bütün gənclər üçün bir örnəkdir. Bu birliyin ekologiyaya dəstəyi respublikamızda yeni-yeni yaşıllıqların salınmasına, mövcud yaşıllıqların, meşə və meşə zolaqlarının daha ciddi  qorunmasına,  xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsinə, nəsli kəsilməkdə olan flora və fauna növlərinin mühafizəsi və artırılmasına, eləcə də onların gələcək nəsillərə əmanət kimi verilməsinə  ciddi kömək edir.

Biz də maarifləndirmə,  təbliğat işimizi  gücləndirməkdəyik. Lənkəran Dövlət Universitetində, Humanitar Kollecdə, ümumtəhsil məktəblərində, bələdiyyələrdə... dövlətimizin ekoloji siyasətini təbliğ edir, izahat işi aparırıq. Ötən müddətdə “Azərbaycan Respublikasının ekoloji vəziyyəti ölkə Prezidentinin diqqət mərkəzindədir”, “Yeni yaşıllıqların salınmasında gənclərin rolu”, “Meşələrin əhəmiyyəti və onların mühafizəsi haqqında”, “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas fəaliyyət istiqamətləri gələcək nəsillərin sağlam mühitdə yaşamasına yönəldilib”, “Sağlam ətraf mühitdə yaşamaq naminə yeni texnologiyalar”, “Ekoloji təqvimlər”, “Ana təbiət – Ana Vətən” və sair mövzularda maraqlı tədbirlər təşkil olunub.

Ərazi baxımından nəzarət etdiyimiz Lənkəran şəhərinin, rayonun  park və bağlarında  bu torpağın təbii simvoluna çevrilmiş dəmirağaclarına, şabalıdyarpaq palıda, cökə və s. ağaclara daha tez-tez rast gəlinir. Diqqətəlayiq cəhət budur ki, icra başçısı Taleh Qaraşovun tapşırığına əsasən, yaşıllaşdırma işlərində, bağsalmada, hər il payız və yaz aylarında keçirilən yaşıllaşdırma tədbirlərində məhz təbiətimizin şahı sayılan bu ağacların əkilməsinə üstünlük verilir. Son illərdə yolların, eləcə də Bakı-Astara  magistral yolunun Lənkəran hissəsinin kənarlarında yaşıllıqların salınması, nadir, qiymətli həmişəyaşıl ağacların əkilməsi, onların  mühafizəsi də məhz rayon rəhbərinin  ciddi nəzarəti ilə həyata keçirilir. Vaxtilə əkilən bu ağaclar yol boyu əraziləri zövq oxşayan yaşıllığa bürüyüb.

Yeri gəlmişkən, Hirkan Milli Parkinda son ekoloji durum heç də ürəkaçan deyildi. Xüsusilə, parkın ərazisində bəbirin vurulması (doğrudur, brokonyer qanuni cəzasını almışdır) ölkə ekologiyasında ciddi narahatlığa səbəb oldu. Bu narahatlıq, həm də qeyri-peşəkar kadr “potensialı” ilə bağlı idi. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Parkın rəhbərliyini dəyişdirdi. Sanki indi parkın nadir təbiət incisi olduğunun fərqinə varırlar. Təbiətə laqeyd və etinasız münasibət bəsləyənlər haqqında ciddi  tədbirlər görülür. Parkın mühafizəsi və yanğın təhlükəsizliyi tədbirləri də xeyli gücləndirilib. Bir sözlə, yeni rəhbərliyin yaratdığı sağlam mühit hamını öz işinə məsuliyyətlə yanaşmağa sövq edir.

Əhali ilə aparılan maarifləndirici tədbirlər də öz səmərəsini verir. Burada hər ağac, hər kol qayğı ilə qorunur. Bu mühüm işdə təkcə rəhbərlik deyil, bütün kollektiv məsuliyyət daşıyır.  Sanki Milli Park  indi daha sədaqətli və peşəkar qoruyucusunu tapmışdır. Artıq hərə öz işini günün tələbləri səviyyəsində qurmağa çalışır.

Təbiətin varlığı, onun bütün sərvətləri Yer üzünün əşrəfi olan insan üçündür. Odur ki, insanın şüuruna, düşüncəsinə təsir göstərmək, onda təbiətə vurğunluq hissi oyatmaq hamımızın borcudur. Respublikamızda da həmin vəzifələr ayrı-ayrı müvafiq təşkilatlar və təbiəti sevən insanlar tərəfindən həyata keçirilir. Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov rayonun taleyüklü məsələləri ilə bərabər, zəngin və əlvan Lənkəran təbiətinin qayğı ilə qorunmasına və bununla əlaqədar dövlətin mühüm ekoloji siyasətinin həyata keçirilməsinə xüsusi diqqət yetirir. Söhbət əsnasında icra başçısı fikirlərini bizimlə bölüşərək dedi:

– Respublikamızın təbiəti çox zəngin və rəngarəngdir. Ekoloji tarazlığı, ətraf mühitin mühafizəsini təmin etmək təkcə bu sahədə çalışanların işi deyil, hamının müqəddəs borcudur. Axı bütün sərvətlərini bizə səxavətlə bəxş edən ana təbiətə nankor, laqeyd münasibət bəsləməyə haqqımız yoxdur. Ümummilli liderimiz Heydər Əliyevin zəngin mənəvi irsində, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təbiətin mühafizəsi ilə əlaqədar sərəncamlarında ekologiyanın qorunub gələcək nəslə çatdırılması ümumdövlət əhəmiyyətli məsələ kimi dəyərləndirilir. Cənab Prezidentin tövsiyə və tapşırıqlarını əldə rəhbər tutaraq, doğma Vətən təbiətinin daha da zənginləşməsinə, ətraf mühitin mühafizəsinə öz layiqli töhfələrimizi verməyə çalışırıq. Təsadüfi deyil ki, Lənkəran şəhəri gündən-günə böyüyür, öz üfüqlərini daha da genişləndirir. Çoxmərtəbəli binaların sayı artır. Yeni küçə və meydanlar salınır. Ən əsası budur ki, biz ekoloji durumla tikinti və abadlıq işlərinin həmahəng inkişafını balanslaşdırırıq. Təbiətimizin və xalqımızın sağlamlığı möhtərəm Prezidentimiz İlham Əliyevin dövlət fəaliyyətinin ali məqsədlərindən biridir.  Biz bu ali məqsədin həyata keçməsinə bütün  ­varlığımızla səy edirik...

Bəxtiyar Hüseynov,
 ekoloq-jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında