Ruhun qidasıdır gözəl təbiət Biz və təbiətimiz

 

 

 

 

 

 

 

 

 

 

 


 

İnsanın yaxşı həyatını təmin edən amillərdən biri də ekoloji vəziyyət, sağlamlıq və təbiətin, ətraf mühitin qorunmasıdır. İnsanların sağlamlığı, ekoloji vəziyyət, udduğumuz hava, içdiyimiz su – bütün bunlara biz çox böyük diqqət göstərməliyik.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

 

 


Dağlar qurşağadək giriblər suya,

Təbiət dalğındır, gedib yuxuya.

Meşələr bir həzin nəğmə oxuya

Artar könüllərin marağı burda.

Meh əsib suları dalğalandırır

Günəş zirvələrdə tonqal yandırır,

Gözəllik ürəyi qanadlandırır,

Bir heyrət bürüyür qonağı burda…

Bu misralar Lənkəran haqqında deyilsə də, ümumiyyətlə cənub təbiətinə xas olan spesifik xüsusiyyətlərin poetik ifadəsidir. Əslində ana  təbiət cənubdan heç nəyini əsirgəməyib. Elə subtropik diyarın mərkəzi sayılan Lənkəranı götürək. Bir tərəfi mavi Xəzərlə, digər tərəfi isə əsrlərin şahidi olan qocaman Talış dağları ilə əhatələnən Lənkəranın təbiəti  füsunkar və  rəngarəngdir. Başqa sözlə desək, bu yerin özünəməxsus fauna və florası var. Bitki örtüyü, heyvanat aləmi baxımından çox zəngindir. Lənkəran meşələrində dünyanın heç bir yerində təsadüf olunmayan nadir ağaclar bitir. Bu torpağın təbii simvoluna çevrilən Dəmirağac, Şabalıdyarpaq palıd, Lənkəran akasiyası, Lənkəran palıdı, Hirkan ağcaqayını, Hirkan şumşadı...  və s. fikrimizi bir daha təsdiqləyir.

Lənkəranda xüsusi mühafizə olunan təbiət əraziləri mövcuddur. Hirkan Milli Parkı, Qızılağac Dövlət Təbiət Qoruğu və s. ərazilər biomüxtəlifliyin mühüm göstəriciləridir. Lənkəran şəhəri, rayonun kənd və qəsəbələri də yaşıllığa bürünüb. Aparılan tikinti-abadlıq işləri Lənkəranın simasını tanınmaz dərəcədə dəyişdirib. Hələ bir neçə il əvvəl Heydər Əliyev Fondunun prezidenti, millət vəkili, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın  “Hər kəs bir ağac əksə...”  təşəbbüsü respublikada geniş əks-səda verdi. Ölkə ərazisində yüz minlərlə ağac əkildi. Bu vətənpərvərlik təşəbbüsünə cənublular da həvəslə qoşuldular. Təsadüfi deyil ki, bu nəcib ənənə Lənkəranda bu gün də davam etdirilir.  Hər həftənin şənbə və bazar  günlərində iməciliklər təşkil olunur. Ağacəkmə kampaniyası adətən yaz və payız aylarında xüsusi vüsət alır. Mövcud yaşıllıqlara aqrotexniki qaydada xidmət göstərilir. Ümumiyyətlə, Lənkəran  torpağı qızıl kimidir. Bitkiçilik üçün çox əlverişlidir. Əbəs yerə deməyiblər ki, bura qovrulmuş tum da atsan göyərər. Elə buna görə də son illərdə cənuba turist axını güclənib. Müşahidələr göstərir ki, türistlər və qonaqları bir qayda olaraq Lənkəranın füsunkar və rəngarəng təbiəti daha çox özünə çəkir. İlin bütün fəsillərində öz yaşıllığını hifz edən, havanı tənzimləyən dəmirağaca daha böyük maraq var. Təsadüfi deyil ki, ağacəkmədə dəmirağacına xüsusi yer ayrılır. 

Lənkəran və onun füsunkar  təbiəti haqqında çox yazılsa da, hələ qatı açılmamış təbii sirlər çoxdur. Hələ sovet dönəmində Lənkəranda olan böyük rus şairi Nikolay Tixonovun öz şeirlərinin birində Azərbaycanın bu subtropik diyarının “Cənub mirvarisi” adlandırması heç də təsadüfi deyil.

İnsanın gözəlliyə can atması da, gözəlliyə qənim kəsilməsi də faktdır. Görəsən hansı qazancımızı təbiətin əvəzedilməz, analoqu olmayan sərvətlərindən üstün tutmaq olar?  Bu sualla müraciət etsək, eyni cavabı alarıq: İnsanın təbiəti qorumaqdan aldığı zövqdən böyük qazancı yoxdur. Ona görə də bəşər övladı həmişə təbiətin zənginləşdirilməsinə çalışmış, meşə və yaşıllıqların təmiz nəfəsindən alınan havaya, atmosferə üz tutmuşdur. Dünyanın yeddi möcüzəsindən biri olan qədim Babildəki Semeramida bağlarının yaradılması da təbiətə insanın isti münasibətindən yaranmışdır, desək, bəlkə də, səhv etmərik. Bu bağların ümumi ansamblı rəmzlərdən yaransa da, məqsədi  təbii gözəlliklərə yeni rənglər qatmaqdır.

Bu gün Azərbaycan təbiəti  meşələrimiz, çaylarımız, qoruqlarımız, parklarımız dünyanın möcüzələridir. Azərbaycanın  bu möcüzələrini  görən  xarici  səyyahlar turizm, müalicə və digər məqsədlərlə  respublikamıza  gələndə onun loğman, füsunkar  təbiəti qarşısında baş əyirlər. Fransız yazıçısı və səyyahı Aleksandr Dümanın əsərlərində Azərbaycan, onun əsrarəngiz təbiəti, insanları böyük məhəbbətlə tərənnüm olunur, flora və faunamızın zənginliyi, can dərmanı olan bitkilər tədqiq olunur, bu diyara tay tapılmadığı gösərilir.

M.F.Axundzadə “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərində Fransadan yurdumuza qonaq gələn botanika alimi gecə-gündüz çöllərdə nadir bitkiləri toplayır, bu işdə yerlilərin də köməyindən istifadə etməklə zəngin kolleksiya əldə edir. Böyük vətənpərvər M.F.Axundzadə nəbatat alimi Müsyo Jordanın dilindən deyir: “Alp dağlarında, Afrikada bitən bu dərman bitkiləri Azərbaycanın Təklə Muğan obasında – Qarabağda, Amerikada  daha zəngindir...”

Azərbaycanın zəngin meşələri, ecazkar bitki örtüyü ilə bərabər yüzlərlə parkı, qoruğu, yasaqlığı da var ki, bunların çoxu möhtərəm Prezidentimiz İlham Əliyevin uğurlu ekoloji siyasətinin, milli parkların, qoruqların, yasaqlıqların salınması, qorunması və genişlənməsi barədə verdiyi sərəncam və tapşırıqların nəticəsidir.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yarandığı gündən xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişaf etdirilməsi istiqamətində məqsədyönlü, ardıcıl tədbirlərin həyata keçirilməsini davam etdirir. Qısa müddət ərzində beynəlxalq normativlərə uyğun olaraq Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin sahəsi genişləndirilərək 5 faizdən  10,3 faizə çatdırılmışdır. Belə ərazilərin sahəsinin  daha da genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Respublikamızın  təkrarsız təbiət abidələrindən biri də dünya şöhrətli Qızılağac qoruğudur. Qoruğun ərazisinin genişləndirilməsi və qoruğun ərazisində sahəsi 100 min hektar olan Qızılağac Milli Parkının yaradılması istiqamətində işlər aparılır. Bu da Milli Parkda ekoturizmin inkişfına xüsusi önəm verəcəkdir.  Çünki qoruq həm turizm baxımındn əhəmiyyətlidir, həm də nadir və qiymətli quşların qışlama yeridir.

Tarixə baxış:  Hələ XX əsrin əvvəllərində Azərbaycan Respublikasının ərazisində Xəzər dənizinin sahil istiqamətində su-bataqlıq quşlarının cənub istiqamətində miqrasiyası müəyyən edilmişdir. Qızılağac körfəzi miqrasiya edən quşların qışlaması üçün  böyük əhəmiyyət kəsb edir. O vaxtdan da həmin ərazinin qorunması zərurəti yaranıb. 1913-1914-cü illərdən başlayaraq Qızılağac körfəzi xüsusi qorunan ərazi kimi mühafizə olunmağa başlandı. 1926-ci ildə Qızılağac körfəzinə yasaqlıq statusu verildi. Həmin ərazidə ovçuluğa qadağa qoyuldu. 1929-ci ildə isə keçmiş SSRİ-nin Xalq Komissarları Sovetinin 3 iyun 337 saylı qərarı ilə Qızılağac körfəzi Xəzər dənizinin ətraf sahil zolağı ilə birlikdə ­qoruq elan edilib. Bu ərazidə hər cür təsərrüfat fəaliyyətinə qadağalar qoyulub. Qoruqda əvvəl flora və funanın qorunmasına diqqət yetirildi. Sonradan isə qoruqda elmi-tədqiqat işlərinin aprılmasına başlanıb. Bura dünyanın tanınmış elm adamları, ornitoloqlar, ixtioloqlar və hidroloqlar dəvət olunmuşlar.

Qızılağac Qoruğu Xəzər dənizinin cənub-qərbində yerləşir. Ərazisi 88400 hektardır. Böyük Qızılağac körfəzini və Salyan düzünün bir hissəsini əhatə edir. Eyni zamanda qoruğun ərazisi Lənkəran, Masallı, Neftçala rayonlarının əraziləri ilə həmsərhəddir.  Qızılağac Dövlət Təbiət Qoruğu – köçəri, su-bataqlıq və çöl quşlarının çoxaldılması, həmçinin təbii su-bataqlıq landşaft sahələrinin mühafizəsi məqsədilə yaradılmışdır. Qızılağac Qoruğu 1976-cı ildə “Su-bataqlıq yerləri konvensiyası”nın (Ramsar)  suətrafı və suda üzən quşların məskunlaşması 12 beynəlxalq əhəmiyyətli qoruq sırasına daxil edilmişdir. Qoruq ərazisi müxtəlif təbii landşaft sahələrindən ibarətdir. 61,9 min hektarını su akvatoriyası, 17,9  min hektarını cəngəlliklər, 26,3 min hektarını isə quru sahələr təşkil edir.

Qoruğun florasını 360 növ, 4 az yayılmış növ, həmçinin Qafqazın 3 endemik növü, hibrid-qovağı, Qrosheym zəncirotu və sapa oxşar bağayarpağı təşkil edir.

Qızılağac Qoruğunun zəngin təbii landşaftı və iqliminin mülayimliyi dünyanın müxtəlif yerlərindən quşların gəlməsinə səbəb olmuşdur. Uraldan, Tundradan, digər regionlardan, uzaq Sibirdən, Avropadan və başqa yerlərdən uçub gələn qırmızıdöş qaz, ağ durna, qu quşu, qızıl quş, qızıl qaz və s. burada qışlayır.Misir, İraq, Sudan, Yeni Zelandiya və s. yerlərdən də bura yazda yuvalanmaq üçün əsrindimdiklər, sarı və böyük Misir vağları, qırıldaqlar və s. uçub gəlirlər. Eyni zamanda qoruqda sultan toyuğuna, turaca, dovdağa, qulara, qızılboğaz vəhşi qaza, çöl qartalına və s. rast gəlmək olur. Qoruq ərazisində  270 növ quş məskunlaşır. Bu quşların  20 növü nadir quşlar kimi “Qırmızı kitab”a daxil edilmişdir. Qızılağac qoruğunda məməlilərin, sürünənlərin, suda-quruda yaşayanların və həşəratların bir çox növü yaşayır. Su hövzəsində isə 30 növdən çox balıq (siyənək, çəki, kütüm, kefal və s) eyni zamanda Xəzər suitisi məskunlaşıb.

Azərbaycanda ümumi sahəsi 893 min hektar xüsusi mühafizə olunan təbiət əraziləri, o cümlədən 9 milli park, 11 dövlət  təbiət qoruğu və 21 dövlət təbiət yasaqlığı mövcuddur. Onlardan biri Hirkan Milli Parkıdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin 9 fevral 2004-cü il 81 saylı sərəncamı ilə parkın ərazisi genişləndirilərək 21435 hektara çatdırılmışdır. Sonralar parkın ərazisi 2 dəfə artırılmış, 40358 hektar olmuşdur.

Azərbaycan təbiətinin incisi olan Hirkan meşələrinə həmişə dövlət qayğısı olub. Azərbaycan hökumətinin qərarı ilə 1936-cı ildə Talış meşələrinin nadir bitki növlərinin ­qorunması məqsədilə 88 hektar ərazidə Lənkəran dövlət qoruğu yaradılmışdır. Sonralar bu ərazi artırılaraq 12 min hektara çatdırılmış, Qızılağac Dövlət Qoruğunun filialı statusunu almışdır.

Ulu öndərimiz Heydər Əliyevin göstərişi ilə 1969-cü ildə Hirkan Dövlət Qoruğu yaradıldı. Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə Hirkan Milli Parkının təsbit edilməsi bu yerlərin təbiətinə ulu öndərin qayğı və diqqətinin davamı oldu. Hirkan Milli Parkının ərazisinin iki dəfə artırılması üçün planlı işlər görülmüş və həyata keçirilmişdir. Geniş sahəsinə, hər qarışa düşən bitkinin  zənginliyinə görə üstün olan Hirkanın özünün ətraf mühitə, təbiətə böyük təsiri var.  Burada hər ağac, hər kol can dərmanıdır. Cənub bölgəsinin bu zəngin parkı şəfa qaynağıdır. Azərbaycan təbiətşünasları dəfələrlə Hirkanın təbii gözəliklərindən savayı, onun bitkilərinin min bir dərdin dərmanı olduğunu sübut ediblər. Onlardan biri Seyid Əli Kazımbəyov “Səidiyyə” əsərinda yazır ki,  taun və vəba xəstəlikləri bütün ətrafı-Ərdəbil, Rəşt, Qarabağ, Şirvan və qeyri yerləri tutduğu halda Talışa sirayət etmədi. Məlum olmuşdur ki, dünyanın müxtəlif yerlərində baş verən xəstəliklərin əli bu füsunkar diyara çatmır. Səbəbi nədir? Tədiqatlar nəticəsində bəlli olmuşdur ki, bu yerlərdə bitkilərin biomüxtəlifliyi, yüzlərlə ağac və kolun təbii dərman mənbəyi olması, landşaftın özündə ayrı-ayrı xəstəliklərə qarşı müvazinətin güclü olması və s. əlamətlərdir.

Bu üstünlüklər bir sıra Avropa səyyahlarının, alim və yazıçıların başlıca mövzusuna çevrilmiş, Azərbaycanın bu dilbər guşəsinin zəngin təbiətinin sorağı uzaq-uzaq ellərə gedib çıxmışdır.

Aleksandr Düma Talış meşələrində pələnglərin məskən saldığını, onların Araz çayını keçib Qarabağa qədər gedib çıxdığını, bu ərazilərdə bəbirlərin yaşadığını öz əsərlərində təsvir edir. Yerli əhalinin igidliyindən bəhs edən müəllif camaatın qəribə qorxmazlığını çoxsaylı faktların dili ilə sadalayır. Yerli əhalinin bəbirləri əhliləşdirdiyini göstərən yazıçı qeyd edir ki, camaat bəbirləri yəhərin qaşına bağlayıb ceyran ovuna çıxardı. Bu faktlar onu göstərir ki, təbiətin zənginliyi içərisində böyüyən bu camaata Allah güc, qüvvət, qorxmazlıq, cəsarət verib ki, heyvanların ən qorxuncuna qalib gəlib, ondan məqsədləri üçün istifadə edə bilsinlər.

Milli Park flora və faunası ilə zəngindir. Buradakı ağacların əksəriyyətində Hirkan adı çəkilməsi fərdi xüsusiyyət daşıyır, bunların ancaq adıçəkilən əraziyə mənsubluğunu təsdiq edir. Hirkan ağcaqayını, Hirkan armudu, Hirkan ənciri, Hirkan bikəvəri, Hirkan şümşadı və daha onlarca bu ünvanlı ağac və gül kolu... dəmirağac, şabalıdyarpaq palıd, yarpaqvari qızılağac, qanadmeyvə, yalanqoz... Bütün bunlar qiymətli, nadir ağaclardır və bunlardan hazırlanan qiymətli əşyalar dünyanın məşhur muzeylərində indi də saxlanılır.

Bəs Milli Parkın heyvanat aləmi? Xallı maral, cüyür, çöl donuzu, bəbir, oxlu kirpi, porsuq, dələ, Hirkan arıquşu... Adlarını çəkdiyimiz heyvanat növləri də məhz Hirkan Milli Parkında yaşayır və bu yerlərin zəngin iqliminə öyrəncəlidir.

Mən Hirkan Milli Parkı, Talış dağları və meşələri haqqında danışarkən akademik Həsən Əliyevin 1957-ci ildən başlayaraq ömrünün sonuna qədər  bu sahədə apardığı tədqiqatlara, təqdimatlarına nəzər salmaq istəyirəm.

Keçmiş SSRİ-nin tanınmış təbiət alimləri ilə bu yerlərdə qonaq olan, geniş tədqiqatlar aparan akademik H.əsən Əliyev  XVII əsrin əvvələrində bura səfər edən Almaniyanın Rusiyadakı səfiri Adam Olerianinin Muğan səhrası, keçilməz Lənkəran meşələri, Talış dağları barəsindəki məlumatını təqdir edir. Müəllif yazır ki, buranın füsunkarlığını görmədən təsəvvür etmək çətindir. Bura elə “cənnət bağı”dır.

Bu yerləri bir botanika bağına və zooloji parka çevirməyi təklif etməyi akademikin  bu yerlərin gələcəyinə inamından irəli gəlirdi. Axı dünya şöhrətli alim təbiət sərrafı idi. O, bu zəngin təbiətin yüksək meyarını təyin edə bilirdi. Dünya şöhrətli alimimiz bu sahədə çox həssas idi və elmi araşdırmalara, apardığı çoxsaylı tədqiqatlara, müşahidələrinə əsaslanaraq rəyini bildirirdi ki, Talış meşələri dünyada tayı-bərabəri olmayan flora və faunaya malikdir, və bunu qoruyub artırmaq yerli sakinlərin, dövlətin borcudur.

    Akademik insanlara çoxsaylı müracitlərində, tövsiyələrində bir vətənpərvərlik yanğısı ifadə edirdi. Biz müasir texnikanın, texnologiyanın təbliğatçısı olsaq da, Həsən Əliyev, haqlı olaraq, meşələri kəsib doğrayan baltaların, mişarların əleyhinə gedirdi. Onun  “Elektrik mişarı olan şəxslər qanunsuz silah saxlayan adamlar kimi məsuliyyətə cəlb edilməlidir” hökmü ilə meşə qırıcılarına qarşı çıxması vaxtında çalınan həyəcan siqnalı idi.

    Həmin vaxtlarda akademik təbiət barədəki elmi çıxışlarını, tədqiqatlarını, böyük ideyalarını bəşərə bir ərməğan kimi hədiyyə edirdi. “Talış dağlarının füsunkar guşələrindəki meşələri, mineral bulaqları, respublkamızın zəhmət adamlarının sağlamlıq ocaqlarına çevirmək lazımdır” ideyası bu gün həyata keçirilmiş, reallığa çevrilmişdir. Bu gün Cənub bölgəsi rayonlarının-Lənkəranın, Masallının, Astaranın, Lerikin, Yardımlının onlarca turizm mərkəzləri, sağlamlıq ocaqları, sanatoriyaları hər il minlərlə insan qəbul edir.

(ardı var)   

Bəxtiyar Hüseynov,
ekoloq-jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında