Bəşər övladının yaratdığı münaqişə və müharibələr, qanlı qarşıdurmalar, terror və təxribatlar az imiş kimi, təbiətin özünə məxsus olan kataklizmləri də son illər dünyanın əsas problemlərini artırır. Ancaq “ekologhealth.ru” elmi portalının mütəxəssisləri “Ekologiya evi” rubrikası altında təqdim etdikləri “Səs: onun müəyyən edilməsi, statistikası və normativləri” adlı analitik materialda dünyanın başqa bir problemindən də söz açırlar.
Alimlər qeyd edirlər ki, “səs çirklənməsi” özünəməxsus və insan sağlamlığı üçün çox təhlükəli olan ətraf mühit çirklənmələrindən biridir: “ Biz güclü, ardıcıl və uzunmüddətli səs çirklənməsinə məruz qaldıqda xüsusilə böyük təhlükə altına düşmüş oluruq. Avstriya alimlərinin apardığı tədqiqatlar sübut edib ki, hazırda dünyanın böyük şəhərləri üçün xarakterik olan yüksək səviyyəli səs çirklənmələri insan ömrünü orta hesabla 10-12 il qısaldır”. Mütəxəssislər sübut edirlər ki, bu göstərici hətta siqaret aludəçilərinin məruz qaldığı ziyandan da artıqdır. Belə ki, ardıcıl olaraq siqaret və digər tütün məhsullarından istifadə edən insanların ömrü orta hesabla 6-8 il azalmış olur. Deməli, böyük şəhərlərdə yaşayan insanların “eşitdiyi çirkli səslər” onun sağlamlığına tütünə nisbətən 36 faiz daha çox ziyan vurur.
Sayt yazır: “Siz gərgin işdən sonra evə gəlmisiniz. Mənzilin qapısını bağlayırsınız və elə güman edirsiniz ki, bütün problemlər geridə qaldı və artıq istirahət edə bilərsiniz. Ancaq yanılırsınız. Qapısını və pəncərəsini bağladığınız mənzil də səs ilə tamamilə doludur. Mətbəxdən gələn səslər, qapıların açılıb –bağlanması, evdəki adamların ayaq səsləri, durmadan işləyən məişət texnikalarının səsi sizin işdə və yolda eşitdiyiniz çoxsaylı səslərin yaratdığı gərginliyi davam etdirməkdədir. Hələ evi təmir edən, köçüb gələn və ya köçüb gedən, eləcə də toy və ya ad günü edən qonşular – bu, tamamilə başqa bir söhbətin mövzusudur. Bütün bunların cəmindən “məişət səsi” formalaşır və sizin yorğunluğunuzu, yuxusuzluğunuzu və stressinizi artırır. Yorğunluq, yuxusuzluq və stressin isə insan səhhətinə təsirini izah etməyə ehtiyac yoxdur”.
Bütün bunların insanda “nə etməli?”- sualını yaratdığını yada salan alimlər oxuculara məsləhət görürlər ki, əvvəlcə “səs” (zvuk) və “səs-küy” (şum) ifadələrinin fərqinə varmaq lazımdır. Səsdə bir ahəngdarlıq mövcuddur və insan bir səsi öz amplitudasında on milyon dəfə eşidə bilər və buna fiziki hazırlığı var. Səs-küy isə səslərin nizamsız, qarmaqarışıq formasıdır ki, bu da ən qısa müddətdə insan orqanizminə mənfi təsir edir. Bu iki terminin fərqi və insan beyninə təsiri haqqında elmi şəkildə əsaslandırılmış izahat verən alimlər qeyd edirlər ki, indi bina daxilində (evdə və ya işdə) yayılan səs-küyün üç forması vardır: hava ( danışıq, radio, televiziya) , struktur ( lift, nasos, ventilyator, tozsoran, digər məişət texnikalarının işləməsi zamanı yaranan silkələnmə -vibrasiya) və zərbə (predmetin predmetə dəyməsindən, vurulmasından yaranan) səsləri. Ən dəhşətlisi məhz zərbə səsləridir. Təbii ki, biz sakitlik, səssizlik istəyəndə bu səslərin hər üçü ciddi şəkildə mane olur. Biz bu maneçilikdən azad olmaq istəyiriksə, iki metod vardır: səs mənbəyinin səviyyəsinin azaldılması və ya səsin qarşısında onu əngəlləyəcək “pərdə”nin çəkilməsi. Bu isə həmişə asan olmur. Binaların tikilməsi zamanı səsin təcrid olunması mümkün olsa da, bu məsələ müasir dünyada heç bir ölkənin mütəxəssisləri üçün maraqlı deyildir.
Bir sözlə, böyük şəhərlərin sakinləri səsdən və səs-küydən asılı vəziyyətdə yaşayır və buna vərdiş olurlar. Məhz həmin “vərdişolma”nın nəticəsidir ki, dünyanın bütün şəhərlərində səs-küyün azaldılması müvafiq qurumların gündəliyində ən sonuncu məsələ olaraq qalır. Deməli, həm də bəşər övladının həll edilməmiş problemlərindən biri də artır.
İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.