Dünya qəribəliklərlə doludur

Yer kürəsi kainatın ən gözəl və qeyri-adi planetlərindən biridir. Burada o qədər  valehedici yerlər var ki, sözlə təsvir etmək mümkün deyil. Onların bir çoxunun təbii hadisələr nəticəsində, o cümlədən vulkan püskürməsi, yaxud meteorit düşməsi ilə formalaşması insanlarda bu və ya digər təbiət hadisələrinə qarşı böyük maraq oyadır. Bu səbəbdən də onlardan bəziləri ilə oxucularımızı tanış etmək qərarına gəldik. 

 

 

Böyük mavi dəlik adlandırılan ərazi Cənubi Amerikanın Beliziya əyalətinin sahillərində yerləşir. Diametri 0,4 kilometr olan bu ideal dairədə suyun dərinliyi 145 metr təşkil edir. Ərazinin tünd rəngə çalması bu coğrafi obyektlə digər ərazilərin arasında dərinlik fərqinin olması ilə izah edilir.

 

 

 

Saxaranın gözü – Mavritaniyanın Saxara səhrasında yerləşən bu ərazi dünyanın ən gözəl geoloji möcüzələrindən biri sayılır. Səhranın ortasında göz formasına bənzəyən bu heyrətamiz yerin diametri 50 kilometrdir. Qeyd edək ki, kosmik gəmilərin heyəti səmti müəyyənləşdirmək üçün “Saxaranın gözü”ndən istiqamət götürülməsində istifadə edirlər. Əvvəllər hesab olunurdu ki, bura meteorit düşməsi nəticəsində indiki formanı alıb, alimlər isə əvvəlki fikirləri təkzib edərək torpağın erroziyası nəticəsində belə bir gözəlliyin yarandığını bildirirlər.

 

 

 

Cəhənnəm qapısı – Türkmənistanda yerləşən bu ərazi tükənməyən qaz yanacağına malikdir. Türkmənlərin “Cəhənnəm qapısı” adlandırdıqları krater 1967-ci ildə təbii qaz platformasının çökməsi nəticəsində yaranıb. Bu kraterin dərinliyi təxminən, 50 metr, diametri isə 100 metrdən artıqdır. Geoloqlar kraterin qazma əsnasında yer altındakı əhəng daşına bənzər ehtiyatların su ilə təması nəticəsində əriməsi ilə meydana gəldiyini bildirirlər. Alovları gecələr yüzlərlə metr uzaqdan görünən kraterin gurultusu çox uzaqlardan eşidilir.

 

 

Erebusun buz qayaları – ən soyuq kontinent olan Antarktida da yerləşir. 20 metr yüksəklikdə olan “qala”dan daim buxar çıxır. Buxar havada donanda qalaların daxili divarları hündürləşərək genişlənir. Təbiətin bu “geoloji yaradıcılığı” daha çox Mars planetindəki,  habelə  Saturn, Yupiter və Neptundakı görüntüləri xatırladır.

 

 

 

Şeytan qayalıqları (Karlu-Karlu) – Avstraliyalı aborigenlər bu yeri belə adlandırıblar. Bu qırmızı qranitdən olan qayaların ölçüsü 50 santimetrdən 60 metrə kimi dəyişə bilir. Onlardan bəziləri bir-birini balanslaşdıraraq, daha qəribə formada yerləşiblər. Alimlər “Karlu-Karlu”nu milyon il əvvəl ərimiş maqmanın qum daşı ilə birləşərək, soyuyandan sonra qranit forması almasının nəticəsi hesab edirlər.

 

 

Qamış fleytası mağarası – Çində yerləşən bu yeri dünyaca məşhur edən ərazinin özünəməxsus quruluşu və ətrafa rəngli işıqlar saçmasıdır. Mağaranın adı isə yaxınlıqda musiqi fleytası hazırlamaq üçün istifadə edilən qamışlığa görə qoyulub. 240 metr uzunluğunda olan bu geoloji obyekt eramızdan əvvəl 792-ci ilə aid edilir.

 

 

Uyuni şoranlığı – dünyanın ən böyük duz göllərindən biri Boliviyada 3653 metr yüksəklikdədir. Bu yer 10.582  kvadratkilometr sahəni əhatə edir. Gündüz işıldayan aydınlıq ərazi gecə sərt buz bağlamış gölə bənzəyir. Ancaq yeriyəndə ayağının altındakı buz yox, duz olacaqdır. Yağış yağanda isə bu şoranlıq güzgünü xatırladır.

 

 

 

Şokolad təpələri – 50 kilometr ərazini əhatə edən bu yer Filippində yerləşir. Əlbəttə, burada şokolad yoxdur, sadəcə quraqlıq dövründə bu təpələr qəhvəyi rəng alır. Bu yer Bohol əyalətinin bayrağında da təsvir olunub.

 

 

 

 

Əfsanə MƏHƏMMƏDLİ,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında