Ekoloq alimlər yazırlar ki, ömrü boyu təbiətdən bəhrələnən insanın nə zamansa, az da olsa, təbiətə qayğı ilə yanaşması ekoloji problemlərin qismən də olsa azalmasına səbəb olur. Çünki təbiətdəki proseslər kortəbii şəkildə getdiyinə görə, insan düşüncəsi, elm, texnika vasitəsilə həmin proseslərin daha səmərəli tərəfə istiqamətləndirilməsi mütləq həm təbiət, həm də insan üçün faydalı olur. Natali adlı müəllifin “FacePla.net” (planetin feysbuku ifadəsindən yaradılıb) ekoloji saytına təqdim etdiyi “Ekoloji yeniliklər” adlı materialda bu həqiqətlər daha aydın görünür. Onlardan bir neçəsini təqdim edirik.
Kanada kömür sənayesindən imtina etdi
Kanada hökuməti bir müddət əvvəl elan etmişdi ki, 2030-cu ildən etibarən kömür sənayesindən imtina edəcək. Ancaq bu yaxınlarda xəbər yayılıb ki, rəsmi Ottava həmin qərarın 10 il tez qüvvəyə minməsi barədə qərar qəbul edib. Xatırladaq ki, 2005-ci ildə iqlim dəyişiklikləri ilə bağlı Parisdə keçirilən beynəlxalq tədbirdə bütün dövlətlərin rəsmiləri istixana effekti yaradan qazların atmosferə buraxılmasının azaldılması barədə razılığa gələrək öhdəlik götürüblər. Həmin öhdəliklər 2030-cu ilədək həyata keçirilməlidir. Kanada bu məsələdə bütün dövlətləri qabaqladı. Halbuki Kanada dünyada ən təmiz ekologiyaya malik olan ölkələrdən biridir.
Misirlilər səhrada meşə salmağın yolunu tapdılar
Planetdə gedən səhralaşma Afrika qitəsinin ən ciddi problemlərindən biridir. Çünki su qıtlığı qitənin ən üzdə olan reallıqlarındandır. Ona görə də “qara qitə”nin alimləri bu problemdən xilas olmaq üçün uzun illər idi ki, yol axtarırdılar. İndi Misir ekoloqları həmin yolu tapıblar. Belə ki, alimlər səhrada meşənin adaptasiya yolu ilə genişləndirilməsinin mümkün olduğunu öyrəniblər. Qeyd olunur ki, bu məqsədlə dənizdən götürülüb şirinləşdirilən su baha başa gəldiyinə görə yağış sularından, çirkli sulardan, müxtəlif müəssisələrin qurğularında işlədilmiş sulardan istifadə edilir. Alimlərin düşündüyü innovasiya layihəsi həmin suları meşə üçün yararlı hala salır və səhra yaşıllaşır. Yəni ağaclar təbii meşədəki kimi təmiz su ilə qidalanmasa da, səhra mühitində boy atıb qalxmaq imkanı qazanırlar.
İsveçdə istifadəsiz qalmış nəhəng vışkalar turizm ünvanına çevrildi
Avropada da dünyanın hər yerində olduğu kimi, şəhərlər və ölkələr arasında elektrik enerjisinin ötürülməsi üçün dirək şəklində 35-40 metr yüksəkliyi olan (doqquzmərtəbəli yaşayış binaları hündürlüyündə ) vışkalardan istifadə olunur. Elmi-texniki nailiyyətlərin sürətlə artdığı İsveçdə həmin vışkaların 12 -si istifadəsiz qalıbmış. Hökumət “Anders Berensson Architects” memarlıq şirkəti ilə danışıqlar aparıb və şirkət həmin vışkaları çoxmərtəbəli pikniklər ünvanına çevirib. Hər biri fərqli boyanmış , rənglərin festivalını xatırladan kafelər aləmi sonradan həmin ərazini ölkənin turizm məkanlarından birinə çevirib. Halbuki sənaye müəssisələrinin yaxınlığında olduğuna görə əvvəllər oraya turist ayağı dəymirdi.
Müğənni Himalayda torpaq alıb... pələngləri çoxaltdı
Dünyanın hər yerində olduğu kimi, Hindistanda da pələnglərin çoxalması ciddi təhlükə altındadır. Alimlərin fikrincə, bunun səbəbi texniki proseslərin, xüsusən, sənayeləşmənin təbiətə mənfi təsiridir. Mətbuatdan və elmi ədəbiyyatdan bu barədə öyrənən Bollivud (Hindistanın ən böyük kino sənayesi olan Bombeydə ABŞ-ın Kaliforniya ştatında fəaliyyət göstərən Hollivuda oxşadılaraq yaradılmış kino və musiqi birliyi) müğənnisi təbiətə kömək məqsədilə Hindistan ərazisində, Himalay dağının yamacında öz şəxsi vəsaiti hesabına torpaq alaraq orada pələnglərin çoxaldılması qayğısına qalıb. Artıq 7 ildir ki, pələnglər müğənninin torpağında təhlükəsiz yaşayır və çoxalırlar.
Dənizin dibində... tunel
Norveç alimləri bütün dünyadakı həmkarlarına meydan oxuyurmuş kimi, qeyri-adi bir layihə üzərində işləyirlər. Onlar dünyada ilk dəfə olaraq üzən sualtı avtomobil tuneli yaratmaq iddiasındadırlar. Alimlərin fikrincə, bu layihə Norveçin ətrafındakı dərin, eyni zamanda, qayalı sahillərlə əhatələnmiş körfəzləri gəzib-dolaşmaq istəyən səyyah və turistlərin istədiyi yerə tez və təhlükəsiz getməsini təmin edəcək.
İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.