Əlli ildən çoxdur ki, planetimizdə qlobal istiləşmə deyilən elmi termin bəşəriyyətin sabahını düşünən insanların gündəliyində daimi yer tutur. Təkcə alimlər, elmi qurumlar deyil, hətta BMT başda olmaqla bütün beynəlxalq təşkilatlar da bu proseslə bağlı həyəcan dolu proqnozları diqqətdə saxlayır, vəziyyətdən çıxmaq üçün bütün ölkələrin səfərbər olunması barədə çağırışlar səsləndirirlər.
Dünyanın müxtəlif ölkələrindən gələn xəbərlərdə deyilir ki, qış aylarında havanın hərarəti artır, yaz erkən gəlir, payız gecikir, quşların və heyvanların köç dövrləri dəyişir. Hətta bu yaxınlarda Azərbaycanın bəzi rayonlarında, xüsusən, İsmayıllıda və Beyləqanda sürünənlərin payız aylarına xas olmayan kütləvi şəkildə görünməsi müşahidə edilib. Halbuki, onlar Azərbaycan mühitində aprel-may aylarında görünməli idilər. Mütəxəssislər bu halı şərh edərkən söylədilər ki, oktyabrda havanın kəskin soyuması, davamlı yağmurların olması sürünənlərin erkən qış yuxusuna getməsinə səbəb olmuş, noyabrın ilk günlərindən etibarən isə hərarətin artması onları aldatmışdır.
Bəs planetimizdəki bu anormallıqlar nə ilə bağlıdır, qlobal istiləşmə nədir? Alimlər bu sualları necə cavablandırırlar? Dünyanın aparıcı elm mərkəzlərinin fikri budur ki, planetimizdəki bu proseslərin əsas səbəblərindən biri məhz insan əməlidir. Yəni, insanlar tərəfindən atmosferə buraxılan qazların istixana təsiri yaratması nəticəsində Yer səthində istilik artır. Bu hərarətə qlobal istilik deyilir. İnsan oğlu unudur ki, dünyanı Günəş şüaları isidir. Bizim yaratdığımız elmi-texniki vasitələr isə Günəş şüalarını təkrar atmosferə qaytarır. Amma su buxarı, karbondioksid və digər qazların Yer kürəsi üzərində meydana gətirdiyi “örtük” tərəfindən tutulur. Bu isə Yer üzündə “parnik effekti” yaradır və atmosferin getdikcə istiləşməsinə səbəb olur.
Alimlər həyəcan təbili çalırlar ki, son vaxtlar qalıq yanacaqların yandırılması, meşələrin qırılması, sürətli əhali artımı və cəmiyyətdəki istehlak meylinin çoxalması kimi səbəblərdən atmosferdə karbondioksid və diazot-monoksit qazların yığılmasına səbəb olur. Təbii ki, bu artım qlobal istiləşməyə gətirib çıxarır. 1860-cı ildən indiyə qədər qeyd edilən göstəricilər qlobal istiliyin təxminən 0,5 – 0,8 dərəcə arasında artdığını göstərir. Heç bir tədbir görülməzsə, bu əsrin sonunda qlobal istiliyin ortalama 2 dərəcə artacağı təxmin edilir. Mütəxəssislər son 50 ildəki istilik artımının insan həyatına gözəçarpacaq dərəcədə təsir etdiyini söyləyirlər.
Doğrudur, bəzi alimlər sübut etməyə çalışırlar ki, 2030-cu ildən sonra planetimizdə temperaturun sürətlə aşağı düşməsi tendensiyası başlanacaq. Bunun üçün əldə “tutalqa” olası məqam da var. Belə ki, ötən əsrin 70 –ci illərindən etibarən getdikcə artan qlobal istilik ən pik nöqtəsinə 2015-ci ildə çatıb. Son onilliklərdə bu proses təkrarlanmayıb. Təbii ki, söhbət konkret olaraq hansısa ölkədən və ya qitədən deyil, bütövlükdə planetimizdən gedir.
Havaların nə zamansa soyuyacağı barədə proqnozlara baxmayaraq, hələlik dünya iqlim sistemində dəyişikliklərə səbəb olan qlobal istiləşmənin təsirləri ən yüksək zirvələrdən okean dərinliklərinə, ekvatordan qütblərə qədər planetin hər yerində hiss edilir. Belə ki, qütblərdəki buzlaqlar əriyir, dəniz suyu səviyyəsi yüksəlir və sahil seqmentlərində torpaq itkiləri artır. Məsələn 1960-cı illərin sonlarından bəri Yerin Şimal yarımkürəsində qar örtüyü 10 faiz azalıb. Ötən əsr boyunca dəniz səviyyələrində də 10-25 santimetr arasında artım olduğu söylənilir.
Dünyanın bəzi ölkələrində tüğyan edən qasırğalar, sellər və şiddətli daşqınlar da bilavasitə qlobal istiləşmələrlə bağlıdır. Bəzi bölgələrdə isə uzun, davamlı, şiddətli quraqlıqlar və səhralaşmalar baş verir. Bunun nəticəsində dəyişikliklərə dözə bilməyən bitki və heyvan növləri ya azalır, ya da tamamilə yox olur. Alimlərin fikrincə, bu prosesdən təkcə flora və fauna deyil, insanlar da ciddi şəkildə əziyyət çəkirlər. Belə ki, iqlim dəyişiklikləri ürək, tənəffüs yolu, yoluxucu, allergik və bəzi digər xəstəliklərə öz təsirini gostərir.
Mütəxəssislərin fikrincə, bu sahədə vəziyyət nə qədər gərgin olsa da, çıxış yolları da vardır. Bunun üçün isə dünya dövlətləri və beynəlxalq təşkilatlar alimlərin səsini eşitməli, BMT-nin çağırışlarına qoşulmalıdırlar.
İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.