Qlobal istiləşmə və iqlim dəyişikliyinə qarşı mübarizə tədbirləri gücləndirilir

Son zamanlar dünya ictimaiyyətinin diqqətini cəlb edən əsas problemlərdən biri də qlobal istiləşmə və iqlim dəyişikliyidir. Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT), Amerika Milli Kosmik Tədqiqatlar Agentliyi (NASA) və dünyanın müxtəlif aparıcı elmi-tədqiqat institutları “həyəcan” təbili çalırlar.

NASA-nın bu yaxınlarda yaydığı  məlumatda qeyd edilir ki, cari ilin iyul ayı meteoroloji müşahidələrin tarixi ərzində, yəni son 136 ildə dünyanın ən isti ayı olub. Həmin ay Yer kürəsində orta temperatur rekord istilik göstəricilərinin qeydə alındığı 2011-ci və 2015-ci illərin müvafiq dövrü ilə müqayisədə 0,18 dərəcə yüksək olub. Yeri gəlmişkən, 2009-cu ilin iyulunda və 2014-cü ilin avqustunda  aparılan meteoroloji müşahidələr qeydə alınan beş ən isti ay sırasındadır. Son illərdə istiləşmə ilə bağlı yüksək göstəricilər qeydə alınır. Bunun səbəbi isə müxtəlif cür izah olunur. Belə ki, bir qrup tədqiqatçı Yer kürəsində iqlimin dəyişməsini meşələrin yandırılaraq məhv edilməsində, digər qrup isə planetdə parnik qazlarının artmasında görürlər.

Qlobal istiləşmə ilə bağlı hesabat hazırlayan Avstraliya Milli Universitetinin tədqiqatçıları bildiriblər ki, qlobal istiləşmə təxminən 200 il əvvəl başlayıb. Tədqiqatçıların fikrincə, bu proses sənayedə güclü tərəqqinin başlanması ilə bağlıdır. Bu yaxınlarda adıçəkilən universitetin tədqiqatçılarının “Nature” elmi jurnalında dərc edilən məqaləsində deyilir ki, kömürün kütləvi yandırılması planetdə temperaturun tədricən yüksəlməsinə səbəb olur.  Dünyanın ayrı-ayrı regionlarında qeydə alınmasa da, buzlaqların əriməsinə və dərin mağaraların yaranmasına gətirib çıxarıb.

Toplanmış məlumatları təhlil edən avstraliyalı alimlər müəyyən ediblər ki, temperaturun artması ilk dəfə 1830-cu illərdə okeanların tropik sularında və Şimal yarımkürəsində qeydə alınıb.

Qlobal istiləşmə və iqlim dəyişikliyi ilə bağlı “həyəcan” təbili çalan alimlər bunun bir sıra fəlakətlərə səbəb olacağını və vaxtında tədbir görülməzsə, Yer kürəsinin flora və faunasının bu fəlakətlə üz-üzə qalacağını bildiriblər.

Birləmiş Ştatların Klemens Universitetinin tədqiqatçıları bildiriblər ki, qlobal istiləşmənin ilk qurbanları kərtənkələlər olacaq. Yer kürəsində iqlim dəyişikliklərindən ilk növbədə sürünənlər zərər çəkəcəklər. Tədqiqatçılar qeyd edirlər ki, artıq 2080-ci ilədək Yer üzündə sürünənlərin 40 faizi məhv ola bilər. Alimlər bu canlılarda ətraf mühitdəki dəyişikliklərə uyğunlaşma prosesinin çox ləng getdiyini göstərirlər. Həmçinin onlar planetdə iqlim dəyişikliyi səbəbindən bitkilərin sayının xeyli azalacağını xüsusi vurğulayırlar.

Rusiya Elmlər Akademiyasının Dünya Okeanı Problemləri Şurasının “Dəniz sahilləri” işçi qrupunun açıqlamasında isə qeyd edilir ki,  okeanların səviyyəsi hər il orta hesabla 3 millimetr yüksəlir. Alimlərin fikrincə, sahil şəhərləri üçün bu, çox ciddi problemdir. Artıq iqlimin təsiri ilə bir çox şəhərlərin sahil zolağı azalıb. Nümunə kimi Sankt-Peterburq şəhərini və Kalininqrad vilayətini qeyd edən tədqiqatçılar bildirirlər ki,  “Şimal paytaxtı”nda çimərlik zolağı kəskin surətdə qısalıb, Kalininqradda isə artıq çimərliklər qalmayıb.

Tədqiqatçılar qeyd edirlər ki, XXI əsrin sonuna kimi  dünya okeanlarının səviyyəsi 3,5 metr yüksələ bilər. Bu, planet əhalisinin 20 faizindən çoxunun yaşadığı sahil şəhərlərinə ciddi təsir göstərəcək.

Nyu-Cersi Texnologiya İnstitutunun alimləri iddia edirlər ki, iqlim dəyişiklikləri nəticəsində çimərliklərin suyu daha duzlu olacaq və krabların, dəniz quşlarının, sahilə yaxın ərazidə yaşayan digər canlıların populyasiyasi üçün təhlükə yaranacaq. Mütəxəssislər əvvəlcə güman edirdilər ki, qrunt və ya “məsamə” suları suyun səthindəki dalğalarla eyni dərəcədə duzlu olacaq, lakin Delaver körfəzindən götürülən nümunələrin müayinəsi nəticəsində məlum olub ki, qrunt sularının orta duzluluq göstəricisi dəniz suyunun müvafiq göstəricisindən dörd dəfə artıqdır.

Alimlər hesab edirlər ki, duzun konsentrasiyasının əsas səbəbi buxarlanmadır. Onlar belə bir fərziyyə irəli sürürlər ki, bu proses xeyli sürətlənib. Mütəxəssislər yeddi sutka ərzində günün və gecənin müxtəlif vaxtlarında seçilmiş 400 torpaq nümunəsini təhlil edərək, dəniz suyunda duzun konsentrasiyasının 25 qram/litr olmasını müəyyən ediblər. Qabarma zonasında bu göstərici 60 qram/litrə, qrunt sularının bəzi nümunələrində isə 100 qram/litrə çatır.

Tədqiqatçıların fikrincə, iqlim dəyişməsi zamanı temperaturun artması və nisbi rütubətin azalması həm qrunt sularının duzluluq dərəcəsini artırır, həm də onların paylanma strukturunu dəyişir, sahilyanı zonalarda suyun duzluluğunun kəskin artmasına gətirib çıxarır.

Araşdırmanın əsas müəllifi doktor Syaolun Gen hesab edir ki, bu cür dəyişikliklər ilk növbədə yerli ekoloji sistemlərə təsir göstərir. Çimərliklərdə geniş yayılmış midiya, krab və digər canlılar qrunt sularının yüksək dərəcədə duzlu olması ilə əlaqədar əlverişsiz şəraitdə bu əraziləri tərk etmək məcburiyətində qalırlar.  Alimlər xəbərdarlıq edirlər ki, lokal ekoloji fəlakət həddinə çatan hadisələrin qarşısını almaq üçün sahilyanı zonalarda su ehtiyatlarının idarə edilməsi texnologiyasını dəyişmək lazımdır.

Qarşıdakı illərdə Yer kürəsində təbii fəlakətə səbəb olacaq qlobal istiləşmənin və iqlim dəyişikliyinin qarşısını almaq üçün hazırda dünyanın aparıcı ölkələri və təşkilatları bir araya gələrək müxtəlif tədbirlər görürlər. Belə mühüm toplantılardan biri də ötən il Parisdə keçirilib.

Qlobal istiləşmənin fəsadları ilə bağlı daim təbliğat aparan BMT-nin Baş katibi Pan Gi Mun İslandiyanın paytaxtı Reykyavikdə “Arktika dairəsi” Assambleyasında çıxışında bəyan edib ki, Arktika buzlaqları, sözün əsl mənasında, göz qabağında əriyir. Baş katib xatırladıb ki, bu il noyabrın əvvəlində qüvvəyə minəcək iqlim dəyişikliyinə dair Paris sazişi Selsi ilə iki dərəcə istiləşmənin məhdudlaşdırılmasını nəzərdən keçirir. BMT–nin rəhbəri vurğulayıb ki, hərəkət etmək vaxtı çatıb. O, inkişaf etməkdə olan ölkələrin zərərli tullantıların atmosferə buraxılmasını məhdudlaşdırmalarına kömək etmək üçün ehtiyatları səfərbərliyə almağa çağırıb. Pan Gi Mun dünya ölkələrinin hökumətlərinə müraciət edərək, onları Monreal protokoluna düzəlişi dəstəkləməyə çağırıb. Baş katibin fikrincə, bu, Arktikanın vəziyyətinə mənfi təsir göstərən və ozon qatını məhv edən ftor-karbohidrat tullantılarını azaltmağa imkan verəcək.  “İqlim dəyişmələri ilə mübarizə və davamlı inkişaf məqsədlərinə çatmaq üçün əl-ələ verməliyik”, - deyə baş katib bildirib.

Sonda qeyd edək ki, İqlim dəyişikliyi üzrə Paris Sazişi 2016-cı il noyabrın 4-də qüvvəyə minəcək. Bu barədə BMT-nin Baş katibi məlumat verib.

Yeri gəlmişkən, sazişin sonuncu maddəsinə əsasən sənəd ən azı 55 dövlət tərəfindən ratifikasiya ediləndən sonra qüvvəyə minəcək. Habelə istixana qazları tullantısının minimum 55 faizi həmin ölkələrin payına düşməlidir. Hələ sentyabrın 21-də Paris Sazişinə həsr edilmiş xüsusi tədbirdə ölkələrin sayı minimum miqdarı ötsə də, bu ölkələrin istixana qazları emissiyasının toplam həcmi 55 faizə çatmamışdı. Lakin oktyabrın 2-də öhdəsinə istixana qazları tullantısının 4,1 faizi düşən Hindistan hökuməti ratifikasiya sənədini təqdim edib. Oktyabrın 4-də isə Yeni Zelandiya hökuməti sənədi ratifikasiya edib, oktyabrın 5-də Kanada, Avropa İttifaqı, Avstriya, Almaniya, Fransa, Macarıstan, Malta, Portuqaliya, Slovakiya, habelə Boliviya və Nepal sazişə qoşulublar.

Hazırda 73 ölkə və Avropa İttifaqı regional təşkilat qismində Paris Sazişinin iştirakçısıdır.

Ülviyyə VAHİDQIZI,
Elçin ABBASOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında