Qlobal istiləşmə böyük fəlakətlər törədir

Son vaxtlar təbii  fəlakətlər mütəmadi hal almışdır. Alimlər bunu ətraf mühitə, onun amillərinə insanın antropogen fəaliyyətinin neqativ təsiri ilə əlaqələndirirlər. Mütəxəssislərin  mülahizələrinə görə planetimizdə iqlim xəritəsinin kəskin dəyişilməsi qlobal istiləşmə ilə bağlıdır. Onların  fikrinə görə  qlobal istiləşmə həm Yer təbəqəsinin müxtəlif qatlarında temperatur fərqi yaradır, həm də buzlaqların əriməsi sürətləndiyi üçün dünya okeanında suyun səviyyəsi artdığından yerin təkinə təsir edərək tektonik hərəkətlərə səbəb olur.

Planetimizdə zəlzələ və vulkan püskürmələrinin dinamik inkişafı  da  məhz bu səbəbdən yaranır. Amerika mətbuatının yazdığına görə, ABŞ-ın Atmosfer Tədqiqatları Milli İdarəsinin yeni hesabatında deyilir  ki,  dünyanın 48 ölkəsindən olan 300-dən artıq alim qlobal istiləşmənin qaçılmaz olduğuna əmindir. Sənəddə qlobal istiləşmənin səbəbləri göstərilmir. Lakin bildirilir ki, qarşıdakı illərdə bütün dünyada hərarətin yüksəlməsi və buzlaqların əriməsi prosesi davam edəcək. Ekoloqların fikrinə görə,  əgər dünya birliyi qlobal istiləşmə ilə bağlı vaxtında qabaqlayıcı tədbirlər görməsə, qarşıdakı onilliklər ərzində bəşəriyyət iqlim dəyişikliyinin fəlakətli nəticələri ilə üzləşəcək.

Əlbəttə, bütün bunlar səbəbsiz deyil. Alimlər bu səbəbləri aşkarlamaq üçün ciddi tədqiqatlar aparır, mümkün xilas yolları axtarırlar.  1990-cı ildə Nobel mükafatı laureatı olan qırx doqquz alim bəyan etdi ki, "qlobal istiləşmə XXI yüzilliyin ən ciddi ekoloji təhlükəsidir və biz gələcək nəsillərin bu təhlükə ilə üzləşməyəcəklərinə əmin olmaq üçün indidən ölçü götürməliyik".

İqlim dəyişiklikləri ilə bağlı təbii fəlakətlərin sayı  xeyli  artıb.  Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, təkcə  2000-2010-cu illər ərzində təbii fəlakətlərdən 2,7 milyard insan zərər çəkib. "Oxfam" humanitar təşkilatının məlumatında isə qeyd edilir ki, iqlim dəyişiklikləri ilə bağlı təbii fəlakətlərin sayı ötən əsrin 80-ci illəri ilə müqayisədə 3 dəfə artıb. Statistika göstərir ki, geofizik fəlakətlərin sayı, o cümlədən zəlzələ və vulkan püskürmələri ötən əsrin  80-ci illərindən sonra  o qədər də dəyişməyib. Amma eyni  zamanda subasma və qasırğaların sayı nəzərəçarpacaq dərəcədə çoxalıb. Təbii fəlakətlər nəticəsində hər il təxminən 250 milyon insan zərər çəkir. Bu fəlakətlərin 98 faizini iqlim fəlakətləri təşkil edir. 2015-ci ildə belə fəlakətlərdən zərər çəkən insanların sayı 1,5 dəfə artaraq  375 milyon nəfərə çatmışdır.

Təhlükənin ciddiliyini nəzərə alaraq Ümumdünya İqlim Proqramı yaradılmış və Birləşmiş Millətlər Təşkilatı tərəfindən iqlim dəyişkənliyi barədə Aralıq Konvensiyası, Çərçivə Konvensiyası və Kioto protokolu qəbul edilmişdir. İqlim dəyişkənliyini nəzarətdə saxlamaq üçün BMT tərəfindən Beynəlxalq Ekspert Qrupu yaradılmışdır. Bu sahədə əsas diqqət sənaye müəssisələrində karbon-dioksid qazlarının tullantılarının azaldılmasına yönəlmiş qanunverici-normativ sənədlərin hazırlanmasına və alternativ enerji sistemindən daha geniş istifadə edilməsinə yönəldilməlidir.

Bu gün orta illik temperaturun artması ilə bağlı 150-yə kimi müxtəlif ssenarilər var. O ssenarilərin hamısında iqtisadiyyat və sənayenin müxtəlif inkişafı və sair məsələlər nəzərə alınmaqla 4 iqtisadi ssenari üzrə 150 modellə hesablamalar aparılıb. Bütün modellərdə göstərilir ki, indiki vəziyyət davam edərsə, 2050-ci ilə qədər yerdə temperatur 1,5 dərəcə, 2100-cü ilə qədər isə 4,6 və hətta 6 dərəcəyə qədər arta bilər. Son yüz ildə temperatur 0,8 dərəcə, son on ildə isə 0,2 dərəcə artaraq 1 dərəcəyə çatıb.

Hazırda  alimlər  qlobal istiləşmənin nələrə səbəb olacağını müəyyənləşdirməyə  çalışırlar. İngiltərənin "EDDI" mərkəzi var. Həmin mərkəz dünyanın xəritəsini hazırlayıb. Orada temperatur 2 dərəcə artarsa, harada nələrin baş verəcəyi təsvir olunub. Xəritədə əsas təhlükəli ərazilər kimi Qərbi Avropa, Hind-Çin yarımadası, Cənubi Afrika və Amerika, Şimali Amerikanın sahil zonaları və ada əraziləri və Avstraliya göstərilib. Qafqaz zonası, eləcə də Azərbaycan ərazisində heç nə göstərilməyib. Yəni bizə o təsirlər ən minimal səviyyədə olacaq.

Amma qlobal iqlim dəyişikliyinin Azərbaycana da öz təsirini göstərdiyi aydın duyulmaqdadır. Son vaxtlar bölgələrə yağan güclü yağıntılar (yağış, dolu, palçıqlı yağış və s.), bəzi yerlərdə isə kəskin istilər bunun  real nümunəsidir. Anomal iqlim dəyişkənliyi, ölkənin Qərb bölgəsində baş verən torpaq sürüşmələri, Kür və Araz çaylarının tez-tez daşması Yer kürəsində yeni təhlükəli hava siklonlarının yarandığını ortaya qoyur. Maraqlıdır, iqlim dəyişmələri və onun yaratdığı fəsadlar Azərbaycana güclü təsir edə bilərmi?

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometerologiya Departamentinin İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanovun sözlərinə görə, ölkəmiz Avrasiya materikinin kontinental hissəsində yerləşir. Ona görə də dünyada baş verən fəlakətlərin, güclü qasırğaların, tufanların, subasmaların iqlim dəyişmələri nöqteyi-nəzərindən ölkəmizə təsiri o qədər də güclü deyil: "Yəni bunlar Azərbaycana gəlib çıxana qədər təsirlər zəifləyir. Və ölkədə o təsirlər gözlənilmir. Amma buna baxmayaraq, az da olsa, fəsadlar hiss olunur". 

Mütəxəssislərin fikrincə, ölkə üçün prioritet məsələ iqlim dəyişikliklərinin təsirinə uyğunlaşmaqdır. Bəs onda uyğunlaşmaqda əsas şərtlər nədir? Alimlər respublikada meşələrin salınmasını və bərpasını vacib şərt kimi irəli sürürlər. Onlar meşə amilinin daşqınların, küləklərin qarşısını ala bilməsi ilə yanaşı, həm də torpaq qoruma xüsusiyyətinə malik olduğunu bildirlər.

Qeyd edək ki, dünyanın digər inkişaf edən dövlətləri kimi, Azərbaycan da iqlim dəyişikliklərinin mənfi təsirinə qarşı birgə mübarizədə iştirak edir və bununla bağlı müxtəlif beynəlxalq konvensiya və protokollara qoşulub. Məsələn, Azərbaycan 2000-ci ildə iqlim dəyişikliyi ilə bağlı vəziyyəti tənzimləyən beynəlxalq sənədə - Kioto protokoluna qoşulub. İnkişaf etməkdə olan ölkə kimi Azərbaycan ancaq təmiz inkişaf mexanizmində iştirak edə bilər. Bundan başqa, Prezidentin qərarı ilə 2005-ci ildə Kioto protokolunun təmiz inkişaf mexanizminin idarə olunması üçün milli səlahiyyətli orqan yaradılıb və bu orqan Ekologiya və Təbii Sərvətlər Nazirliyidir. Bu orqan təmiz inkişaf mexanizminin layihələrini qeydiyyata alır, onların təsdiq olunmasında, razılaşdırılmasında və layihələrin işlənməsində yardım göstərir.

Azərbaycan üçün qlobal istiləşmə quraqlıq və Xəzər dənizinin çəkilməsi ilə əlaqədar ciddi problemlər yarada bilər. AMEA Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri Müslüm Qurbanov  müsahibələrinin birində bildirib ki, iqlim dəyişmələri yağıntıların qeyri-normal şəkildə paylanması, fəsillərin sürüşməsi və davamlılığının artması, su və meşə resurslarına, insan sağlamlığına təsirlərlə özünü göstərir: "Bunun nəticəsində ekoloji tarazlıq pozulur, bu, insanla ətraf mühitin, meşə təsərrüfatı ilə kənd təsərrüfatının, su resursları ilə torpağın qarşılıqlı əlaqələrinə təsir edir. Bu antropogen təsirləri azaltmaq lazımdır. Azərbaycan da iqlim dəyişmələrinə adaptasiya tədbirlərini gücləndirməlidir. Ölkədə iqlimin su, kənd təsərrüfatı, səhralaşma proseslərinə təsirinin yumşaldılması tədbirləri həyata keçirilməlidir. Biz mövcud iqlim dəyişikliklərinə uyğunlaşmalıyıq. İlk növbədə ölkədə risklərin idarə olunması planı və iqlim dəyişmələri üzrə Milli Strategiya hazırlanmalıdır. Belə olsa, gələcək bizim üçün ağrısız olar.

 Bunlar hələ ki, ilkin fərziyyələrdir və  alimlər  bəzi ümidverici proqnozlar da  verirlər.  G. Süleymanov deyir:  "İqlim dəyişikliyi hər zaman olub. Məsələn, deyə bilərəm ki, əvvəl böyük buzlaşma dövrü, sonra istiləşmə dövrü olub. XVII- XVIII əsrlərdə isə kiçik buzlaşma dövrü olub. 125 min il bundan əvvəl Yerdə orta illik temperatur indikindən 4 dəfə çox olub. Amma o vaxt,  təbii ki, Yer səthində də vəziyyət başqa idi. Yaşıl kütlə daha çox idi ki, bu da karbon və digər istilik yaradan qazları müəyyən normada saxlayırdı və enerji balansı pozulmurdu. İstilik var idi, amma Yerə düşən və Yerdən qalxan enerji bərabər idi.  İndi istiləşmə dövrünü yaşayırıq. İstiləşmə dövrü son 20-30 ildir  ki, davam edir, sürət artır. Nə qədər davam edəcəyini isə müxtəlif alimlər müxtəlif cür izah edirlər. Hətta bəziləri deyirlər ki, yaxında bizi buzlaşma dövrü gözləyir. Burada alimlərin çoxu tərəfindən qəbul olunan rəsmi sənədlərə əsaslanmaq lazımdır. Hələlik, bu sahədə tam aydınlıq yoxdur. 10 il sonra necə olacağını demək çətindir. Elm hələ o dərəcədə inkişaf etməyib ki, bu suala tam çavab tapsın." 

Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş – Yer əlaqələri şöbəsinin müdiri, AMEA-nın  müxbir  üzvü Namiq Cəlilov  açıqlamasında bildirir ki, Günəş sistemi yaranandan indiyə qədər Yerin iqlimində ümumi temperatur  istiqaməti aşağı gedir, bu o deməkdir ki, Yer kürəsi getdikcə soyuyur. Amma soyuma ümumi prosesdir. Yerin iqlimi bütövlükdə milyonlarla il davam edən buzlaşma dövrlərindən və bu dövrlər arası qısa müddətli istiləşmə mərhələlərindən ibarətdir. "Yer və onun atmosferi arasıkəsilmədən kosmik şüalar tərəfindən bombardman edilir. Həmin şüalar yüksək enerjili ağır ionlardan ibarətdir. Yer atmosferini bombardman edəndə atmosferdə ionlaşma gedir. Bu, Yerin bulud qatının əmələgəlmə prosesinə təsir edir. Beləliklə də, bombardman nəticəsində atmosferdə ağır izotoplar əmələ gəlir. Atmosfer və okean sirkulyasiyaları nəticəsində bu izotoplar okeana və yerə çökür.  Söhbət o izotoplardan gedir ki, onların dayanıqlığı kifayət qədərdir və parçalanma periodu min, hətta milyon illərlə ölçülür. Bu izotopları öyrənməklə Yerin iqliminin keçmişdə necə olduğunu bilmək mümkündür".

Bütün bunlar onu deməyə əsas verir ki,  qlobal istiləşmə,  həqiqətən, böyük  fəlakətlər yaradır və bəşəriyyət bunun qarşısını almaq üçün imkanları səfərbər etməlidir.

Hazırladı:
M.MÜKƏRRƏMOĞLU, 
"Xalq qəzeti"

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında