Azərbaycanda meşələr təkcə qorunmur, həm də artırılır Ekologiya

Bəşər övladının ən dəyərli sərvətlərindən olan meşələr dünyanın hər yerində azalır. Alimlər hesablayıblar ki,  hazırda dünya üzrə meşə örtüyünün sahəsi 4 milyard hektardır. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı  ABŞ-ın payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır.

Elmi mənbələrdə göstərilir ki, XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülü olmuşdur. Hazırda isə Azərbaycan meşələrinin ümumi sahəsi 1 milyon 21 min hektardır. Bu da Azərbaycan ərazisinin 11,8 faizini təşkil edir. Faiz göstəricisi olan bu rəqəm Rusiya Federasiyasında 44, Latviyada 41, Gürcüstanda 39 faiz təşkil edir.

Azərbaycanda  meşə ehtiyatının 49 faizi Böyük Qafqaz regionunun, 34 faizi Kiçik Qafqaz regionunun, 15 faizi Talış zonasının və 2 faizi Aran zonasının (Naxçıvan MR ilə birlikdə) payına düşür. Ölkəmizdə adambaşına 0,12 hektar meşə sahəsi düşür. Hazırda 261 min hektar meşə fondu sahəsi Ermənistanın  işğalı altındadır.  Düşmən dövlətin, demək olar ki,  bütün qurumları   bizim təbii sərvətlərimizi talayırlar.

Təbiətimizin yaşıl ciyəri sayılan meşələr rütubət toplayıcısı rolunu oynayır və düzənliklərə suyun paylanmasını tənzimləyir. Eyni zamanda,  meşələr dağlıq rayonlarda torpaq sürüşməsi və dağ uçqunlarının qarşısını alır. Meşələr fitonsit xüsusiyyətinə malikdir, onlar zərərli mikroorqanizmləri məhv edir. Bitkiləri, torpağı, su hövzələrini, yolları, yaşayış məntəqələrini, abidələri təbii amillərin zərərli təsirindən qoruyan da meşələrdir. Meşələr, eyni zamanda,  mikroiqlimi dəyişir, quru, isti, güclü küləklərin təsirini azaldır, dərə, yarğan və hərəkət edən qumları bərkidir, qar örtüyünün bərabər yayılması və tədricən əriməsinə imkan yaradır. Eyni zamanda, buxarlanmanı zəiflədir, qrunt sularının səviyyəsini endirir. Bunlarla yanaşı, meşələrin təbiətdə ən böyük rolu – hər hektarın il ərzində 10-20 ton karbon qazını udaraq əvəzində oksigen buraxmasıdır. 1 hektar meşə sahəsi hər saatda 8 kiloqram karbon qazını udur, bu da  saatda 200 nəfərin nəfəsi ilə havaya buraxılan karbon qazının həcminə bərabərdir.

Azərbaycanın zümrüd meşələrinin geniş ərazisi Böyük Qafqaz sıra dağlarının cənub və şimal-şərq yamaclarındadır. Təbiətin bu yaşıl libası Azərbaycan ərazisindən başlayaraq  Dağıstan sərhəddinə qədər uzanır. Bu yaşıl örtük  Azərbaycanın şimal-şərqində, əsasən Qusar, Quba, Dəvəçi, Siyəzən və Xızı inzibati rayonlarından cənub-qərb istiqamətindəki ərazini əhatə edir.

Alimlər qeyd edirlər ki, Xızı rayonundan cənub-qərb istiqamətində meşə massivi tədricən azalsa da, Böyük Qafqazın cənub makroyamacında Şamaxı rayonu ərazisində  yenidən bərpa olunur və dağ yamacları ilə fasilə vermədən başdan-başa örtük yaratmaqla Gürcüstan Respublikasının sərhədinədək  uzanır. Burada meşələr əsasən İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən inzibati rayonlarının dağlıq hissəsini əhatə edir.

Azərbaycan meşələrinin  geniş ərazisindən biri də Kiçik Qafqaz sıra dağlarının yamaclarıdır. Burada meşələr ayrı-ayrı massivlərdə əsasən dağ qollarının şimal, şimal-şərq və şərq yamaclarını örtür. Yalnız Cənubi Qarabağ ərazisində meşə massivi ara verir və İran sərhədinə çatmır. Bundan əlavə, meşələrə adacıq şəklində Naxçıvan Muxtar Respublikasında, Şahbuz rayonu ərazisində, Küküdağ yamaclarında təsadüf edilir. Meşələrin geniş massivindən biri də Talış dağ yamaclarını əhatə edir. Burada meşələr Astara, Lənkəran, Lerik, Masallı, Yardımlı, Cəlilabad və qismən də Biləsuvar inzibati rayonlarının ərazisində yayılmışdır. Kür və Araz çayları sahili boyunca uzanan Tuqay tipli meşələr  lentvari ərazini tutur.

 Azərbaycan meşələri qədim tarixə, zəngin təbiətə malikdir və əsrlər boyu dünya alimlərini həmişə heyran edib. Qarmaqvari şamdan ibarət iynəyarpaqlı meşələr, ardıc, Şərq fıstığı, palıd, şabalıdyarpaq palıd,  Qafqaz palıdı, Şərq palıdı, uzunsaplaq palıd, Araz palıdı (qızılı palıd, qumral, kövrək palıd, boz palıd və s.), vələs, dəmirağac, ağcaqayın, məxməri ağcaqayın, Tranttoveter ağcaqayınından ibarət seyrək meşələr , xurma, qarağac, adi qoz, adi şabalıddan ibarət meşələr, eləcə də, Azat ağacı, ipək akasiya, yalanqoz, tozağacı, Kür-Araz sahilləri boyunca formalaşan Tuqay meşələri   təbiətin nadir incisidir.

Azərbaycan öz füsunkar gözəlliyi, zəngin təbii sərvətləri, al-əlvan florası və faunası ilə bütün dünyada şöhrət qazanmışdır. Burada 125 fəsiləyə və 930 cinsə daxil olan ali bitkilərin 4500 növü yayılmışdır. Bunlardan 48 fəsiləyə, 135 cinsə mənsub olan 450 növ ağac və kollar respublikamızın meşələrində bitir. Azərbaycan dendroflorasının tərkibində 70 regional endem növə təsadüf edilir. Bu da ümumi ağac və kol bitki növlərinin 16 faizi deməkdir.

Təbiətşunas alimlərin və təcrübəli mütəxəssislərin fikrincə, Azərbaycan dendroflorasının belə zəngin tərkibə malik olmasına baxmayaraq, əsas meşə əmələgətirən növlər azdır. Həmin növlərə Kiçik Qafqazda, Göygöldə, Tovuz rayonu ərazisində Şamlıq və Böyük Qışlaq kəndləri ətrafı meşələrdə, Böyük Qafqazda Qusar rayonu meşələrində təsadüf edilir.

Meşələrin yaş siniflərinə görə paylanması da müxtəlifdir. Cavan meşələr meşə ilə örtülü sahənin 11,2 faizini, orta yaşlı ağaclar 63,3 faizini, yetişməkdə olan ağaclar 13,4 faizini, yetişmiş və yaşı ötmüş meşələr 12,1 faizini təşkil edir.  Azərbaycanın əksər meşələri dikliyi yüksək olan dağ yamaclarında yerləşməklə əvəzolunmaz torpaqqoruyucu, sutəmizləyici və iqlim saflaşdırıcı əhəmiyyətə malikdir.       Respublikamızdakı  meşələrin yüksəkliklərə görə paylanmasının da özünəməxsus qanunauyğunluqları vardır. Əksərən şimal istiqamətli dağ yamaclarında palıd-vələs meşələri üstünlük təşkil edir. Aşağı dağ qurşağında az məhsuldar palıd, qarağac, dəmirağac meşələri, orta dağ qurşağında nisbətən məhsuldar palıd-vələs meşələri, yuxarı dağ meşə qurşağında isə daha yüksək məhsuldar palıd-vələs meşələri mövcuddur. Meşə qurşağının subalp qurşaqla qovuşduğu ərazidə az məhsuldar tozağacı və alçaq boylu əyri gövdəli fıstıq meşələrinə təsadüf edilir. Belə qanunauyğunluqlar Talış, Böyük və Kiçik Qafqaz dağlarında özünəməxsusluq təşkil edir.

Ölkəmizdə təbiətin qorunması, ekoloji tarazlığın bərpası, xüsusən, meşə örtüyünün ərazisinin çoxaldılması istiqamətində həyata keçirilən tədbirlər belə deməyə əsas verir ki, Azərbaycan meşələri nəinki qorunacaq, həm də yeni meşə massivlərinin yaradılmasının da şahidi olacağıq.

İsaq ƏMƏNULLAYEV,
"Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında