Azərbaycan təbiətindən bəhs edən sanballı əsər

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir.

Heydər ƏLİYEV
Ümummilli lider

 


 

Azərbaycan Dövlət Aqrar Universitetində ekoloq-jurnalist Bəxtiyar Hüseynovun yenicə çapdan çıxmış “Azərbaycan təbiəti: dünən, bu gün, sabah” adlı kitabının təqdimatı keçirilmişdir. AMEA-nın müxbir üzvü, ADAU-nun rektoru, professor İbrahim Cəfərovun və BDU-nun kafedra müdiri, biologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qara Mustafayevin elmi redaktoru olduğu kitab dərs vəsaiti kimi qiymətli mənbə olmaqla yanaşı, ulu öndər Heydər Əliyevə və onun həyatı qədər sevdiyi Azərbaycan təbiətinə həsr edilmişdir.

 

Ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilən təqdimat mərasimində əsərin ekoloqlar üçün qiymətli vəsait olduğunu vurğulayan universitetin rektoru,  AMEA-nin müxbir üzvü, professor İbrahim Cəfərov, 8 fəsildən ibarət olan kitabda təbiətin bir parçasının canlandırıldığını, bu istiqamətdə görülən işlərin, həyata keçirilən strategiyanın araşdırıldığını diqqətə çatdırmışdır. Kitabda toxunulan problemlərdən danışan professor qeyd etmişdir ki, toplanan materilalların əsasını ulu öndər Heydər Əliyevin  ölkənin təməl planlarını qurarkən ekologiyanı və təbiəti xüsusi  diqqətdə saxlaması, Azərbaycan təbiətinə ciddi önəm verməsi, qəbul edilən qanunlar, sərəncam və qərarlar  təşkil edir.

Natiq bildirdi ki, müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin quruculuq strategiyasının bir istiqaməti də ölkəmizin təbiəti ilə bağlı olmuşdur. Ekologiyamızın, təbiətimizin qorunmasında, zənginləşməsində ulu öndərin əməyini, uzaqgörən fəhminin nurunu hər yerdə görürük. Azərbaycan kimi gözəl bir təbii və ekoloji məkanın varlığını qorumaq, üstəlik də, onu bədxah qonşulardan xilas etmək uzaqgörən dövlət başçımızın səyi ilə mümkün olmuşdur. Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş ekoloji qanunlar ölkəmizin ekoloji durumunun və xalqımızın sağlamlığına yönəlmişdir.

Təsadüfi deyil ki, ümummilli liderimiz bu barədə demişdir: “Mən 1993-cü ildə Bakıya gələrkən bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir. Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, ailəsinə, özü-özünə xəyanət edir. Ona görə siz hər bir ağacı qorumalısınız, hər bir ağacın qorunması uğrunda mübarizə aparmalısınız...”  Bu sözlərdə görkəmli dövlət xadiminin təbiətə qarşı məhəbbətinin ülviliyi, sadəliyi, dərinliyi öz ifadəsini  tapmışdır. Tarix təbiəti, ekologiyanı qorumaq üçün bir dövlət başçısının bu qədər güclü, bu qədər sərrast, bu qədər keçilməz söz sipəri çəkməsinin şahidi olmamışdır.

Professor İ. Cəfərov daha sonra demişdir: “– Müəllif əsərində Azərbaycan meşələrinə geniş yer vermişdir. Bu da təsadüfi deyil. Ekoloqlar bilirlər ki, ölkəmizdə meşələr azdır. Hazırda dünya üzrə meşə örtüyü 4 milyard hektar təşkil edir. Bunun 809  milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür. Son 200 ildə meşə ərazisinin sahəsi iki dəfədən çox azalmışdır. Əksinə, parnik effekti dəfələrlə artmış, bəşəriyyət təmiz, sağlam hava problemi ilə üz-üzə qalmışdır. Bu həyəcanı hər bir ekoloq, təbiətşünas hiss edib, hərəkətə keçməlidir. Böyük təbətşünas alim, akademik Həsən Əliyev bir alim, bir vətəndaş, bir qayğıkeş insan kimi hamımızdan daha çox təbiətimizin “şikayətlərinə”  səs vermiş, “Həyəcan təbili” kitabı ilə təbiətimizin hamisi, fədaisi kimi çıxış etmişdir. Bəxtiyar Hüseynov böyük alimin həyəcanını bugünümüzə daşımaqda ekoloqlara bir elm adamı kimi bələdçi olur, kömək göstərir. Bu təsadüfi deyil. Rəqəmlərə nəzər yetirək: XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35 faizi meşə ilə örtülmüşdü. Hazırda Azərbaycan meşələrinin ümumi sahəsi 989,4 min hektardır.  Üstəlik də, 261 min hektar meşə fondu Ermənistanın işğal etdiyi ərazilərdədir. Bu da Azərbaycan ərazisinin 11,4 faizini təşkil edir. Rusiyada bu rəqəm 44 faiz, Litvada 41 faiz, Gürcüstanda isə 39 faizdir. Ona görə meşələrimizi göz bəbəyi kimi qorumalıyıq. Müəllifin həyəcanını başa düşərək ona təşəkkür etməyə borcluyuq. Bu gün təbiətimizə qayğı dövlət başçımızın qayğısından başlanır. Rəhbərliyimizin nümunəsi xalqımız üçün əvəzsiz örnəkdir. Möhtərəm  Prezidentimiz İlham Əliyev ulu öndərin dəst-xəttini sədaqətlə, bütün təfsilatı və dərinliyi ilə həyata keçirir. 

Yeri gəlmişkən, tanınmış ekoloq, jurnalist, publisist bir çox kitabların, onlarla elmi məqalələrin müəllifi Bəxtiyar Hüseynovun “Azərbaycan təbiəti: dünən, bu gün, sabah”  adlı 500 səhifəlik elmi əsəri orijinal üslubda yazılmışdır. Elmi səviyyəsi yüksək olan bu kitabda olduqca zəngin arxiv materiallarından, canlı mənbələrdən istifadə edilmişdir. Kitabda təbiətşünaslığımızın tarixinə elmi, tənqidi nəzər salınmış, böyük alimlərin həyatı, tədqiqat sahələri, elmi araşdırmaları ön plana çəkilmişdir.

Çoxdan idi ki, ekologiya sahəsində belə müfəssəl vəsaitə ehtiyac var idi. Bu ehtiyacı nəzərə alan B. Hüseynov bir mütəxəssis kimi tələbələrə, alimlərə, təbiətsevərlərə dəstək oldu. Təsadüfi deyil ki, kitaba akademik İradə Hüseynova dəyərli qiymət vermiş, respublika mətbuatı, AMEA əsərə diqqət yetirmiş, irəli sürülən fikir və mülahizələrdə B. Hüseynovun təbiətimizin keşiyində dayanması, ulu öndərin təbiət haqqında, ekologiya haqqında baxışlarına ürəkdən dəstək verməsi qeyd olunmuşdir.

Ekologiya mühəndisliyi və meşəçilik kafedrasının müdiri professor Musa Bayramov isə “Azərbaycan təbiəti: dünən, bu gün, sabah” kitabında dövlətin bu sahədə gördüyü işlərin tədqiq edilməsini, təbiət və ekologiya sahəsində yorulmaz fəaliyyət göstərən və onu həyatının ayılmaz hissəsi hesab edən alimlərin yaradıcılığına diqqət yetirilməsini vacib amil kimi dəyərləndirmiş və kitabın ekologiya sahəsində təhsil alan tələbələr üçün  qiymətli vəsait olacağına əminliyini ifadə etmişdir.

 Təqdimat mərasimində çıxış edən aqronomluq fakültəsinin professoru Zakir İbrahimov, eləcə də digər müəllim və tələbələr sağlamlıq mənbəyi hesab edilən təbiətin elmi mənzərəsinin bu kitabda çox gözəl verildiyini diqqətə çatdırıblar. Yeri gəlmişkən, “Azərbaycan təbiəti: dünən, bu gün, sabah”  kitabında müəllif təbiətin əsl loğman olduğunu tam mənası ilə açıb göstərə bilmişdir. Hiss olunur ki, müəllif təbii-elmi nəticələrə mükəmməl bələd olduğundan bundan lazımi qədər bəhrələnmişdir. Eyni zamanda, kitabda elmi əsasları olan sağlam tənqidə də geniş yer ayırmışdır.

Təqdimat mərasimində “Azərbaycan təbiəti: dünən, bu gün, sabah” kitabından fəal tələbələrə, 50 ədəd isə dərs vəsaiti kimi universitetin kitabxanasına  hədiyyə edilmişdir.

İ.RÜSTƏMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında