“Təmiz Şəhər” ASC-nin zavodları ötən il 512 min ton tullantını təkrar istifadəyə qaytarıb

2015-ci ildə Bakıda 512 min ton tullantıdan təkrar istifadə olunub. Onun bir qismi xammal materialı kimi istifadə edilərək yenidən istehsala yönəldilib, daha böyük hissəsi isə yandırılaraq ondan elektrik enerjisi alınıb. Bunlar “Təmiz Şəhər” ASC-nin idarə etdiyi Balaxanıda yerləşən çeşidləmə zavodunun və yandırma zavodunun fəaliyyəti nəticəsində mümkün olub.

 

36 min ton tullantı çeşidlənib

 

“Təmiz Şəhər” Bakı Şəhər İcra Hakimiyyətinin paytaxtdan topladığı məişət tullantısını bu zavodlarda təhvil alır. Həmin tullantılar çeşidləmə zavodunda çeşidlənərək tərkibindəki təkrar emala yararlı materiallar ayrılır və xammal kimi istifadəyə yönləndirilir. Tullantılar arasından seçilmiş  müxtəlif növ metallar, şüşə, kağız-karton, plastik materiallar başqa zavodlarda emal olunur və onlardan yeni məhsullar hazırlanır. Ötən il Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda 81 min ton tullantı qəbul edilib və onun 36  min tonu çeşidlənib.Çeşidlənən tullantının 6 min tonu xammal kimi təkrar emala yönəldilib.

 

506 min ton tullantı yandırılaraq
ondan elektrik enerjisi alınıb

 

Təkrar emala yararlı olmayan tullantı hissəsi isə yaxınlıqdakı Bərk Məişət Tullantılarının Yandırılması Zavoduna daşınır. Yandırma zavodunda tullantı yandırılaraq həcmi 10 dəfəyədək azaldılır ki, daha sonra bu tullantının basdırılaraq zərərsizləşdirilməsində daha az ərazi istifadə olunur. Bundan əlavə, başqa vacib məsələ isə ondan ibarətdir ki,burada tullantının yandırılması zamanı əmələ gələn istilik enerjisindən də qazanc götürülür.

2015-ci ildə yandırma zavodunda 506 min ton tullantı qəbul olunub və zərərsizləşdirilib. Bu zaman təqribən 182 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib və onun 28 milyon 500 min  kilovat/saatı zavodun öz ehtiyaclarının ödənilməsində istifadə olunub. Qalan 153 milyon 500 min kilovat/saat elektrik enerjisi isə “Azərişıq”ın xəttinə qoşulub.

 

Təkrar istifadə olunan tullantının həcmi ilbəil artır

 

 “Təmiz Şəhər” ASC fəaliyyətə başlayanadək (2009) isə bu tullantılar Balaxanı ərazisində Böyükşor gölü yaxınlığında açıq əraziyə atılırdı. Prezident İlham Əliyevin sərəncamı ilə təsis olunan və səhmlərinin idarə edilməsi İqtisadiyyat və Sənaye Nazirliyinə aid cəmiyyətin fəaliyyətə başlaması ilə Bakıda tullantıların idarə olunması dünya standartlarına uyğun qaydalarda və müasir texnologiya ilə aparılır.

 “Təmiz Şəhər” ASC-nin fəaliyyəti hər il genişləndikcə yuxarıda qeyd olunan zavodlara aid göstəricilər də daim artır. Məsələn, 2015-ci ilin göstəriciləri ilə müqayisədə 2013-cü ildə 23 min ton tullantı çeşidlənmiş, 340 min ton yandırılaraq 134 milyon kilovat/saat enerji istehsal olunmuşdur.  2014-cü ildə isə  bu rəqəmlər uyğun olaraq – 34 min ton, 438 min ton və174 milyon kilovat/saat elektrik enerjisi təşkil etmişdir.

M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında