Naxçıvanın ilk püstə bağı

Uğurlu təcrübədən sonra muxtar respublikada 50 hektar püstəlik salınmışdır

Muxtar respublikanın torpaq iqlim  xüsusiyyətləri  və dəyişkən temperaturu  bu yerlərdə bəzi bitkilərin istiyə-soyuğa tab gətirməsinə  çətinlik yaradır.  Məsələn, zeytun, şabalıd, əncir, portağal, naringi, feyxoa, limon kimi  bitkilər açıq  havada, yayın  istisinə,  qışın şaxtasına dözmür. Təbiətşünas kimi xurmanı (karalyok) çətinliklə Şahbuz bölgəsində böyüdüb bara saldım.  Meyvələri iri oldu, hətta birinin  çəkisi 150 qrama çatdı.  Son dəfə bir  ağacdan 60 kiloqramdan  çox məhsul  yığdıq. Lakin qış sərt gəldi, ağacın torpaq  səthindən yuxarısını tamamilə  şaxta  vurdu.  Nar da  belədir, bəzən nar gətirsə də şaxtalı illərdə barı olmur. 

Şərq ölkələrinin qiymətli bitkisi sayılan püstə də əsrlər boyu  Naxçıvanda becərilməmişdir. Öyrəndiyimə  görə, qonşu İranın  Mazandaran  vilayətinin torpağı və iqlimi  Naxçıvanla  eynidir.  Həmin  vilayət bu ölkədə püstənin  ən gözəl məkanı sayılır.  Hətta İranın keçmiş Prezidenti Rəfsancaninin  nəsilindən olanlar yüz illərdir ki,  püstənin ən qiymətli ağzı partlaq növü olan sortlarını yetişdiriblər,  Yunanıstan, İtaliya, Əfqanıstanadək  “Rəfsancani” sortu məşhurlaşıb.

Muxtar respublika  rəhbərliyinin köməyi ilə qonşu  Türkiyədən bu  payızda püstə  tingləri alınıb gətirilmiş, 80 hektarda  nəzərdə tutulan ilk bağın artıq 50 hektarı salınmışdır.

Nəhayət tarixdə ilk dəfə  püstəyə “qonaq” bitki  kimi Naxçıvanda geniş sahə ayrılmışdır.

 Uzun illərdən bəri Sibir tayqasından qara və qırmızı qarağatın iri meyvəli, şaxtaya davamlı sortlarını, ölkəmizin şimal bölgəsindən irimeyvəli zoğalın ağ və qara sortlarını, Türkiyənin Trabzon vilayətindən iri fındığın, Lənkəran bölgəsinə Şimali Amerikadan  gətirilən  Pekan  qozunun, Özbəkistanın Fərqanə vilayətindən baş barmaq  irilikdə innabın, Şahtaxtından turşaşirin,  xırdameyvəli innabın, Göyçaydan meyvəsinin  ağırlığı 600-700 qrama çatan  heyvanın, Əndəmicdən şirin meyvəli heyvanın, Qusardan irimeyvəli əzgilin,  Ərəbistandan irigiləli qara üzümün əkin materiallarını  əldə  edib dağlıq Şahbuzun aşağı torpaq qurşağında bara salmışam.

Bütün bunlardan sonra püstə ilə də  maraqlandım. Bu  məqsədlə Meyvəçilik-Bağçılıq Subtropik Bitkilər Elmi Tədqiqat İnstitutunun Abşerondakı Binə  dayaq məntəqəsində püstənin morfoloji və aqrobioloji xüsusiyyətlərini,  çox çətinliklə cücərən toxumçuluğunu, böyüdülüb barasalma yollarını öyrəndim.   Şahbuz  şəraitində toxumçuluq  yolu ilə  bir neçə tingə  nail  oldum. Ölkəmizdə  püstənin sənaye  üsulu  ilə bağlarının salınması  layihəsinin müəllifi,  istedadlı  alim Cəlal Məmmədovdan  çox şey öyrəndim.

Muxtar respublikada  digər  sahələrlə yanaşı,  meyvəçiliyin də inkişafı  barədə  qəbul edilmiş proqram uğurla yerinə yetirilir. Bu prossesə mütəxəssis köməyi göstərmək məqsədilə oxucuları,  həvəskar bağbanları  nadir  bitki olan püstənin əkilib-becərilməsi ilə bağlı məlumatlandırmağı özümə borc bildim. 

Püstə sumaqkimilər fəsiləsindən  olan  pistaciaveral cinsidir. Mil kökləri  torpağın 6-7 metr  dərinliyinədək işlədiyindən  daşlı, gilli,  hətta şoranlığa  meyilli torpaqlarda belə bol məhsul  verir. O, quraqlığa dözümlüdür,  uzunömürlükdə  çinarı da  üstələyən, 700  ildən 1500  ilədək  yaşayan  nadir bitkilərdəndir. Yaşlı  ağaclardan 70-80  kiloqram məhsul götürülür. Abşeronda Buzovna, Bülbülə sortları 150  kiloqramadək  bar verir.  Axır ki, püstə  Naxçıvan   torpağına da  yol  açdı.

   Kök  sistemi ikimərtəbəli olduğundan, mil köklər  dərinə işləyir, üst köklər isə  torpağın  qar-yağış səthinə  yaxın  əmici tellərlə  nəmliyi yaxşı mənimsədiyindən  Şərur—Kəngərli magistral  yolunun, Duzdağ massivinə   yaxın  sahələrin torpaqları püstə əkmək üçün əlverişlidir. Naxçıvana “qonaq” gətirilən püstə bu ərazidə öz yerini tapdı. Maraqlıdır ki, püstənin güclü kök  sistemi inkişaf  etdikcə gövdəsindən hətta 50  metrədək  uzaqlaşır,  özünə  qida  və rütubət axtarır. Başqa ağaclarla müqayisədə o, qoz  ağacı  kimidir.  Yaxşı  qulluq edildikcə püstə ting əkinindən 3-4  il sonra  bara  düşür,  ağacın  hündürlüyü 3-4 metrdən 8 metrədək çata bilir. Yarpaqları qalın dərili, seyrək çətirlidir. Xəstəlik  və  ziyanvericilərə  dözümlüdür.

Püstənin meyvəsi qoz, fındıq, badam, şabalıd  kimi bərk qutucuq içərisindədir. Nisbətən  irimeyvəli sortları yetişəndə  ağzı partlaq olur. Bu da  qabığın asanlıqla  ayrılmasına imkan verir.  Aprelin axırında çiçəkləyir, iki evlidir. Meyvəsinin  içi nazik, yaşıl  pərdəli olur. Tərkibində mədə-bağırsaq,  qaraciyər  xəstəliklərinin  ən  faydalı məlhəmi olan 60 faizədək  yağ, 25 faizədək  zülal, 17  faizədək azotsuz ekstrativ  maddələr var.  Qovrulduqda  ən  dadlı çərəz  kimi süfrələrin  bəzəyidir. 

Püstənin əkin sxeminə  gəldikdə, traktor çalaqazanı  ilə  7x7  metr  məsafədə yuvalar açılır.  Dibçəklərdəki  hazır tinglər  basdırılarkən çalaya  çürümüş  arxac peyini tökülür,  az miqdarda  azot, fosfor gübrələri  əlavə  edilir.  Torpaq  nə qədər  nəm olsa da ting çalalara əkilən  kimi  dərhal suvarılmalıdır  ki,  boşluqda çürümə  yaradacaq  hava  çıxarılsın,  kök  sistemi torpaqla sıx  təmasda  olsun.  Sənaye üsulu  ilə püstə bağları salınarkən çalışmaq  lazımdır ki,  hər bir hektar arasına maşın yolları  qoyulmaqla düzbucaqlı bağ yaransın. Yəni 100x100  metr sxemlə  salınan sahədə aqrotexniki qulluq,  texnikanın işləməsi, zərərverici  və xəstəliklərə  qarşı mübarizə, məhsulun  yığılıb – daşınması asan olur.

Heç şübhəsiz ki, ilk dəfə olaraq Naxçıvan torpağında   sənaye üsulu ilə  salınan püstə bağının  bara  düşməsindən sonra  qənnadı  və lak-boyaq və ağac emalı sənayesi üçün lazımi xammal  mənbəyi  yaranacaq.  Son 18  ildə  16 min  hektardan  çox yeni  yaşıllıqlar salınması (qoz, fındıq,  alma, armud,  ərik, şaftalı, albuxara, badam,  iydə, göyçə, gilas, gilənar, ağ akasiya, çinar, palıd, narbənd  vələs, söyüd, qələmə,  şam və  digər çoxilliklər) Naxçıvanın  ekologiyasını zənginləşdirmişdir. 149 min  hektar  təbiət  qoruğunda  və yasaqlıqlarda bitki örtüyü ekosistemə  təmiz  hava verir və əhaliyə sağlamlıq  bəxş edir. 

Vaxt gələcək bu  qədər  məhsulu yığıb-yığışdırmaq üçün yeni üsullar da axtarılacaq. Vaxtilə  cəmi 3  milyon  kubmetr   su ümidinə  qalan bu torpaqlar  indi 310  milyon  kubmetrdən  çox tutumu olan ambarların,  Araz qovşağının 1 milyard  250  milyon kubmetrlik  ehtiyatı ilə suvarılır. Hazırda muxtar respublikada 54  min hektaradək suvarılan sahələrdən bol məhsul götürülür. Yaxın gələcəkdə  suvarılan torpaqların 72  min  hektara çatdırılması  nəzərdə tutulur. Melioratorlar yeni  suvarma  mənbələri axtarırlar.

Bu gün qədim Nuh torpağı  su bolluğu ilə məhsul bolluğuna da qovuşur. Müdriklər haqlıdırlar: torpağı Vətən etmək üçün qorumaqla yanaşı, həm də əkib-bəcərmək lazımdır.

Qaşdar ƏLİYEV,
Əməkdar təbiəti  mühafizə  işçisi,
akademik Həsən Əliyev mükafatçısı, 
aqronom-fenoloq, Azərbaycan Yazıçılar
və Jurnalistlər  birliklərinin  üzvü


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında