Bu gün beynəlxalq aləmdə narahatlıq doğuran mühüm problemlərdən biri də iqlim dəyişmələrinin törətdiyi fəsadların yaratdığı təhlükələrdir. İndi bir çox beynəlxalq təşkilatlar, inkişaf etmiş ölkələr bu bəladan xilas yollarını axtarır, təbiətdə baş verən kataklizmlərin təsirinin azaldılması yollarını arayır. Amma bütün səylərə baxmayaraq, dünyanın müxtəlif guşələrində baş verən zəlzələlər, sunamilər, torpaq sürüşmələri, daşqınlar və qasırğalar bir-birinin ardınca böyük fəlakətlər törədir, insanlar bu fəlakətlərdən hədsiz ziyan çəkirlər.
Ekoloqların fikrinə görə, əgər dünya birliyi qlobal istiləşmə ilə bağlı vaxtında qabaqlayıcı tədbirlər görməsə, qarşıdakı onilliklər ərzində bəşəriyyət iqlim dəyişikliyinin fəlakətli nəticələri ilə üzləşəcək.
Bəşəriyyətin ümumi gələcəyi ilə bağlı bu məsələlər Parisdə İqlim Dəyişikliyi üzrə BMT Konvensiyası iştirakçılarının 21-ci konfransında ciddi müzakirə edilmişdir. Konfransda qeyd olunmuşdur ki, fəaliyyətsizlik bu əsrin sonunda planetdə havanın temperaturunun 6 dərəcəyədək yüksəlməsinə gətirib çıxara bilər. Əgər ciddi tədbirlər görülməsə, istiləşmə dünyada 1 milyard ton buzlağın əriməsinə, okean sularının səviyyəsinin 4 metr artmasına, gələn əsrlərdə isə bu artımın onlarla metrə çatmasına səbəb ola bilər. Bu, sahil ərazilərinin su altında qalması, yüz milyonlarla insanın həyatının dəyişməsi deməkdir. Digər tərəfdən, başqa regionlarda qlobal istiləşmə su qıtlığına və təxminən 3 milyarda yaxın adamın quraqlıqdan əziyyət çəkməsinə və qlobal miqrasiya proseslərinə səbəb ola bilər.
Azərbaycan üçün qlobal istiləşmə quraqlıq və Xəzər dənizinin çəkilməsi ilə əlaqədar ciddi problemlər yarada bilər.
Bu yazıda Azərbaycan alimlərinin və bu sahədə çalışan mütəxəssislərin məsələyə münasibətini şərh etməyə çalışacağıq.
Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer əlaqələri şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açıqlamasında bildirir ki, Günəş sistemi yaranandan indiyə qədər Yerin iqlimində ümumi temperatur istiqaməti aşağı gedir, bu o deməkdir ki, Yer kürəsi getdikcə soyuyur. Amma soyuma ümumi prosesdir. Yerin iqlimi bütövlükdə milyonlarla il davam edən buzlaşma dövrlərindən və bu dövrlər arası qısa müddətli istiləşmə mərhələlərindən ibarətdir. “Yer və onun atmosferi arasıkəsilmədən kosmik şüalar tərəfindən bombardman edilir. Həmin şüalar yüksək enerjili ağır ionlardan ibarətdir. Yer atmosferini bombardman edəndə atmosferdə ionlaşma gedir. Bu, Yerin bulud qatının əmələgəlmə prosesinə təsir edir. Beləliklə də, bombardman nəticəsində atmosferdə ağır izotoplar əmələ gəlir. Atmosfer və okean sirkulyasiyaları nəticəsində bu izotoplar okeana və yerə çökür. Söhbət o izotoplardan gedir ki, onların dayanıqlığı kifayət qədərdir və parçalanma periodu min, hətta milyon illərlə ölçülür. Bu izotopları öyrənməklə Yerin iqliminin keçmişdə necə olduğunu bilmək mümkündür”.
N. Cəlilovun sözlərinə görə, BE10 və C14 izotopları yerin iqlimi ilə bağlı daha artıq informasiya verir: “İqlimdə bir neçə min illik və daha böyük dövri dəyişikliklər baş verir. Hazırda iqlimdə qlobal istiləşmə periodu gedir. Biz hazırda Yerdə son buzlaşma dövründən sonrakı Holosen adlandırılan istiləşmə dövründə yaşayırıq. İqlimdə hər 3-4 min ildən bir 1500-2000 illik qəfil istiləşmə olur. Bunların səbəbi indiyədək məlum deyil. Yer iqlimi ilə məşğul olan mütəxəssislər belə fikrə gəliblər ki, bunun kökünü Günəşdə axtarmaq lazımdır. Yerə çatan kosmik şüaların və Günəşdən gələn hissəciklərin hesabına Yerdə iqlim dəyişir. Günəşdə baş verən proseslər dövri olduğundan bu, Yerdə iqlimin də dövriliyinə gətirib çıxarır. Günəş Yerin yeganə işıq və istilik mənbəyidir. Günəşin mərkəzində istilik-nüvə reaksiyaları gedir, nəticədə maqnit rezonansının fırlanma qravitasiya dalğaları əmələ gəlir. Bu o deməkdir ki, Günəşin mərkəzində gedən reaksiyasın sürətinə yaranmış maqnit qravitasiya dalğaları təsir eləyir. Yəni, bu reaksiya gah yavaşıyır, gah da sürətlənir. Günəşin şüalandırdığı inteqral enerji də bir neçə min il periodla azala və arta bilər. Bu, Yerdəki qlobal iqlim dəyişkənliklərinin birbaşa izahı deməkdir”.
Alimin sözlərinə görə, hazırda iqlimdə qlobal istiləşmə müşahidə edilir: “İqlimdə təqribən 150 il əvvəl son dövri dəyişiklik baş verib, bu əsrin 50-ci illərinin ortalarına qədər bu istiləşmə maksimum pikinə çatacaq. Bu elə bir prosesdir ki, başlanğıcı təqribən 200 il ərzində öz maksimumuna qalxır. Sonra isə təxminən min ilə yaxın müddətdə tədricən sönür. Yəni təqribən 50-ci illərin sonu-60-cı illərə qədər hazırda müşahidə olunan qlobal istiləşmə davam eləcək, Yer kürəsində orta illik temperatur daha 6-7 dərəcə yüksələcək, sonra proses tədricən sönməyə doğru gedəcək”.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov isə bildirib ki, dünyada baş verən hadisələri iqlim dəyişmələrindən daha çox, qısamüddətli iqlim anomaliyaları hesab etmək lazımdır: “Dünyada iqlim dəyişmələri ilə bağlı müxtəlif fikirlər var. Ən geniş yayılan fikir odur ki, hazırda iqlimin intensiv istiləşməsi gedir. İki başqa nəzəriyyə də var. Bunlardan biri odur ki, əksinə, biz buzlaşma dövrünə doğru gedirik. Digər fikir isə budur ki, burada qeyri-adi heç nə yoxdur. Bu, sadəcə iqlim anomaliyalarıdır. İqlim dəyişmələrinə daha çox üç aspektdə - siyasi, maliyyə və elmi nəticələrin yarışması şəklində baxılır. Buna görə də bu aspektlərdən hər birinə ehtiyatlı yanaşmaq lazımdır. İstiləşmə və soyuqlaşma Yer kürəsində həmişə olub”.
R. Məmmədov bildirir ki, bu anomaliyalar həmişə olub. Əsas məsələ anomaliyaların təsirinə hazır olmaqdır: “Məhz buna görə də ekoloqlar və iqlimşünaslar üçün dekabrın 1-dən başlayan və martın 1-də başa çatan təqvim qışı anlayışı ilə yanaşı, iqlim qışı anlayışı da var. İqlim qışı anlayışı həmin il üçün gözlənilən ekstremal halları nəzərdə tutur.”
AMEA Radiasiya Problemləri İnstitutunun laboratoriya müdiri Müslüm Qurbanov isə müsahibələrinin birində bildirib ki, iqlim dəyişmələri yağıntıların qeyri-normal şəkildə paylanması, fəsillərin sürüşməsi və davamlılığının artması, su və meşə resurslarına, insan sağlamlığına təsirlərlə özünü göstərir: “Bunun nəticəsində ekoloji tarazlıq pozulur, bu, insanla ətraf mühitin, meşə təsərrüfatı ilə kənd təsərrüfatının, su resursları ilə torpağın qarşılıqlı əlaqələrinə təsir edir. Bu antropogen təsirləri azaltmaq lazımdır. Azərbaycan da iqlim dəyişmələrinə adaptasiya tədbirlərini gücləndirməlidir. Ölkədə iqlimin su, kənd təsərrüfatı, səhralaşma proseslərinə təsirinin yumşaldılması tədbirləri həyata keçirilməlidir. Biz mövcud iqlim dəyişikliklərinə uyğunlaşmalıyıq. İlk növbədə ölkədə risklərin idarə olunması planı və iqlim dəyişmələri üzrə Milli Strategiya hazırlanmalıdır. Belə olsa, gələcəkdə bizim üçün ağrısız olar”.
İqlim dəyişiklikləri ilə bağlı təbii fəlakətlərin sayı xeyli artıb Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən,təkcə 2000-2010-cu illər ərzində təbii fəlakətlərdən 2,7 milyard insan zərər çəkib. “Oxfam” humanitar təşkilatının məlumatında isə qeyd edilir ki, iqlim dəyişiklikləri ilə bağlı təbii fəlakətlərin sayı ötən əsrin 80-ci illəri ilə müqayisədə 3 dəfə artıb. Statistika göstərir ki, geofizik fəlakətlərin sayı, o cümlədən zəlzələ və vulkan püskürmələri 1980-ci illərdən o qədər də dəyişməyib. Amma eyni zamanda subasma və qasırğaların sayı nəzərə çarpacaq dərəcədə çoxalıb. Təbii fəlakətlər nəticəsində hər il təxminən 250 milyon insan zərər çəkir. Bu fəlakətlərin 98 faizini iqlim fəlakətləri təşkil edir. 2015-ci ildə belə fəlakətlərdən zərər çəkən insanların sayı 1,5 dəfə artaraq 375 milyon nəfərə çatmışdır.
Bütün bunlar onu deməyə əsas verir ki, qlobal istiləşmə, həqiqətən, böyük fəlakətlər yaradır və bəşəriyyət bunun qarşısını almaq üçün bütün imkanlarını səfərbər etməlidir.
Hazırladı:
M.MÜKƏRRƏMOĞLU
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.