Ekoloji problemlərin həllində alternativ və bərpa olunan enerji mənbələri əhəmiyyətli rol oynayır

Bu gün  ölkədə enerji  təhlükəsizliyinin  təmin olunmasında  və  ekoloji problemlərin həllində  alternativ və bərpa olunan enerji mənbələrindən  istifadə olunmasına mühüm önəm verilir. 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi  bu sahədə  ciddi addımlar atılmasını təmin etdi. Həmin proqramda nəzərdə tutulan  tədbirlərin həyata keçirilməsi  bir sıra  problemlərin həllinə imkan yaratdı.

 2009-cu ildə Sənaye və Energetika Nazirliyinin tərkibində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin yaradılması  bu sahədə  yeni layihələrin həyata keçirilməsini  sürətləndirdi. 2011-ci ildə Qobustan rayonu ərazisində ölkədə ilk külək elektrik stansiyasının  işə  salınması  bunun əyani nümunəsi idi. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Qobustan Eksperimental Poliqonu və Tədris Mərkəzi 38 hektar ərazidə inşa olunmaqla külək, günəş və bioqaz stansiyaları ilə təchiz edilib. Bu, ölkədə alternativ enerjinin hər üç yolla əldə edilməsi istiqamətində görülən işlərin real nümunəsidir. Poliqon ərazisində hər birinin gücü 0,9 meqavata çatan üç külək turbini, 1,8 meqavat gücündə günəş enerjisi stansiyası və 1 meqavat gücündə bioenerji qurğusu yaradılıb. Burada, eyni zamanda, tənzimləyici qurğu, su anbarı, sınaq meydanı, emalatxana fəaliyyət göstərir. Ərazidə yaradılan xüsusi avtodayanacaqda isə elektrik enerjisi ilə işləyən avtomobillərin akkumulyatorlarını cərəyanla doldurmaq mümkündür. Bir neçə dəqiqə ərzində enerji ilə təchiz edilən avtomobil 250 kilometr məsafə qət edə bilər.

Prezident İlham Əliyev mərkəzin açılışında söylədiyi nitqində bunu əhəmiyyətli hadisə kimi dəyərləndirərək pilot layihənin gələcəkdə başqa regionlarda da reallaşdırılacağının mümkünlüyünü nəzərə çatdırıb: “Biz birinci mərhələdə Qobustan şəhərini tam şəkildə alternativ, yəni bərpa olunan enerji ilə təmin etməliyik. Əgər bu layihə uğurlu olarsa, - mən şəxsən buna şübhə etmirəm, - ondan sonra biz bu gözəl təcrübəni başqa şəhərlərdə və rayonlarda tətbiq edə biləcəyik”.

Son illər  bu sahədə  davamlı iş aparılır. Artıq Azərbaycan 2009-cu il iyunun 10-da yeni yaradılmış Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinə qoşulub. Bu  təşkilatla əməkdaşlıq  ölkəmizdə  dünya ölkələrinin bu sahədə qabaqcıl təcrübələrini mənimsəməyə imkan  yaradacaqdır.

Aydındır ki, bərpa olunan enerji mənbələrindən istifadə ekoloji təhlükəsizlik baxımından olduqca  əhəmiyyətlidir. Bu  enerji mənbələri sırasında külək enerjisini  xüsusi olaraq  qeyd etmək lazımdır. Abşeron yarımadası, Xəzər dənizinin sahil zolağı və şimal-qərb hissəsində olan adalar, Azərbaycanın qərbində Gəncə-Daşkəsən zonası və Naxçıvan Muxtar Respublikasının Şərur-Culfa ərazisi bu baxımdan əlverişli ərazilərdir.

Günəş enerjisi də dünyada ən əlverişli mənbələrdən biridir və xüsusilə, günəşli ərazilər üçün daha perspektivlidir. Azərbaycanın təbii iqlim şəraiti də  günəş enerjisindən istifadə etməklə, elektrik və istilik enerjisinin istehsalını artırmağa geniş imkanlar açır. Belə ki, günəşli saatların miqdarı il ərzində Azərbaycanda 2400-3200 saatdır, yəni, Azərbaycan ərazisinə düşən günəş şüalarının miqdarı digər ölkələrlə müqayisədə üstünlük təşkil edir ki, bu da günəş enerjisindən istifadənin tətbiqinə sərmayələrin cəlb edilməsinin səmərəlilik meyarlarından biri kimi qiymətləndirilə bilər. Günəş enerjisindən istifadənin inkişafı Azərbaycanın bir çox rayonlarında enerji problemini qismən həll edə bilər.

Dövlət agentliyinin istehsalı olan səyyar günəş generatorları xüsusi əhəmiyyətə malikdir. Günəş panelləri ilə təchiz olunan bu avadanlıq əvəzsiz qurğudur. Avadanlıq günəşdən enerji alaraq onu saxlamaq imkanına malikdir. Agentlik hidrogen generatoru da istehsal edir. Bu qurğu ilə yüksək temperatur əldə etmək və qaz-qaynaq işləri aparmaq olur. Generatoru digərlərindən fərqləndirən onun ekoloji cəhətdən təmiz olmasıdır. Bu cihaz qaynaq işləri zamanı 3500 selsi temperaturla işləyir.

Qısa müddətdə Azərbaycan Respublikasının alternativ və bərpa olunan enerji mənbələri üzrə inkişaf xəritəsinin hazırlanması da təqdirəlayiq haldır. 2020-ci ilədək Azərbaycanın hər bir şəhər və rayonunda hibrid tipli elektrik stansiyalarının yaradılması qarşıya məqsəd qoyulub. Yəni, respublikamızda bərpa olunan və alternativ enerji mənbələrinin payı 2020-ci ilə qədər ümumi enerji istehsalında 20 faizə çatdırılacaq.

Suraxanı Günəş Elektrik Stansiyasının yaradılması da bu istiqamətdə görülən işlərin ardıcıl xarakter aldığını  bir daha sübut edir. Stansiya dövlət başçısının iştirakı ilə 2014-cü ilin iyulunda istifadəyə verilib. Müasir avadanlıqla təchiz olunan stansiyada elektrik enerjisinin istehlakçıya itkisiz çatdırılması üçün bütün imkanlar yaradılıb. Stansiyada təlim məntəqəsi fəaliyyət göstərir. Məntəqədə bu ixtisas üzrə təhsil alan tələbələr, həmçinin, bu sahənin mütəxəssisləri üçün müxtəlif təlim kurslarının keçirilməsi nəzərdə tutulur. Altı hektar sahədə yaradılan stansiyada 8 min günəş paneli quraşdırılıb. Bu panellər gündə təqribən 12 min kilovat-saat elektrik enerjisi istehsal etmək iqtidarındadır.

Gələcəkdə burada daha 4 min belə panelin quraşdırılması nəzərdə tutulur. Bu isə stansiyanın daha səmərəli fəaliyyət göstərməsi üçün geniş imkanlar açacaq.

Stansiyanın idarəetmə mərkəzindən Qobustan Hibrid Elektrik Stansiyası, Suraxanı Günəş Elektrik Stansiyası, Biləsuvar qaçqın şəhərciyi, Masallı İdman Kompleksi, həmçinin, Bakı şəhərində 5 məktəb və 2 poliklinikanın üzərində quraşdırılan günəş panellərinin fəaliyyətinə nəzarət etmək mümkündür.

 Yaxın gələcəkdə Sumqayıt, Samux, Səngəçal və Pirallahıda günəş elektrik stansiyalarının istifadəyə verilməsi nəzərdə tutulur.

 Ümumilikdə, alternativ və bərpa olunan enerji mənbələrinin inkişafını təmin etmək məqsədilə 2020-ci ilədək istehsal gücü 2500 meqavat olan elektrik stansiyalarının hesabına ildə 11 milyard kilovat-saat elektrik enerjisi istehsalı nəzərdə tutulur ki, bu da il ərzində 3 milyard kubmetrə yaxın qaza qənaət etmək deməkdir. Araşdırmalar göstərir ki, alternativ və bərpa olunan enerji mənbələri sahəsinə yatırılan investisiyalar 7-8 il ərzində geri qayıdır.

Azərbaycanda   alternativ və  bərpa olunan enerji mənbələrindən  istifadə olunmasına bu  gün  dövlətimiz  xüsusi diqqət yetirir. Yaxın  gələcəkdə   ölkəmizin əksər regionlarında belə enerji  sistemlərinin  quraşdırılması  nəzərdə tutulur ki, bu da enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli  rol oynayacaq.

Hazırladı:
M. MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında