Azərbaycanda su təhlükəsizliyinin təminatı istiqamətində məqsədyönlü işlər aparılır

Oktyabrın 12-də Azərbaycan Respublikasınin Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial- iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir.

İclasda geniş nitq söyləyən möhtərəm Prezidentimiz bölgədə, Avropada və dünyada baş verən proseslər, hökm sürməkdə olan böhran şəraitində  ölkə iqtisadiyyatının uğurlu inkişafının yüksək göstəricilərini qeyd etmiş, belə bir şəraitdə iqtisadi inkişafa nail olmağı böyük nailiyyət adlandırmış və onların  daha da möhkəmləndirilməsi üçün qarşıda duran mühüm vəzifələri müəyyənləşdirmişdir.

Dövlət başçısı çıxışında bu ilin “Kənd təsərrüfatı ili” olduğunu və 9 ay ərzində kənd təsərrüfat məhsulları istehsalının 6,7  faiz artmasının xüsusilə sevindirici olduğunu, ölkənin ərzaq  təhlükəsizliyi məsələlərinin həlli üçün əlavə tədbirlər görüləcəyini, yeni əkin sahələrinin dövriyyəyə veriləcəyini, yaradılmış iki böyük su anbarının Taxtakörpü və Şəmkirçay su anbarlarının hesabına on minlərlə hektar torpağa suyun verilməsinin nəzərdə tutulduğunu qeyd etmişdir.

Qədim suvarma əkinçiliyi ölkəsi olan respublikamızda kənd təsərrüfatının inkişafında, məhsul bolluğunun yaradılmasında və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında meliorasiya və su təsərrüfatının xüsusi yeri vardır.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daim diqqət və qayğı göstərdiyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti  imkanlarını səfərbər edərək, üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Kollektiv cari ilin doqquz  ayı ərzində meliorasiya və su təsərrüfatı obyektlərinin tikintisi, bərpası, yenidən qurulması və təmiri, balansında olan sistemlərin istismarı işlərini uğurla həyata keçirmişdir.

Hələ 28 sentyabr 2013-cü il tarixində möhtərəm Prezidentimiz İlham Əliyev Taxtakörpü su anbarının SES-lə birlikdə və Taxtakörpü – Ceyranbatan kanalının açılış mərasimində respublikamızın iqtisadiyyatında, ölkənin su təhlükəsizliyinin təmin olunmasında Taxtakörpü və Şəmkirçay su anbarlarının tikintisinin, bu istiqamətdə həyata keçirilən digər layihələrin əhəmiyyətini xüsusi qeyd edərək demişdir: “Bu  gün dünyada daha çox neft-qaz resursları uğrunda mübarizə aparılır və xoşbəxtlikdən Azərbaycan bu resurslardan xalqın rifahı, ölkənin inkişafı naminə səmərəli şəkildə istifadə edir. Amma vaxt gələcək su resursları uğrunda mübarizə daha da kəskinləşəcəkdir. Biz artıq bu mübarizənin təzahürlərini görməkdəyik. Belə olan halda su təhlükəsizliyi Azərbaycanda tam şəkildə təmin edilməlidir. Taxtakörpü su anbarı və Samur – Abşeron suvarma sistemi, Şəmkirçay su anbarı, ölkədə icra edilən su layihələri bu məqsədə xidmət edir”.

Taxtakörpü su anbarinın istismara verilməsi ilə Xızı, Siyəzən və Şabran rayonlarının ərazisində 30 min hektara yaxın yeni suvarılan torpaqların dövriyyəyə cəlb edilməsi mümkün olacaqdır. Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına cari ildə “Samur – Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə daxil olan Xızı rayonunda 9609 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün kompleks meliorativ tədbirlərin aparılması və 2970 hektar mövcud suvarılan torpaqlarda su təminatının yaxşılaşdırılması, Siyəzən rayonunda 6972 hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi və 5165 hektar mövcud suvarılan torpaqlarda su təminatının yaxşılaşdırılması üçün tikinti işləri davam etdirilmişdir. Şabran rayonunda isə mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi məqsədi ilə 28497 hektar sahədə görüləcək meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanması başa çatmaq ərəfəsindədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2015-ci il sentyabrın 4-də Xızı rayonunda 3396 hektar  və Siyəzən rayonunda 1466 hektar   suvarılan torpaqlara Taxtakörpü kanalından suvarma suyunun verilməsi mərasimində iştirak etmişdir. İlin sonuna qədər isə layihə üzrə Xızı rayonunda 5399 hektar və Siyəzən rayonunda 2539 hektar sahədə yeni suvarılan torpaqların istifadəyə verilməsi təmin ediləcəkdir.

Şəmkirçayı  üzərində tikilmiş Şəmkirçay su anbarının  istifadəyə verilməsi ilə  Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının  54 min hektara yaxın mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və  17 min hektara yaxın yeni sahələrin istifadəyə verilməsi, eləcə də Gəncə və Şəmkir şəhərlərinin, Samux rayonunun Nəbiağalı qəsəbəsinin  əhalisinin saniyədə 1,6 kvadratmetr içməli su ilə təmin edilməsi mümkün olacaqdır.

Ölkə başçısının  2014-cü il noyabr ayının 15-də Şəmkirçay su anbarının SES-lə birlikdə açılış mərasimində kompleksə daxil olan Şəmkirçay magistral kanallarından Şəmkir və Göygöl rayonlarının 25 min hektara (7878 hektarı yeni suvarılan torpaqlardır) yaxın əkin sahələrinə suvarma suyunun verilməsi üçün paylayıcı kanalların, eləcə də Şəmkirçay su anbarının tikintisi ilə Goranboy rayonunun 26584 hektara (8293 hektarı yeni suvarılan torpaqlardır) yaxın torpaq sahələrinə suvarma suyunun verilməsi məqsədi ilə Şəmkir maşın kanalının 2- ci növbəsinin (uzunluğu 27,9 kilometr) tikintisinin qısa müddətdə başa çatdırılması barədə verdiyi tapşırığın icrası olaraq hazırda Sağsahil Şəmkirçay kanalından paylayıcı və suvarma boru kəmərlərinin və Şəmkir maşın kanalının 2-ci növbə 5,5 kilometrlik hissəsinin qurğularla birlikdə tikintisi işlərinə başlanılmışdır. Bu işlərin başa çatdırılması ilə 4500 hektar sahədə mövcud suvarılan torpaqların su təchizatının yaxşılaşdırılması və 500 hektar sahədə yeni suvarılan torpaqların istifadəyə verilməsi təmin ediləcəkdir.

Dünya Bankının krediti ilə həyata keçirilən “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə İkinci Layihə” çərçivəsində respublikanın 8 rayonunda (Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Cəlilabad, Lerik, Yardımlı) içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilmişdir. Layihə çərçivəsində 158,19 kilometr uzunluğunda su və 95,22 kilometr uzunluğunda kanalizasiya xətləri çəkilmişdir.

Yenə də Dünya Bankının krediti ilə həyata keçirilən “Sudan İstifadəedənlər Birliklərinin inkişafına Dəstək Layihəsi” çərçivəsində respublikanın rayonlarında 37691 hektar sahədə suvarma və drenaj şəbəkələrinin bərpası və yenidənqurulması işləri davam etdirilmiş, 225498 metr uzunluğunda suvarma kanallarında və 114116 metr uzunluğunda drenaj şəbəkələrində qazma və lildən təmizləmə işləri aparılmış, 67520 metr uzunluğunda mövcud kanallar yenidən qurulmuşdur. Layihə üzrə görülmüş işlərin nəticəsində cari ilin sonuna qədər 17590 hektar sahədə torpaqların meliorativ vəziyyəti, 20101 hektar sahədə mövcud suvarılan torpaqların suvarma suyu ilə təminatı yaxşılaşdırılacaqdır.

Ümumi sututumu 20 milyon kubmetr və dəyəri 57551 min manat olan Tovuzçay su anbarının tikintisi başa çatdırılmış və onun istismara verilməsi üçün son tamamlama işləri aparılır. Su anbarının istismara buraxılması Tovuz və Şəmkir rayonlarının 19825 hektar əkin sahələrinin su təminatının yaxşılaşdırılması və Tovuz rayonunda əlavə olaraq 300 hektar yeni suvarılan torpaq sahəsi istifadəyə veriləcəkdir.

Cari ilin doqquz ayı ərzində dövlət büdcəsindən əsaslı tikintiyə ayrılan vəsait hesabına ümumilikdə 4266 metr uzunluğunda suvarma kanallarının, 3200 metr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası, 17922 metr uzunluğunda qapalı suvarma şəbəkəsinin və 1785 metr uzunluğunda təzyiqli boru xəttinin tikintisi, 300 hektar sahədə torpaqların su təminatının və 130 hektar sahədə meliorativ vəziyyətinin yaxşılaşdırılması  işləri, çaylarda sel və daşqın sularına qarşı 1664 metrlik mühafizə bəndləri qurulmuş, 630 min nəfərə yaxın əhalisi olan 34 şəhər və rayonunun 241 yaşayış məntəqəsində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 300 subartezian quyusundan  263-ündə qazma işləri tamamlanmışdır. İlin sonunadək  daha 37 subartezian quyusunda qazma və tikinti işləri tam başa çatdırılacaqdır.

Cəmiyyət tərəfindən cari ilin doqquz  ayı ərzində suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 49456,2 milyon kubmetr həcmində lildən təmizləmə işləri görülmüş, 4170 hidrotexniki qurğu,  4195 subartezian nasosu, 29 stasionar nasos stansiyası, 158 elektrik və dizel mühərriki, 14 transformator təmir edilmişdir. Dağ çaylarında 14600 milyon kubmetr həcmində məcratəmizləmə və mühafizə bəndlərində 9,8 min  kubmetr həcmində daş-beton işləri yerinə yetirilmişdir.

Cari ilin sentyabr ayının əvvəlinədək respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1374,1 min hektar sahədə orta hesabla 3,1 dəfə suvarılmışdır. Hazırda payızlıq əkinlərin suvarılması davam etdirilir. Bütün suvarma mənbələrindən 6,7 milyard kubmetr su götürülmüş və ayrıclardan su istifadəçilərinə 4,8 milyard kubmetr su verilmişdir. Bu tədbirlərin həyata keçirilməsinin kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsində və ölkə   əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatında mühüm rolu olmuşdur.

Meliorasiya və irriqasiya sistemlərinin lazımi səviyyədə istismarının təşkili, suvarılan torpaqların su təminatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, inkişafı, sel və daşqın sularının zərərli təsirinə qarşı mübarizə tədbirlərinin gücləndirilməsi işləri davam etdirilir.

Ölkəmizdə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasında, əhalinin ərzaq məhsulları ilə etibarlı təminatında böyük rolu olan  mövcud meliorasiya və su təsərrüfatı fondlarının qorunub saxlanılması və onların istismarının yaxşılaşdırılması, sahənin müasir tələblər səviyyəsində daha da inkişaf etdirilməsi dövlət başçımızın daim diqqət mərkəzindədir. Bu diqqət və qayğıya cavab olaraq  melioratorlar üzərlərinə düşən vəzifələri vaxtında layiqincə yerinə yetirilmək üçün bütün imkanlardan  maksimum dərəcədə istifadə edəcəklər.

Teymur OSMANOV,
Azərbaycan Meliorasiya və
Su Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin elm, layihə, tikinti
və xarici əlaqələr şöbəsi müdirinin müavini,
texnika elmləri üzrə fəlsəfə doktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında