Böyük bəndlər üzrə Beynəlxalq Konqres: Sərsəng su anbarı təhlükəlilik baxımından ən yüksək kateqoriyaya aiddir

Oraya son 25 ildə heç bir texniki xidmət göstərilməyib

Tarix boyu daim  separatçılıq, terrorçuluq və işğalçılıq siyasəti  yeridən  Ermənistan indi həmin çirkin əməllərinin sırasına daha bir qeyri-insani hərəkəti əlavə edib. O, son onilliklərdə Azərbaycana və azərbaycanlılara qarşı ekoloji terror variantlarını da  reallaşdırır. Bu isə təkcə insanlığa deyil, həm də təbiətə sağalmaz yaralar vurur. Qafqazı tanıyan, burada marağı olan dövlətlərin və siyasətçilərin hamısı yaxşı bilir və etiraf edir ki, ermənilərin  Sərsəng su anbarı vasitəsilə həyata keçirdikləri ekoloji terror bir fəlakət kimi  dünya miqyasında  mövcud olan ən böyük humanitar böhranlardan biridir.

Azərbaycan ərazilərinin işğalından sonra respublikamızın  kənd təsərrufatı üçün əhəmiyyət kəsb edən su anbarları, sututarlar, çaylar, göllər və bulaqların xeyli hissəsi onların nəzarəti altına kecib. Bunların arasında 1964-cü ildə tikilən Xaçınçay su anbarı, 1965-ci ildə tikilən Qanlıgöl su anbarı, 1977-ci ildə tikilən Arpaçay su anbarı, 1962-ci ildə tikilən Ağdamkənd su anbarı və 160-dan çox su deposu da vardır ki, onlar da real təhlükə mənbəyinə çevrilmişdir.

Məlumat üçün bildirək ki, Sərsəng su anbarı 1976-cı ildə Tərtər çayı üzərində 726 metr hündürlükdə inşa edilmişdir. Bənd 12 kilometr uzunluğu olan çayın üzərində tikilib. Onun ümumi sututumu 565 milyonkubmetr, bəndin hündürlüyü isə 125 metrdir. Bu anbar respublikada bəndinin hündürlüyünə görə ən yüksək su anbarıdır və  hazırda işğal altında olan Ağdərə rayonunun ərazisində yerləşir. İşğaldan əvvəl  anbardan kanallar vasitəsilə Azərbaycanın düzənlik hissələrində yerləşən 6 rayonun  ərazisindəki 100 min hektara yaxın torpaq sahəsi suvarma suyu ilə təmin edilirdi. İşğal nəticəsində 100 min hektar sahədə kənd təsərrüfatı bitkilərinə suvarma suyunun verilməməsi respublikanın bu regionunun iqtisadiyyatına  külli miqdarda  zərər vurmuşdur.

Son 25 il ərzində heç bir texniki qulluq göstərilmədiyinə görə anbar qəza vəziyyətindədir. İstismar müddətini başa vuran qurğular isə su bəndinin hər an sıradan çıxma təhlükəsini yaradır. Yəni  sözügedən anbarda suyun həcminin kəskin artması işğal olunmuş Azərbaycan ərazilərində və  qonşu rayonlarda ekoloji fəlakət  təhlükəsi yaradır. Bundan başqa, anbarın  suyunun ermənilər tərəfindən lazımsız yerlərə axıdılması cəbhəyanı rayonların iqtisadiyyatına ciddi ziyan vurur. İşğalın ilk illərindən  bəri ermənilər illik su sərfinin 85-90 faizini qəsdən, suya ehtiyac olmayan vaxtlarda, xüsusilə qış aylarında buraxırlar. Lazım olan vaxtlarda isə illik su normasının 10-15 faizini buraxırlar ki, bu da suyun səviyyəsinin aşağı düşməsinə və suvarmanın qeyri-mümkünlüyünə səbəb olur. Belə vəziyyət əkin sahələrinin suvarılmasında problemlər yaradır, yaşıllıqlar susuzluqdan quruyaraq məhv olur.

Bundan başqa, mətbuat yazır ki,  Sərsəng su anbarının işğal olunmuş ərazilərdə qalması onun aşağı axarı istiqamətində  yerləşən yaşayış məskənlərinin 400 min nəfər əhalisi üçün ciddi təhlükə yaradır. Belə ki,  anbarın təbii fəlakət, texniki nasazlıq və ya əvvəlcədən düşünülmüş təxribat xarakterli səbəblər üzündən dağılma ehtimalı böyükdür. Mümkündür ki, işğal altında olan Sərsəng  anbarı partladıla və bunun nəticəsində 7 rayon su altında qala bilər. Çünki  ermənidən nə desən gözləmək olar. Belə partlayışın  isə nə demək olduğunu izah etməyə ehtiyac yoxdur.

Qeyd etdiyimiz kimi,  hər an təxribat, texnogen və ya təbii fəlakət nəticəsində baş verə biləcək qəza ekoloji böhranla və bioloji müxtəlifliyin məhvi ilə yanaşı, Azərbaycanın  ətraf düzənlik rayonlarında məskunlaşmış   əhalinin  ağlasığmaz faciə ilə üzləşməsinə də səbəb ola bilər. Yəni bölgədə  yenidən  humanitar böhran vəziyyətinin yaranması ehtimalı böyükdür. Hazırda həmin əhalinin həyatı Sərsəng su anbarında yaranmış vəziyyətlə bağlı daim təhlükə altındadır, onlar bu təhlükəli vəziyyətin girovuna çevriliblər. Avropadakı bəzi  parlamentarilər isə regionun bu qəbildən olan problemlərini unudaraq, ermənilərin sifariş etdiyi məzmunda qətnamələr qəbul etməklə məşğuldurlar.

Mütəxəssislər həyacan təbili çalaraq mətbuatda yazırlar ki, Sərsəng su anbarı və onun bəndində yerləşən bütün hidrotexniki qurğular böyük bəndlər üzrə Beynəlxalq Konqresin təsnifatına görə, təhlükəlilik baxımından ən yüksək — birinci kateqoriyaya aid olduğundan onun gövdəsində yerləşdirilmiş nəzarət ölçmə cihazlarının göstəriciləri daim yoxlanılmalı, qəza baş verməməsi üçün dərhal müvafiq tədbirlər görülməlidir. İşğalçı ermənilərin bu tövsiyələrə əməl edəcəyinə tövsiyə müəlliflərinin özləri də inanmırlar.

Milli Məclisin deputatı, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanovun AVCİYA-nın təşkilatçılığı ilə həyata keçirilən “Sərsəng - hümanitar faciənin qarşısının alınması” ilə bağlı layihənin məqsədi bu  su anbarının vəziyyəti, onun törədəcəyi humanitar fəlakət və ekoloji böhran vəziyyəti barədə tək Azərbaycan cəmiyyətini deyil, eyni zamanda, dünya ictimaiyyətini məlumatlandırmaq, beynəlxalq təşkilatlarda müvafiq sənədlərin qəbul edilməsinə nail olmaq, mümkün humanitar fəlakətin və ekoloji böhranın qarşısının alınması istiqamətində tədbirlər paketi hazırlamaqdan ibarətdir. Layihə müəllifləri çalışırlar ki, beynəlxalq ictimaiyyət, nüfuzlu qurumlar işğal edilmiş Azərbaycan ərazilərində yerləşən su təchizatı və irriqasiya sistemlərinin beynəlxalq hüququn fundamental prinsipləri pozulmaqla, Ermənistan tərəfindən qeyri-qanuni blokada edilməsini kəskin şəkildə pisləsinlər, Ermənistanı su anbarı və bütün əlaqəli irriqasiya sistemləri üzərindəki nəzarəti əvvəlki beynəlxalq qətnamələrə uyğun şəkildə Azərbaycan hakimiyyətinə təhvil verməyə məcbur etsinlər.

Azərbaycan tərəfi həm də beynəlxalq təşkilatların nəzərinə çatdırır ki,  ermənilər Tərtərçay, Xaçınçay, Köndələnçay, Bazarçay, Həkəri, Bəsitçay, Qarqarçay, Çaylaqçay, Oxçuçay vasitəsilə Azərbaycan ərazisinə zəhərli maddələr axıdırlar. Mənbəyini  Zəngəzur dağlarından götürən Oxçuçay Ermənistan ərazisindən keçdiyi ücün Qacaran, Qafan mis mədənlərinin zəhərli tullantıları təmizlənmədən ora axıdılır. Oxçuçayın hövzəsi demək olarki, həddindən çox zəhərləndiyi ücün “ölü” zonaya çevrilib. Demək olar ki, ermənilər heç nəyə məhəl qoymadan Kür və Araz çaylarını da zəhərləməkdə davam edirlər. Bununla bir daha sübut edirlər ki, onlar nəinki cəmiyyətə qarşı, həm də təbiətə qarşı terror aktı həyata keçirirlər.

Bir sözlə, bu gün  Ermənistan rəhbərləri  təkcə Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirmir, həm də beynəlxalq ictimaiyyətə, dünya miqyasında qəbul edilmiş norma və prinsiplərə biganəlik nümayiş etdirir və  regionun təbiətinə  sarsıdıcı  zərbə vurmaqda davam edirlər.

İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında