Quraqlıq və küləkli günlərdə istənilən diqqətsizlik təbiətə böyük ziyan vurur

Son aylar  mətbuatdan dünyanın müxtəlif ölkələrində baş verən təbii fəlakət və kataklizmlər barədə məlumatları eşidəndə min şükür edirdik ki, bizim ölkəmizdə təbiətə o miqyasda ziyan dəymir və ya təbiətimiz o dərəcədə amansız deyil.

Bunun da bir neçə səbəbi vardır.

Birinci, bizdə ətraf mühitin mühafizəsi bilavasitə dövlətin nəzarətindədir. Dövlət bu sahəni ciddi şəkildə qoruyur. İkinci, bu sahədə maarifləndirici tədbirlər həyata keçirən və layihələr reallaşdıran ictimai qurumlar da, qeyri-hökumət təşkilatları da qarşıya qoyulan məqsədə demək olar ki, nail olurlar. Üçüncü, Azərbaycan vətəndaşlarının böyük əksəriyyəti  təbiətin mühafizəsini öz vəzifələrindən biri kimi qəbul edir. Ancaq  son günlər “Şahdağ” Milli Parkında baş vermiş yanğın hadisəsi göstərdi ki, ən xırda ehtiyatsızlıq belə təbiətə böyük ziyan vura bilər.

Kütləvi informasiya vasitələri xəbər verirlər ki, avqustun 16-da İsmayıllı rayonunun  Tircan kəndində –  “Şahdağ” Milli Parkına məxsus dağlıq ərazidə quru ot, kol-kos və ağaclar yanıb. Fövqəladə Hallar Nazirliyinin İsmayıllı, Ağsu və Şamaxı Dövlət Yanğından Mühafizə Hissələrinin texnika və canlı qüvvəsi, eləcə də meşələrin mühafizəsi və bərpası müəssisələrinin əməkdaşları yanğının söndürülməsinə cəlb olunub. Yanğın yüksək dağlıq ərazidə olduğu üçün alovun qarşısını vaxtında almaq çətinləşib. Əraziyə FHN-nin Aviasiya dəstəsinin 2 helikopteri də cəlb olunub. Yanğın nəticəsində  3 hektar meşə ərazisi və kol-kos yanıb, Şahdağ Milli Parkının qalan hissəsi alovdan mühafizə olunub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatında  bildirilir  ki,  yerli əhali də yanğının lokallaşdırılmasına cəlb edilib. Deməli, məsələ kifayət qədər ciddi olub.

Saytlarda yayılan xəbərdən belə çıxır ki, insanlara və meşələrə ciddi ziyan dəyməyib. Ancaq  “Şahdağ” Milli Parkının Azərbaycan təbiətindəki dəyəri bizim üçün o qədər yüksəkdir ki, oradakı bir ovuc quru otun və ya kol-kosun yanmasını da ciddi itki kimi qəbul etməliyik. Əgər  bu yanğın insan əli ilə törədilibsə, qaldırdığımız həyəcan siqnalı daha ucadan səsləndirilməlidir. İndi haqqında danışdığımız fakt sübut edir ki, həyəcan siqnalına həqiqətən əsas vardır. Çünki son zamanlar ölkə ərazisində  hava şəraiti küləkli və isti olduğundan yanğın ocaqlarının daha geniş ərazini əhatə etməsi təhlükəsi vardır.

Nəyə görə həyəcan siqnalı qaldırmağın vacibliyini qeyd edirik? Yanğınsöndürənlərin və diğər qurum rəsmilərinin ilkin ehtimallarına görə, yanğın meşədə moruq yığan vətəndaşların ehtiyatsızlığı səbəbindən baş verib. Bildirilir ki, yanğının səbəbkarlarının müəyyən edilməsi və məsuliyyətə cəlb edilməsi ilə bağlı “Şahdağ” Milli Parkı tərəfindən aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına müraciət hazırlanır. Təbii ki, həmin adamlar öz cəzalarını almalıdırlar. Çünki bu sərvət bütövlükdə xalqımızın və dövlətimizindir. Xalqın sərvətinə zərər vurmağa isə heç kəsin haqqı yoxdur. Təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi deyil, bizim hər birimiz meşə və yaşıllıqlarımızı qoruyub saxlamaq üçün əhalini bir daha odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə və Azərbaycan xalqının milli sərvəti olan meşələrimizi qorumağa çağırmalıyıq. Xüsusən, əvvəlki illərə nisbətən daha quraq və isti keçən bu yayda hər birimiz daha məsuliyyətli olmalı, təbiətimizin  yanğınlardan qorunması üçün öz töhfəmizi verməliyik.

İsaq ƏMƏNULLAYEV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında