Ətraf mühitin mühafizəsi Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindəndir

Ölkədə ekoloji problemlərin həllinə diqqət ilbəil artmaqdadır. Xüsusi mühafizə olunan ərazilərin genişləndirilməsi, milli parkların yaradılması, yeni meşə zolaqlarının salınması və digər tədbirlər buna canlı nümunədir.Təbii ehtiyatların istismar intensivliyi, Xəzər hövzəsinin Azərbaycan Respublikası üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda, ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemlərin azalmasına və bu sahədə əsaslı dönüşün yaranmasına imkan yaratmışdır.

 Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov müsahibələrinin birində demişdir: “Ekoloji hüquq pozuntularına görə məsuliyyətin artırılması ekoloji nəzarət sahəsində iqtisadi tənzimlənmə mexanizminin qurulmasına gətirib çıxarmışdır. Ümumilikdə, ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası davamlı iqtisadi inkişafın ümumi konsepsiyasının tərkib hissəsinə çevrilmişdir. Xüsusilə qeyd etmək yerinə düşər ki, ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.”

Ölkədə həyata keçirilən çevik ekoloji siyasət uğurlu nəticələrin əldə olunmasına şərait yaratmışdır. Bu siyasətin həyata keçirilməsi istiqamətində ətraf mühitin hər hansı komponentinin bərpa olunmayan dərəcədə pozulmasına səbəb ola biləcək fəaliyyətin qarşısının alınmasına, aztullantılı texnologiyaların tətbiq edilməsinə, beynəlxalq təşkilatlar və inkişaf etmiş ölkələrlə ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin genişləndirilməsinə, əhali arasında ekoloji təbliğatın və maarifləndirmənin gücləndirilməsi prinsiplərinin tətbiq edilməsinə əhəmiyyətli təsir göstərmişdir.

Son illər iqtisadiyyatın bütün sahələrinin inkişafı ilə bağlı ölkəmizdə mövcud olan ekoloji problemlərin həll edilməsi məqsədilə təmiz texnologiyaların tətbiqinə böyük üstünlük verilir. Ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyinin artırılması və operativ həll olunmasını təmin etmək, o cümlədən ətraf mühitin sağlamlaşdırılması məqsədilə görülən işlər artıq öz real nəticələrini verməkdədir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi proqramlarda ekoloji mühitin sağlamlaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Buna uyğun olaraq ətraf mühitin bütün istiqamətlərində, o cümlədən biomüxtəlifliyin mühafizəsi, meşələrin inkişafı, yaşıllıqların artırılması, su ehtiyatlarının davamlı idarə olunması sahəsində nəzərəçarpacaq nailiyyətlər əldə edilmişdir.

Ölkə başçısının sərəncamı ilə 2010-cu ilin Azərbaycanda “Ekologiya ili” elan olunması bu sahəyə diqqətin artırılması yolunda əhəmiyyətli rol oynamışdır. Prezident onu da vurğulamışdır ki, təkcə 2010-cu ildə deyil, ondan sonrakı illərdə də ekoloji məsələlərin həllinə böyük diqqət göstərilməlidir.

Ölkə rəhbəri tərəfindən təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”, “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”, “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” və digər proqramlarda nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilmişdir. Bu tədbirlər ölkədə ekoloji mühitin sağlamlaşdırılması yolunda mühüm rol oynamışdır.

Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə həyata keçirilən, qısa zamanda geniş əraziləri əhatə edən və effektiv nəticələr verən “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı” üzrə fəaliyyət davam etdirilir. Qeyd etmək lazımdır ki, qazanılmış təcrübə nəzərə alınaraq, yerli şəraitə tam uyğunlaşdırılmış texnoloji sxem əsasında su təmizləyici qurğuların ölkədə istehsalı təşkil edilmiş və 2014-cü ildə 40 minə yaxın əhalisi olan 50 kənddə məhz Azərbaycanda istehsal olunmuş modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır.

Ümumilikdə əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədilə 2007-2015-ci illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 20 rayonun 320 yaşayış məntəqəsində modul tipli su təmizləyici qurğular quraşdırılmış və nəticədə 530 min nəfər keyfiyyətli içməli su ilə təmin edilmişdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirmişlər ki, ətraf mühitin mühafizəsi sahəsində 2014-cü il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 3338 akt və 1127 protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün 1472 “məcburi göstəriş” verilmişdir. Ümumilikdə 1105 iş üzrə təqsirkarlar 4,8 milyon manat məbləğində inzibati qaydada cərimə edilmiş, ətraf mühitə dəymiş ziyana görə 497 iş üzrə 1, 7 milyon manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 5448 iş üzrə 1,9 milyon manat məbləğində ödəmə tətbiq olunmuşdur. Ətraf mühit üzrə Dövlət Fonduna daxilolmalar son 10 ildə 14 dəfə artmışdır.

Qeyd edək ki, ötən il ərzində atmosfer havasının çirklənməsinin monitorinqi keçirilmişdir. Ölkənin 8 iri sənaye şəhərində – Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naxçıvan, Lənkəran və Şəkidə yüksək çirklənmə halları qeydə alınmamışdır.

Ölkə ərazisində, o cümlədən Xəzər dənizi akvatoriyasında fasiləsiz olaraq hidrometeoroloji müşahidələr aparılmış, hidrometeoroloji şəraitin öyrənilməsi, qısa və uzunmüddətli hidrometeoroloji proqnozların, o cümlədən gözlənilən hidrometeoroloji xəbərdarlıqların verilməsi həyata keçirilmişdir.

Tərtib olunmuş yarımsutkalıq, sutkalıq və ikisutkalıq meteoroloji proqnozların özünü doğrultması Azərbaycanın rayonları və Abşeron yarımadası üzrə 91-97, Xəzər dənizi üzrə 95-98 faiz təşkil etmişdir. Müşahidə sisteminin avtomatlaşdırılması və modernləşdirilməsi işləri davam etdirilmiş, 2014-cü ildə Azərbaycanda istehsal olunan 12 avtomat meteoroloji stansiya quraşdırılaraq işə salınmışdır. Hazırda respublika ərazisində fəaliyyət göstərən 29 avtomat meteostansiyaların hamısı Günəş panelləri hesabına alternativ enerji ilə təchiz olunmuşdur.

Əlbəttə, bütün bunlar görülmüş işlərin həyata keçirilmiş layihələrinin bir qismidir. Qarşıda isə çox mühüm vəzifələr dayanır. İnanırıq ki, digər sahələrdə olduğu kimi ekoloji durumun sağlamlaşdırılması və təbii sərvətlərdən səmərəli istifadə edilməsinə bundan sonra da xüsusi diqqət yetiriləcəkdir.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında