Ətraf mühitin mühafizəsi bəşəri problemdir 5 iyun Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Günüdür

Beynəlxalq Ətraf Mühitin Mühafizəsi Gününün qeyd olunması 16 dekabr 1972-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 27-ci sessiyasında elan edilib. Həmçinin Baş Assambleyanın bu sessiyasında BMT sistemində BMT Ətraf Mühit Proqramı (UNEP) yaradılıb. Hər il bu təşkilat tərəfindən Beynəlxalq  Ətraf Mühitin  Mühafizəsi Günü keçirilir. Belə bir günün keçirilməsinə 11 may 1971-ci ildə dünyanın 23 ölkəsinin 2200 elm və mədəniyyət xadiminin imzası ilə BMT-nin Baş katibinə ünvanlanan müraciət səbəb olub. Onlar “Ya biz çirklənməyə son qoyaq, ya da çirklənmə bizə son qoyacaq” adlı müraciətləri ilə bəşəriyyətə ətraf mühitin çirklənməsi barədə xəbərdarlıq  etmişdilər.

Baş Assambleya bu günün qeyd edilməsi ilə bağlı qətnaməsində BMT-yə daxil olan ölkə və təşkilatları hər il həmin gün ərəfəsində ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönələn işlər həyata keçirməyə çağırır.

Hər il Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün Qitə ölkələrindən baş şəhərlər elan edir. 2010-cu ildə İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə bərabər, Azərbaycanın Bakı şəhəri də mərkəz şəhər seçilib. Bakının bu statusa layiq görülməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlərin, həyata keçirilən dövlət və milli proqramların uğurlu nəticəsi kimi qiymətləndirilir və Beynəlxalq qurumların Cənubi Qafqaz regionunda Azərbaycana böyük əhəmiyyət verməsindən irəli gəlir.

Bundan sonra Azərbaycanda  ətraf mühitin mühafizəsi ilə bağlı daha intensiv tədbirlər həyata keçirilmişdir. Ümumiyyətlə,  ölkəmizdə  ətraf mühitin mühafizəsi və ekoloji problemlər daim diqqət mərkəzindədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə olduğu kimi, ekoloji problemlərin həlli, ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpa edilməsi istiqamətində də mühüm işlər görülür. Ekoloji cəhətdən dayanıqlı sosial-iqtisadi inkişafa, meşələrin bərpa edilməsi və artırılmasına dair milli proqramlar, həmçinin Azərbaycanda hidrometeorologiyanın inkişafına dair dövlət proqramı uğurla yerinə yetirilir.

Beynəlxalq ekoloji proqramların həyata keçirilməsi, təbii sərvətlərin bərpasının təmin edilməsi və mühafizəsi, milli parkların təşkili və ekoloji şəbəkənin yaradılması istiqamətində görülən işlər də bu qəbildəndir. Prezident İlham Əliyevin 2010-cu ili ölkədə “Ekologiya ili” elan etməsi bu sahəyə diqqəti daha da artırmışdır. “Ekologiya ili” çərçivəsində, eləcə də sonrakı illərdə ölkəmizdə milyonlarla ağac əkilməsi, yeni parkların salınması və dövlətimizin başçısının özünün bu kampaniyalarda iştirakı ətraf mühitin qorunmasına xüsusi diqqətin göstəricisi sayıla bilər.

Heydər Əliyev Fondunun ekologiyanın, ətraf mühitin qorunmasına xidmət edən “Hərəmiz bir ağac əkək” layihəsi də bu sahəyə böyük töhfələr vermişdir. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə çərçivəsində ölkəmizdə hektarlarla sahə yaşıllaşdırılmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2011-ci il iyulun 12-dən fəaliyyətə başlayan İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində ölkəmizdə ətraf mühitin qorunması sahəsində görülən işlər də Azərbaycanda ekoloji problemlərə verilən önəmin göstəricisidir.

Son illər  Bakıda  bu istiqamətdə  görülən işlərin miqyası  xüsusilə  genişlənmişdir. Belə ki,  vaxtilə neftlə  çirklənmiş ərazilərdə  parklar,  xiyabanlar  salınmış, Balaxanı  zibilliklərinin yerində  tullantıların   təkrar istehsalı  üçün yeni  zavod inşa olunmuş, yolkənarı yaşıllıqlar  salınmışdır. Bir  sözlə,  Bakı  tədricən  ekoloji cəhətdən   təmiz  şəhərə  çevrilməkdədir.

Elə  regionlarda da ətraf mühitin   sağlamlaşdırılması istiqamətində  davamlı tədbirlər  həyata keçirilməkdədir. Əhalinin içməli  təmiz  su ilə təmin olunması üçün  sutəmizləyici  qurğuların quraşdırılması  artıq  geniş miqyas almışdır.

Ölkədə   bu məsələ ilə bağlı  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçirdiyi monitorinqlər öz müsbət  nəticəsini verməkdədir. Nazirliyin ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən  təkcə 2014-cü il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 3338 akt və 1127 protokol tərtib olunub, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 1472 müddətli “məcburi göstəriş” verilib. Bu tədbirlər  2015-ci ildə də  davam etdirilir.

Nazirlik   hər il olduğu kimi, bu il də   Ətraf Mühitin Mühafizəsi Günü ərəfəsində  genişmiqyaslı tədbirlər keçirir. Bu tədbirlərin keçirilməsində məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, əhalinin bu sahədə şüur və təfəkkürünü inkişaf etdirməklə təbiəti qorumağın vacibliyini diqqətə çatdırmaqdır.

M.MÜKƏRRƏMOĞLU,
 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında